Qastroenteroloq Habil Hüseynov: "Xəstəliyin erkən aşkarlanması həyat qurtara bilər"
Jurnalın bu sayında "Endoskopik müayinə nədir?", "Bu müayinəni gecikdirmək hansı fəsadlara səbəb ola bilər?" mövzusunda mütəxəssis, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının həkim-qastroenteroloqu Habil Hüseynovla həmsöhbət olduq...
- Xoş gördük, həkim...
- Xoş gördük...
- Bizim sizin işinizin ustası olduğunuzu bilməyimizin səbəblərindən biri də iş zamanı çəkilən bir videonuz olmuşdu. Hansı ki, siz azyaşlı körpənin qida borusundan açıq sancağı ona heç bir ziyan vermədən çıxarmışdınız. Bizim bildiyimizə görə həmin işiniz çox səs gətirmişdi. Zəhmət olmasa, o işinizlə bağlı danışardınız...
- Mən Tibb Universitetinin Onkoloji Klinikasının həkim-qastroenteroloqu işləyirəm. Həmin gün bizim adi iş günlərimizdən biri idi. Xəbər saytlarının birindən mənə müraciət etmişdilər. Məqsədləri bir mövzu ilə bağlı reportaj hazırlamaq idi. Məndən xahiş etmişdilər ki, onlara hazırladıqları mövzu ilə bağlı reportaj verim. Açığı işin çoxluğundan mən onlara vaxt ayıra bilməmişdim və yanımda olan rezidentlərdən birini təyin etdim ki, hazırlaşıb reportaj versin. Bu vaxt mənim telefonuma zəng gəldi ki, "Sumqayıt şəhərindən körpə bir uşaq sancaq udub, olarmı gətirək?" "Əlbəttə!" dedim. Həmin vaxt da yanımda əllərində kamera ilə saytın əməkdaşları oturmuşdular. Onlara məlumat verdim ki, belə bir hadisə olub, əgər istəsəniz, çəkə bilərsiniz. Onlar da razılaşdılar, hətta sevindilər. Qısa müddət sonra uşağı gətirdilər. Biz uşağı götürdük. Körpə uşaq idi, səhv etmirəmsə, 7-8 aylıq idi. Sancaq qida borusuna sancılmışdı. Hətta divarı belə deşib keçmişdi. O vaxt pasientin körpə olması, ağır diaqnozla gəlməsi bizdə də həyəcan yaratmışdı. Hər kəs çalışırdı ki, uşağı o vəziyyətdən çıxarsın. Və yarım saat sonra uşağı həmin vəziyyətdən çıxardıq. Həmin vaxt operator da bizi arxadan çəkirmiş. Onlar sonradan çəkilmiş həmin görüntüləri paylaşıb bizi də işarələmişdilər. Əməliyyatdan sonra feysbuk hesabıma baxanda, həmin görüntülərin 2500 nəfər tərəfindən paylaşıldığını gördüm. Bu, heç gözləmədiyimiz bir şey idi və bu, bir növ partlayış idi. Biz ona qədər də bir çox yad cisim çıxarmışdıq. Onlar arasında körpə də olmuşdu, böyük də olmuşdu, kifayət qədər ağır prosedurlar da həyata keçirmişdik. Ancaq bunun o qədər yayılacağını düşünə bilməzdik. Respublikanın bir çox yerlərindən tanıyan-tanımayan insanlardan mənə zənglər və mesajlar gəldi. Həmin video insanlarda kifayət qədər maraq və həyəcan doğurdu. Bu hadisə o qədər ciddi əks-səda doğurdu ki, hətta rəhbərlik tərəfindən təbrik də aldıq. O video bizi belə məşhurlaşdırdı. Demək olar ki, həmin videonu ölkə əhalisinin böyük hissəsi izlədi.
- Ondan sonra da bu səpkili çəkilişlər oldumu?
- Sözün açığı, bu barədə təkliflər oldu. Zəng edənlər də oldu, görüşənlər də oldu ki, maraqlı hadisələr olanda biz də çəkək, paylaşaq. Amma açığı bu tip şeylərə vaxt ayıra bilmirik. Bir də bu bir təvafüq idi ki, onlara rast gəldi. Yoxsa, planlı şəkildə dəvət edək, bizi çəksinlər deyə bir işimiz olmayıb. Sonradan da çox maraqlı hadisələrlə üzləşdik, amma onların heç biri üçün nə bir jurnalist, nə də bir çəkiliş qrupu dəvət etdik. Arada bir maraqlı olsun deyə, feysbukda videolar paylaşırıq. Amma xatırlayıram ki, bir neçə telekanaldan da həmin videonu istədilər və paylaşdılar.
- Endoskopik müayinə ilə bağlı nə deyə bilərsiniz?
- Endoskopiya iş həyatımızın ən vacib hissəsidir. Çünki mən praktiki olaraq uzun illərdir bu sahədəyəm. İxtisasca qastroenteroloqam, mədə bağırsaq, qaraciyər, mədəaltı vəz, öd yolları xəstəlikləri ilə məşğul oluram, amma daha çox məşğul olduğum endoskopiyadır. Endoskopiya qastroenterologiyanın daxilində invaziv bir sahədir. Biri var müalicə yazmaq, diaqnoz qoymaq, resept yazmaq, biri də var bayaq danışdığımız hadisə kimi hadisəni yerində həll etmək. Praktiki olaraq endoskopiya çox geniş inkişaf etmiş bir sahədir. Bəlkə də, bir əsr əvvəl endoskopiya xəyal idi ki, insanların daxilinə baxa bilsinlər və orada hansı proseslər baş verdiyini görə bilsinlər? Bu gün artıq kifayət qədər yüksək təsvir keyfiyyətinə malik endoskoplar var. Çox ciddi işlər görə biləcəyimiz alətlər inkişaf edib ki, diaqnostikadan, dərman yazmaqdan keçib əməliyyat sahəsinə girmişik. Artıq bir çox əməliyyatlar var ki, xəstənin üzərində heç bir kəsik izi qoymadan, onu yaralamadan ağzından, burnundan, bağırsağından girib o işləri görürük. Bu gün bir çox xəstəliklər var ki, endoskopiya ilə onları müayinə edirik və uğurlu diaqnoz qoyuruq. Hansı ki, bu müayinələrin başında da diaqnostik endoskopiya gəlir. Mədəsi ağrımayan, bağırsağında problem olmayan insan düşünmək mümkün deyil. Ona görə də, insanlar həyatlarında bir dəfə də olsa, mədə-bağırsaq şikayəti ilə həkimə müraciət edirlər. Hətta xəstələr özləri özləri üçün nə isə etməyə çalışırlar. Ona görə də, bu gün hər bir insanın həyatında qastroenterologiya və endoskopiya mütləq mənada rol oynayır. Bizə olunan müraciətlərdən də görürük ki, insanlar aylar, illər əziyyət çəkirlər, amma özlərində cəsarət tapıb həkimə müraciət edə bilmirlər. Endoskopiya deyəndə insanlar qorxurlar. Hansı ki, başında kamerası olan, işığı olan bu aləti insanın mədəsinə, ciyərinə salırsan, insanın içərisini görüb, ona diaqnoz qoyursan. Lazım gəlsə, oradan bir parça götürüb analizə göndərirsən. Və ya hər hansı prosedurla o problemi həll edirsən.
- Bildiyimiz kimi, hazırda pasientləri yatırtma yolu ilə də endoskopiya etmək mümkündür...
- Hazırda endoskopiyanı bir prosedur kimi çox da ağır saymaq olmaz. Bir sözlə, indi bu proses bir yatmaq qədər sadə bir prosesdir. Siz bura gələndə mən 4 yaşında bir uşağı müayinə etdim, amma uşağın heç xəbəri olmadı ki, o müayinə olundu. Əslində, bu kifayət qədər ağrılı olmalı idi. Siz düşünün, 4 yaşında uşağın üzərində bu əməliyyatı yatızdırmadan həyata keçiririk. Bu gün artıq yaşından asılı olmayaraq körpəsindən tutun yaşlısına qədər hər kəsi çox rahat bir şəkildə müayinə etmək mümkündür. Hətta, gələrkən xəstənin əhvalı aşağı olur, ancaq gedərkən yüksək əhvalla ayrılır. Çünki həm o proseduru keçirlər, həm də sakitləşdirici dərmanların öz təsiri var. Əslində, biz çox ciddi əməliyyatlar həyata keçiririk, amma adam onun fərqində deyil. Xəstə yatıb durur və problemi həll olur. Məsələn, öd kanalında daş qalır ağzından girib kanaldan çıxarırıq, şiş olur, darlıq olur, girib ona stend qoyuruq. Və ya nə isə bir şey udub, boğazında bir şey qalıb, biz onu asan bir şəkildə, incitmədən çıxarırıq. Sonra poliplər olur, bağırsaqlarda xoşxassəli şişlər olur ki, onları əməliyyat edirik. Adam gülə-gülə gəlib, gülə-gülə də gedir. Bunlar hamısı əməliyyatdır. Halbuki klassik əməliyyatlarda xəstə gəlir, ancaq bilmir ki, neçə gün xəstəxanada yatacaq, neçə gün sonra iş həyatına qayıdacaq. Bizdə isə xəstə əməliyyatdan çıxmamış nə yeyib içəcəyini düşünür. Yəni, artıq endoskopiya tibbə çox ciddi yüngüllüklər gətirib. Hətta, endoskopiya çox inkişaf etmədiyi vaxtlar qastroenteroloqlar və ya terapevtlər son ümid kimi xəstəni cərrahlara göndərirdilər. Bu gün artıq cərrahlar ümidlərini kəsdikləri xəstəni bizə göndərirlər ki, bəlkə bizim edə biləcəyimiz nə isə olar. Bizim də o vaxt mütləq edə biləcəyimiz çox şey olur.
- Bildiyimiz kimi sizin öd yolları əməliyyatlarında da çox uğurlu işləriniz var.
- Bəli, öd yollarında da əməliyyatlar edirəm. Buna ERCP (Endoskopik Retroqrad Xolangiopankreatoqrafiya) deyirik. Bu, bir vaxtlar az tətbiq olunan, hətta heç tətbiq olunmayan sahə idi. Amma indi bu sahədə bir neçə mütəxəssis var, öd yolları əməliyyatı ilə ciddi şəkildə məşğul olurlar, onlardan biri də mənəm. Xeyli vaxtdır ki, mən bu işlə məşğul oluram. İstər qaraciyər şişləri olsun, istər öd yolları şişləri olsun, istərsə də mədəaltı vəzi şişləri olsun, hansı ki, bu halda xəstədə sarılıq əmələ gəlir. Və ya öd yolları daşla tutulan xəstələr olur ki, biz endoskopik olaraq, ya daşı çıxarırıq, ya da stend yerləşdiririk. Xəstənin problemini ya birdəfəlik həll edirik, ya da son çarə olaraq palliativ yardım edirik ki, xəstə rahat olsun. Çünki sarılıq çox dəhşətli bir şeydir. Çox ciddi qaşınması var, çox dəhşətli ürəkbulanması var, başağrısı, hətta iltihab qoşulduğu halda qızdırması var. Şükürlər olsun ki, biz onlara yardım edə bilirik. Xəstələr gəlirlər, demək olar ki, yarım saata yaxın bir əməliyyata girirlər, ağrıdan qurtulurlar, sarılıqdan qurtulurlar və yenidən həyatlarına davam edirlər. Ehtiyac olduqca da təkrar bizə müarciət edirlər.
- Mədə-bağırsaq xəstəliklərindən hansıları xəstədə ciddi ürəkbulanmalara, başağrılarına səbəb olur?
- Mən onkoloji klinikada işləyirəm, burada işləyən həkimin ağlına gələn ilk şey onkoloji problemlərdir. Bu mədə xərçəngi ola bilər, bağırsaq xərçəngi ola bilər, öd yolları, ağciyər patologiyaları ola bilər. Mən öz adıma deyim ki, işlədiyim sahəyə görə, ilk düşündüyüm şey "Xənçəng varmı? və ya "Şiş varmı?" olur. Bu sadalanan problemlərdən əziyyət çəkənləri, ağızlarında dözülməz qoxu olanları, yediyini həzm edə bilməyənləri, ağzından və ya bağırsağından qan gələnləri mütləq mənada endoskopiya edirik. Çünki eyni simptomatika ilə gedən xəstəliklər çoxdur. Bizim hədəfimiz bədxassəli deyilən və xəstənin həyatı üçün təhlükə törədən problemi vaxtında aşkar etmək və o problemə kömək etməkdir. Dünən bir xəstəm mənə müraciət etmişdi. Müəyyən bir onkoloji xəstəlikdən şübhəsi var idi. Ona yoxlanmağı məsləhət bildim. Həmin xəstənin anasında xərçəng var idi, biz onu əməliyyat etmişdik, indi hər şey nəzarətdədir. Bu səbəbdən onun da yoxlanmasını istədim. Əlamətləri hiss etmədiyini deyəndə, bildirdim ki, əlamətləri hiss edəndə artıq gecikmiş olursan. Çünkı onkoloji xəstəlik müəyyən bir mərhələyə çatana qədər özünü biruzə vermir. Ona görə də, bütün dünyada qəbul olunub ki, insanlar skrininq olsunlar. Xüsusilə, endoskopik müayinələr üçün 40 yaş başlanğıc yaşdır. Əgər birinin heç bir şikayəti yoxdursa, mütləq 40 yaşdan sonra müayinə olunmalıdır. Onkoloji xəstə artıq şikayət edirsə, o, artıq gecikmiş deməkdir. "Mənim heç bir yerim ağtımır" deməklə deyil, əgər təkcə bir qidaya qarşı ikrah hissi əmələ gəlirsə, bu artıq özü ciddi bir gecikmə deməkdir. Xəstənin ağrısı, öyüməsi varsa, hansısa qidalara qarşı dözümsüzlüyü varsa, artıq biz gecikmişik deməkdir. Ümumiyyətlə, dünyanın çox az ölkəsi var ki, orada insanlar skrininq olurlar. Onlardan biri də Cənubi Koreyadır. Mən orada kurs keçəndə şahidi olmuşdum ki, orada skrininq proqramı var. Hər il bütün əhali skrininqdən keçir. Bu addım Cənubi Koreya, Çili, Yaponiya və Venesuelada tətbiq olunur. Faktiki olaraq bu ölkələrdən başqa skrininq heç bir ölkədə yayılmayıb. Halbuki vaxtında ortaya çıxan problem həyat qurtarır. Xəstə gecikmiş olanda isə biz artıq ona yalnız palliativ yardım edə bilirik, problemi kökündən həll edə bilmirik. Bunun səbəbkarı isə həkim deyil, pasientdir. Düşünün ki, mədə xərçəngi bütün xərçəng xəstəlikləri arasında dünyada 4-cü yeri tutur.
- Mədə-bağırsaq sistemində olan ağrıların aradan qaldırılması üçün insanlar ya kiminsə məsləhəti ilə dərman preparatları qəbul edirlər, ya da ki, türkəçarələrdən istifadə edirlər...
- Məsələn, yanımıza xəstələr gəlirlər və deyirlər ki, uzun müddətdir kartof suyu içirdim, tum yeyirdim keçirdi. Mən sizə bir hadisə danışım. Bir xəstə var idi, gələndə demişdi ki, "Tum yeyirdim, mədəmin ağrısı keçirdi". Mən də "Əgər keçirdisə, indi niyə onunla müalicə etmirsən?" deyə soruşanda dedi ki, "Artıq keçmir". Müayinədən sonra məlum oldu ki, o artıq gecikmiş mədə xərçəngidir. Sadə bir misal verim. Maşınımızın bir yerində problem olsa, sürmürük ki, birdən yolda nəsə hadisə baş verər. Halbuki bu, o deyil. Bəzən nəyisə gecikdirə bilərik, ancaq bir ayın belə hökmü var. Biz xərçəngi dərəcələrə bölürük. Əgər xəstəlik erkən mərhələdə yayılmayıbsa və qan-damar sisteminə düşməyibsə, sən ona müdaxilə edə və heç xərçəng olmamış kimi xəstənin həyatını qurtara bilərsən. Amma olduğu orqandan ətrafa yayılıbsa, qonşu orqanlara sirayət edibsə, burada vəziyyət çox ağırdır deməkdir.
- Əlavə etmək istədiyiniz hər hansı bir şey varmı?
- Sağ olun ki, gəldiniz. Bu mövzu çox uzun mövzudur. Günlərlə danışıb qurtarmaq olmaz. Heç bir şikayətimiz bizə kiçik görünməməlidir. Bunu ancaq mütəxəssis bilə bilər ki, hansı əlamət ciddidir, hansı yox. Çünki xəstə üçün yüngül olan əlamətlər ağır, ağır görünən əlamətlər isə yüngül ola bilər. Misal üçün kiminsə nevrotik problemləri var, kiminsə depressiyası var, kiminsə başqa bir problemi var. Adam var, gəlir və kiçik bir şeyi böyük bir şey kimi təqdim edir. Düşünür ki, o elə danışanda bunu mənə qəbul etdirəcək. Biz onlara sakitləşdirici veririk və deyirik ki, get, bir həftə sonra gələrsən. Onda gələndə isə onun problemi artıq böyük yox, kiçik olur. Təbii ki, bunun əksi də olur və xəstə böyük problemini kiçik problem kimi göstərir. Məsələn, deyir ki, yemək yeyəndə arabir ilişir. Halbuki, bu kifayət qədər ağır patologiyanın ifadəsidir. Onda dərhal endoskopiyanı məsləhət görürük. Çünki bu göstərici udlaq və ya mədə xərçənginin əlaməti ola bilər. Bir sözlə, hər kəs əlamətlərə ciddi yanaşmalı və vaxtında müayinələrə getməlidir.
Dr. Habil Hüseynov
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Həkim Qastroenteroloq Endoskopist
Telefon 050 361 12 63
Instagram dr_habil_huseynov instaqram
Aygün Zayıdova