Bildiyiniz kimi XXI əsr texnologiya əsridir və bu gün uşaqdan böyüyə qədər hər kəs bu imkanlardan geniş istifadə edir. İnternetin sürətlə inkişaf etməsi hər bir sahədə - evdə, işdə, tibbdə, tədrisin təşkil olunmasında, bir sözlə gündəlik həyat tərzimizdə dəyişikliyə səbəb olmuşdur. İnternet uşaqların və gənclərin məlumat əldə etmə, araşdırma aparma, problem həll etmə, yaradıcılıq və tənqidi düşüncə kimi fərdi inkişafını dəstəkləyən böyük texnoloji imkan kimi qəbul edilsə də, zərərləri tərəfləri də var. İlk öncə gəlin faydalı tərəflərindən danışaq. Keçmiş dövrlərdə bir-birindən uzaq olan şəxslər danışmaq üçün məktub yazardılar və məktubun çatması günlər, bəzən də aylar çəkərdi. İndi isə bir neçə saniyə ərzində internetə qoşularaq, dünyanın istənilən ölkəsi ilə əlaqə qurmaq mümkündür. Eyni zamanda istənilən məlumatı, məqaləni tapmaq, vaxta qənaət edərək onlayn alış-veriş, kommunal ödənişləri etmək və xarici dil biliklərini təkmilləşdirmə imkanı yaradır. Lakin valideynlər çox zaman övladlarını körpə yaşlarından telefon və planşetlərə öyrədirlər. Bu da onlarda get-gedə aludəçilik yaradır. Bir sözlə vaxtlarının böyük hissəsini kompüter və ya mobil telefon oyunları ilə keçirən uşaqlar texnologiya əsrinin əsiri olurlar. Beləliklə də zamanla onlarda hərəkətsizlik, ortopedik və s. sağlamlıq problemləri yaranır. Bununla yanaşı sosial mühitdən getdikcə daha da uzaqlaşan uşaqların yemək yemə vərdişlər dəyişir və onlarda sürətli piylənmə, qamət pozuntusu kimi sağlamlıq problemləri baş verir. Buna görə də mütəxəssislər uşaqları mobil telefon və kompüter oyunlarından mümkün olduğu qədər uzaq tutmağa səsləyirlər. Valideynlər buna xüsusi diqqət yetirməli, uşaqların hansı yaşda kompüter və internetlə tanış olması, hansı proqram və oyunların uşaqlarının inkişafına müsbət təsir göstərməsi və buna uyğun davranması araşdırılmalıdır. İnternetdə daha çox vaxt keçirən uşaq və yeniyetmələrin get-gedə yalnızlaşdığı, sosial inkişafında, üz-üzə ünsiyyətdə çətinlik çəkdikləri məlum olub. Vaxtının çox hissəsini mobil telefon və kompüter qarşısında keçirənlər psixoloji və bədən sağlamlığı cəhətdən də zəif olurlar. Onlar gün ərzində bədəndə, başda və gözdə yorğunluq hiss edir, gecələr isə yuxu pozuntusu yaşayırlar. Buna görə də istər uşaqlar, istərsə də yeniyetmələr internetdən səmərəli istifadə etməlidirlər. Bildiyimiz kimi internetdə elə məlumatlar var ki, bəzi yaş qrupları, ələlxüsus azyaşlı uşaqlar üçün əl çatan olması çox təhlükəlidir. Belə məlumatlar onları neqativ təsir altına alır və vaxt keçdikcə onların həyat tərzinə güclü zərbəyə çevrilir. Valideynlər övladlarını dostları ilə görüşlərə yönəltməli və onlar üçün yeni imkanlar təmin etməlidirlər.
Mobil telefonda və kompüterdə oynadıqları oyunlara nəzarət etməli, onun zərərli tərəfləri ailə daxilində müzakirə olunmalı və izah edilməlidir. Zərərli oyunlar qadağan edilərkən sərt məhdudiyyətlər və cəzalar tətbiq etmək əvəzinə, onlarla güvənilir şəkildə söhbət etməkdə fayda var. Mobil telefon və kompüterlərlə yanaşı, "wi-fi" şəbəkəsinin də yaydığı elekromaqnit dalğalar uşaqların sağlamlığına zərərlidir. Mütəxəssislər bildirirlər ki, gecə internetdən istifadə edilmədiyi zamanlarda, modem qapalı olmalıdır. Uşaq otağında və ya uşaq otağının yaxınlığında saxlanılmamalıdır. Ümumiyyətlə "wi-fi aparatı insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoyulmalıdır. Böyük həcmdə fayllar və videolar yalnız internetin sürəti yaxşı olduğu hallarda yüklənilməlidir. Əks halda işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır. Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yayım gücü aşağı olan "wi-fi"nin insan orqanizmi üçün riskli olmadığını deyir.
İlahə Hüseynova