Var-dövlət o deyil ki, süfrən hər cür nemətlərlə dolu olsun, var-dövlət odur ki, süfrənə gələn hər neməti yeyə biləsən. Bir vaxtlar Türkiyənin ən varlı adamı olan və on minlərlə insanın dolanışığını təmin edən bir iş adamı qaynadılmış kartofdan başqa bir şey yeyə bilmirdi. Onun müəssisəsində işləyən sıravi bir fəhlə ürəyi istəyən hər şeyi yediyi halda, o fəhlə kimi on minlərlə insana rəhbərlik edən "patron" hara gedir-getsin, hansı ziyafətdə iştirak edir-etsin, ancaq kartof, kartof, yenə kartof yeyirdi, çünki başqa nə yesə, həyatı zəhərə dönürdü.
Sağlamlıq elə bir nemətdir ki, onu itirəndən sonra bütün dünya nemətlərinin dadı qaçır. Gözəl bir söz var, deyirlər ki, ayaqqabısı ayağını sıxanın dünya başına dar gələr. Ayaqqabının ayağı sıxmağı o qədər də dözülməz ağrı deyil, vay o günə ki, içindəki ağrıdan qıvrılasan və haran ağrıdığını da bilməyəsən. Ona görə də, vaxtında tədbir görmək, sağlamlığının qayğısına qalmaq ən doğru seçimdir.
Qurani-Kərim 1400 ildir ki, oruc tutmağı tövsiyə edir, bu ibadətin insana çox faydalı olduğunu bildirir, ancaq bir çoxları gün boyu ac-susuz qalmağı cahillik hesab edirdilər. Bu gün isə artıq dünya tibb elmi bir çox xəstəlikləri pəhrizlə müalicə etməyi məsləhət görür. İnsan sağlamlığını təmin edən ən mühüm amillərdən biri də düzgün qidalanmadır. Bu gün gəncliyimizin bir hissəsi çox hərəkətli, bir hissəsi isə tam hərəkətsizdir. Gün boyu dərsə, kursa, işə qaçan gənclik daha çox ayaq üstə, fast-fudla qidalanmağa üstünlük verir, çünki vaxta qənaət etmək istəyir, digər tərəfdən də etiraf edək ki, bu cür yeməklərə əlavə edilmiş konservantlar onlara xüsusi dad verir. Amma bir müddətdən sonra mədə-bağırsaq sistemində müəyyən fəsadlar özünü göstərməyə başlayır. Oturaq həyat yaşayan, günün yarıdan çoxunu monitor qarşısında keçirən gənclik isə daha çox artıq çəkidən əziyyət çəkir, çünki qəbul etdiyi yüksək kalorili qidaların həzmi doğru-düzgün getmir, az müddət sonra bədəndə köklük əmələ gəlir. Düzgün qidalanmaq, sağlam qidalar qəbul etmək hər kəs üçün çox mühüm məsələdir, çünki sənin canın ağrıyandan sonra nə aldığın təhsilin, nə də gördüyün işin ləzzəti qalacaq. Acmadan yeməmək, doymadan süfrədən qalxmaq qidalanmanın qızıl qaydalarındandır. Yemək qurtaran kimi ardından çay, ya su içmək, gecə gec saatlarda yemək, yeyən kimi yatmaq sağlamlığı zərbə altında qoymaqdır və həkimlər bu hallardan uzaq olmağı təkidlə qeyd edirlər. Çox çeşidli yeməklər yemək də zərərli sayılır, bir və ya iki çeşid yemək məsləhət görülür. Meyvəni yeməkdən təxminən yarım saat əvvəl, çayı isə iki saat sonra içmək lazımdır. Çox yağlı, çox duzlu, konserv yeməklərin qəbulu tövsiyə olunmur. Son vaxtlar geniş reklam olunan enerji içkilərinin, çipslərin, hisə verilmiş ət məhsullarının zərəri, orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olması haqqında həkimlər ciddi xəbərdarlıq edirlər. Xüsusilə də, azyaşlı uşaqlar çips kimi naməlum mənşəli yağlarla hazırlanmış və ədviyyatla dadlandırılmış ərzağa meyil edirlər ki, bu da onların sağlamlığı üçün arzuedilməz şeylərdir.
Əvvəlcə duru, sonra bərk yeməklərin qəbulu doğrudur. Ağızdakı tikəni çox çeynəmək lazımdır ki, mədə onu həzm etməkdə çox əziyyət çəkməsin. Yeməyin təmiz yağlarla hazırlanması da ən mühüm məsələlərdəndir, çünki bu gün dükan-bazarlarda mənşəyi şübhəli olan çeşid-çeşid yağlar satılır. Mütəxəssislər hər meyvə, yaxud tərəvəzi öz mövsümündə qəbul etməyi məsləhət görürlər. Məsələn, xiyar-pomidorun, müxtəlif dava-dərmanlarla yetişdirilmiş tərəvəzlərin qışda yeyilməsi düzgün hesab olunmur.
Sağlamlığı təmin edən ən mühüm amillərdən biri də hərəkətdir. Plov, bozbaş, piti, xaş kimi yüksək kalorili yemək yeyən insan süfrədən qalxandan sonra mütləq bir müddət dolaşmalı, aktiv hərəkətlə mədənin həzm prosesinə kömək etməlidir. Bu cür güclü yeməklər yeyən hərəkətsiz adamın sağlam olması deyil, xəstələnməməsi təəccüblüdür. Dünyada uzun ömür yaşamaları ilə tanınan yaponlar gün ərzində ən azı on kilometr yol qət etmədən yatağa girmirlər. Hərəkət edən insanın tənəffüs, qan-damar, həzm, hətta sinir sistemi də yaxşı işləyir və onun əhvali-ruhiyyəsi yüksəlir.
Gənclərimizin idmanla məşğul olması onları bir çox zərərli vərdişlərdən qoruyur. Hər kəsə məlumdur ki, günümüzdə siqaret, içki, narkotika kimi təkcə zərərli yox, həm də zəhərli vərdişlər insanda asılılıq yaradır. Bu cür zəhərli vərdişlərə təslim olmuş insanın onlardan xilas olması uzun və gərgin müalicə mərhələsi tələb edir. İstər narkotika olsun, istər alkoqol düşkünü, hamısının bircə arzusu var ki, ürəyi istədiyi vaxt o zəhəri əldə edə bilsin. Onlar üçün insanlıq, ata-ana sevgisi, vətən, millət, hamısı mənasız dəyərlərdir, yetər ki, narkotiki, ya da içkisi həmişə əlinin altında olsun. İnsan xarakterində belə bir cəhət var ki, həmişə yasaqlara meyilli olur, ona görə də, problemi aradan qaldırmaq üçün onun üstünü basdırmaq yox, üstünə getmək lazımdır. Günümüzün bəlası olan narkomaniyanın qarşısını almaq üçün bu bəlaya mübtəla olmuş, həyatını bu yolda puç etmiş insanların ah-zar dolu söhbətlərini, necə ağladıqlarını, bir ailəni, bir nəsli necə məhv etdiklərini, ətrafına verdiyi zərərləri göstərmək, o yolun sonunun hara vardığını əyani şəkildə öyrətmək, başa salmaq lazımdır ki, gəncliyimiz dərs çıxara bilsinlər. Gənc nəslin sağlamlığı hər bir xalq üçün həyati məsələdir, çünki bu günün gəncliyi sabahın idarəçiləridir. Bunun üçün ən gərəkli və ən səmərəli dövlət proqramları hazırlanıb həyata keçirilməli, məktəblərdə, mediada mütəmadi dərslər, söhbətlər aparılmalıdır.
Sağlam olmağa, istər mənəvi, istərsə də fiziki baxımdan sağlam nəsil yetişdirməyə çalışaq. Əmin olun ki, sizin övladınız mənəvi baxımdan sağlamdırsa, heç vaxt bu cür zəhərli bəlalara meyil etməz. İnsanlıq, vətənpərvərlik dediyin də elə budur, sən sağlam sabah yetişdirirsən. Bu mühüm, həyati məsələdə Allah hər birimizə kömək olsun!


Əli Çərkəzoğlu