QR kod (Quick Response code - mənası "tez cavab" və ya "çevik cavab" deməkdir) ikiölçülü ştrix-kod növüdür. "Quick" və "Response" sözlərinin abreviaturasından meydana gəlir. Bu ştrix-kod daxilində simvollardan ibarət olan müxtəlif məlumatlar şifrələnir. QR kodlara məhsullarda, kassa çeklərində, internet səhifələrində, reklam məlumatlarında, vizit kartlarında və s. rast gəlmək olar. QR kodlarda məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyələr, əks əlaqə üçün istehsalçı rekvizitləri və s. yerləşdirmək mümkündür. QR kodlar ilk dəfə 1994-cü ildə Yaponiyanın "Denso Wave" şirkəti tərəfindən yaradılmışdır. QR kodların meydana gəlməsinə səbəb Yaponiyada böyük populyarlıq qazanan barkodların getdikcə tələbatı ödəməməsi və onun vasitəsilə kodlaşdırılan məlumatların həcminin məhdud olması idi. Ancaq bir QR koduna eyni vaxtda 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf) və 1817 heroqlif yerləşdirmək mümkündür.
Ənənəvi ştrix-kodlardan fərqli olaraq, QR kod məlumat bazasına girişi yox, məlumatın özünü təqdim edir. Digər tərəfdən, adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir və çap səhvi və ya kiçik zədələnmə olduqda doğru məlumatı əldə etməyə imkan vermir. Ağ-qara və kvadrat formalı QR kodlar isə təkcə şaquli istiqamətdə yox, üfüqi vəziyyətdə də oxunur və kodun bir hissəsi səhv çap edilsə və ya kiçik zədələnmə olsa belə, skaner tərəfindən çox asanlıqla oxunur.
Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. Smartfonlara xüsusi quraşdırılmış KAYWA Reader, QR-Code Reader, I-Nigma, QuickMark, iMatrix kimi proqramlar QR kodu asanlıqla oxumağa imkan verir. Məlumatın oxunmasından sonra QR kodun tərkibindən asılı olaraq mobil cihaz müvafiq əməliyyatları yerinə yetirir:
- Əgər şifrədə veb səhifəsinin ünvanı qeyd edilibsə, onda həmin səhifə brauzerdə açılır;
- Əgər şifrədə elektron vizit kart qeyd edilibsə, onda telefon kitabçasına yeni abunəçi əlavə edilir;
- Əgər şifrədə adi mətn qeyd edilibsə (məsələn, məhsul haqqında məlumat kimi), onda həmin mətn ekranda göstərilir. Bundan başqa, QR kodla ödəniş etmək də mümkündür. Bunun üçün mobil tətbiq vasitəsilə hər hansı bir QR kod skan edilir və təmassız ödəniş həyata keçirilir. QR kodla ödənişin aşağıdakı üstünlükləri var:
1. Təkcə kağızdan yox, ekrandan da skan edilə bilər.
2. Kodun bir hissəsi zədələnsə belə, oxumaq olar.
3. Təhlükəsizdir, çünki məlumatlar şifrələnir.
QR kodla ödənişin bir üstünlüyü də böyük həcmdə məlumatları özündə saxlamasıdır. Bundan başqa, siz özünüz də sərbəst şəkildə istədiyiniz məlumatları QR kod formatında kodlaşdıra bilərsiniz. Bunun üçün qrcode-monkey. com kimi saytlardan istifadə edə bilərsiniz.
Ən böyük QR kod isə Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektarlıq qarğıdalı sahəsində hazırlamışlar. Kodda fermanın saytına istinad şifrələnmişdir. Onu ancaq təyyarə və ya vertolyotdan görmək olar. Digər tərəfdən, fermaya gələn turistlər üçün maraqlı olsun deyə, fermer ailəsi bu kodu labirintə çevirmiş və bunun üçün nə az, nə çox 13 il vaxt sərf etmişdir. Bu rekordu "Ginnesin Rekordlar Kitabı"nın nümayəndələri 2012-ci ildə qeydə almış və onu dünyanın ən böyük QR kodu kimi təsdiq etmişlər. Digər tərəfdən, adi QR kodlarla yanaşı, mikro QR kodlar da mövcuddur. Belə ki, hazırda 35 rəqəmə qədər tutumu olan mikro QR kodlardan istifadə olunur.
Elnur Quliyev