Dünyada 400-dən çox canlı plastik cisimlərdən zəhərlənir
Vaxt ötdükcə yaşadığımız dünyada bir çox problemlər ortaya çıxmağa başlayır. İnsanların sayı artır, texnologiya inkişaf edir, yeni zavodlar, fabriklər açılır. Bütün bu proseslər insanlıq üçün xeyirli olsa da, bəzən biganə yanaşdığımız, fikir vermədiyimiz addımlar bütün canlı aləmini təhlükəyə atır. Ətraf mühitin çirklənməsi buna ən bariz nümunə ola bilər. Heç düşünmədən təbiətə, ətrafa atdığımız bir plastik su qabı gələcəkdə çox ciddi fəsadlara yol açır. Təbiətdəki digər canlılarla birgə, insanların da ölümünə, müxtəlif xəstəliklərin ortaya çıxmasına səbəb olur. Bir çoxumuz bunu bilmədən edirik. Ancaq bir neçə qəpiyə aldığımız suyu içib təbiətə atdığımız plastik şüşələr 4 min ilə məhv olur. Bu müddətdə üzərindəki toksik maddələr torpağa hopur, orada canlı aləmi məhv edir, həmin torpaqda yetişən bir qida isə insanlarda zəhərlənmələrə gətirib çıxarır. Nəticədə, heç fərqinə belə varmadığımız bir addımla ciddi problemlərə yol açmış oluruq.
Mövzu ilə bağlı ekoloq Telman Zeynalovla əlaqə saxladıq. O, Azərbaycanda tullantılarla bağlı məsələlərə nəzarətin zəif olduğunu bildirdi: "Təbiətə tulladığımız hər şey canlı aləm vasitəsilə bizim orqanizmimizə qayıdır. Məişət tullantıları həm təbiətə, həm də suya ciddi zərər verir. Suya atılan tullantıları balıqlar udur və ya yaydığı mikroblar suyu çirkləndirir. Nəticədə, canlılar üçün əlverişsiz bir mühit meydana gəlir. Eynilə təbiətə atılan tullantılar torpağı da çirkləndirir və məhsuldarlığı azaldır. Mikrohissəciklər bizim bədənimizə daxil olduqdan sonra müxtəlif xəstəliklər ortaya çıxır. Biz plastik şüşələri və buna bənzər cisimləri tullamaq əvəzinə ondan istifadə barədə düşünməliyik. Bəzi xarici ölkələrdə bu cür cisimlərdən asfalt yol düzəldilir. Hətta, bu cür asflatlar digərlərindən qat-qat dözümlü olur. Biz faydasız işlərlə məşğul olmaqdansa, bu cür faydalı işləri həyata keçirməliyik. Buna kifayət qədər nümunələr də var. Həm dözümlü, həm də ucuz başa gəlir. Üstəlik, bu cür asflatların ətraf mühitə heç bir zərəri yoxdur".
Ekoloq bildirdi ki, bu gün cəmiyyəti narahat edən bir çox problemlər var. Onlar arasında qlobal istiləşmə, havanın çirklənməsi və təbiətə atılan tullantılar xüsusi yer tutur.
Sənaye tullantıları ətraf mühiti ən çox çirkləndirən tullantılar sırasındadır. Zavod və ya fabrik kimi yüksək həcmli zibil ortaya çıxaran sistemlərin tullantıları yaşıllığın, çayların, göllərin, həmçinin, orada yaşayan heyvanların məhv olmasına səbəb olur.
Hazırda cəmiyyəti ciddi narahat edən ən vacib problem isə tullantılardır:
"Biz tullantılar barədə danışmaqdansa, iş görməyə başlamalıyıq. Bunun üçün istənilən qədər texnologiya var. Şəxsən mənim özümdə belə texnologiyalar var. Sellofan torbaları, rezin qabları hamısını bir yerə yığıb əridib müxtəlif işlər görmək lazımdır. Qolbal istiləşməyə gəldikdə isə hazırda bu proses davam edir. Tədqiqatçılar buna karbon qazının səbəb olduğunu deyirlər. Ancaq bilmək lazımdır ki, insan karbon qazı olmadan yaşaya bilməz. Alimlərin bəhs etdiyi çirkab maşınların buraxdığı və sair qazlardır. Ozon qatındakı çirkab bunlardır. Karbon qazı ağırdır, o qədər yuxarı qalxmır. İndi deyirlər karbon qazına qarşı tədbirlər görək. Əgər karbon qazı olmasa, dünyada havanın temperaturu 18 dərəcə şaxta olar. Karbon qazının dünyada tənzimlənməsində əsas rolu oynayan ağaclardır. Bir tərəfdən də ağacları qırırlar. Sonra da deyirlər ki, karbon qazı çoxaldı".
2050-ci ilə qədər dənizlərdə balıqdan daha çox plastik maddə olacaq
Ekoloq İslam Mustafayev isə tullantıların ölkəmizdə, o cümlədən dünyada təhlükəli hal aldığını bildirdi. Onun sözlərinə görə, xüsusilə çaylara, dənizlərə, okenlara atılan tullantılar insanlıq üçün təhlükədir:
"Dünyada hər il çox sayda rezin qablar istehsal olunur. İstifadə olunduqdan sonra isə ətraf mühitə atılır. Bu cür cisimlərin ətraf mühitdə parçalanması uzun zaman tələb edir. Ona görə də, müxtəlif cür metodlar tətbiq edərək sellofan torbaların, plastik qabların məhv edilməsi və ya onlardan müxtəlif sahələrdə istifadə edilməsi üçün işlər görülməlidir. Bizim son ölçmələrimiz göstərir ki, Xəzər dənizindən çıxarılan plastik qabların üzərində çox sayda çirkləndirici maddələr var. Onların bir çoxu təbii ki, dəniz suyu ilə bağlıdır. Böyük bir hissəsi isə plastiklərin üzərində var. Bu madddələr çox güclü toksiklik gücünə malikdir. Bizim hesablamalar göstərir ki, bu proses nə qədər ki, idarə olunmur, istər insanlar, istər biosfer, istərsə də, heyvanlar üçün (xüsusilə də, dənizdə yaşayan heyvanlar üçün) böyük təhlükə əmələ gətirir".
Ekoloqun sözlərinə görə dənizə atılan tullantılar orada yaşayan canlıların məhvinə gətirib çıxarır. Son illər aparılan yoxlamalar bu prosesin artıq pik həddə olduğunu göstərir.
Plastik tullantıların dənizlərdəki nisbətini təyin etmək çətin olsa da, bir çox elm adamları hər il dənizlərə 8 milyon ton plastik tullantı atıldığını bildirirlər. Hazırda dənizlərdəki mövcud plastik tullantıların 150 milyon ton olduğu bildirilir. Mütəxəssislərin sözlərinə görə, növbəti 10 il ərzində dənizdəki plastik tullantıların miqdarı 300 milyon tona yaxınlaşacaq.
2050-ci ilə qədər dənizlərdə balıqdan çox plastik maddə olacağı təxmin edilir. Plastik yalnız təbiətə və dənizlərə zərər vermir, həm də canlı aləm üçün ciddi təhlükə törədir. Dünyada 400-dən çox canlı növü plastik cisimlərdən mənfi təsirlənərək məhv olmağa üz tutur. Verilən rəsmi rəqəmlərə görə, dəniz quşlarının 60 faizi və bütün dəniz tısbağaları plastik maddə yeyir:
"Bu yaxınlarda mətbuatda belə bir xəbər getdi ki, okeanda tapılan bir balinanın qarnından 4 tona yaxın plastik material çıxıb. Plastik maddələrin bu dərəcədə ətraf mühitə ziyanı var. Bu cür cisimlər təbiətdə demək olar ki, çürümür. Bu əsas çirkləndirici maddələrdən biridir. Plastik şüşələri və buna bənzər cisimləri atmaq əvəzinə ondan təkrar istehsalda istifadə etmək təbii ki, daha məqsədəuyğundur. Digər bir üsul isə onları ətraf mühitdən izolyasiya edərək basdırmaqdır. Biz bu təcrübəni öyrənmək üçün Çexiyada olduq. Böyük quyular qazılır, ora izloyasiya edilir və plastik maddələr orada basdırılır. O da təbii ki, böyük sahələr tutduğuna görə, kiçik ölkələr üçün uyğun deyil. Amma bizim indi Abşeron yarımadasının kənarlarında çoxlu istifadə olunmayan sahələrimiz var. Orada bəhs etdiyimiz kimi plastik tullantıları basdırmaq olar".
Plastik tullantılardan bir çox sahədə təkrar istifadə etmək mümkündür. Bunun üçün xüsusi texnologiyalardan istifadə edilir. Ekoloq bildirdi ki, təkrar istifadə zamanı ciddi yoxlamalar aparılmalıdır:
"Bəhs etdiyimiz maddələrdən təkrar emalda asfalt düzəldilməsi üçün istifadə edilir. Mən həmin proseslə də tanış olmuşam. Bu maddələr asfaltı, tikinti materiallarını möhkəmləndirir. Ancaq, mən belə başa düşdüm ki, bu metod plastikdən yaxa qurtarmaq üçün edilir. Amma burada da yoxlamaq lazımdır ki, plastik maddə asfaltın tərkibindəki digər maddələrin xassələrini mənfi mənada dəyişməsin".
İslam Mustafayev hazırda dünyanı narahat edən qlobal istiləşmələrdən də danışdı:
"Hazırda qlobal problemlər içərisində iqlim dəyişmələri birinci yerdə durur. İqlim dəyişmələri isə dünyada su qıtlığına, quraqlığa, səhralaşmaya, canlı aləminin tələfatına gətirib çıxarır. Əgər ölkələr Paris sözləşməsinə əməl etməsələr, yaxın illərdə havanın temperaturu bir neçə dərəcə yuxarı qalxacaq. Bu da dünyadakı canlı aləm üçün ciddi təhlükəyə səbəb olacaq".
Təbiətə atdığımız tullantıların torpağa, havaya və suya qarışaraq, həll olması və zərərsizləşməsi üçün aylar, bəzən illər, bəzən də əsrlər lazımdır. Əslində, onların zərərsizləşdiyini söyləmək də doğru deyil. Çünki çətin həll olunan bu tullantılar təbiətə qarışarkən kimyəvi maddələr və zərərli maddələr buraxır.
Məlumat üçün deyək ki, ətraf mühitdə sadə bir plastik torba qaldıqda müxtəlif proseslər meydana gəlir. Əvvəla, torpaq plastik udma qabiliyyətinə malik olmadığı üçün cisim orada uzun müddət zəhərli və kimyəvi maddələr buraxır. Zaman keçdikcə bu plastik tullantılar torpaqdakı canlılar tərəfindən yeyilir. Nəticədə, torpaqdakı canlılar eyni mənfi təsirlərə məruz qalır. Bu da öz növbəsində torpaqda tarazlığın pozulmasına gətirib çıxarır.
Son olaraq atılan bəzi cisimlərin təbiətdə nə qədər vaxta məhv olduğuna dair məlumatları təqdim ediirk:
Şüşə - 4000 il,
Plastik - 1000 il,
Sintetik liflər - 1000 il,
Simkart - 1000 il,
Plasitk lentlər -1000 il,
Plasitk su boruları - 1000 il,
Plasitk balıq qarmağı - 600 il,
Uşaq bezi - 550 il,
Plastik lövhə - 500 il,
Batareya - 300 il,
Alüminium - 100 il,
Saqqız - 5-25 il,
Siqaret - 1-2 il,
Bez parça - 6 ay,
Pambıq parça - 1-5 ay,
Meyvə qalıqları - 3-6 ay,
Qəzet - 3 ay,
Karton qutu - 3 ay,
Salfet - 2-4 həftə.
Ruslan Yusibov