Dünyada neft ehtiyatlarının həcmi 1 trilyon 492,2 milyard barel və ya 213,2 milyard ton təşkil edir. Böyük Britaniyanın və eləcə də dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin açıqladığı sonuncu hesabatda qeyd olunur ki, ümumi ehtiyatların böyük hissəsi - 1 milyard 189,9 milyard barel (170 milyard ton) Neft Ixrac Edən Ölkələr Birliyinə (OPEC - The Organization of the Petroleum Exporting Countries) daxil olan dövlətlərin payına düşür. Ehtiyatların təxminən 120 milyard bareli (17 milyard ton) isə keçmiş SSRİ-yə daxil olan ölkələrdə, 182 milyard bareli (26 milyard ton) isə digər ölkələrdə cəmlənib.
Neft ehtiyatları həcminə görə Venesuela liderdir
BP-nin hesabatında göstərilir ki, neft ehtiyatlarının həcminə görə Venesuela dünyada liderdir. Bu ölkənin təsdiq edilən neft ehtiyatlarının həcmi 302,8 milyard bareldən artıqdır. Dünyadakı ümumi neft ehtiyatlarının 20%-i bu ölkənin payına düşür. İkinci yerdə 266,2 milyard barellə (ümumi ehtiyatların 17,8%-i) Səudiyyə Ərəbistanı gəlir.
Dünya sıralamasında növbəti yerləri İran (155,6 milyard barel), İraq (145 milyard barel) və Küveyt (101,5 milyard barel) tutur. Birləşmiş Ərəb Əmirliklərinin neft ehtiyatları 97,8 milyard barelə, Rusiyanın ehtiyatları isə 80 milyard barelə bərabərdir.
Növbəti yerlərdə 48,4 milyard barellə Liviya, 47,1 milyard barellə ABŞ, 36,9 milyard barellə Nigeriya, 30 milyard barellə Qazaxıstan, 25,9 milyard barellə Çin və 25,2 milyard barellə Qətər gəlir. BP-nin hesabatında Azərbaycanın neft ehtiyatları 7 milyard barel və ya 960 milyon ton həcmində dəyərləndirib. Bu nəticə ilə Azərbaycan neft ehtiyatlarının həcminə görə dünyada 21-ci sırada qərarlaşıb. BP-nin hesabatına əsasən dünyadakı ümumi neft ehtiyatlarının 0,4%-i Azərbaycanın payına düşür. Ən az neft ehtiyatları Ukrayna və Belarusun payına düşüb. Bu ölkələrin hər birində təsdiq olunan neft ehtiyatların həcmi müvafiq olaraq 395 və 198 milyon barelə bərabərdir. Rusiya dünyanın ən çox qaz ehtiyatına sahib olan ölkəsidir Hesabatda həmçinin qeyd olunur ki, hazırda Rusiya dünyanın ən çox qaz ehtiyatına sahib olan ölkəsidir. Rusiyanın təsdiq olunan qaz ehtiyatlarının həcmi 50,5 trilyon kubmetr təşkil edir. Dünyadakı 203 trilyon kubmetr həcmindəki ümumi qaz ehtiyatların 25%-ə yaxını şimal qonşumuzun payına düşür. Qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yerdə cənubl qonşumuz İran gəlir. Bu ölkənin təsdiq olunan qaz ehtiyatlarının həcmi 33,9 trilyon kubmetrə bərabərdir.
Qaz ehtiyatlarının həcminə görə üçüncü yerdə gələn Qətərin payına isə 23,8 trilyon kubmetr qaz düşür. Qeyd edək ki, dünyadakı mövcud 203 trilyon kubmetrlik ümumi qaz ehtiyatlarının təxminən yarısına üç dövlət - Rusiya, İran və Qətər sahibdir.
Qaz ehtiyatlarının həcminə görə dünya sıralamasında ABŞ 9,8 trilyon kubmetrlə dördüncü, Türkmənistan 9,8 trilyon kubmetrlə beşinci, Səudiyyə Ərəbistanı isə 9,1 trilyon kubmetrlə altıncı sırada qərarlaşıb.
BP Azərbaycanda qaz ehtiyatlarının 1,3 trilyon kubmetr həcmində olduğunu bildirib. Bu nəticə ilə Azərbaycan qaz ehtiyatlarının həcminə görə dünyada 26-cı sırada qərarlaşıb. Qaz ehtiyatlarımız dünyadakı ehtiyatların 0,5%-ini təşkil edir. Ən az qaz ehtiyatları Çili və Ekvadorun payına düşüb. Bu ölkələrin hər birində təsdiq olunan qaz ehtiyatlarının həcmi müvafiq olaraq 5 və 11 milyard kubmetrə bərabərdir.
Neft tariximizdən
- 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatına başlanılıb.
- 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verilib.
- 1863-cü ildə yerli sahibkar Cavad Məlikov tərəfindən Bakıda kerosin zavodu tikdirilib və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edilib.
- 1872-ci ildə Bakıda dünyada ilk dəfə neftçıxarmada quyu nasosundan istifadə edilib. - 1877-ci ildə dünyada birinci neft tankeri Bakıda neft məhsullarının daşınması üçün istifadəyə verilib.
- 1878-ci ildə regionda ilk dəfə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda neft kəməri inşa edilib.
- 1899-cu ildə Bakı neft sənayesi ildə 11,5 milyon ton neft hasilatı ilə dünyada birinci yerə yüksəlib.
- 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilib.
- 1907-ci ildə uzunluğu 885 km olan Bakı-Batumi neft kəməri istifadəyə verilib.
- 1910-cu ildə dünya neft praktikasında ilk dəfə olaraq Bakıda "Neft yataqlarının qazılmasına aid təlimatlar" hazırlanıb.
- 1924-cü ildə dünyada ilk dəfə olaraq Suraxanıda turboburla neft quyusu qazılıb.
- 1940-cı ildə Azərbaycanda istehsal olunan neftin həcmi bütovlükdə keçmiş SSRİ-də neft istehsalı həcminin 75%-ni təşkil edib.
- 1940-cı illərdə Azərbaycan keçmiş Sovet ölkələri arasında neft hasilatına görə birinci yeri tutub.
- 1941-ci ildə Bayılda dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi 2000 metr olan maili quyu qazılıb.
- 1940-1945-ci illərdə SSRİ-də neft emalının 72%-i Azərbaycanın payına düşüb.
- 1948-ci ildə Bakıda dünya təcrübəsində ilk dəfə açıq dənizdə "Neft Daşları" şəhəri salınıb və neftçıxarma qurudan dənizə keçib.
Allahverdi Cəfərov