Dünya onu formalaşdıranlara məxsus - dur. Həqiqət budur ki, hər yeni nəsil dünyaya daha çox töhfə verir. ABŞ-ın nüfuzlu jurnallarından biri olan “Time” 1927-ci ildən bəri hər il elan edilən "İlin adamı"na əlavə olaraq bu il ilk dəfə "İlin uşağı"nı da seçib. Jurnal 8-16 yaş aralığındakı 5000-dən çox amerikalı arasından seçilmiş və dünyaya hər cəhətdən müsbət töhfə verən beş uşağı ilin finalçıları elan edib. Bu çərçivədə Taylor Qordon, Cordan Rives, Bellen Vudard və Yan Makenna ilə birlikdə namizəd göstərilən 15 yaşlı alim və ixtiraçı Qitanjeli Rao səsvermə yolu ilə "İlin uşağı" seçilib. Onun bu ünvana layiq görülməsinə səbəb isə təmiz suyun əlçatanlığı ilə bağlı ixtira etdiyi cihaz və kiber zorakılığa qarşı hazırladığı faydalı mobil tətbiqetmədir.
Rao ilk ixtirasını 2014-cü ildə Miçiqan ştatının Flint şəhərində yaşanmış içməli su böhranından sonra edib. Sudakı qurğuşun miqdarını ölçməyin üsullarını araşdıran balaca alim karbon nanoborulara əsaslanan və “Bluetooth” vasitəsilə məlumat göndərə bilən “Tethys” adlı bir cihaz ixtira edib. Rao bu ixtiraya görə “Discovery Education 3M” gənc alim mükafatını qazanıb. 2018-ci ildə isə “MA KERS” konfransında ABŞ Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən verilən “Ətraf mühit gəncləri” laureatına və 25 min dollarlıq pul mükafatına layiq görülüb. 9 yanvar 2019-cu il tarixindən etibarən Denver su zavodunda işə başlayan gənc ixtiraçı iki il ərzində bir prototip əldə etməyi planlaşdırır. Qitanjeli, opioid asılılığının (opioidlər əsasən mərkəzi sinir sistemində və mədə-bağırsaq traktında yerləşən bədənin opioid reseptorlarına bağlana bilən maddələrdir) erkən diaqnozu üçün genetika mühəndisliyindəki proseslərə əsaslanan bir diaqnostik cihaz ixtira edib və bu ixtira “TCS Ignite Innovation” tərəfindən 2019-cu ilin may ayında ən yaxşı səhiyyə cihazı mükafatını qazanıb. Eyni zamanda bacarıqlı piano ifaçısı olan Qitanjeli kiber zorakılığı erkən mərhələdə aşkar edə bilən “Kindly” adlı bir mobil tətbiqetmə də hazırlayıb. Dahi uşaq dünyadakı problemləri həll etmək üçün qlobal gənc yenilikçilər birliyi yaratmaq planının olduğunu bildirir: "Müşahidə edin, beyin fırtınası edin, araşdırın, inşa edin və ünsiyyət qurun. Hər problemi həll etməyə çalışmayın, diqqətinizi yalnız sizi həyəcanlandıran birinə yönəldin. Mən bacardımsa, hər kəs edə bilər”. “İlin uşağı” adını qazanması münasibətilə “Time” jurnalının əməkdaşı, Hollivud ulduzu və Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri Ancelina Coliyə müsahibə verən Rao Koloradadakı evindən “Zoom” vasitəsilə onun suallarını cavablandırıb. A. Colinin gənc alimdən aldığı müsahibənin maraqlı məqamlarını təqdim edirik:

- Nə zaman anladın ki, elm sahəsi sənin üçün əhəmiyyətlidir?

- Xüsusi bir anın olmadığını düşünürəm. Həmişə kiminsə üzünü güldürmək istəyən biri idim. Kimisə xoşbəxt etmək mənim gündəlik məqsədim idi. Bir müddətdən sonra “yaşadığım mühitə necə xoşbəxtlik gətirə bilərəm?” deyə düşünməyə başladım. Sonra ikinci və ya üçüncü sinifdə “sosial dəyişiklik yaratmaq üçün elm və texnologiyadan necə istifadə edə bilərəm?” deyə düşünməyə başladım. Valideynlərimə Denver Su Keyfiyyəti Araşdırma Laboratoriyasında karbon nanoboruların (kimyəvi dəyişikliklərə çox həssas olan və bu səbəbdən suda kimyəvi maddələri aşkarlamaq üçün yaxşı olan və digər məqsədlər daxilində karbon atomlarından hazırlanmış silindrik molekullar) sensor texnologiyasını araşdırmaq istədiyimi söylədiyim zaman 10 yaşında idim və anam "Nə danışırsan?", - deyə reaksiya verdi. Bilirsiniz, bu iş çox tezliklə bizim kimi gənclərin ixtiyarında olacaq. Buna görə də heç kim bunu etməzsə, mən edəcəyəm.

- İnkişaf etdirdiyin ən son texnologiyalardan birinin kiber zorakılığın qarşısını almağa kömək etdiyini bilirəm. Bu barədə mənə danışa bilərsənmi?

- Bu "Kindly"(xeyirxah) adlı bir mobil tətbiqdir. Brauzerə əlavə edilmiş “Chrome” tətbiqi sayəsində süni intellekt texnologiyasına əsaslanaraq, kiber zorakılığı erkən mərhələdə aşkar edə bilir. Zorakı hesab edilən bəzi sözləri kodlaşdırmağa başladım və ixtira etdiyim alqoritm bu sözlərə bənzər sözləri müəyyənləşdirdi. Zorakı hesab edilən bir söz və ya cümlə yazarkən redaktə etmək və ya göndərmək imkanı verir. Məqsəd kimisə cəzalandırmaq deyil. Bir gənc olduğum üçün yeniyetmələrin bəzən hirsləndiyini bilirəm. Təcrübəm sizə dediklərinizi yenidən düşünmək şansı verir. Bu isə öz növbəsində növbəti dəfə daha diqqətli olmağınıza kömək edir.

- Yəni bunu uşaqların telefonlarına quraşdıracağıq?

- Bəli. Valideynlər, müəllimlər və şagirdlər arasında bir sorğu keçirdim. Düzü, gənclərin bu tətbiqetmədən istifadə etmək istəyəcəklərini düşünmürdüm, amma nəticələr məni olduqca təəccübləndirdi. Gənclərin çoxu tətbiqetmələr tərəfindən idarə olunduqlarını hiss etmədiklərini dedilər. - Belə fikirləşən gənc və qadın ixtiraçının olması həyəcanvericidir. Bu mövzu haqqında nə düşünürsünüz? Təəccüblüdür, çünki qadınların ağıllı olduğunu düşünsəm də, elm və texnologiya sahəsində çox az qadın var. - Adətən görməyə alışdığımız elm adamlarına bənzəmirəm. Televiziyalarda gördüyüm bütün elm adamları yaşlı və əsasən ağdərili kişilərdir. İnsanlara cinsiyyətlərinə, yaşlarına, dərilərinin rənginə görə rollar verilməsi həmişə mənə qəribə gəlib. Mənim məqsədim yalnız dünyadakı problemləri həll etmək üçün öz texnologiyamı inkişaf etdirmək deyil, başqalarına da bunu etməyə ilham verməkdir. Çünki şəxsi təcrübəmə görə, ətrafınızda sizin kimi fikirləşən biri yoxdursa, bu o qədər də asan olmur. Buna görə həqiqətən bu şüarı yaymaq istəyirəm: Mən bacardımsa, sən də edə bilərsən və hər kəs bilər.


Şahmərdan Əhmədli