Çox oxuyub, çox eşitmişik dünya tarixindən, elə özümüzün də yaxın tarixi keçmişimizdə yaddaqalan döyüşlərdən… Müharibələrdən… Qalibiyyətlərdən… Amma son yüz ildə bu qədər parlaq, bu cür möhtəşəm zəfər yaşamamışdıq. 44 günlük haqq mübarizəmizdə Azərbaycan Silahlı Qüvvələri bizə bu qələbə hissini yaşatdı. Sevincimizlə kədərimiz qol-boyun oldu, yanaşı addımladılar 44 gün ərzində, şəhidlər verdik, ağır yaralanan qazilərimiz oldu. Ancaq biz bu zəfəri onlar sayəsində addım-addım həyəcanla izlədik. Bizi illərlə uzaqdan baxdığımız Füzulimizə, Qubadlımıza, Cəbrayılımıza, Zəngilanımıza, Laçınımıza, Kəlbəcərimizə, Ağdamımıza və nəhayət Azərbaycanın musiqi beşiyi Şuşamıza bir nəfəs qədər yaxınlaşdırdılar.
Hər qarış torpağımız uğrunda qan verən şəhidlərimiz, qazilərimiz və onların ailə üzvləri üçün nə desək də, nə etsək də onların bizim üçün etdiklərinin fonunda sönük qalır və sonsuzadək də belə olacaq. Müharibə kimi ağır və ciddi bir işin həyata keçirilməsində həm maliyyə, həm silah-sursat dəstəyi ən birinci şərtdir. Bunlar öz yerində, amma iki vacib məqam var ki, bu işdə insana nə maddiyyat kömək edər, nə də silah-sursat. Bu işə könül qoymaq lazımdır, könül. Hansıdır o iki vacib məqam?! Birlik və bərabərlik. Səmimi birlik və bərabərlik bizdən dinimizin də tələb etdiyi nüanslardandır. Hətta hədislərdən birində deyilir ki, insanlar arasındakı birlik və bərabərlikdə rəhmət, ayrılıqda isə ilahi əzab vardır. Birlik və bərabərlik insanlar arasında nə qədər artarsa, rəhmət də o qədər artar. Dinimiz yemək yeyərkən belə bizdən birlik və bərabərlik istəyirsə, müharibə kimi ağır işdə o birlik və bərabərlik 100 qat, 1000 qat deyil, milyonlarla qat artıq olmalıdır.
Vətən Müharibəsinin ilk günlərindən Ordumuz öndə, həm buradakı vətəndaşlarımız, həm də xaricdə yaşayan soydaşlarımız da arxada bir yumruğa dönərək mümkünə döndərdi çox namümkünü. İçimizdəki fərqli düşüncələr, ayrı-seçkiliklər kənara qoyuldu. Hamı zərbəni eyni nöqtəyə vurdu. Bu birlik və bərabərlik bizlərə 20 Yanvarda əliyalın xalqımızın Bakı küçələrində göstərdiyi birlik və bərabərliyi xatırlatdı. Bu birlik və bərabərliyimiz bizə Naxçıvan-Türkiyə sərhədindəki oyanışı xatırlatdı. Bu birlik və bərabərlik bizə o taylı - bu taylı Azərbaycanın arasına çəkilmiş dəmir tellər arasında sıxılıb qalmış birliyimizi xatırlatdı. Bu birlik və bərabərlik bizə Aprel şəhidlərimizi xatırlatdı.
Bu birlik və bərabərlik bizə cəmi bir neçə ay əvvəli xatırlatdı. Hətta rahatlıqla bu birlik və bərabərliyimizin təməlini məhz həmin iyul ayı atdı deyə bilərik. Əminik ki, iyul ayında Tovuz rayonuna edilmiş hücumdan danışarkən hər birinizin gözləri önündə xalqının dəyərli və gülər üzlü generalı Polad Həşimovun, polkovniki İlqar Mirzəyevin və o vaxt şəhid düşən hər bir hərbçimizin surəti canlandı. Təkrar-təkrar vurğulaya bilərik ki, bəli, bu birlik və bərabərliyimizin təməlində çiyinlərində general paqonu daşıyan, amma səngərdə yatan, əsgərlərini övladı kimi sevən, onlarla bir qabda yemək yeyən sadədən sadə insanın, Polad Həşimovun adı dayandı. Xalq onun şəhid edilməsi ilə sanki yuxudan oyandı. Həmin günlər qoyulan qadağaları heçə sayaraq xalq birliyini, bərabərliyini vəhdət halında göstərdi. Hər kəs küçələrə axın etdi. Qanun keşikçisi polis də, hərbçi də xalqla bir oldu. "Biz hamımız Poladıq" deyərək irəli çıxan polislə, hərbiçiylə xalq birlik və bərabərlik içində bir bütün təşkil etdi.
Bu birlik və bərabərlik bizlərə ən əsası bizi xatırlatdı. Bəlkə də uzun illər idi ki, bu cür birlik, bərabərlik ruhuna həsrət idik. Necə deyərlər, ruhumuz acmışdı, birlik və bərabərlik üçün.
Bu müharibənin birlik və bərabərliyi komandirlərin rütbəsini aradan qaldıraraq sadəcə əsgərlərlə döyüş qardaşı etməyində təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi əsgərlərin sözü bir yerə qoyaraq şəhid olsalar belə döyüş yoldaşlarının belində azad olunmuş Şuşa şəhərinə girəcəklərində təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi müharibənin qızğın vaxtlarında belə namazından qalmayan əsgərlərin duasında təcəlli tapdı.
Bu birlik və bərabərliyi xaricdə rahat şəkildə pul qazana biləcəyi halda soydaşlarımızın könüllü olaraq cəbhəyə yollanmasında təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi anaların bişirdiklərində, gəlin-qızlar cehizliklərindən göndərə biləcəyi hər şeyi cəbhəyə yollamasında təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi ayaqlarındakı partlaq ayaqqabılarına baxmayaraq, öz təqaüdünü son qəpiyinə kimi Silahlı Qüvvələrə Yardım Fonduna bəxş edərək hər kəsi duyğulandıran hamının Şəkili Hikmət dayısında təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi bir şəhid anasına verilən 10 min manat dəyərindəki müavinəti Silahlı Qüvvələrə Yardım Fonduna köçürərək, “Mənim balam şəhid oldu, başqa balalara xeyiri olsun barı” düşüncəsini daşıyan anada təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi 27 il əvvəl doğma yurd-yuvasından çıxarılmış ağbirçək nənənin gedib cəbhədə əsgərləri ziyarət etməsində təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi azyaşlı balaların öz xərcliklərini əsgər əmilərinə göndərməsində təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi dünyanın dörd bir yanından insanların cəbhədə tanımadığı bir əsgərə göndərdiyi məktubunda, yardımında təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi heç bir çətinliyə baxmayaraq davamlı cəbhəyə yardım çatdıran siravi vətəndaşların simasında təcəlli tapdı.
Bu müharibənin birlik və bərabərliyi xalqımızın vahid amal naminə birləşməsində təcəlli tapdı. Daim birlik və bərabərlik içərisində olman diləyilə, AZƏRBAYCAN!..
Aygün Zayıdova