Əlimizə cib telefonunu götürüb hər dəfə şəkil çəkəndə onu xatırlaya bilərik. Çünki o ilk dəfə video kameraların, şəkil çəkən aparatların işləmə mexanizmini ta min il əvvəl ortaya qoymuş və "Kitab əl-Mənazir" (Görmələr kitabı - Optika) əsərində bunları geniş-geniş açıqlamışdır. Hər dəfə bədirlənmiş aya baxanda orada 32 km genişliyində, 2 km dərinliyində bir kraterin onun adını daşıdığını yada sala bilərik. "Apollon"la Aya enən ilk astronomlar orada gördükləri möhtəşəm kraterlərə mühüm şəxslərin adlarını verərkən, bir kraterə də onun adını vermişlər.
Həmçinin, "Dünyada ilk elm adamı ünvanına sahib şəxs kimdir?" sualına da heç çəkinmədən onun adını verə bilərik. Ümumiyyətlə, onun həyatı və araşdırmaları barədə oxuyanda insan gərək zərgər dəqiqliyində olsun. Zərgər elə həssas, elə dəqiqliklə işləyir ki, hər hansı toz qırıntısını belə itirməsi onun üçün ziyandır. Çünki o qızılla, dəyərli daş-qaşla işləyir. İbn Heysəmi oxuyub onu tanıyanda da eynilə zərgər dəqiqliyi ilə hərəkət etmək lazım gəlir.
İbn Heysəm bu gün bildiyimiz mənada ilk dəfə elmi metodlardan, elmi araşdırmalardan istifadə edən şəxs olmuşdur. İndi də gəlin onu daha yaxından tanıyaq...
İbn Heysəmin əsl adı əl-Həsəndir. Qərb dünyası onu əl-Həsəndən yola çıxaraq "Alhazan" olaraq tanıyır. Heysəmin oğlu mənasına gələn İbn Heysəm isə atasına istinad edilərək verilmişdir. Bu yazıda da biz ondan İbn Heysəm kimi bəhs edəcəyik.
İbn Heysəm belə deyir: "Həqiqəti tapmaq asan deyil və ona gedən yol çətindir. Buna görə də, siz həqiqəti axtaran bir insan kimi dərhal hökm verməməli və əvvəlkilərin yazılarına bağlı qalmayacaq qədər müdrik olmalısınız. Həmişə arayıb-araşdırmalı və o yazıları hər cəhətdən tənqid süzgəcindən keçirməlisiniz. Hər hansı bir şəxsin dediklərini yox, yalnız dəlil və təcrübəni əsas götürməlisiniz. Çünki hər bir insan qüsurun hər növünə qarşı müdafiəsizdir. Biz də həqiqəti axtaran insanlar kimi vaxtsız hökmlərdən yaxa qurtarmalı və bunun üçün şəxsi fikirlərimizə belə şübhə ilə yanaşmalıyıq. Odur ki, bundan özünüzə dərs çıxarın və həqiqət gözlərinizin önünə sərilsin".
İbn Heysəm mövzu din yox, elm olduqda məsələyə şübhə ilə yanaşmağın daha faydalı olduğunu müdafiə edir. O belə deyir: "Həmişə elmin və həqiqətin arxasınca getdim. Nə vaxt ki, Yaradana yaxın olmaq və aydınlığa qovuşmaq istədim, o vaxt elmin və həqiqətin arxasınca getməkdən daha yaxşı yol olmadığına inandım".
İbn Heysəmin bu metodu əslində müasir elmin metodudur. Bu üsul və metod sayəsində addım-addım inkişaf edən elm və texnologiya insanlığı Aya aparmağı bacardı. Oraya enənlər onlara təkcə baxmağı deyil, görməyi də öyrədən bu həqiqi elm adamının adını yaşatmaq üçün kraterlərdən birinə onun adını verdilər.
İbn Heysəmin göz və işıqla bağlı apardığı araşdırmalar və irəli sürdüyü hipotezlər onu böyük bir elm adamına çevirdi və adının tarixə həkk edilməsinə səbəb oldu.
İbn Heysəm özündən əvvəl dünyada görmə ilə bağlı qəbul edilən fikirlərin doğru olmadığını söylədi. İbn Heysəmə qədər demək olar ki, necə gördüyümüzü bilmirdik. O dövrdə Qərb dünyasında görmə hadisəsinin insanların gözlərindən çıxan şüaların ətrafdakı əşyalara dəyərək gözə geri qayıtması nəticəsində baş verdiyini düşünürdülər. İbn Heysəm isə işığın gözümüzdən çıxdığı üçün deyil, əksinə cisimdən gözümüzə gəldiyi üçün gördüyümüzü tapdı.
Səmada görünən ulduzların gözlərdən çıxan şüaların çata bilməyəcəyi qədər uzaq olduğunu vurğulayan alim gözlərdən şüa çıxmadığını, əksinə şüaların əşyalara dəyərək gözə gəldiyini irəli sürdü. İbn Heysəm işığın meydana gəlməsi üçün bir mənbəyə ehtiyac olduğunu da yaxşı bilirdi. O, gözün öz həqiqi formasına yaxın bioloji təsvirlərini düzəltdiyi üçün gözlərin belə bir qabiliyyətə malik olmasını ehtimal xaricində görürdü.
O belə deyirdi: "Əgər görmək üçün gözlərimizdən şüa yayırıqsa, necə olur ki, parlaq günəşə baxanda gözlərimiz ağrıyır, ancaq şam işığına baxanda ağrı vermir? Ya da gecələr Aya baxanda həqiqətən də gözümüzdən çıxan şüalar o qədər uzağa gedə bilərmi? Halbuki işıq gözümüzdən çıxmır, əksinə düz çizgilər şəklində gözümüzün içinə gəlir. Qaranlıq bir otağın tavan, ya da divarında bir deşik açsaq, yalnız o açılan deşikdən gələn şüaları görəcəyik. Halbuki şüalar gözümüzdən çıxsaydı, hər tərəfi görməli olardıq".
İbn Heysəm təsvirin gözdə necə meydana gəldiyini öyrənmək üçün qaranlıq otaqdan ibarət bir göz modeli düzəltdi və otağın divarında kiçik bir deşik açdı. Bu zaman otağın xaricində aydın görünən bir cismin "qaranlıq otaq"da tərs bir əks olunma meydana gətirdiyini gördü. Sonralar kiçik deşik açılan bu "qaranlıq otaq" modeli latın dilində "camera obscura" adlandırılacaqdı. İbn Heysəmin "qaranlıq otaq" (camera obscura) modeli fotoaparatların icad edilməsinə səbəb olmaqla yanaşı, teleskopların da icad edilməsinə təkan verdi.
İbn Heysəmin "qaranlıq otaq" (camera obscura) təcrübəsi gecə vaxtı tətbiq edilsəydi, işığın intensivliyi az olduğuna görə çadırın içində görüntü meydana gətirmək üçün işığın içəri girdiyi deşiyi böyütmək və daha böyük işıq toplamaq lazım olardı. Və bu prinsip əsasında teleskoplar icad edildi. Sözün qısası, adi bir çadırın içində başlayan və kainatın ən uzaq nöqtələrini görməyə imkan verən texnologiyaya görə biz həm də İbn Heysəmə borcluyuq.
İbn Heysəm tarixdə ilk dəfə elmin qayda və prinsiplərini ortaya qoydu. O, müasir elmi metodologiyanı ilk dəfə meydana gətirdi və bunu yazdığı "Kitab əl-Mənazır" (Optika) əsərində ilk dəfə tətbiq etdi. Beləliklə də, "Kitab əl-Mənazir" (Optika) ilk elmi vəsait olaraq tarixə keçdi, İbn Heysəm də "dünyanın ilk həqiqi elm adamı" oldu. Bu kitabın ən bariz xüsusiyyəti əvvəlki nüfuzlu elm adamlarından asılı olmadan tamamilə təcrübəyə əsaslanaraq, riyazi və məntiqi yollarla nəticəyə çatmasıdır. İbn Heysəm düzəltdiyi optik alət və vasitələrlə təcrübələr apardı və əldə etdiyi nəticələri tezisinin isbatında istifadə etdi.
İbn Heysəmin məşhur əsəri "Kitab əl-Mənazir" (Optika) orta əsrlərdə beş dəfə latın dilinə tərcümə edildi. Bu əsər bütün Avropada universitet və elm mərkəzlərində tanınan və müraciət edilən yeganə qaynaq idi. Optika elminin qərbdəki qabaqcıIlarından olan Rocer Bekon (1212-1292) İbn Heysəmi öz müəllimi kimi qəbul edirdi.
Fəlsəfə ilə maraqlanan İbn Heysəm bu sahədə də o qədər dərinləşdi ki, Aristotel və Ptolemeyin əsərlərindəki səhvləri ortaya qoydu. İbn Heysəm Aristotel və Ptolemeyin kainatın dünyanın ətrafında fırlandığını müdafiə edən fikirlərinə qarşı çıxdı və kainatın dünyanı mərkəz alaraq onun ətrafında fırlanacaq qədər kiçik olmadığını, əksinə, dünya və günəş sistemimiz kimi başqa bir çox sistemlərin də ola biləcəyini bildirdi. Həmçinin, İbn Heysəm Aristotel və Ptolemeyin bir çox əsərlərini ərəb dilinə tərcümə etdi.
İbn Heysəm belə deyirdi: "Həqiqəti axtaran şəxs əvvəlki alimlərin yazdıqlarını araşdıran, onların görüşlərini izləyən və nəticədə, onlara inanan şəxs deyil. Əksinə, həqiqəti axtaran şəxs onlara şübhə ilə baxan, onlardan topladığı bilgiləri araşdıran, bu insanların sözlərinə deyil, dəlillərə və sübutlara boyun əyən şəxsdir".
Görəsən, İbn Heysəmin yaşadığı dövrdə İslam dünyasında elmi inkişafın altında yatan əsas faktorlar nələr idi? Nə baş vermişdi ki, dünyanın ən geridə qalmış cəmiyyətlərindən olan ərəblər qısa bir müddətdə ən inkişaf etmiş mədəniyyət qura bilmiş və elmdə bu qədər inkişaf etmişdilər? Nə olmuşdu ki, dünya səhnəsinə çıxan ərəblər birdən-birə dünya ilə günəş arasında olan məsafə, bədəndə qanın dolaşması və s. sahələrlə maraqlanmağa başlamışdılar? Bu sualların cavabını tapmaq üçün o dövrün əsərlərində tez-tez istinad edilən ağıla və düşüncəyə dair ayələrə nəzər yetirmək lazımdır. Həmin ayələr o dövrün müsəlmanlarını təbiəti və öz bədənlərini anlamağa, tədqiq etməyə sövq etdi. Bilmək bir mənada dini bir vəzifədir. Belə bir dini motivasiya olmasaydı, tarixdə baş verən bu böyük inqilabı anlamaq çətin olardı.
Məşhur "Cosmos" sənədli filmində İbn Heysəm haqqında: "Bəlkə də, ən böyük elm adamı idi" deyilir. İbn Heysəm İslam coğrafiyasında elmin və mədəniyyətin ən zirvə dövründə yaşayan və bu dövrün seçkinlərindən olan İbn Sina və Biruni kimi alimlərlə eyni dövrdə yaşamışdır. O, Qədim Yunan filosoflarının riyaziyyat, astronomiya və fizikaya dair əsərlərini ətraflı və dərin bir şəkildə tədqiq etmişdir. Beləcə, o, Qədim Yunan mədəniyyətinə aid təbiət elmləri və riyaziyyatla bağlı kitabları birinci mənbədən öyrənmişdir. Bununla da, həm öz tezislərini sübut etmiş, həm də əvvəlcədən irəli sürülmüş ancaq yanlış olmasına baxmayaraq mənimsənilən görüşləri "çürütmüşdür".
İbn Heysəmin Nil daşqınlarının qarşısını almaq və Nilin suyundan səmərəli istifadə etmək barədə də bəzi görüşləri var idi. O, belə deyirdi: "Əgər Misirdə olsam, Nil üçün elə bir iş görərəm ki, suyu gur və az olan vaxtlarda (insanlara) fayda gətirər".
Bu xəbəri eşidən Fatimi hökmdarı Hakimbiəmrillah (985-1021) İbn Heysəmi Misirə dəvət etdi, layihəsini həyata keçirməsi üçün onu hər şeylə təmin edir. İbn Heysəm Yuxarı Misirdə yerləşən Asuan ərazisində araşdırmalar aparır və məlum olur ki, o dövrün imkanları ilə Nilin üzərində bənd tikmək mümkün deyil. Bunu başa düşən İbn Heysəm xəlifə Hakimbiəmrillahdan layihəsini həyata keçirə bilmədiyi üçün üzr istəyir. Xəlifə qəzəbini boğur və İbn Heysəmə divanxanada vəzifə verir. Xəlifənin hər an onu cəzalandıra biləcəyindən qorxan İbn Heysəm özünü dəliliyə vurur, xəlifənin vəfatına qədər ev dustağı olur. Həyatının mühüm hissəsini Misirdə keçirən İbn Heysəm məhz bu vaxt ərzində (1011-1021-ci illər) özünün məşhur "Kitab əl-Mənazir" əsərini yazır. Hakimbiəmrillahın 1021-ci ildə vəfatından sonra rahatlıq tapır, sərbəst şəkildə elmi tədqiqatlar aparır.
İbn Heysəm 1038-ci ildə 73 yaşında Misirin paytaxtı Qahirədə dünyasını dəyişir. Ondan sonra İbn əş-Şatir, Nurəddin Batruci, İsaak Nyuton və İohann Kepler kimi elm adamları da İbn Heysəmin irəli sürdüyü günəş sistemi modelini mənimsəyərək, araşdırmalarını bu istiqamətdə inkişaf etdirirlər.
Nazim Mustafayev