İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərinə baxdığımızda vuruşan hərbçilərimizin necə fədakarlıqlar etdiyini görərik. Kimisi yeni dünyaya gələn körpəsini qoyub gedib, kimisi canından çox sevdiyi uşaqlarını, kimisi də təzəcə evlənib həyatının ən şirin anlarını fəda edib döyüşlərə qatılıb, şəhid olub. Həqiqət müharibəni belə insana şirin edər. Bir çox hərbçilərimizin yaşadıqlarına nəzər salanda bunun şahidi oluruq. Onlarla hərbçi var ki, döyüşdən qalmamaq üçün yaralandığını gizlədib, komandirlərdən onu geri göndərməsi üçün xahişlər edib. Hətta xəstəxanaya ağır şəkildə yerləşdirilən əsgərlər var ki, həkimləri dilə tutaraq vəziyyətinin yaxşı olduğunu, yüngül müalicədən sonra onları müharibəyə göndərmələrini istəyib. Döyüş yoldaşlarını tək buraxmamaq, vətəni düşməndən qorumaq üçün fədakarlıq edən həmin döyüşçülərdən biri də Birinci Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəman Yusif Mirzəyevdir.
Yusif Mirzəyev 1958-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz kəndində dünyaya gəlib. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıdandan sonra Naxçıvan Rabitə Qovşağında işləməyə başlayıb. Həmin yerdə işlədiyi müddətdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirib.
Yusif Mirzəyev 1990-cı ildə 20 Yanvar faciəsi baş verdiyi vaxt xalq etirazlarına qoşulduğu üçün Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələrə məruz qalır və böyrəyi zədələnir. Yusif Mirzəyev daha sonra düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə gedir və Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edir. O, cəmi 14 nəfərlik dəstəsi ilə bir çox əməliyyata qatılır, Ağdərənin 17 kəndinin işğaldan azad edilməsində yaxından iştirak edir. Döyüşlərin birində mühasirəyə düşən dəstəni itki vermədən xilas edir.
“Allahdan bir arzum var, biz yumruq kimi birləşsək, qabağımızda heç bir texnika dura bilməz” deyib, cəbhə yoldaşlarını cəsarətləndirən Yusif Mirzəyev səmimi münasibəti və fədakarlığı ilə qısa müddətdə seçilən hərbçilərdən birinə çevrilir. Bir müddət düşmənə qarşı döyüşlərdə iştirak etsə də həbsdə böyrəyindən aldığı zədələr ona müharibəyə davam etməyə mane olur və xəstəxanaya yerləşdirilir. Bu yerdə isə onun həyatında ömür boyu silinməyəcək bir xatirə yaşanır.
Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı, tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alır. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyir ki, “mən vətənpərvərlik mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbət olur və Yusif Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirir. Və Şəmistana bu mahnını oxumasını xahiş edir. Şəmistan Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verir. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirir. Səhhətinin ağır olduğu deyilsə də o, "bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir” deyərək yenidən cəbhəyə qayıdır.
Müharibənin qızğın davam etdiyi müddətdə onlara həmin istiqamətdə döyüşün təhlükəli olması səbəbilə Ağdərədən çıxmaq əmr edilir. Ancaq Yusifin cavabı belə olur: “Bu, tək mənim fikrim deyil. Burada olan uşaqların hamısı eyni fikirdədir, axır nəfəsimizə kimi vuruşacağıq”. Cəmi 14 nəfərlə həmin istiqamətdə düşmənin çox sayda əsgərinə qarşı müqavimət göstərir. Hətta erməni tərəfi həmin yerdə böyük bir taborun olduğunu düşünür. Yusif Mirzəyevin ən məşhur sözlərindən biri də ona hərbi qüvvələrin az olduğu, döyüşün təhlükəli olduğu və sair deyilərkən işlətdiyi bu ifadələrdir: “Bu qoşunla biz əks-hücuma keçəcəyik, qırılan qırılacaq, qalan da, girov düşən də özünü güllələyəcək, o qədər”...
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində Yusif Mirzəyev Azərbaycan əsgərlərini mühasirədən çıxararkən şəhid olur. Naxçıvanda dəfn olunub. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ailəli idi, bir qız övladı var.
Ruslan Yusibov