Həyat yoldaşına adi bir təşəkkür etmək, bəlkə əhvalını soruşmaq, kədərinin arxasındakı səbəbi bilmək varkən, öz rahatlığı pozulduğu üçün hiddətlənən ər... İşdəki uğursuzluğunu həyat yoldaşının üzünə vurmayıb bir yerdə çıxış yolları axtarmaq, davranışları üçün empatiya qurmaq, bəlkə təkcə susmaqla yanında olmaq varkən, onu alçaldan, ailəsi ilə bağlı sirləri hər kəsin yanında açan qadın...
Uşağı ağlayanda onun göz yaşlarının səbəbini öyrənmək, o an uşaqla uşaq olmaq, onun kimi düşünmək varkən, özündən çıxan və hələ bu az imiş kimi zor tətbiq edən valideyn...
İş yoldaşının ilk baxışdan mənasız görünən bir sözünü (və ya bir hərəkətini) anlamağa çalışmaq, niyə dəyərlərimiz eyni deyil deyə düşünmək varkən, qınayan həmkar və ya kolleqa...
Problemləri həll etməkdə ən əlverişli yolu seçmək varkən, asan yola əl atan, həyatı sadə yaşamaq varkən, get-gedə çətinləşdirən insanlar - sizlər, bizlər, sən, mən... Liberiyada isə həyat sadədir. İstəsən də, mürəkkəbləşdirə bilmirsən...
Məqsəd aydındır, o məqsədi həyata keçirmək üçün yol aydındır. Yaşamaq üçün mübarizə aparmaq... Və bu mübarizədə qalib gəlmək... Sabahı düşünmürlər, bu gün var yeyirlər. Az var az yeyirlər, çox var çox yeyirlər... Sabah üçün təvəkkül edirlər. Yoxsuldurlar, ancaq kimsəsiz uşaqları da himayə edirlər, "Evdə bir boğaz da artdı" demirlər... Paltaryuyan maşınları yoxdur, axar suları yoxdur, paltar asmağa ipləri belə çox azdır. Ancaq ağ paltarlar dümağdır burada. Yuyucu tozların xüsusi reklamları olmadan o təmizliyi əldə edirlər...
Kütləvi şəkildə, əldə yuyulan paltarlar daşın, qumun üstündə quruyur, ancaq təmizdir...
Həftə sonunu varlı, yaxud kasıb fərq etməz, əksər liberiyalılar özlərinə ayırırlar. Əvvəlcə ibadət etməyə gedirlər, sonra təmizlik, əyləncə və s-lə məşğul olurlar. Həftə sonu açıq mağaza və ya bazar görməmək Afrikanın bu ölkəsinə yeni gələndə çox qəribə gəlmişdi mənə. Hətta qınamışdım, "Ona görə yoxsuldurlar", - deyə düşünmüşdüm. Halbuki biz onlara acıyırıq, çünki daha rahat şəraitdən gəlmişik. Hətta özümüzdən daha yaxşılarını belə görmüşük. Onların isə bu barədə məlumatları yoxdur. İnsan bilmədiyi bir şey, dadmadığı bir ləzzət üçün darıxmaz ki... Ya da hiss etmədiyi bir rahatlığı, yaşamadığı bir komfortu arzulamaz ki... Biz bildiyimiz üçün əziyyət çəkirik. Onlar isə bilmədikləri üçün rahatdırlar.
Hər gün hara getdiyini bilməyən, "Bəlkə qarnımı doyurdum" ümidi ilə evindən çıxan afrikalılar rahatdırlar. Rahat evimizdə, yumşaq oturacağımızda, bəlkə əlimizdə sevdiyimiz meyvə və ya qarşımızda sevdiyimiz çərəzlə sosial platformalardan başqasının xaricdəki istirahət fotolarına tamaşa edən bizlər isə narahat... Daha çox imkana sahibkən, özünü daha az xoşbəxt hiss etmək... Görəsən, harada səhv edirik?..
Gülnarə Mamedova