LAYLA YERİNƏ
Çöhrələr şeh düşmüş gül ləçəyi kimi təzə-tər, təravətli, on dörd gecəlik ay kimi işıqlı; baxışlar dupduru, işıq seli kimi; üzdə də, gözdə də, baxışda da sevgi, təbəssüm qaynayır, hamısı bir-birindən yaraşıqlı, hamısı bir-birindən gözəl... Sənin hikmətin nə böyükmüş, İlahi, taleyinə şəhidlik yazdığın bəndələrinin üzlərinə də nur vermisən! Vətən sevgisi imandandır şüuru ilə qeyrət yoluna girdilər, nə evdə boynubükük qoyub gəldikləri gəncəcik bir xanımın yaşlı gözləri saxlaya bildi onları, nə ata-ananın həsrət dolu baxışları, nə də hələ dünyanın nə olduğunu anlamayan, ayağının baş barmağını ağzına soxub sortuqlayan cənnət qoxulu çağaların qığıltısı. Dönüşü olmayan bir yola çıxmışdılar, torpağı qanla yoğuracaq, üzərinə "VƏTƏN" möhürü vuraraq bizə miras buraxacaqdılar, bu xalqın şərəfini-izzətini qurtaracaq, alnımızın ağı, gözümüzün nuru, başımızın tacı olacaqdılar. Biri Səid idi, biri Fuad, biri Əliyar idi, biri Xudayar, biri Həsən idi, biri Hüseyn, biri Tural idi, biri Elçin, hətta biri vardı ki, adı Şəhadət idi, Şəhadət, elə bil taleyi adına yazılıbmış... Qoşa-qoşa qardaşlar şəhid oldular, bir ana bətnində doqquz ay qucaq-qucağa yatmış əkizlər indi də torpağın bətnində yanaşı uyuyurlar; kimisi nişanlı idi, kimisi bir qıza könül verib gəlmişdi, kimisi ata namizədiydi, kimisi də döş cibində üç körpəsinin şəkillərini gəzdirirdi; sevdalı sevdasını, sevgili sevgisini, muradı olan muradını buraxıb gəlmişdi, amma burda hamısı bir sevdaya tutulmuşdular, biri orda, biri burda əl-ələ tutub Haqqa yürüdülər, quş kimi qanadlanıb uçdular. Biri bir az uzun idi, biri bir az gödək, biri ordan, biri burdan gəlmişdi, biri yaşda bir az böyük idi, birinin heç iyirmi yaşı da tamam olmamışdı, amma indi hamısı yaşıddır, hamısı doğmadır, hamısının da bircə adı var: ŞƏHİD. Bu şəhidlər nə gözəl olurmuş, İlahi!
EY ŞƏHİD OĞLU ŞƏHİD...
Uca kitabımız Qurani-Kərimdə buyurulur ki, Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Uca kitabımızın onlarla ayəsində şəhidlik və axirət həyatından bəhs edilir. Axirət həyatına inanmaq insanın kimliyini müəyyən edən ən mühüm faktorlardan biridir. Təbii ki, inananla inanmayan bir olmaz. Şəhidlik axirət sevdasıdır. Haqq yolunda can əmanətini sevə-sevə təslim etməkdir.
Şəhidlik məktəbinin rəhbəri İmam Hüseyn bu yolda bütün sevdiklərindən keçməyin örnəyi kimi tarixlərə işıq tutur. İmam Hüseyn sevgisi Məhərrəm ayında baş yarmaq deyil, onun kimi ədalətli, dürüst və haqq yolda dönməz olmaqdır. Şəhidlik mövzusunda ən gözəl ədəbi nümunələrdən birini qələmə almış istiqlal şairi Mehmet Akif Ərsoy "Çanaqqala şəhidləri" şeirində deyir ki, şəhidlər tarix yazırlar, amma özləri yazdıqları tarixdən də böyük olduqları üçün hansısa tarixə, zaman diliminə sığmırlar, əbədiyyət aləminin sakinləri olurlar. Şeir üçün məzarının olub-olmaması da önəmli deyil, çünki şəhidi Peyğəmbər əleyhissalam bağrına basır, yeri Allah-Təalanın mərhəməti içərisində, Allah Rəsulunun dizinin dibindədir. Bundan böyük mükafatmı olar?! 30 İLİN AĞRISI Azərbaycanın milli-azadlıq möhtəşəm bir sonluqla tamamlanır: Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər, Sənə ağuşunu açmış duruyor Peyğəmbər. Yəni şəhidin dünyada heç bir şeyə ehtiyacı olmaz, onun hərəkatına şəhidlik tarixi də deyilə bilər. O tarixə qısa nəzər salaq. 1987-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər arasında fərqli səslər, düşmənçilik çağırışları eşidilməyə başladı. Çox keçmədi ki, Xankəndidə iki soydaşımız erməni vandalları tərəfindən qətlə yetirildi. Onlar yeni başlayan bir savaşda ilk şəhidlərimiz idilər. Ölkəmizin hər tərəfində, xüsusilə də paytaxt Bakıda insanlar axın-axın küçələrə çıxdılar, imperiyaya meydan oxudular, ya ölkənin hər yerində ədaləti bərpa etməyi, ya da Azərbaycandan rədd olub getməyi tələb etdilər. Hadisələr yüksələn xətt üzrə inkişaf edir, SSRİ-nin digər respublikalarında da əks-səda doğururdu. İmperiya Azərbaycanı cəzalandırmağa qərar verdi və 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə imperiya qoşunları tanklarla Bakıya və digər şəhərlərimizə soxuldular, kütləvi qırğınlar həyata keçirdilər. Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Moskva elə bildi ki, xalqı qorxudub susdura biləcək, amma hər şey əksinə oldu, milyondan çox insan Bakı küçələrinə axışdı, şəhid tabutları insan dəryasında Azadlıq meydanından indiki Şəhidlər Xiyabanına doğru üzməyə başladı. Bu ünvan təsadüfən seçilməmişdi, haranı qazırdılarsa, insan skeleti çıxırdı. Məlum oldu ki, burada 1918-ci ilin mart qırğınlarında qətlə yetirilmiş soydaşlarımız dəfn olunub. Beləcə, şəhid nəvələr şəhid babaların ağuşuna əmanət edildilər. 20 Yanvar bu xalqın tarixində yeni bir mərhələnin başlanğıcı idi və şəhidlər verə-verə 30 il bu yola davam edəcəkdik.
30 İLİN TÖHMƏTİ
1990-cı ildən sonra xarici qüvvələr tərəfindən silahlandırılan və vandallığa təşviq edilən ermənilərin Azərbaycan Respublikasına qarşı başladığı müharibə daha amansız xarakter almağa başladı. Dağlıq Qarabağ ətrafında komendatura quran imperiya qoşunları burada yaşayan azərbaycanlıların əlindən ov tüfəngini aldığı halda erməniləri müasir silahlarla təmin etməyə başladı. 1991-ci ildə Dağlıq Qarabağda Qarakənd səmasında Azərbaycanın bir qrup rəhbər şəxslərini daşıyan vertolyot vuruldu və içindəki hər kəs həyatını itirdi. Şuşanın kəndləri, ardınca da Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlər bir-bir ermənilər tərəfindən işğal edildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndidəki 366-cı motoatıcı alayın rus və ermənilərdən ibarət quldurları Xocalıda soyqırım həyata keçirdilər. 613 Xocalı sakini qətlə yetirildi, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyil. 1992-ci il mayın 8-də Şuşa, ardınca da Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ermənilər tərəfindən işğal edildi. Təqvimimiz qaraya boyandı. 30 il boyunca bir-birimizi ittiham elədik, töhmət altında tutduq, amma bilən bilirdi ki, biz erməniyə uduzmamışıq, erməninin arxasındakı imperiya gücləri qarşısında müvəqqəti geri çəkilmişik.
2783 VƏ ÖNCƏSİ
Hər bir xalq üçün tarixin istiqamətini dəyişən hadisələr var. 1988-ci ilin 17 noyabrında başlayan milli azadlıq hərəkatı xalqımızın həyatında gərgin, mübarizə dolu bir mərhələnin başlanğıcı olduğu kimi, 2020-ci ilin 8 noyabrı da tariximizin ən parlaq səhifələrindən biri və yeni bir dövrün təməlidir. Son 200 ildə başımıza gələn bəlaların əsas səbəbkarı olan düşmən qarşımızda diz çökdü. 32 il davam edən mərhələli savaş bizim parlaq zəfərimizlə tamamlandı. Bu mərhələnin yadigarı kimi ölkəmizin bütün şəhər və kəndlərində Şəhidlər Xiyabanı var. Qazandığımız bu parlaq zəfər 2783 igidimizin canı bahasına əldə edildi. 1200-dən çox yaralımız, 100-dən çox itkinimiz var. Düşmən tərəfin itkisi isə təxminən 5 dəfə artıqdır. Araşdırmalar göstərir ki, bizim əsgərlərimizin çoxu snayper, mina və minamyot yarasından şəhid olub, yəni düşmən bizə üz-üzə döyüşdə deyil, uzaqdan gizlənərək, məkirli yollarla zərər verib. Bu tarixi zəfərdən söhbət açanda Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarını yad etməmək haqsızlıq olardı. Əliyarın, Fred Asifin, Allahverdi Bağırovun, Mübariz Qasımovun, 2016- cı ilin aprel şəhidlərinin şəxsində o igidlərimizin hamısına Allah-Təaladan rəhmət diləyirik. Bu gün Azərbaycana bu qüruru, bu şərəfi yaşadan əsgər və zabitlərimizin çoxu onlardan təsirlənib, onlardan öyrəniblər. Təkbaşına bir erməni hərbi hissəsini dağıdan Mübariz İbrahimov, əsgərini övladı kimi sevən, adı gələndə düşmənin canına vəlvələ düşən generalımız Polad Həşimov bu zəfərin qazanılmasında böyük pay sahibləridir. Hamısını sevə-sevə, rəhmətlə yad edirik.
BİZİM GÜC QAYNAĞIMIZ
Ermənilər etiraf edirlər ki, Azərbaycan əsgəri güllə yarası alsa da yenidən ayağa qalxaraq, düşmən üstünə yürüyüb. Onlar Azərbaycan əsgərinin cəsarətinin, qəhrəmanlığının qaynağını anlaya bilmirlər. Anlaya bilmirlər ki, biz haqq uğrunda, vətənimiz üçün savaşırıq və bu yolda ölmək şərəfdir. Daha doğrusu, onlarda şəhidlik anlayışı yoxdur. Bizi onlardan üstün hala gətirən ən birinci amil də elə budur: Biz haqlıyıq, vətənimiz uğrunda savaşırıq, ölsək də, qalsaq da qalibik; onlarsa haqsızdır, işğalçıdır və şəhidlik anlayışından məhrumdur. Məhz bu amilin nəticəsidir ki, 8-10 nəfərlik bir bölüyümüz 100 erməninin qoruduğu mövqeni ala bilirdi. Məhz bu şəhidlik ruhunun verdiyi cəsarət sayəsində 400 igidimiz Şuşaya girib bıçaqla, yüngül silahlarla minlərlə ermənini pərən-pərən saldı, öldürdü, əsir götürdü, qovub şəhərdən çıxardı. Müharibədən sonra müsahibə verən neçə qazimizin "Mən şəhid ola bilmədim" deyə göz yaşı tökdüyünün şahidi olmuşuq. Əsl silah, əsl güc qaynağı məhz bu əqidə, bu düşüncədir. Bəli, biz çox şərəfli, sevgi, sevinc dolu günlər yaşayırıq. Pandemiya nə qədər ağır olsa da, 2020-ci il bizim ilimiz oldu. 2020 milyonlarla insanımızın dualarının gerçəyə döndüyü, həsrətin başa çatdığı, qisas, zəfər ili oldu bizim üçün. 2783 rəqəmi artıq bizim üçün simvola çevrilib. Dekabrın 10-da Bakıda keçirilən təntənəli Qələbə Paradında qardaş Türkiyədən 2783 əsgərin iştirak etməsi əslində “Biz də sizin övladlarınızıq” kimi oxuna bilər.
BİR TƏKLİF
2783 rəqəmi təkcə Böyük Vətən Müharibəsində şəhid olanları deyil, bu münaqişə başlayandan bəri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizi ehtiva edir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan kimi böyük şəhərlərimizin gur yerlərində üzərinə "Biz sizə borcluyuq" yazılmış elektron lövhələr quraşdırılsa və şəhidlərimizin şəkilləri, adları əlifba sırası ilə ən azı 3-5 saniyə orada görünsə, çox gözəl vətənpərvərlik təbliğatı olar.
DUA YERİNƏ
Şəkillərə baxırsan, hamısı bir-birindən gözəl, çöhrələr gül ləçəyi kimi təmiz, təravətli. Bu ağrı, bu yanğı sözlə ifadə ediləcək kimi deyil. Qazanılmış qələbəyə nə qədər sevinsən də, o gül üzlü şəhidlərə baxanda adamın içində tonqal yanır sanki. Bu ağrını, bu yanğını bir evə, bir elə buraxmaq olmaz, kimsə təkbaşına çəkə bilməz bu yanğını, bu ağrını. Bir xalqın, bir ulusun yanğısıdır bu yanğı, ona görə də paylaşmalı, bir-birimizə ortaq olmalıyıq. Ağrı paylaşılanda səngiyir, ağrını paylaşa bilənlər xalq olurlar, ulus olurlar. Hamısını bağrımıza basırıq, hamısını dilimizin duasına yazırıq, tariximizin ən uca yerlərinə adlarını, şəkillərini həkk edirik o igidlərimizin, o növcavanlarımızın, o şəhidlərimizin... Allahım, onları mərhəmətinlə bürü, sevimli Həbibin Mühəmməd əleyhissalama qonşu elə! Amin!