Xarici dil bilmək müasir dövrün əsas tələblərindən biridir. Dil öyrənmək isə insanın istəyi və daxilindəki motivasiyadan asılıdır. “Fraza” jurnalına danışan ingilis dili müəllimi Natella Manafova xarici dil öyrənərkən ən çox edilən səhvləri izah edib...
- Natella xanım, artıq elə bir zamana gəlib çıxmışıq ki, karyera inkişafı, rahat səyahət edə bilmək üçün ən az bir xarici dil bilmək lazımdır. İlk olaraq qeyd edək ki, xarici dil öyrənmək istəyən şəxslər nədən başlamalıdırlar?
- Bəli, tamamilə razıyam. Müasir dünyamızda rahat səyahət edə bilmək üçün hər kəs bir xarici dil, xüsusilə ingilis dilini bilməlidir. Əslində hər kəs dil öyrənməyə başlayarkən özünə ilk öncə bu sualları verməlidir; “Nədən başlamalıyam? Mən bu dili niyə öyrənməliyəm? Bu dilin mənə nə kimi faydaları olacaq?” Əgər bu sualların cavabını tapa bilsələr, daha qısa vaxtda daha çox yol qət edə biləcəklər. Məsələn, A adlı bir şagird kursda qeydiyyatdan keçir və onun IELTS alıb, xarici ölkəyə getmək kimi bir hədəfi var. Bu zaman şagird hədəfinə çatmaq üçün qısa vaxt ərzində çox böyük naliyyətlər əldə edəcək. B adlı bir şagird isə kursda qeydiyyatdan keçir, hətta çox zaman şagird yox, valideyn gətirib qeydiyyatdan keçirdir. Çünki o şagird valideyn təkidi ilə kursa gəlir və heç bir şəkildə istəyi yoxdur. Bu zaman onlar uzun vaxt sərf etsələr də, heç bir yol qət edə bilmirlər. Tək səbəb isə daxillərində heç bir istəyin olmamasıdır. Buna görə də bir dil öyrənərkən onu özümüz istəməliyik. Əks halda aylarla, hətta illərlə hazırlaşsaq belə bir şey əldə edə bilməyəcəyik. Əksər insanlar kursda qeydiyyatdan keçərkən sual verirlər ki, “Biz neçə aya öyrənəcəyik və bir səviyyəni nə qədər müddətə bitirə bilərik?”. Hər zaman qeyd edirəm ki, bu tamamilə sənin özündən asılıdır. Əgər sən istəsən qısa, istəməsən, uzun zaman ərzində öyrənəcəksən. Hər şeyin təməlində arzu, istək və xəyal durur. Yadda saxlamaq lazımdır ki, insanın edə bilməyəcəyi bir şey yoxdur.
- Hazırda ölkəmizdə dil kursları və kursların özünəməxsus kifayət qədər kitabları var. Dil öyrənmək üçün kurs kitablarına ehtiyac varmı?
- Belə bir misal çəkim, təsəvvür edin ki, konstruksiya oyunları almısınız və həmin oyunları, içərisində olan təlimatlara baxmasaq belə, qurmaq mümkündür. Lakin bu zaman bizim çox vaxtımız gedəcək. Verilən təlimatları izləyərək quraşdırsaq, daha az vaxt sərf etmiş olacağıq. Kitablar və resurslar olmadan dil öyrənmək də eynən bu şəkildədir. Yəni kitablar vasitəsilə 3 aya, kitablarsız isə 6 aya o yolu qət edəcəksiniz. Qət edəcəksənmi? Əlbəttə ki, edəcəksən. Çünki ortada bir əziyyət, əzm var. Kitablar sadəcə hədəfə daha tez çatmaq üçün vasitədir. Kitablar mövzusundan danışmışkən bir məqamı qeyd etmək istəyirəm. Günümüzdə çap olunan bir çox ingilis dili və qrammatika kitabları var. Mən bunların heç birini tövsiyə etmirəm. Ən gözəl kitablar Oksford və Kembric universitetlərinin nəşrindən çıxan kitablardır. Çünki azərbaycan dilini xaricidilli bir alim yaza bilmədiyi kimi, ingilis dilini də azərbaycanlı alim oturub yaza bilməz. O dilin qrammatikasını, özəyini, təlimatlarını yalnız o dilin sahibləri edə bilərlər. Ona görə də həmin kitabları, xüsusilə danışıq üçün istifadə edilməsini tövsiyə etməzdim.
- Gün ərzində dil öyrənmək üçün neçə saat vaxt ayırmaq lazımdır?
- Bunun sabit bir zaman anlayışı yoxdur. Hər kəsin fərdi öyrənmə tərzi var və bu insandan, insana dəyişə bilir. Amma tövsiyə olunandır ki, hər gün azı 15 dəqiqə vaxt ayırsınlar. Bu vaxt tapşırıq edib, qrammatika və söz öyrənməkdən ibarət deyil. 15 dəqiqə ərzində həm dinləmə, həm oxuma etmək olar. Bunu yatarkən, yolda gedərkən də etmək mümkündür. Hər nə olursa-olsun, hər gün 15 dəqiqə vaxt ayırmaq kifayət edir. Bəzən olur ki, şagirdə tapşırıq verirsən, o da gedib ən son gündə oxuyub, gəlir. Dil öyrənmək istəyən şəxs bütün tapşırıqları bir gün ərzində oturub etməməli, hər gün araşdırmalı, vaxt sərf etməlidir. Çünki biz Azərbaycanda yaşayırıq və hər gün öz dilimizdə danışırıq, başqa dilləri praktika edə bilmirik. Ona görə özümüz bunun üçün vaxt ayırmalıyıq. Gün ərzində ayrılan zamanın miqdarının önəmi yoxdur, ayrılan zamanın önəmi var.
- Bəzən görürük ki, dil öyrənmək istəyən şəxslər 2-3 gündən sonra həvəsdən düşürlər. Bu zaman nə etmək lazımdır?
- Bəli, tamamilə razıyam. Bu daha çox başlanğıc səviyyədə dili öyrənən şəxslərdə müşahidə olunur. Onlar 1-2 dəfə səhv etdikdən sonra kompleksə düşürlər və heç bir şəkildə dil öyrənməyə davam etmək istəmirlər. “Yox, alınmır”, “bacarmıram” kimi cümlələr qururlar. Sadəcə unutduqları bir nöqtə var ki, biz bu dili öyrənirik. Bu dil bizim ana dilimiz deyil. Bütün poliqlotların danışıqlarına, yaradıcılıqlarına baxdıqda görərik ki, hər zaman tövsiyə etdikləri bir şey var, düzgün metod və səbir. Biz bu dili öyrəniriksə, əlbəttə, səhvlərimiz olacaq, bundan qorxmaq lazım deyil. Əksinə, biz səhv edərkən sevinməliyik və onların üzərində çox çalışmalıyıq ki, daha yaxşı nəticə əldə edə bilək. Hər dəfə şagirdlərə tövsiyə edirəm ki, heç vaxt internetdən və ya başqa yerlərdən köçürtməyin. Yazdıqlarınız öz beyninizin məhsulu olsun və gəlin səhvləri birlikdə düzəldək, onlardan birlikdə nəticə çıxaraq. Çünki o səhvlər, həm öyrədən, həm də öyrənən üçün çox yaxşıdır. Öyrədənə şagirdin zəifliyi, öyrənənə də hansı hissədə daha çox möhkəmlənməli olduğu məlum olur. Ona görə də anlamalıyıq ki, səhvlərimiz bizim ən gözəl gücümüzdür. Həvəsdən düşməklərinin bir digər səbəbi isə hədəflərinin olmamasıdır. Məsələn, yuxarı yaş qrupuna məxsus şəxslər müraciət edərkən qarşılarına IELTS kimi hədəflər qoyurlar və müntəzəm çalışırlar. Amma orta məktəb şagirdləri müraciət edərkən heç bir hədəfləri olmur. “Sonra edərəm”, “hələ vaxtım çoxdur” və s. kimi bəhanələrə sığınırlar. Ona görə şagirdlər kurslara müraciət edərkən düzgün istiqamətlənməli, hədəf seçməlidirlər.
- Dil öyrənərkən qrammatikanın vacibliyi nə qədərdir?
- Hər kəs düşünür ki, qrammatika mənasızdır, ehtiyac yoxdur, önəmli olan danışıqdır. Mən bununla razı deyiləm. Çünki əgər mən bir dilin cümlə quruluşunu, hansı nitq hissəsinin harda işlənməli olduğunu bilmirəmsə, o dildə özümü necə ifadə edə bilərəm? Məsələn, bu gün yüzlərlə insan “mən sözləri bilirəm, başa düşürəm, amma danışa bilmirəm” kimi ifadələr işlədir. Bunun ən böyük səbəblərindən biri qrammatika əskikliyidir. Azərbaycan dilində mübtəda cümlənin əvvəlində, xəbər sonunda gəlirsə, ingilis dilində bu fərqlidir. İngilis dilində danışarkən bu qanunauyğunluq pozularsa, əlbəttə qarşı tərəf səni başa düşəcək, amma sən düzgün danışmayacaqsan. Qrammatikanı dərindən öyrənmək lazım deyil, sadəcə lazım olan səviyyədə bilməliyik.
- Ən çox edilən səhvlər hansılardır?
- Ən çox edilən səhvlərdən biricisi, sözləri tərcümə vasitəsilə öyrənmələridir. Bu, şagirdləri avtomatik olaraq azərbaycan dilində düşünməyə vadar edir. Onlar ilk öncə azərbaycan dilində düşünür, sonra ingilis dilinə tərcümə edir və ən sonda suala cavab verirlər. Bu da sual verənin ən az bir dəqiqə gözləməsinə səbəb olur. Şagirdlər özlərini ingilis dilində düşünməyə məcbur etməlidirlər. Bunun üçün müxtəlif resurslar var, orada sözlər, onların açıqlamaları, cümlədə işlənmə formaları izah olunur və onlara aid şəkillər göstərilir. Bu vasitələrlə öyrənilərsə, şagird istəristəməz ingilis dilində düşünəcək. Sözlərin tərcüməsini öyrənmək, danışığı tamamilə zəiflədir. İkinci bir səhv isə ingilis dili qrammatikasını, öz dilinin qrammatikası ilə müqayisəli şəkildə öyrənməkdir. Məsələn, ingilis dilində “passive voice”, azərbaycan dilində isə məchul növ deyilən qayda var. Əksər müəllimlər bunu bir-biri ilə müqayisəli şəkildə izah edirlər. Amma bunlar tamamilə fərqli anlayışlardır. Öz dilimizin qaydasında hərəkəti icra edən göstərilmir, ingilis dilində isə hərəkəti icra edən göstərilir və sonda “by” sözönü ilə qeyd olunur. Bu da şagirdlərdə çaşqınlıq yaradır. Ona görə də dili öz mədəniyyətinə görə öyrənmək lazımdır.
- El arasında belə bir inanc var ki, böyüklər əcnəbi dili uşaqlar kimi öyrənə bilməzlər. Bununla razılaşmaq olarmı? Ən kiçik və ən böyük tələbənizin neçə yaşı olub?
- Bir insan istəyərsə, yaşından asılı olmayaraq dil öyrənə, istədiyi hər şeyi əldə edə bilər. Mənim ən kiçik tələbəmin 5, ən böyük tələbəmin isə 56 yaşı olub. Əlbəttə, onlar arasında müxtəlif fərqlər var. Həvəsləri, səbirləri, motivasiyaları eyni olmur. Çünki 56 yaşlı birinin yaddaşı zəif və beyni daha çox problemlərlə dolu olur. 5 yaşlı şagirdin beynində isə problem, stress olmur, beyni daha çevik və iti olur. Amma öyrənmənin yaşı yoxdur, sadəcə böyüklər uşaqlar kimi öyrənə bilmirlər. Onların dil öyrənməsi üçün daha uzun vaxt tələb oluna bilər. Bu, məncə təkcə dil öyrənilməsində deyil, digər sahələrdə də belədir.
- Son olaraq tövsiyələriniz...
- Bir dili öyrənmək istəyirsinizsə, ona ürəkdən həvəs göstərin və ən əsası o dili sevin. Qrammatikanı kənara atmayın, o da sizə bir yerdə lazım olacaq. Əsas odur ki, sevdiyiniz dili sevdiyiniz metodlarla öyrənin. Bu, futbol, mətbəx, film sahəsi ola bilər. Nəticəyə tez çatmaqda tələsməyin! Çünki, dil öyrənmək səbir tələb edir. Əmin olun ki, bu zaman çəkdiyiniz əziyyətin bəhrəsi mütləq olacaq.
İlahə Hüseynova