1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür. 20 Yanvar faciəsi xalqımızın tarixində həm faciəli gün, həm də qəhrəmanlıq hadisəsi kimi yaddaşlarda qalıb. 20 yanvar faciəsi Azərbaycan xalqının milli-azadlıq mübarizəsi idi. Çox sayda Azərbaycan vətəndaşı sovet imperiyasına qarşı savaşmaq üçün küçələrə çıxıb, müstəqillik uğrunda mübarizə apardılar, canlarından keçdilər. Həmin günün şahidlərindən biri Valeh Hüseynovdur. O, 1990-cı illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunun birinci kursunda oxuyurdu. Valeh Hüseynov həmin gün tələbə yoldaşları ilə birgə meydanlara çıxıb və silahlı rus əsgərləri ilə qarşı-qarşıya gəlib. Onun sözlərinə görə, tələbə yoldaşları ilə bir yerdə küçədə barikadalar qururlar. Valeh Hüseynov bildirir ki, həmin gün qurulan barikadalardan birində keşik çəkməyə başlayır.Daha sonra səhhətinin pisləşməsi ilə evə yola salınır. Ancaq evlərinə təzəcə çatan kimi xəbər gəlir ki, rus ordusu şəhərə daxil olacaq. Bunu eşidən kimi səhhətinin pis olmasına baxmayaraq, yenidən geri qayıdır. Həmin vaxt Rusiyaya aid 3 tank yolun ortasında dayanır və imperiya cəlladları insanları təhqir etməyə, söyməyə başlayır. Valeh Hüseynov bildirir ki, 20-ə keçən gecə saat təxminən 12-yə 15 dəqiqə qalmış vəziyyət dəyişdi:
“Sumqayıt yolu istiqamətindən güclü işıqlar yandırıldı. Biz o tərəfə baxa bilmirdik. Həmin dəqiqələrdən etibarən artıq onlar camaatı qırmağa başladılar. Böyük yük maşınları barikada kimi yolu bağlamaq üçün istifadə olunmuşdu. Tanklar atəş açmağa başladı. İri yük maşınları paramparça oldu. Orada olan camaat maşınların altında qalır, əzilirdilər. Mən istədim qarşıya gedəm, orada “KamAz” markalı maşın dayanmışdı, maşını vurdular və mən onun altında qaldım. İstədim təkərdən tutub oradan çıxım, ancaq alınmadı. Elə bu vaxt tankın həmin maşını əzdiyini gördüm. Mən də orada əzildim və beldən aşağı heç bir yerimi hiss eləmədim. Bir də gözümü açdım ki, həmin maşından 10-15 metr kənarda qalmışam. İstədim qalxıb qaçım, qaça bilmədim, addım da ata bilmədim. Olduğum yerdən gördüm ki, onlardan gələn birinci qrup silahla camaatı qıra-qıra gedir, ikinci qrup isə əllərində dubinka ilə kim başını qaldırdı, onu vururlar”.
Valeh Hüseynov bildirir ki, rus əsgərləri heç kəsə rəhm eləmədən hücum edir, döyür, öldürürdü. Hadisə yerində artıq çox insan dünyasını dəyişmişdi, hər yer qan idi. Maşınlar əzilmiş, insanlar güllələnmişdi. Əsgərlər içərisində isə çoxunun muzdlu döyüşçülər olduğu məlum olurdu. Hücum edənlərin əksəriyyəti gənc əsgərlər deyil, müəyyən yaşa çatmış hərbçilər idi:
“Daha sonra iki əsgər mənim yanıma gəldi. Qara kurtka geyinmişdim, çiynimdən tutub çevirdi və dubinka ilə kürəyimdən vurmağa başladı. Onsuz da ağır vəziyyətdə idim, heç nə hiss eləmirdim. Vurandan sonra dedi ki, bu ölüb”.
20 yanvar günü vətəndaşlarımız ağır zülmə uğradılar. İnsanlar çaşqın vəziyyətə idilər. Hər yerdə yaralı və cansız bədənlər var idi. Kimi öz yaxınını, kimi dostunu, kimi də doğmasını itirmişdi. Həmin günlərin şahidlərindən biri də Şərifzadə Gülağadır. O bildirir ki, həmin gecə onların toplaşdığı yerə rus ordusu yeridildi və müxtəlif silahlardan atəş açaraq insanları öldürməyə başladılar:
“Rus ordusunun hücumunu görən şəxslərdən biri digər yerlərdəki insanlara xəbər vermək üçün “KamAz” markalı avtomobilə minib yolun əks istiqamətində hərəkət etməyə başladı. Bunu görən rus ordusu onu güllələməyə başladı. Avtomobilə 200-ə yaxın, sürücüyə isə 100- dən çox güllə dəymişdi. Hadisə yerində çox sayda yaralı və şəhid vardı. Mən də dizimdən yaralandım. Sonra həmin əraziyə təcili yardım avtomobilləri gətirildi. Yaralılar xəstəxanaya aparılırdı. Mənim orada müşahidə elədiyim vacib məqamlardan biri rus əsgərləri içərisində orta yaşda muzdlu döyüşçülərin olması idi. Bizə sonradan deyildi ki, həmin əsgərlər içərisində ermənilər də olub”.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Vətəndaşlarımız ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına öldürülüb, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, təhlükəsizlik xidməti əməkdaşları olub. Əməliyyatlar davam etdiyi müddət ərzində Bakıda, digər şəhər və rayonlarda 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib.
Rəvan Məmmədov