Azadə Xankişiyeva: "ALES-im var, qəbul ala bilərəm" düşüncəsi yanlışdır"
Bu gün bir çoxumuz ali təhsilimizi müxtəlif ölkələrdə alaraq davam etdirmək istəyirik. Bir çox hallarda seçimimiz dini, dili, dəyərələri bizə yaxın olan Türkiyə olur. Türkiyədə magistr təhsili deyən kimi isə ilk ağlımıza gələn ALES imtahanı olur. Yaxşı, bəs gəlin görək, Türkiyədə magistr təhsili almaq üçün ALES-in əhəmiyyəti nə qədərdir? Mövzu ilə əlaqədar ALES-ə hazırlıqda riyaziyyat fənni üzrə mütəxəssis Azadə Xankişiyeva ilə həmsöhbət olduq...
- ALES imtahanı nədir? Bu imtahan nə üçün verilməlidir?
- ALES-in öz açıqlaması var - Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı. Bunun qısaldılmış formasına ALES deyirik. İmtahan ÖSYM (Ölçme, Seçme ve Yerleştirme Merkezi) tərəfindən həyata keçirilir. Bu imtahan nə üçün verilməlidir? Yüksek lisans, yəni magistratura, doktorantura oxumaq istəyən tələbələr və ya akademik işçi olmaq istəyənlər üçün lazımdır. Düzdür, ALES imtahanının nəticələrinə əcnəbi vətəndaşların daha az ehtiyacı var, amma türk vətəndaşları üçün demək olar ki, ölkənin çox yerində ALES imtahanının nəticələri çox vacibdir. İstər magistratura, istər doktorantura üçün bütün universitetlərdə bu imtahanın nəticələri məcburidir. TÜBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) özünə işçi götürmək istəyirsə, ya KPSS-ə (Kamu Personel Seçme Sınavı) baxır, ya da ALES nəticələrini əsas götürür. Hətta onlar öz tələbələrini xaricə göndərirlərsə, o halda da ALES tələb edirlər. TÜBİTAK-ın özünün xüsusi təqaüdü var, onu da ALES balına görə vermiş olur. ALES-in Türkiyədə əhəmiyyəti çox böyükdür. Bizim isə magistratura və ya doktoranturaya getmək, ya da orada qalaraq akademik işçi kimi fəaliyyət göstərmək istəyiriksə, onda ALES imtahanını verməyə ehtiyacımız var.
- İmtahanın sturkturu necədir? Hansı fənlərdən hazırlıq keçmək lazımdır? Hansı hallarda ALES imtahanı verilməyə bilər?
- İmtahan iki hissəlidir. Bir "sayısal" (riyazi) hissəsi var, bir də "sözel" (şifahi) hissəsi var. Ümumilikdə, 50 sual "sayısal"dan, 50 sual isə "sözel"dən verilir. "Sayısal"da məntiq və riyaziyyat sualları ikisi bir aradadır, bir az da riyazi məntiq düşünsək, yerinə düşər. "Sözel"də isə türk dili və türkcə məntiq sualları nəzərdə tutulur. Hər iki hissənin suallarının ümumi sayı 100-dür, imtahana verilən vaxt isə 150 dəqiqədir (2,5 saat). Səhvlər düzləri aparır. Bal vermə sistemi isə 3 hissədə hesablanır. Sturkturunda 1 "sayısal" var, 1 "sözel" var, 1 "eşit ağırlık" (bərabər ağırlıq) var. "Sayısal" sahədə imtahan verənlərə 75 faiz "sayısal"dan, 25 faiz "sözel"dən bal gəlir. Əksinə, "sözel"dən imtahan vermək istəyənlərə 75 faiz "sözel"dən, 25 faiz isə "sayısal"dan bal gəlir. "Eşit ağırlık"da isə 50 faiz, 50 faiz bal gəlmiş olur. Hamı eyni suallarla imtahan olunur. Burada nə üçün "sayısal", nə üçün "sözel", nə üçün "eşit ağırlık"lı suallar ayrı-ayrı hesablanır? Seçdiyiniz sahəyə görə. Məsələn, mən texniki bölmə seçirəmsə, məsələn, riyaziyyatı götürək, kompüter mühəndisliyini götürək, bunları seçirəmsə, o halda mənə "sayısal" bal vacibdir. Burada mənə riyaziyyat daha vacibdir. Məsələn, mən biznes sahəsini seçirəmsə və ya sənaye sahəsini seçirəmsə, təxminən bizdəki ikinci qrup kimi, o bölmələrdəki fakültələr üzrə oxumaq istəyirəmsə, onda "eşit ağırlık"lı olmuş oluram. Onda da hər ikisindən yaxşı yazmalıyam ki, balım da yaxşı olsun. Məsələn, psixologiya "eşit ağırlık"lıdır. Burada mütləq həm "sayısal"ım, həm də "sözel"im yaxşı olmalıdır. Əgər mən humanitar fənlərə verirəmsə, onda mən "sözel" sayılmış oluram, balım da ona görə hesablanmış olur. Bunu hər universitetin özündə də baxıb seçmək olar ki, mənim bölməm nədir? Və məndən ALES-in hansı hissəsi tələb olunur? Onların bölmələri bizdəkindən daha fərqlidir. Bu arada bütün universitetlərin hamısı xaricdən gələn tələbələrdən ALES tələb etmir. ALES balını daha çox texniki fənlər tələb edir və hər universitetin də öz saytında açıqlanmış olur. Yəni, əvvəlcədən universitetə müraciət vaxtı bildirilir ki, ALES balı tələb olunur, yoxsa yox? Xüsusilə, diplom müdafiəli bölmələrdə ALES tələb edilir. Amma diplom müdafiəsiz bölmələrə qəbul almaq mümkündür. Dediyim kimi, bizimkilərdən fərqli olaraq, onların universitetlərinin hər biri öz şərtlərini özləri qoyur.
- Bu imtahanın nəticəsi əsasən hansı ixtisaslar üzrə etibarlı sayılır?
- Ən çox texniki fənlərdə etibarlı olur.
- ALES hazırlığı necə olmalıdır və nələrə diqqət edilməlidir?
- "ALES hazırlığında nələrə diqqət etməliyəm?" Burada suallar bizim bildiyimiz riyaziyyat və türkcə suallarından daha fərqlidir. Bir də 100 suala 150 dəqiqə vaxt demək, sürətli olmaq deməkdir. Yəni, bu imtahana vaxt etibarı ilə çox vaxt ayrılmır. Nəzərə alsaq ki, sualların düşünülməsinə, qavranılmasına vaxt lazımdır, o halda bizə az vaxta çox sualı cavablandırmaq bacarığı da lazımdır. Bunun üçün çox məşq etmək lazımdır. Bir insan ALES-ə özü də hazırlaşa bilər. Ancaq onda da o, tez-tez imtahanlara getməli və özünü sınaqdan keçirməlidir. Ən çox da vaxt olaraq, bəlkə də, ən çox əhəmiyyət verdiyimiz məsələlərdən biri budur. Hazırlaşmaq üçün 6 aylıq bir müddətimiz varsa, bunun 2 ayını sırf praktikaya sərf etməliyik.
- İldə neçə dəfə ALES imtahanı vermək olar?
- ALES imtahanı il ərzində 3 dəfə olur. Pandemiya ilə bağlı isə 2021-ci ildə sadəcə olaraq 2 imtahan oldu. Adi halda isə ALES imtahanı standart olaraq ildə 3 dəfə keçirilir.
- İmtahan nəticəsi hər il yenilənməlidir, yoxsa bunun üçün müəyyən bir interval var?
- İmtahan nəticəsi 5 il qüvvədədir. Məsələyə "İmtahan nəticəm 5 il qüvvədədir" fikri ilə yanaşmaq da doğru deyil. Hər il imtahanın müəyyən ödəniş miqdarı var, onu ödəyərək istənilən vaxt yenidən imtahan vermək olar. Ən sonda universitetə müraciət edərkən hansı nəticə daha çoxdursa, onu da təqdim etməl olar. Tutaq ki, 5 dəfə imtahan vermişəm, amma ən yüksək balım 2-ci imtahanda olub, elə o balla da müraciətimi edə bilərəm.
- Türkiyədə magistr təhsili almaq üçün yalnız ALES nəticəsi kifayətdirmi? ALES imtahanının əvəzləyici imtahanı varmı?
- Xeyr. Bununla yanaşı bizim universitet ortalamamız da yüksək olmalıdır. Çünki ALES-lə yanaşı, bizim tələbələrdə, yəni əcnəbi tələbərdə ən çox baxılan şey universitet ortalamasıdır. O yüksək olarsa, adi halda ALES balının etibarlılığı 55-dir və ALES balı 55-in üzərində olanda onların nəticəsi etibarlı olmuş olur. Amma universitetin özünün də qoyduğu standartlar var. Unıversitet hər bir fakültə üçün həm sənin ortalama balını götürür, həm də ALES balını götürür. Əgər dil sertifikatı istəyirsə, YDS (Yabancı Dil Sınavı) dediyimiz imtahan balından götürüb ortaq bir bal çıxarır və sənin o bölməyə düşüb-düşməməyinə qərar verir. Yəni, yalnız "ALES-im var, qəbul ala bilərəm" düşüncəsi yanlışdır. Mütləq şəkildə universitet oratlamamız yaxşı olmalıdır. Üstəgəl ala bilsək, dil sertifikatı. Hətta deyərdim ki, "eşit ağırlık"lı olan bölmələrin çoxunda ALES-dənsə, YDS imtahanları daha etibarlıdır və daha çox tələb olunur. Bunlara da diqqət etmək lazımdır. Bir də əlavə təbii ki, istəyən olarsa, GMAT (Graduate Management Admission Test - Lisansüstü Yönetime Geçiş Sınavı) və GRE (Graduate Record Examinations - Lisansüstü Kayıt Sınavları) imtahanlarını da verə bilər...
Aygün Zayıdova