Azərbaycanda çox az sayda insan onu tanıyır. Çox az sayda insan onun azərbaycanlı olduğunu bilir. "Google"da onun haqqında Azərbaycan dilində axtarış versəniz, çox az sayda məlumat əldə edəcəksiniz. Odur ki, onunla tanış olmaq üçün ya rus dilində, ya da ingilis dilində materiallarla tanış olmalısınız. Uzun sözün qısası, bu dəfə Amerikada milyardlıq şirkət sahibi olan həmyerlimiz Stepan Paçikovun uğur hekayəsi ilə tanış olacağıq...

 

Stepan Paçikov kimdir?

Strateq... Filosof... Silikon Vadisinin pioneri... Kompüterlərin əlyazma mətnləri oxumasını təmin edən proqramın yaradıcısı... ABŞ-ın Poçt Xidməti üçün emal maşınlarını paketləyən "Lockheed Martin" şirkətinə simvolların optik tanınmasını və ya simvolların optik oxunmasını (OCR - optical character recognition or optical character reader) təmin edən şirkətin həmtəsisçisi və idarə heyətinin üzvü... "Calligrapher" proqramının təminatıçısı... "EverNote" tətbiqinin yaradıcısı... Və bütün bunların fonunda sadəcə olaraq Stepan Paçikov...

Stepan Paçikov 1 fevral 1950-ci il tarixdə Azərbaycanın Oğuz rayonunda anadan olub. Atası Aleksandr Paçikov milliyyətcə udin, anası Yekaterina Pankova isə milliyyətcə rusdur.

Elm və texnika həvəskarı olan 14 yaşlı yeniyetmə maraqlı bir ideya irəli sürür. O, Günəşin 10-15 milyon kilometr yerə yaxınlaşdırılmasını təklif edir. Onun fikrincə qütb insanlarının da digər insanlar kimi əkinlə məşğul olması üçün Günəşi yerə yaxınlaşdırmaq lazımdır. Bu və bu kimi bəzi fikirləri insanlarda gülüş doğuran bu yenıyetmə 1980-ci illərin sonu, 90-cı illərin əvvəlində Moskvada "Apple Newton" üçün əlyazmalarının tanınması proqramı ilə məşğul olan "ParaGraph International" şirkətini qurur. Daha sonra o, Silikon Vadisində "ParaGraph"ın ABŞ filialını açır. Burada noutbuklar və planşetlər də daxıl olmaqla sensor panellərdə əlyazmaların daxil edilməsi üçün "Calligrapher" adlı proqram təminatını həyata keçirir. "Silicon Graphics"in "Pen and Internet" (Qələm və İnternet) bölməsini yaradır. 2008-ci ildə o, "EverNote" adlı qeydlərin yaradılması və saxlanılması üçün proqram təminatının baş memarı olur.

 

Məşhur qrossmeysterlə əməkdaşlıq

1986-cı ildə əslən Bakıdan olan dostu, sovet şahmatçısı, qrossmeyster Harri Kasparovla birlikdə ölkənin ilk kompüter klubunu qurur və Moskva Uşaq Kompüter Klubunun prezidenti olur. Burada uşaqlara kompüter proqramlaşdırması, veb dizaynı və s. öyrədilirdi. Mərkəzin üzvləri üçün bir şərt var idi. Üzvlər uşaqlara kompüterdən necə istifadə etməyi öyrətməli idilər.

O dövrdə bu mərkəz Moskvada adi insanların kompüterdən istifadə edə biləcəyi yeganə yer idi. Nəticədə, bu ideya öz ətrafına yüzlərlə insanı toplayır və Paçikovun beynində belə bir ideya yaranır: "Artıq bu cür istedadlı və bacarıqlı insanlarla bir şirkət qurmaq olar". Beləliklə, "ParaGraph" şirkəti ortaya çıxır. Bu ideya ilə Stepan hədəf auditoriya kimi uşaqları əsas götürür: "Bizim vəzifəmiz uşaqları yazı qabiliyyətlərini itirməməyə həvəsləndirmək idi. Çünki bu, ilk növbədə, onların zehni qabiliyyətlərinin inkişafı üçün çox vacibdir".

İdeya öz dövrünü o qədər qabaqlamışdı ki, hətta yaradıcıların özləri də belə bir layihəni həyata keçirdiklərinə inana bilmirdilər. Bununla da Paçikovun ideyası onun "Apple" şirkəti ilə əməkdaşlığına səbəb olur. Şirkət ondan "Newton" noutbukları üçün əlyazmaların tanınması ilə bağlı proqram hazırlamağı xahiş edir. Beləliklə, "Apple" Stepana bu proqramı hazırlamaq üçün 6 milyon dollar təklif edir. Ancaq bunun əvəzində Paçikov və komandası ABŞ-a köçməli idi.

 

Kaliforniyaya köç

Növbəti il Paçikov və ailəsi Kupertinoya köçür. Əslində, onun orada qalmaq niyyəti yox idi. Çünki Kaliforniya ona qapalı bir dünyanı xatırladırdı. Sonralar Nyu-York teatr və opera, Meksika qumsallıq və tennis, Kaliforniya isə səyahət və azadlığın başladığı yer olur. Lakin "Newton" layihəsi uğursuz olur. Stepan kompüterlər tərəfindən əlyazmaların tanınması fikrini təxirə salmaq məcburiyyətində qalır. Bir az sonra bunun əvəzinə Paçikov uşaqların zehnini inkişaf etdirmək üçün yeni ideya ilə yola çıxır. Onun şirkəti "Alter Ego" adlı virtual vaxt maşını hazırlamağa başlayır. Məqsəd uşaqları olduqları tarixdən geriyə qaytarmaq və o dövrlə tanış etmək olur: "Biz virtual reallığın qabaqcılları kimi VRML (virtual reallıq modelləşdirmə dili) yaratdıq. Bu texnologiyanın köməyi ilə uşaqların Qədim Romaya və ya Qədim Yunanıstana qayıtmalarına, məsələn, Arximedlə görüşmələrinə imkan yaratdıq". Ancaq 90-cı illərin ortalarında Paçikovun "ParaScript" adlı şirkəti "Silicon Graphics" (SGI) tərəfindən alınır. Stepan buna qarşı olsa da, direktorlar şurasının qərarına etiraz edə bilmir.

 

"Pul xoşbəxtlik gətirmir"

Maraqlıdır ki, Paçikovun xaricdəki uğuru, əslində, onda dərin depressiyaya səbəb olur. İllər sonra (yəni, təxminən 10 il sonra) o bunu müsahibələrinin birində etiraf edir: "Pul xoşbəxtlik gətirmir. Mən heç nə etmədiyim halda varlı idim, eyni zamanda bədbəxt oldum. Pul məqsəd olmamalıdır".

 

Paçikovun xəyalları

Paçikov həmişə qeyri-adi fikirləri ilə seçilirdi. Əvvəl də dediyimiz kimi onun hələ ilk belə ideyası 14 yaşında üzə çıxmışdı. Paçikov artıq insanların axtardığını tapmağa və unutduğunu xatırlamağa kömək edə biləcək bir ideya haqqında danışmağa başlayır. Öz fikrini isə o belə izah edir: "Yaddaşı zəif olan ağıllı bir gənc təsəvvür edə bilərsən? Ancaq kiminsə adını xatırlaya bilməyəndə kifayət qədər axmaq vəziyyətə düşürsən". İxtiraçı həssas olduğu üçün insan yaddaşını o qədər də etibarlı saymır. Onun da dediyi kimi hər gün beynimizdə yüz minlərlə fikir formalaşdığı üçün hər hansı lazımlı məlumatı tapmaqda çətinlik çəkirik. O bununla bağlı fikirlərini bir cümlə ilə belə ifadə edir: "İşdə baş verə biləcək ən pis şey "Bağışlayın, adınızı unutdum" deməkdir".

 

"EverNote" tətbiqi və ya xatırlamaq ehtiyacı

Bu gün minlərlə insanın istifadə etdiyi "EverNote" konsepsiyasının yaranmasına səbəb insanların unutqanlığıdır. Bir çox insan kimi Stepan da "EverNote"u sözün əsl mənasında insan beyninin davamı, bir növ quraşdırılmış çip hesab edir: "Əlavə seçimimiz yoxdur. Bu, tamamilə fərqli bir ahəngdarlıqdır. Axı potensialınızı artıran çox sayda texnologiyalardan istifadə edirsiniz. Məsələn, daha yaxşı görmək üçün eynək taxırsınız. "EverNote" da bunun kimi. Onu smartfonunuza yükləyirsiniz. Vəssalam".

Bu tətbiqin yaradılmasından bir müddət sonra Paçikov Parkinson xəstəliyinə tutulur və xəstəliyin xarakteri kimi də bu onda yaddaş itkisinə səbəb olur. Paçikov həmin vaxt xəstəliyini təvazökarlıqla qəbul edir və məsələyə optimist yanaşır: "Mən heç qəzəblənmirəm və hətta kədərlənmirəm. Təəssüfləndiyim tək şey insanların məni istədiyim kimi görməmələridir. Həyata keçirmək istədiyim fikirlərim var idi, amma artıq həyata keçirməyəcəyəm".

Qeyri-səlis məntiq sahəsində elmlər doktoru adı almış Paçikovun fikrincə insan həyatda heç bir şeydən narazı olmamalıdır. O inanır ki, bu gün insanın həyatında olmayan şey sabah olacaq. Odur ki, həmin olmayan şeyin dərdini çəkmək lazım deyil: "Dünən ABŞ, İngiltərə, İtaliya və ya Meksikaya getmək mənim üçün əlçatmaz bir xəyal idi. Bu gün isə hətta Aya belə uça biləcəyimizə inanırıq".

 

"EverNote"un uğuru

Paçikov "EverNote"u ilk növbədə özü üçün lazımlı hesab edir: "Bu hər şeydən əvvəl mənim özümə lazım olan bir məhsuldur". 2002-ci ildə isə Paçikov "EverNote"da işə başlayır. Məhsulun ilk prototipi və "Windows" üçün ilk beta versiyası iki il sonra buraxılır. "EverNote"un orijinal versiyası bulud hesablama və məlumat sinxronizasiyasından uzaq olur. Bununla da, Paçikov "Apple"da, "Newton"da heç vaxt tam tətbiq olunmayan əlyazmanın tanınması ideyasını reallaşdıra bilir.

Paçikov "EverNote"u 2007-ci ildə Fil Libin adlı Rusiyada doğulan və ondan 20 yaş kiçik olan bir amerikalıya təslim edir. O, Filin işgüzarlığındən çox razı idi və bu da onun diqqətini cəlb etmişdi. Paçikova görə bu işgüzarlıq onun özündə belə yox idi: "Mən, Libinin məndən daha yaxşı bir rejissor olacağına tamamilə əmin idim".

Libinin gəlişi ilə daha da inkişaf edən "EverNote"u bu dəfə təsisçi özü tərk etmək qərarına gəlir. Paçikov şirkətin iki deyil, bir liderə ehtiyac duyduğuna inandığı üçün "EverNote"u tərk etdiyini ifadə edir: "Fil olan yerdə mənim olmağıma ehtiyac yoxdur. O, onlarla insanı işə götürür, "Apple" və "iPhone" üçün məhsul versiyası hazırlayır".

Qeyd edək ki, Paçikov hələ də təsis etdiyi "EverNote" şirkətinin idarə heyətinin fəal üzvü kimi qurduğu şirkətə gəlir və şirkətin gələcəyi ilə bağlı rəhbərliklə fikirlərini bölüşür.

 

Aygün Zayıdova