Hər iki Qarabağ Müharibəsinin qəhrəmanı “MAŞTAĞA” ləqəbli VİDADİ AĞAGÜLOV
Zəfər hər zaman haqqın, haqlının yanındadır. Tarixən bütün inanclarda sonda hər zaman haqlının haqsıza, xeyirin şərə qalib gələcəyi qeyd olunur. Qüdrətli Azərbaycan ordusu bu tarixi həqiqəti dünyada sonuncu və ən qətiyyətli şəkildə sübuta yetirəndir. Artıq Azərbaycan xalqının başı dik, alnı açıqdır. Artıq Azərbaycan xalqının Qarabağ kimi dərdi, erməni kimi düşməni yoxdur. Çünki, atalar demişkən, düşmənin də insan olanı məqbuldur. Lakin başda insanlıq olmaqla bütün müsbət keyfiyyətlərdən məhrum bu topluluğa başa saldıq ki, bu meydan sizlik deyil. Bəli, xalq olaraq başa saldıq, başa saldılar. Lakin bunu ən yaxşı dərk edənlər, şübhəsiz 90-cı illərin ağrısını-acısını görmüş, mənfur qonşularımızın havadarları ilə əlbir olub günahsız azərbaycanlılara divan tutmasına şahid olmuş insanlardır. O insanlar ki, gücləri yetdiyi qədər bu amansızlıqların qarşısında dursa da, o vaxtkı şərait buna imkan verməmişdi. Bu səbəbdən, elə Vətən Müharibəsinin başlamasına ən çox sevinənlər də onlar olub. O illərin çarəsizliyinin qisasını almaq, yağı düşməni torpaqlarımızdan qovmaq üçün əldə silah cəbhəyə yollanıblar. Belə qəhrəmanlarımızdan biri də hər kəsin I Qarabağ Müharibəsində çəkilmiş kadrları ilə xatırladığı, “Maştağa” ləqəbli Vidadi Ağagülovdur. Onun haqqında internet resurslarından kifayət qədər məlumat əldə etmək mümkündür. Bu səbəbdən də biz, “Fraza”nın növbəti sayı üçün “Maştağa”nın duyğu və düşüncələrini öyrənmək istədik. V. Ağagülov deyir ki, Vətən Müharibəsi başlayanda böyük sevinc hissi keçirib: “Ona görə ki, dünyanın hansı yerinə getsək, bizə alverçi kimi baxırdılar. Mən bir dəfə televizora baxırdım. Rus jurnalist bir çeçen uşaqdan müsahibə götürürdü. Uşağın əlində PK(Pulemyot Kalaşnikov) var idi. Jurnalist uşağa sual verdi ki, “sən uşaqsan, pulemyotu əlinə almağa qorxmursan?”. Uşaq da cavab verdi ki, “mən azərbaycanlı deyiləm qorxam”. Bu zaman mən hirsimdən bilmədim nə edim, vurub televizoru sındırdım. Müharibə elan olunanda ürəyimdə dedim ki, “şükür, Allahım, axır ki, bizim dualarımızı eşitdin, Ali Baş Komandan müharibəni elan etdi, biz də öz sözümüzü deməliyik”.
Vidadi Ağagülov da I Qarabağ Müharibəsinə yollanmasını belə xatırlayır:
"O vaxt biz əsgərlikdən təzə gəlmişdik. SSRİ-də belə bir qərar çıxdı ki, 15 respublikada xüsusi təyinatlı milis dəstəsi (отряд милиции особого назначения - OMON) yaradılsın. Bizim respublikamızda da OMON-u Azərbaycanın ilk general şəhidi Məhəmməd Əsədov (Azərbaycan Respublikasının dövlət xadimi və milis general-mayoru) yaratdı. O, səfərbərlik xidmətlərinə təcrübəli zabitlərin, əsgərlərin, Əfqanıstandan gələn hərbçilərin və snayperlərin dəvət olunması ilə bağlı sorğu göndərmişdi. Bizi də Daxili İşlər Nazirliyinə dəvət etdilər. Orada bizimlə söhbət apardılar və beləcə Daxili İşlər Nazirliyinin sıralarına cəlb olunduq. O vaxt ən pis vəziyyət Goranboy rayonunda idi. Ermənilər Suriyadan, Liviyadan muzdlular gətirmişdilər və bizim kəndlərə hücum edirdilər. Yaxşı silahlarla, snayperlərlə silahlanmışdılar və insanlar yolda gedəndə onlara atəş açırdılar. Bizim ilk çıxışımız Çaykənd əməliyyatı ilə ("Halqa" əməliyyatı - 1991-ci ilin may ayında Qarabağın bəzi bölgələrində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat) oldu. O əməliyyat ilə biz silahsızlaşdırma işlərinə başladıq. Onlar təxribatlara çoxdan hazırlıq görürdülər. Biz də onun qarşısını aldıq və Xocalı hava limanını öz nəzarətimizə götürdük. Bundan sonra artıq kontrol bizim əlimizə keçdi".
Qəhrəmanımız deyir ki, onun tərkibində olduğu 300 nəfərlik dəstədən 12 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bunu böyük bir iftixarla qeyd edir:
"Müharibədə hər gün, hər an təsirli olur. Belə bir şeydi ki, dostların dünyasını dəyişir. Biz yeganə dəstəyik ki, 12 Milli Qəhrəmanımız var. Elə bir dəstə yox idi ki, onun içində Azərbaycanın 12 Milli Qəhrəmanı olsun. Bizim dəstə təxminən 300 nəfərdən ibarət idi. O vaxt Azərbaycanda ilk Milli Qəhrəman ünvanını bizim dəstədən Yuri Kovalyova verdilər. Bütün hadisələr yaddaqalan idi. Dostlarımızı itirmişik, yaralılarımız olub. Hər bir döyüş mənim üçün xislətinin ən bariz təzahürü özünü ötən əsrin sonuncu onilliyində büruzə verdi. Vidadi Ağgülovun fikrincə I və II Qarabağ müharibələri arasındakı fərq belə idi:
"Qabaqlar vahid komanda yox idi, hərə bir dəstə yaratmışdı. Döyüşən oğlanlar döyüşüb, mən onların qarşısında baş əyirəm. Bütün qazilərimizin qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin! O vaxt da vuruşurduq. Gedib çıxmışdıq Çıldırana(Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd). Çıldıranla Xankəndinin arası 6 kilometrdir. Erməni yenə də qaçırdı. Bəzi hoqqabazlar gəldilər şəhərə, başladı hakimiyyət davası, mitinqlər və sairə. Və beləcə torpaqlar əldən getdi. Amma indi müasir ordumuz var - müasir silahlar, təcrübəli zabitlər, generallar. Yəni fərq bundadır. Millət həmin millətdir, qan həmin qandır. Biz həmişə döyüşkən xalq olmuşuq. Sadəcə zaman bizi bir az silkələdi. Yenə də Azərbaycan xalqı bir oldu, oyandı, zəfərini elan etdi. Artıq dünya bizim kim olduğumuzu anladı. Hansısa elm adamı bu barədə belə deyirdi ki, Azərbaycan xalqı zəhmətkeş, qonaqpərvər xalqdır. Amma ona sataşmaq olmaz. Yatmış bir vulkan kimidir, oyananda onun qarşısında dayanmaq olmur. Bunu da tarix sübut etdi". Vətən Müharibəsinin başlaması ilə artıq ədalətin bərqərar olacağı anın yetişdiyini anlayan bu mərd insan da əldə silah cəbhəyə yollanıb:
"Tovuz hadisələri başlayan zaman mən cəbhəyə yollandım və o vaxtdan artıq bu proseslərdə iştirak edirdim. Azərbaycanın mərd oğulları yardımlar yığırdı, biz buradan göndərirdik. Təkərindən tutmuş hər şeyinə qədər. Yəni dayanmamışıq, biz bu fəaliyyəti göstərmişik. Müharibə başladıqdan sonra üzümüzü tutduq “voenkomat”lara (səfərbərlik xidməti), burada qeydiyyata durduq və hərbi hissələrə getdik. Allah bizim yolumuzu açdı, bizə inandılar və qələbə qazandıq". Şübhəsiz Vətən hər kəs üçün fərqli mənalar kəsb edir. O, hansısa zirvədə heç kimə lazım olmayan bir qaya parçası olsa belə vədəsi yetəndə ən yumşaq yastığa, ən isti yorğana çevrilir. Həmin "yorğana", "yastığa" da borcunu layiqincə ödəyən "Maştağa" isə bildirir ki, Vətən insan üçün anadır, valideyn isə vasitə:
"Bunu bizim haqq kitablarımız da deyir. Allah tərəfindən seçilən ana və ata vasitədir. Amma bizim doğma anamız vətəndir, torpağımızdır. Yəni insan dünyaya ana bətnindən gəlir, amma yenə də qovuşur öz anasına – torpağa. Son mənzili torpağıdır, torpaq onu qəbul edir. İnsan bilməlidir ki, vətən müqəddəsdir, vətən insan üçün hər şeydir. Vətəndən şirin şey ola bilərmi?". Ön cəbhədə vuruşarkən arxa cəbhədə göstərilən misilsiz əməyi də unutmayan Vidadi Ağagülov, həmin 44 gündə şahidi olduğu, eşitdiyi və onu duyğulandıran hadisələrdən də danışdı:
“Bizim xalq çox müdrik xalqdır, bizim xalq çox gözəl xalqdır. Sizə bir hadisəni danışım: Mən bir dostumla Sabunçu “voenkomat”ına getmişdim. Orada mən öz gözümlə gördüm ki, bir ana iki övladını gətirmişdi, cəbhəyə yola salmaq üçün. Dedi ki, mən bunları yedirdib-içirdib böyütmüşəm, indi də getsinlər vətənə borclarını ödəsinlər. Bu xalq buna qadirdir. Biz uşaqlarla cəbhədə olarkən Siyəzəndən gələn yoldaşlar danışırdılar ki, bir qoca nənə 183 manat olan pensiyasını qəpiyinəcən əsgərlərə göndərib. O nənənin də əlindən öpürəm. Bu xüsusiyyət ancaq bizim xalqa məxsusdur. Xatırlayıram, Vətən Müharibəsi zamanı belə bir hadisə olmuşdu, bir qoca qadın orduya pul köçürmək üçün gəlib ASAN Xidmətə. Orada onu nə qədər dilə tutublar ki, ay nənə, ehtiyac yoxdur, bu sənə lazımdır. Ancaq o bunlara məhəl qoymayıb. Bax onda mən birinci dəfə ağladım. Nənə deyirdi ki, siz bilmirsiniz, mən İkinci Dünya Müharibəsində zinət əşyalarımı orduya bağışladım ki, zəfər çalsınlar. İndi o qədər imkanım yoxdur, heç olmazsa doğma, əziz Azərbaycan Ordumuza bu 195 manatı köçürürəm, məni bundan məhrum etməyin. Görün analarımız, bacılarımız necə tərbiyə verib ki, bizim balalarımız döyüşür, şəhid olurlar. Balacasından tutmuş qocasınacan bu zəfərdə bütün Azərbaycan xalqının haqqı var. Fəxr edirəm ki, mən azərbaycanlıyam, öz xalqıma minnətdaram. Çox sağ ol, böyük Azərbaycan xalqı!” Müsahibimiz Maştağa Vidadi son sözlərilə də bizi həm duyğulandırır, həm də qürurlandırır:
“Məndən az yazın, amma şəhid ailələrindən, qazilərdən daha çox yazın, xalq onları unutmasın, daim xatırlasın. Onların buna ehtiyacı var. Bizə nə var ki, biz öz ömrümüzü yaşamışıq. Təki, Vətən sağ olsun!”
Şahmərdan Əhmədli