Hacı Zeynalabdin Tağıyev Azərbaycanda, hətta, dünyanın bir çox ölkəsində həm xeyriyyəçi, həm də milyonçu kimi tanınan şəxslərdən biridir. O, 1823-cü (bəzi mənbələrə görə isə 1838-ci) ilin 25 yanvarında Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Atası həmin ildə Zeynalabdini bir bənnanın yanına usta köməkçisi qoyur. 12 yaşına çatanda o artıq daş yona bilir, 15 yaşında isə bənnalıq etməyə başlayır.
Bir müddətdən sonra Bakıda tikinti ustası, hətta tikinti təşkilatçısı kimi tanınmağa başlayır. Tağıyev artıq 20 yaşında müəyyən qədər vəsait toplayaraq tikinti və daşyonma işləri təşkil edir.
Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı dünyaya gəlir. Oğlanlarının adları İsmayıl və Sadiq, qızının adı isə Xanım idi. İkinci həyat isə yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini qurur.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulanda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürür və buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmır. Ortaqlar artıq bu işi buraxmağa başlayırlar. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla neft axtarmaqda davam edir. 1878-ci ildə dörd quyudan birində neft fontan vurur. Bu hadisə həmin andan H. Z. Tağıyevin şirkətini neft sahəsində qabaqcıl müəssisələr sırasına çıxarır və o, artıq azərbaycanlı milyonçulardan birinə çevrilir.
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. 1900-cu ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açır. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə pambıqtəmizləmə zavodu tikdirir.
1899-cu ildən H. Z. Tağıyev enerji sektoruna da qoşulur. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü" səhmdar cəmiyyətinin qurulmasına gətirib çıxarır. Burada Tağıyev sədr müavini vəzifəsində işləyirdi. Artıq XX əsrin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda bu səhmdar cəmiyyətin balansında iki elektrik stansiyası var idi.
O, 1895-1897-ci illər arasında şəhərin mərkəzində böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyantinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır. Hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır.
H. Z. Tağıyev həmçinin, Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdü.
1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəyir. Tağıyev Bakı Dövlət Universitetinin qurulması üçün də külli miqdarda vəsait ayırır.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda evlənən Sona xanım təhsil ala bilməmişdi. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Bina 1898-ci ildə tikilməyə başlayır, 1900-cü ildə isə hazır olur.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır.
Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırır. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının çox olmasından uzanırdı.
Ancaq Çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir və yalnız bundan sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə başlayır.
Bəzi məlumatlara görə, Tağıyevin ən yaddaqalan xeyriyyə işlərindən biri Pakistanda pandemiyaya görə edilən yardımdır. Hacı Zeynalabdin Tağıyev 20-ci əsrdə Pakistanda yayılan pandemiyaya şəxsi vəsaiti hesabına yardım göndərir. Bu yardım görə çox sayda insan xəstəlikdən xilas olur. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Hacı Zeynalabdin Tağıyevin illər əvvəl etdiyi yardım barədə danışdı və pakistanlıların Tağıyevi həmişə ehtiramla yad etdiklərini bildirdi:
"Bəli, mən özüm də şəxsən pandemiyaya qarşı vaksin göndərən bu böyük xeyriyyəçi barədə çox eşitmişəm. Deyilənə görə, onun göndərdiyi vaksin indiki Pakistan ərazisində yaşayan çox sayda insanın həyatını xilas etmişdir. Mən düşünürəm ki, burada əsas səbəblərdən biri həmin ərazidə müsəlmanların yaşamasıdır. Bu, cənab Zeynalabdin Tağıyevin uzaq diyarda yaşayan müsəlmanlara olan sevgisindən irəli gəlmişdir. Biz də hər zaman bu xeyirxah addımı yüksək qiymətləndirmişik".
SSRİ-nin 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət dəyişir. İnsanların mülkləri əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına istiqamətlənir. Yerli əhalinin xahişi və yeni hakimiyyətin rəhbərlərindən Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında (digər mənbələrə görə isə 86 yaşında) vəfat edir.


Rəvan Məmmədov