Bəxtiyar Əliyev: Müəllim, siz mənə zəng edəndə qorxuram
Bir çox insanı düşündürən məsələ - valideyn-müəllim-şagird üçbucağı... "Bu üçlük arasında ünsiyyət necə olmalıdır?", "Şagirdi qazanmağın yolu nədir?" kimi suallardan yola çıxaraq müəllim-pedaqoq Bəxtiyar Əliyevlə həmsöhbət olduq...
- Valideyn-müəllim-şagird üçlüyündə ünsiyyət necə qurulmalıdır?
- Bu suala cavab verməzdən əvvəl ünsiyyətin nə demək olduğunu bilsək, onun necə qurulmalı olduğunu da bilmiş olarıq. Ünsiyyət bir insanın duyğusunu, düşüncəsini, hər hansı bir xəbəri və ya məlumatı müxtəlif yollardan istifadə edərək qarşı tərəfə ötürməsidir. Müxtəlif yollar dedikdə bunu üzbəüz və ya telefonla danışmaqla da, səs atmaqla da, məktub, "e-mail" yazmaqla da edə bilərik. Hətta səssiz qalaraq da, mimikalardan istifadə edərək də qarşı tərəflə ünsiyyət qurmaq olar. Başqa bir ifadə ilə desək, ünsiyyət ortaq məxrəcdə görüşə bilmək sənətidir. Biz qarşı tərəflə bir-birimizi tam başa düşə bilmiriksə, həqiqi ünsiyyət qurmuş olmuruq. Bu, olsa-olsa monoloq olur. Qarşı tərəfi başa düşmək dedikdə təkcə onun nə danışdıqlarını deyil, həm də onun nə hiss etdiklərini anlamaq lazımdır. Tutaq ki, bir övlad valideyninə dərsdən aşağı qiymət aldığını deyir. Fikir versək, şagird həmin an duruşu, baxışı və səs tonu ilə valideynə öz hisslərini çatdırır. Bu anda biz qarşı tərəfin təkcə dediklərini yox, hiss etdiklərini də başa düşürüksə, onda əsl mənada ünsiyyət qurulmuş olur. Biz ona diqqətlə baxanda övladımızın zəif qiymət almasının onu necə motivasiyadan saldığını və ya onun təsəlliyə ehtiyacı olduğunu anlasaq, ünsiyyət qurmuş olarıq. Yoxsa ki, o zəif qiymət aldığını dedi, mən də onun zəif qiymət aldığını başa düşdüm, bu tam ünsiyyət olmur. Ünsiyyət qurmaq bilinənin əksinə, yaxşı danışmaqdan yox, yaxşı dinləməkdən ibarətdir. Dinləməsəniz, başa düşməzsiniz, başa düşmədikdə isə ünsiyyət qura bilməzsiniz. Günümüzdə də problemlərin bir çoxu buradan qaynaqlanır. Biz qarşı tərəfi dinləyirmiş kimi görünürük, amma əslində danışmaq üçün öz növbəmizi gözləyirik. Professor Üstün Dökmen "Ünsiyyət ziddiyyətləri və empatiya" kitabında ünsiyyətin 4 növündən bəhs edir. İnsanın özü ilə qurduğu ünsiyyət, ikili münasibətlərdə qurulan ünsiyyət, iş yerində qurulan ünsiyyət, cəmiyyət içərisində qurulan ünsiyyət. Bu ünsiyyətlər içərisində ən maraqlısı insanın özü ilə qurduğu ünsiyyətdir. Digər 3 ünsiyyət növünün keyfiyyəti insanın öz-özü ilə qurduğu ünsiyyətin keyfiyyətindən asılıdır. İnsanın özü ilə arası yaxşıdırsa, başqaları ilə də arası yaxşı olacaq. Odur ki, insan mütəmadi olaraq papağını qabağına qoyub özü ilə söhbət etməlidir. İlk növbədə, özünü, xəyallarını, dəyərlərini, inanclarını, qorxularını, özü ilə bağlı bütün məsələlərini müzakirə etməli və başa düşməlidir. O ki qaldı, valideyn-şagird-müəllim ünsiyyətinə, düşünürəm ki, burada da vəziyyət elə də fərqli deyil. Hər üç tərəf də bir-birini düzgün başa düşməlidir. Bu iş xüsusən də müəllim və valideynlərə düşür. Məsələ və problemləri tam başa düşmədən addım atmaq tamam başqa problemlərə aparıb çıxara bilər. Unutmaq olmaz ki, problemlər təktərəfli olmur. Adətən, böyüklər hansısa məsələdə uşaqları günahlandıraraq işin içindən çıxmağa çalışırlar. Halbuki problemlərin bir çoxu böyüklərin özlərindən qaynaqlana bilər. Biz böyüklər, adətən, şagirdlərə inanmır, onların yalan danışdıqlarını, tənbəl olduqlarını düşünürük. Bu da başqa bir ünsiyyət problemidir. Şagirdə inanmayanda bu, onda özünü müxtəlif davranış pozğunluğu ilə büruzə verir. Şagird anormal davranışlar sərgiləyir və biz də "Bu şagirdə nə oldu?" sualı ilə qarşılaşırıq. Halbuki o şagirdin balansını biz özümüz pozmuşuq, sonra isə ondan normal davranış gözləyirik. Bu üçlük arasında qurulan ünsiyyət tamamilə xoş niyyət əsasında qurulmalıdır.
- Müəllim valideynlə hansı intervallarda görüşməlidir və ya müəllim-valideyn münasibəti necə tənzimlənməlidir? Bundan övladın xəbəri olmalıdırmı?
- Bu məsələdə dəqiq bir vaxt olmamaqla yanaşı, valideynlə müəllim təxminən iki-üç həftədə bir görüşməlidir. Bu alınmırsa, heç olmasa, ayda bir dəfə görüşmək, bu da alınmırsa, ən azı zənglə əlaqə yaratmaq lazımdır. Eyni şeyi valideyn də edə bilər. Bütün məsuliyyəti müəllimin də üzərinə atmaq düzgün deyil. Burada səbəb tapmaq da olar, mümkün deyil ki, səbəb tapılmasın. Bu, valideynin ad günü də ola bilər, şagirdin bir uğuru da ola bilər, fərqli səbəblər də ola bilər. Bir şeyi də qeyd edim, müəllim təkcə problem olanda zəng etməməlidir. Şagirdin gözəl bir cəhətini kəşf edib onun haqqında xoş söz demək üçün də valideynlə əlaqə qurmaq lazımdır. Xatırlayıram, bir şagirdin sinif rəhbəri idim və onun valideyni ilə əlaqə saxlayırdım. Bir dəfə də o şagirdin valideyninə zəng edəndə mənə dedi ki, "Müəllim, siz mənə zəng edəndə qorxuram". "Niyə?" deyə maraqlananda: "Siz həmişə problem olanda zəng edirsiniz deyə, sizdən zəng gələndə əlim, ayağım titrəyir", - dedi. Halbuki bu, doğru bir şey deyil. Burada balansı qorumaq lazımdır. Şagirdin valideyni ilə müəlliminin görüşməsini bilməsinə gəldikdə isə burada əsas məsələ şagirdin bunu bilməsi və ya bilməməsi deyil, vəziyyətə görə davranmaqdır. Bəzi şeylər var ki, onlar təkcə valideyn və müəllim arasında sirr olaraq qalmalıdır. Elə məsələlər də var ki, əksinə, onlar müəllim və şagird arasında sirr olaraq qalmalıdır. Ümumilikdə götürdükdə hər şeyin valideynə deyilməsi də doğru deyil. Müəllim hər hansı hal baş verəndə ilk növbədə şagirdlə özü görüşməlidir. Ünsiyyəti fərdi qurmalı və məsələni anlamağa çalışmalıdır. Bunun müsbət tərəfi isə odur ki, siz şagirdə məsuliyyət yükləyirsiniz. Şagird də indidən o məsuliyyət hissini öyrənmiş olur. Əgər şagird bu hissi tam dərk etmirsə, o halda valideynin köməyindən istifadə etmək lazımdır. Hər valideynə olan zəng (hətta niyyət o olmasa belə) şagirdə o siqnalı ötürür ki, "Sənə vaxt ayırmağa dəyməz". Özünü dəyərsiz hiss edən şagird isə başqasına dəyər verə bilmir. Bu gün şagirdi dəyərsizləşdirəndə inanın ki, sabah onun əziyyətini bir cəmiyyət kimi yenə biz çəkirik.
- Günümüzdə müəllimlərin hamısı olmasa da, bir çoxları öz şagirdləri ilə müəllim-şagird münasibətindən çox dost münasibəti qururlar. Bu doğru yanaşma tərzidir, ya yanlış? Əslində, necə olmalıdır?
- Bu suala yaşadığımız dövrlə əlaqadar belə bir cavab verə bilərik ki, artıq bütün idarəetmə məsələləri şaquli yox, üfüqi hal alır. Hazırda "Mən müdirəm - sən işçi", "Mən direktoram - sən müəllim", "Mən müəlliməm - sən şagird" sistemi yoxdur. Bu məsələ öz aktuallığını itirir. Hətta bir çox yerlərdə təhsilin idarə edilməsi yox, təhsilin liderliyi gedir. Bu məqamda bir müəllimdən də tələb olunan məqam şagirdlə gözəl ünsiyyət qurmasıdır. Müəllim idarəçi yox, istiqamətləndirici, bir növ "coach" olmalıdır. Ünsiyyətdə bizim üçün ən vacib şey istiqamətləndirməkdir. Gözəl ünsiyyətin qurulması üçün müəllimlə şagirdin dost olmasında məncə bir problem yoxdur. Amma həmişə belə olmaya da bilər. Yəni, təhsilindən və sosial-iqtisadi səviyyəsindən asılı olaraq bu, insandan insana dəyişən məsələdir. Təbii ki, siz qarşı tərəfə dostcasına münasibət göstərsəniz, qarşı tərəf bundan sui-istifadə etməyə çalışa da bilər. Nəinki şagirdlər, hətta valideynlər də bundan istifadə etməyə çalışa bilərlər. Bu, insanlıq halıdır. Belə olduqda müəllimə düşən vəzifə səbirlə və vəziyyətə görə hərəkət etməkdir. Dost ünsiyyəti qurmaq mütləq doğrudur və ya mütləq yanlışdır demək çətindir. Arzuolunandır demək daha doğrudur.
- Hər şagird hər müəllimi sevmir. Demək olar ki, sevilməyən müəllimin keçdiyi fənn də sevilmir. Müəllim nə etməlidir ki, şagird onu sevsin? Və ya onu sevməsə belə, fənnini sevsin?
- Türkiyə təhsil naziri Səlcuq Ziyanın çox gözəl bir sözü var, deyir ki, "Heç bir təhsil müəssisəsinin səviyyəsi müəllimin səviyyəsindən yüksək ola bilməz". Yəni, müəllimlərin təhsil səviyyəsi nədirsə, o müəssisənin də təhsil səviyyəsi odur. Bu baxımdan müəllimlərə çox iş düşür və o özünü şagirdlərə sevdirməyə çalışmalıdır. Bir məsələ də var ki, hamı hamını sevəcək deyə bir şey yoxdur. Xasiyyətlər uyğun olmaya bilər, ortaq dalğalar olmaya bilər, bu normaldır. Amma çalışmaq lazımdır ki, şagird bizi sevmirsə, heç olmasa nifrət də etməsin, neytral olsun. Bu məqamda müəllim dəyərlərə diqqət etməlidir ki, şagirdi özündən və ya dərsindən soyutmasın. İlk olaraq o şagirdə inanmalı, şagirdin də ona inanmasına şərait yaratmalıdır. Müəllim şagirdin inamını sarsıdacaq sözlərdən, əməllərdən, davranışlardan uzaq durmalıdır. Bundan başqa, müəllim şagirdi bir fərd kimi görməli və onun şəxsiyyətinə hörmətlə yanaşmalıdır. İndi o şagird ola bilər, amma 5-10 il sonra o, cəmiyyətdə öz yerini tutan fərd olacaq. O, gələcəyin həkimi, müəllimi, mühəndisidır. 10 il sonrakı adam üçün indiki adamın xətalarına səbir etmək olar. Müəllim düşünməlidir ki, "Yaxşı, mən indi bu uşağın hər hansı hərəkətinə görə sərt davranış göstərdim, bəs illər sonra üz-üzə gələndə bu etdiyimə görə utanacağammı?"
- Valideyn-müəllim-şagird üçlüyünə tövsiyələriniz...
- Tövsiyədən çox, öz təcrübələrimi bölüşməyə çalışıram. Müəllim valideyni cəza üsulu kimi şagirdə qarşı istifadə etməyə çalışmasın. Biz müəllimlər də robot deyilik, nə vaxtsa, səhv addım ata bilərik. Əsas odur ki, o səhvimizi başa düşüb, həmin səhvdə təkid etməyək. Şagirdlərimizin düzgün bir vətəndaş kimi yetişməsi üçün addımlar atmağa çalışaq. Bundan başqa, şagirdlərə kitab oxumağı tövsiyə edə bilərəm. Təcrübəmə əsasən deyə bilərəm ki, şagirdlərin uğursuz olmasının əsas səbəblərindən biri də söz ehtiyatlarının az olmasıdır. Çünki kitab oxuyanla oxumayan arasında, gündəlik yüz söz istifadə edənlə min söz istifadə edən arasında, həmçinin, onların zəkaları, qavrama qabiliyyətləri arasında yerlə göy qədər fərq var. İnsanın söz bazası nə qədər çox olsa, həyata bir o qədər geniş bucaqla baxar. Tutaq ki, biz fransız dilini bilmirik, biri gəlib bizimlə bu dildə ünsiyyət qurmağa çalışır. Təbii ki, biz onu başa düşməyəcəyik. Amma bizim onu başa düşməməyimiz o demək deyil ki, bizim zəkamızda problem var. Sadəcə olaraq, bizim beynimizdə onun qarşılığı yoxdur. Bu misalı öz dilimizə də şamil edə bilərik. Bir şagirdin söz dağarcığı 100-150 kəlmədən ibarətdirsə, müəllim də sinifdə 151-ci kəlmədən istifadə edirsə, o şagirdin limitindən kənar olduğu üçün şagirdin beynində o söz öz qarşılığını tapmayacaq və izah olunan məsələni başa düşməyəcək. Sonra da biz o şagirdə deyirik ki, bu şagirdin zəkası yoxdur. Halbuki o uşaq bəlkə də sinifdə ən zəkalı uşaqlardan biridir. Uzun sözün qısası uşaqları kitab oxumağa təşviq etməliyik. Bunun təsirli olması üçün də özümüz ona əməl etməliyik. Kitab oxumamaq bizim cəmiyyət üçün itirilmiş bir dəyərdir.
Aygün Zayıdova