Klassik ədəbiyyat bədii ədəbiyyatın təməl daşı, nüvəsi, mayasıdır. Oxuduğum yüzlərlə kitabın arasında nə qədər müasir yazıçıları oxusam da, üstünlüyü yenə klassik ədəbiyyata verirəm. Bu dəfəki kitabımız XX əsr Amerikan ədəbiyyatına damğasını vurmuş, qısa vaxtda bir çox ölkələrdə yayılmış, böyük söhrət qazanmış və dünya klassikasına çevrilimiş "Qəzəb salxımları" romandır.
Con Steynbek yazıçı olana qədər bir çox kiçik işlərdə işləmiş, daim aşağı təbəqədən olan insanların əhatəsində yaşamışdır. Bu, onun yaradıcılığına da öz təsirini göstərmişdir. "Qəzəb salxımları" Böyük böhran dövründə kapitalizmin səbəb olduğu yoxsullaşma, müflisləşmə zamanı sadə insanların həyat mübarizlərindən bəhs edir.
Əsər geniş təbiət təsvirləri ilə başlayır. Coudlar ailəsinin böyük oğlu Tom həbsdən çıxmış, evinə yollanır. Qarşılaşdığı mənzərə qarşısında sarsılır. Kənd boşalmış, evlər sökülmüş, əkin sahələri bomboşdur. Artıq bu torpaqlar onların deyil, bankındır. Bank isə insanları öz ev-eşiklərindən qovur. Torpaq onun üçün alın təri tökən insanlardan alınaraq ruhsuz traktorlara, dəmir əjdahalara verilmişdir. İndi tərk etmək növbəsi Coudlarındır. Onlar hər şeylərini sataraq 6 nəfərlik köhnə yük maşını alıb 12 nəfərlə yeni həyata doğru Kaliforniyaya yola düşürlər. Kaliforniya haqqında bildikləri isə yalnız iş elanlarından oxuyub gördükləridir. Portağal, üzüm, şaftalı bağları, bəyaz evlər, bolluq, yaxşı gəlirli iş...
Yük maşını 66-cı şose ilə yoluna davam edir. Yol boyu insanların aclıq, səfalət dolu çadırlarını, alaçıqlarını görürlər. Bəlli olur ki, iş dalınca qərbə gedən təkcə Coudlar deyil, minlərlə insandır. 66-cı şose onlardan ailə böyüklərini, doğulmayan uşaqlarını, sağlamlıqlarını, ümidlərini, qürurlarını almışdır.
Qərbə doğru getdikcə köçəriliyə daha çox uyğunlaşmış, təcrübəli ailələr bir-birilərinə kömək edir, kofelərini, çörəklərini, aclıqlarını, qorxularını bölüşürlər. Əkilməmiş torpaqlar onların qaşıq səsinə yığışan uşaqlarına qarşı cinayətdir.
Əsərdə ayrı-ayrılıqda bir çox məsələyə toxunulmuşdur. Azadlıq, mübarizlik, insan hüquqları, ailə məfhumu, qürur anlayışı, din və s. Həmçinin, əsərdə hər bir obraz orijinaldır: öz torpaqlarından çıxmaq istəməyən qoca nənə, baba, mübariz və ədalətli Tom, insanlara duaları ilə ümid verən, fikirləri ilə yol göstərən vaiz Keysi, daim narazı, ərkəsöyün Roza, dəliqanlı El və s. Mənə ən çox təsir edən isə Missis Coud, yəni, Ana obrazı oldu. Biz burada bir qadının, bir ananın ailə üçün nə demək olduğunun şahidi oluruq. Ən çətin anda belə ailəsini bir arada tutan, hər şəraitdə onları yedirən, geydirən, yeri gələndə ağır işlərdə kişilərə kömək edən, ağıllı qərarlar verən, çətinliklərdə məğrurluğunu itirməyən Ana. Missis Coudun cüssəsi kimi xarakteri də əzəmətlidir. Ölən ailə böyüyünün yanında səhərə qədər oturarkən, Tom üçün gizlincə yemək apararkən, doğuş zamanı Rozaya ürək-dirək verərkən onun gücünə heyran olmamaq mümkün deyil.
Tom ailənin böyük oğludur. O da anası kimi böyük iradə və güc sahibidir. Kaliforniyada bütün günü işləyən ailənin yalnız bir şam yeməyinə yetəcək qədər pul qazana bilməsi onu dərindən sarsıdır. İşçilərin aldadılması, iş verənlərin onları alçaltması, təhqir etməsi, ərzağın baha satılması, günbəgün azalan əmək haqqı... Tom üsyana qalxmaq istəyən işçilərə qoşulur. Lakin asayişi qoruyan, əslində isə çaxnaşma yaratmaqdan başqa işləri olmayan polislər onlara hücum edir. Tomun anası ilə son görüşündə dediyi sözlər isə bütün əsərin ideyasını, canını ifadə edir: "Hara baxsan, oradayam mən. Ac-yalavaclar bir parça çörək naminə ayağa qalxsa, mən onlarlayam. Polismen harada dəyənəyə əl atsa, mən oradayam... Uşaqlar acıb evə qaçan vaxt mən də onlarla birlikdə sevinəcəyəm ki, şam yeməyi hazırdır. Xalqımız özü əkib-becərdiyi çörəyi yeyib, özü tikdiyi evdə yaşadığı zaman mən də orada olacağam".
Orijinallığı ilə seçilən digər obraz isə vaiz Keysidir. Coudlar onu da özləri ilə Kaliforniyaya aparırlar. Baba ilə nənə canlarını tapşıranda, kimsəsizlər kimi dəfn ediləndə Keysi ailənin ən böyük dəstəkçisi idi. Yeri gələndə öz duaları, moizələri ilə insanlara ümid verən, onlara yol göstərən Keysi yeri gələndə əlinə silah alır, bu insanların hüquqlarını müdafiə edirdi.
Müəllif əməyi və əməyə sevgini, insanın torpağa, ailəyə bağlılığını elə gözəl təsvir etmişdir ki... "İnsan karbon, duzlar, su və kalsiumdan ibarət deyil. Bunların hamısı onda var, lakin o nə isə daha böyük, çox-çox böyük bir şeydir və torpaq da - onun kimyəvi tərkibindən dəfələrlə mühümdür."
Torpaq insan üçün nədir? Onun evidir, məbədidir, ruzisidir, azadlığıdır, gələcəyidir, ailəsidir, soy köküdür. Torpağı əlindən alınan Coudlar ailəsi kimi minlərlə insan torpaqsız yollara sürüklənmişdir. Minlərlə insanın timsalında Coudların Kaliforniyada qarşılaşdıqları acı reallıq, onların çətinlikləri və mübarizələri sizə çox təsir edəcək.
Con Steynbekin 1939-cu ildə işıq üzü görən, Amerikada böyük səs-küyə səbəb olan "Qəzəb salxımları" romanı "Bədii kitab" nominasiyası üzrə Pulitzer mükafatına layiq görülmüşdür. Roman hazırda ABŞ-da kollec və məktəblərin dərs proqramlarına salınan nadir kitablardandır. Roman mənim də çox sevdiyim, hər kəsə tövsiyə etdiyim 10 klassik kitabdan biridir. Kitabı "Mənbə" kitab evindən əldə edə bilərsiniz.


Tükəzban Məmmədli