"AKTYORLUQ SƏNƏTİNƏ GƏLƏNLƏR BİLSİNLƏR Kİ, BU SƏNƏT ÇOX AĞRILI, ÇOX ÇƏTİN BİR SƏNƏTDİR" 

Ruslan Yusibov 

Növbəti müsahibimiz Nurəddin Mehdixanlıdır. 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulan Nurəddin Əzulla oğlu Quliyev Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, "Şöhrət" ordeni laureatıdır. Onunla teatr, aktyorluq sənəti və cəmiyyətdəki bir çox problemlərdən danışdıq... 

- Nurəddin müəllim, xoş gördük sizi, necəsiniz, işləriniz necədir? 
- Yaxşıdır, çox sağ olun. Bilirsiniz, Mədəniyyət Nazirliyi Operativ Qərargaha müaricət etdi, teatrlarımız açıldı. Əvvəllər bütün zal dolurdusa, indi ancaq yarı zalla fəaliyyət göstərə bilirik. Tamaşalarımızı göstəririk, Tamaşaçılara da təşəkkür edirəm, hər tamaşanın sonu böyük alqışlarla bitir. Görünür, biz onlardan ötrü darıxdığımız kimi, onlar da bizim üçün darıxıblar. Tamaşaçılarımızın 60 faizindən çoxu gənclərdir, bu sevindirici haldır. Teatr sənəti çox qədim sənətdir. Teatr sənətinin yaşı insanların yaşı qədərdir. Teatr sənəti haqqında böyük dahilərin çox böyük sözləri var. Qədim yunan tarixçisi Herodotun çox gözəl bir sözü var: "Əsl şəhər o şəhərdir ki, orada teatr var". Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə teatr haqqında belə deyir: "Teatr bir millətin mədəniyyət aynasıdır". Böyük teatrsevər, teatrın hamisi Heydər Əliyevin də teatrla bağlı çox gözəl sözü var: "Azərbaycan teatrı bizim milli sərvətimizdir". Hər şeydən əvvəl isə teatr tamaşaçı üçün tək başına qalmaq yeridir.

- Bəs sizin üçün teatr nədir?
- Bura elə bir yerdir ki, 500- 600 nəfər eyni zala yığışıb baş verənləri özünəməxsus şəkildə yaşayırlar. Eyni anda ağlayırlar, eyni anda gülürlər, eyni anda sevinirlər. Aktyor sənəti insanları özünə tanıdan bir sənətdır. Aktyorluq sənətinə gələnlər bilsinlər ki, bu sənət çox ağrılı, çox çətin bir sənətdir. Sənin sağlamlığını, gəncliyini, özün üçün yaşamaq arzunu əlindən alır, əvəzində verdiyi tamaşaçı sevgisidir, şöhrətdir. Əsl mənada aktyor olmaq istəyən tarixçi olmalıdır, filoloq olmalıdır, dilçi olmalıdır, rəssam olmalıdır, bəstəkar olmalıdır, alim olmalıdır, filosof olmalıdır, psixoloq olmalıdır. Aktyor inkişaf etdikcə, kamilləşdikcə müdrikləşməlidir. Bu sənət dünyanı, insanı öyrənmək sənətidir. Aktyor bütün ömrü boyu başqalarının taleyini yaşayır. Bütün bunlar aktyorun sağlamlığına, psixikasına təsir edir. Bu sənət xəyanəti sevmir. Əgər xəyanət etsən, səni elə yandırar ki, heç külün də qalmaz. Mən də kənd uşağıyam, orada böyümüşəm. Mən müəllim olub kənddə də qala bilərdim, həkim də ola bilərdim. Amma elə oradakı insanlar tərəfindən bilinəcəkdim. İndi o kənd uşağı, o vaxt bura gələn 16 yaşlı Nurəddin, artıq Nurəddin Mehdixanlıdır. Xalq artistidir, mənsub olduğu xalqın artistidir, Dövlət başçısının fərdi təqaüdçüsüdür, "Şöhrət" ordeni alan aktyordur.

- Nurəddin müəllim, keçmişdə çəkilən filmlər, o dövrün aktyorları tam başqa idi. İndi sanki həmin dadı ala bilmirik...
- Mən sovet rejiminin əleyhinə olan adamam. Ancaq o dövrün verdiyi müsbət nəticələr də var. Amma görün, biz o dövrdə kimləri qazanmışıq. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Rəşid, Behbudov, Bülbül, Müslüm Maqomayev, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Barat Şəkinskaya və digərləri. Ədəbiyyat sahəsində Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz... O vaxt sənə stimul olsun deyə, fəxri adlar verilirdi. Dövlət sənin əməyinə dəyər verirdi. O ənənə hələ də davam edir. Bəzən deyirlər ki, bu kimi adlar və sair filan ölkədə yoxdur. Amma o ölkədə aktyorun aldığı pul o qədər böyükdür ki, o da stimulunu oradan alır. Biz indi, düzdür, bəzi məsələlərimizi tam həll edə bilmirdik. Bütün gücümüzü işğal altında olan torpaqlarımıza yönəltmişdik. Ancaq indi torpaqlarımız azaddır. Mən inanıram ki, bundan sonra artıq çox şey dəyişəcək.

- Nurəddin müəllim, söhbət düşmüşkən, indi bəzi sənətçilərin Xalq artisti adını alması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi aktyorlar isə illərdir fəaliyyət göstərdiklərindən, ancaq ad ala bilmədiklərindən şikayət edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Əgər mənim maddi vəziyyətim aşağıdırsa, qazandığım pulla gedib özümə mənzil ala bilmirəmsə, dövlətin verdiyi ad onun əvəzinə bir stimuldur. O fəxri adın altında dövlət başçısının imzası var, bunu heç kəs unutmasın. Bu sadə bir məsələ deyil. Yaxşı olardı ki, bunu layiq olanlar alsınlar. Layiq olmayanlara bu adları verənlər kimlərdir axı?! Onlar başqa ölkədən, başqa yerdən gəlmirlər axı! Onlar da bizdəndir. Haqla nahaqqın yerini bilmək lazımdır. Layiq olmayana nəyisə vermək o millətə, o dövlətə qarşı olmaqdır. O millətin, o dövlətin dəyərlərinə qarşı olmaqdır. Ya bilərəkdən, ya da nadanlıqdan. Bunun başqa adı yoxdur. Açığını deyim, yaradıcılıq tərcümeyi-halını ortaya qoyanda heç bir uğuru olmayanlar da ad istəyirlər. Sən istəyə bilərsən, o başqa bir şeydir. Sən işini gör, qoy özləri o adı sənə versinlər. Yaxşı aktyor olsan, səni görəcəklər. Bax, qarşınızda olan Nurəddin Mehdixanlı kimi. Heç vaxt yaxınlaşıb, "Bu rolu mənə verin" demədim. Heç vaxt zəng edib, "Mən bunu istəyirəm" demədim. Bunu tam səmimiyyətimlə, tam məsuliyyətimlə deyirəm. Haqsızlıqlar olmadımı? Oldu. Amma haqqı görmək istəyənlər gördü.

- Bayaq adlarını saydınız, bir çox böyük sənətkarlarımız var, ancaq onları efirlərdə tez-tez görmürük...
- Təbiətdə qabarma-çəkilmə deyilən bir şey var. Yadınızdadırsa, bir vaxtlar Xəzərin suyu çəkilib getmişdi. Yerində restoranlar və sair tikmişdilər. Hətta digər çayların suyunu Xəzərə axıtmaq istəyirdilər. Sonra nə oldu? Xəzər elə bir şəkildə geri qayıtdı ki, onun yerinə, yurduna sahib çıxanların hamısını tapdaladı. Çərxi-fələk deyilən bir şey var. Biri qalxır, o biri enir. Vaxtı gələndə deyirlər ki, artıq sənin enmək növbəndir. 21-ci əsrə türkün əsri deyilir. Allah dünyanın hər yerinə ədalət aparan türkü yenidən qaldırdı. Kim burulğandan çarpışıb çıxmaq istəsə, o batacaq. Amma kim qorxmadan dənizin dibinə enib yenidən qalxmaq istəsə, o qalib gələcək.

- Sevilən, peşəkar bir teatr aktyoru olmaq üçün nə etmək lazımdır?
- Bir addım irəlidə olmaq istəyirsənsə, daha çox bilməli, daha çox məlumatlı olmalısan. Çünki sənin qarşındakı tamaşaçı dünyadan xəbəri olan adamdır. Bu günkü aktyorun qarşısında çox böyük problem dayanır. O, tamaşaçını teatra gətirsin. O, tamaşaçı üçün maraqlı olsun. Bəs, bunun üçün nə olmalıdır? Aktyor zəmanəsini qabaqlamalıdır. İstər mütaliəsi ilə, istər savadı ilə, istərsə də intellekti ilə... O zaman sən tamaşaçını teatra gətirə bilərsən. Amma sən boş olanda, yüksüz olanda, yola verəndə yaxşı olmur. O da səni elə yola verir ki, heç ruhun da incimir.

- Bəzən teatr barədə müxtəlif fikirlər səsləndirirlər, çox az adamın getdiyini və sair deyirlər. Bu haqda fikirlərinizi öyrənmək istərdik...
- Teatr haqqında ən çox danışanlar elə teatra gəlməyənlərdir. Sən əgər ömründə bir dəfə də olsun, teatra gəlməmisənsə, sənin bu barədə danışmağa haqqın yoxdur. Sən sadəcə olaraq, qeybətçi, paxıl, xudpəsənd, ancaq mədəsi üçün yaşayan adamsan. Biz mənəviyyat adamları üçün yaşayırıq. İstəyirik ki, cəmiyyətimizdə bu cür adamlar çox olsun. Bu millətin inkişafı deməkdir. Ancaq soruşanda ki, axırıncı dəfə nə vaxt teatrda olmusan, cavab verir ki, 10 il qabaq. Əgər sən 10 il qabaq teatrda olmusansa, orada hansı tamaşaların oynanıldığını bilmirsənsə, xəbərin yoxdursa, niyə bu barədə danışırsan. Tam səmimiyyətlə deyirəm, son 6 ildə Akademik Milli Dram Teatrının tamaşaçı problemi yoxdur. Tamaşalarımız var, ancaq biletlər satılıb, bilet yoxdur. Belə olan halda sən necə deyə bilərsən ki, teatr yoxdur? Elə insanlar Cəlil Məmmədquluzadə demişkən getsin, səhər tezdən dursun, bozbaşını yesin yatsın.

- Bu gün teatrda böyük sənətkarların oynadığı tamaşaları və televiziyada efirə çıxan sadə komediya proqramlarını yan-yana qoysaq, həmin proqramların daha çox tamaşaçı kütləsi olduğunu görərik. Sizcə, bunun səbəbi nədir?
- Təbiət təbiətdir ki, dörd fəsildən ibarətdir, bir fəsildən ibarət deyil. Qışı var, yayı var, yazı var, payızı var. Bu mənada da yaxşısı var, pisi var, əyrisi var, düzü var, yerində olan var, yerində olmayan var... Bir sözlə, fərqliliklər var. Fərqliliklərdən qorxmaq lazım deyil. Qaranlıq olmasa, işığın fərqini bilmərik, əyri olmasa düzün fərqini bilmərik, doğru olmasa, yalanın fərqinə varmarıq, yaxşı olmasa, pisin fərqinə varmarıq. Orada zəif də olacaq, ortabab da olacaq, yaxşı da olacaq. Və bir də tamaşaçının seçimi məsələsi var. Hər kəs öz beyninə, öz düşüncəsinə, öz səviyyəsinə görə seçim edir. Çox təssüf ki, bu gün təbliğat aparılır ki, guya reytinq əldə etməkdən ötrü mütləq tərbiyəsiz olmaq lazımdır, abırsız olmaq lazımdır. Halbuki yanlışdır, həm də kökündən yanlışdır. Bunun özü də bir oyundur. Bunun özü də millətin mənəvi dəyərlərinə, əxlaq sisteminə qarşı bir oyundur. Əgər bu qloballaşan dünyada, millətlər, xalqlar arasında sərhədlərin itəcəyi bir dünyada mənim özünəməxsusluğum olmayacaqsa, mən o dünyanı istəmirəm. Mən özüm olaraq qalmaq istəyirəm. 

- Siz cəbhəyə də getmişdiniz. Əsgərlərimizlə görüşmüşdünüz. Təəssüratlarınızı bölüşmənizi istərdik... 
- Mən cəbhə bölgəsində olmuşam, orada əsgərlərimizlə danışmışam, söhbət etmişəm. Bu müharibə bizi birləşdirdi. İnsanlar oğullarımızı döyüşə aparan maşınların təkərlərini öpürdülər. Bu dəyərlər bizi birləşdirdi. O ordu Azərbaycan ordusu idi. Və o ordunu aparan Ali Baş Komandan idi. Amma bu qələbənin ünvanı əsgərlərimizdir. Bu birlikdən möhkəm yapışmalıyıq. Bizi ayırmaq istəyənlərə imkan verməməliyik. O üçrəngli bayrağın dalğalanacağı hələ çox yerlər var. 

- Qələbəmizin bir ünvanı da təbii ki, Azərbaycan gəncliyidir...
- Şübhəsiz... Halbuki Azərbaycan gəncliyi üçün nələr deyirdilər? Onlar mənasız işlərlə məşğuldırlar. Onlar mənasız verilişlərə baxırlar. Bəs nə oldu? Həmin o gənclər ölümün üzərinə gülə-gülə getdilər, uça-uça getdilər, milləti, dövləti, bayrağı xilas etdilər. Millətin başını ucaltdılar. Dünya öz oyunlarını oynaya bilər, ancaq biz də öz oyunlarımızı oynamalıyıq, biz özümüzü qorumalıyıq. Bir millətin özünü qoruma instinkti var. O lazım olan anda işə düşür. Onun işə düşməsi üçün də nə edəcəksən? Millətin keçmişini təbliğ edəcəksən, tarixini öyrədəcəksən. Ona görə də, öyrəniləsi çox şey var. Azərbaycan gəncliyi bulvarda qulağı sırğalı, saçı rəngli gəzənlər deyil, Azərbaycan gəncliyi milli ordumuzda xidmət edənlərdir, dünyanın ən irəli getmiş universitetlərində oxuyanlardır. Və Azərbacan gənci sübut etdi ki, mən varam, mən meydandayam. Bu torpaq üçün, bu millət üçün ölməyə də, öldürməyə də hazıram. Mən optimist adamam. Mən 10 il bundan qabaq da bunu deyirdim, 5 il bundan qabaq da bunu deyirdim və yenə də təkrar edirəm, mən Azərbaycanın gəncliyinə inanıram. Ona görə də, millət olaraq mayamız sağlamdır.