Tarix - ibrətdir
Hər xalqın tarixində elə mühüm hadisələr var ki, heç vaxt unudulmamalı, hər il təkrar-təkrar araşdırılmalı və yaşanmış hadisələr kimin dost, kimin düşmən olduğunu unutmamaq üçün ağılda, yaddaşda canlı tutulmalıdır. Böyük mütəfəkkir Mehmet Akif Ərsoyun bu mövzuda etalon sayıla biləcək gözəl bir sözü var:
"Tarixi təkərrür deyə tərif ediyorlar,
Heç ibrət alınsaydı, təkərrürmü olurdu?!"
Beytin qısa mənası belədir: Deyirlər ki, tarix təkrarlardan ibarətdir, amma heç tarixdən ibrət alınsaydı, bir faciə yenidən təkrarlanardımı?!
Nə qədər də doğru təsbitdir. Tarix ona görə mühümdür, ona görə öyrənilməli və öyrədilməlidir ki, hər gələn nəsil öz keçmişini, kimin dost, kimin düşmən olduğunu bilsin, keçmişdə qalmış səhvləri təkrar etməsin və nəticədə, keçmiş faciələri bir daha yaşamasın.
Üstündən 32 il keçir, amma 20 yanvar hadisələri xalqımızın tarixində o qədər vacib, o qədər ibrətli mərhələdir ki, hər il təkrar-təkrar müzakirə olunmalı, tarixi gerçəklər gənc nəsillərə təbliğ edilməli, dost-düşmən açıq-aşkar göstərilməli, deyilməlidir. Doğrudur, siyasətdə daimi düşmən yoxdur, hər kəs mənfəətinin dostudur deyirlər, amma iki yüz ildir eyni mərkəzdən eyni ədavəti, eyni ögeyliyi görürsənsə, artıq bunu mənfəətlə ört-basdır etmək mümkün deyil. Səni inkişafdan qoymağa çalışır, haqqını-hüququnu tapdalayır, səni mərhələ-mərhələ yurdundan çıxarır, tarixi torpaqlarında düşmən dövləti qurur və nəhayət, haqqını tələb edəndə şəhərini, insanını tanklarla əzib keçirsə, avtomat silahlarla biçib tökürsə, bu tarix unudulmamalı, dərs kimi nəsillərə təbliğ edilməlidir. Unudulursa, Mehmet Akifin dediyi kimi, eyni faciələr təkrar-təkrar yaşanır.
Tarixə qısa səfər
XIX əsrdə tez-tez təkrarlanan Rusiya-Türkiyə, Rusiya-İran müharibələri ona gətirirdi ki, Volqaboyunda və Qafqazda yaşayan müsəlmanlar, xüsusilə də, türklər Anadoluya köç edir, Türkiyə və İran ərazisindən gələn erməniləri isə Qafqazda, xüsusilə də, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırırdılar.
Ermənistan kimi bir dövlətin necə qurulması və kimə sərf etməsi hər kəsə məlumdur. XX əsrin əvvəllərində Qafqazda ermənilərlə Azərbaycan türkləri arasında müharibə ara vermək bilmirdi. Rusiya ermənilərə hər cür imtiyaz verdiyi halda, Azərbaycan türklərini orduya belə almırdı ki, silah işlətməyi öyrənməsinlər, ermənilərə müqavimət göstərə bilməsinlər, savadsız və cahil qalsınlar. Əslində, bu müharibələr bir tərəfdən Rusiyanın "parçala, hökm sür" siyasətinin tətbiqi, bir tərəfdən də ermənilər üçün dövlət qurmağın, onu gücləndirməyin və genişləndirməyin mərhələləri idi. Təkcə onu demək kifayətdir ki, bu gün Ermənistan xəritəsi içərisində olan ərazilərin yarısından çoxu tarixi türk torpaqlarıdır. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə dünya dövlətləri tərəfindən qəbul edilmiş xəritəsində Zəngəzur Azərbaycan torpaqları kimi göstərilmişdir. İstər Çar Rusiyası olsun, istər Sovet Rusiyası, hamısı ermənilərin tərəfini tutmuş, hər münaqişəni onların xeyrinə həll etmişlər. Təsəvvür edirsinizmı, 1982-ci ildə Moskvanın tələbi ilə Qazax rayonu ərazisindən beş min hektar ərazimiz ermənilərə peşkəş edilmişdir. Dişində şirə qalmış, hər tarixi qarışıqlıqdan istifadə edib torpaqlarımızı ələ keçirmiş ermənilər Sovet İmperiyasının sonunun yaxınlaşdığını hiss etdikləri üçün bu dəfə də ən böyük arzularını həyata keçirmək, Qarabağı bizdən qoparmaq üçün hərəkətə keçdilər. Onlar bunun üçün Avropadakı, xüsusilə də, Fransadakı və Rusiyadakı havadarlarından dəstək alırdılar.
Təsəvvür edirsinizmi, ermənilər Azərbaycan əleyhinə silahlı müharibəyə başlayır və imperiyanın başında oturmuş Mixail Qorbaçov riyakar, ikiüzlü müraciətlərlə xalqları sülhə, münaqişədən uzaq durmağa çağırır. Halbuki, kimin haqlı, kimin haqsız olduğu gün kimi aydındır və ədaləti bərqərar etmək istəyən rəhbərin nə etməli olduğu iki vur iki qədər sadədir. Əslində, burada təəccüblü bir şey yox idi, sələfləri necə davranmışdılarsa, Qorbaçov da onları təkrarlayırdı, amma biz bunu bilmirdik, çünki sovet hakimiyyəti illərində tarixi həqiqətləri gizlətmiş, xalqlar dostluğu yalanları ilə bizi aldatmışdılar. Biz "Qardaş olub Hayastan, Azərbaycan" mahnısının sədaları ilə uyuyanda ermənilər bizimlə döyüşmək üçün sərmayə toplayırdılar.
İlk qığılcımlar
Ermənilərin Fransada fəaliyyət göstərən "Krunk" təşkilatının və eləcə də, Zori Balayanın çağırışlarından sonra 1987-ci ildə Xankəndidə ermənilər mitinqlərə və Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başladılar. O vaxt Qarabağ ermənilərinin rəhbəri olan Mamunts bu hadisələrə mane olmağa çalışmış və müəmmalı şəkildə öldürülmüşdü. Xankəndidə hadisələr getdikcə qızışır və idarəolunmaz hal alırdı. Erməni cəlladları növbəti addım kimi iki gənc soydaşımızı amansızcasına qətlə yetirdilər. Azərbaycan isə qətiyyətli addımlar atmaqda acizlik göstərirdi. Qarabağda olan rus qoşunları əmin-amanlığı bərpa etməli olduqları halda Azərbaycanı hadisələrdən kənarlaşdırır, münaqişənin inkişafı üçün lazım olan hər şeyi edirdilər. Bu ərəfədə Ermənistan sərhədləri içində olan iki yüz min soydaşımız da tarixi yurdlarından deportasiya edildilər. Bu az imiş kimi Qarabağda ermənilərin çoxluq təşkil etdiyi rayonlardan da soydaşlarımızın çıxarılması prosesi gedirdi. Ardınca da ermənilər Topxana meşələrini qırmağa başladılar. 1988-ci il noyabrın 17-də Bakıda Meydan hərəkatı başladı və qısa müddətdə Azadlıq meydanı dünyanın diqqət mərkəzinə çevrildi. Hər gün yüz minlərlə insan bu meydana axın edir, imperiya rəhbərliyindən ermənilərin qarşısını almağı tələb edir, əks təqdirdə Azərbaycanın Sovet İmperiyasından ayrılacağını dilə gətirirdilər. O günlər üçün bu cür çıxışlar ağlasığmaz hadisə idi. Bütün dünya ölkələri Bakıda baş verənləri izləyir və SSRİ adlı xalqlar həbsxanasının sonunun necə yaxınlaşdığını müşahidə edirdilər. Nəhayət, Qorbaçovun əmri ilə Bakıya qoşun yeridildi və dekabrın 5-də səhərə yaxın meydan xalqın əlindən alındı. Amma daha olan olmuş, xalq etirazını ifadə etməyin yolunu öyrənmişdi. 1989-cu il xalqımız dünyanın ən fəal xalqı kimi tarixə düşdü. Artıq imperiyanın digər respublikalarında, xüsusilə də, Gürcüstan və Baltikyanı respublikalarda milli-azadlıq hərəkatı yüksələn xətt üzrə inkişaf edirdi. İmperiya öz ömrünü uzatmaq üçün sərt tədbirlərə əl atmağa, ən fəalları cəzalandırmağa qərar verdi və bu qərarın ən ağır nəticəsi özünü Bakıda və Azərbaycanın bir çox şəhər və kəndlərində göstərdi.
...Və o gecə
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə imperiya qoşunları bir neçə istiqamətdən tanklarla və digər zirehli texnikalarla Bakıya soxuldular. Dinc əhaliyə silahlı divan tutan bu cəlladlar sanki insan deyil, vəhşi idilər. Gözləri qan çanağına dönmüş, saqqallı, xalqa nifrətlə baxan bu cəlladlar xüsusi təlim görmüş, heç kimə acımadan körpə uşağa belə atəş açacaq qədər amansız idilər. Silah səsləri, nalə, fəryad, tanklardan qalxan qara tüstü və qorxunc gurultu, küçələrdə axan qan, əzilib bir kənara atılmış maşınlar, tank tırtılları altında qalmış insan cəsədləri, yaralıları təhlükəsiz yerlərə daşıyan insanlar, ayaq altına səpilmiş saysız-hesabsız güllə gilzləri o gecənin yaddaşlarda qalan ən mühüm parçalarıdır.
O cəlladlar Bakıda və ətraf rayonlarda kütləvi qırğınlar həyata keçirdilər. O gecə Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sonrakı iki gündə də şəhidlərimizin sayı xeyli artdı. Deyilənə görə, o gecə Bakıya hücum edən cəlladlar arasında bir xeyli erməni də var imiş. 20 yanvar günü insanlar küçələrə axışdılar, hər kəs öz yaxınını axtarır, xəstəxanalara, morqlara baş çəkirdilər. Bakıda komendant saatı elan olunsa da, xalq hər cür təhlükəni göz önünə alaraq küçələrə axışır, imperiya cəlladlarına meydan oxuyurdular.
Dəfn
O günü unutmaq mümkün deyil. Xeyli məsləhətləşmələrdən sonra şəhidlərimizi o vaxta qədər Dağüstü Park adı ilə tanınan şəhərin ən yüksək və ən görkəmli yerində dəfn etməyə qərar verdilər. Bakının bütün küçələri qərənfil rənginə bürünmüşdü. Şəhid tabutları Azadlıq meydanından qaldırıldı və insan seli üzərində üzü yuxarı üzməyə başladı. Bakı nə o vaxta qədər, nə də ondan sonra belə bir izdihamı görməmişdi. Milyonlarla insan Azadlıq meydanından bugünkü Şəhidlər Xiyabanına qədər uzanan yola düzülmüş, şəhid tabutlarını qərənfillərlə, dualarla yola salırdı. Artıq bir həqiqət aydın görünürdü ki, bundan sonra imperiya Azərbaycana istədiyini diqtə edə bilməyəcək. Qazılan məzarlardan insan sümükləri çıxırdı və məlum oldu ki, 1918-ci ilin mart ayında erməni-rus cəlladlarının gülləsi ilə şəhid olmuş soydaşlarımız da burada dəfn olunublar. Beləcə, şəhid nəvələri şəhid babaların qucağında torpağa tapşırdıq.
20 Yanvarın mənaları
Uzun illər 20 Yanvarı matəm kimi yaşadıq. Elə indinin özündə də o gecənin yetim, dul qoyduğu insanlar, övladını itirmiş valideynlər o məzarların başında göz yaşı axıdırlar. Bəli, kim nə deyir-desin, 20 Yanvar kədəri bu gün yaşanır və hələ uzun illər boyu yaşanacaq. 20 Yanvara qəhrəmanlıq dastanı da deyirlər, bu da haqlıdır. Təpədən dırnağa qədər silahlanmış imperiya cəlladlarının qarşısına çıxmaq, yumruğunu sıxaraq azadlıq istəmək, əlbəttə, qəhrəmanlıqdır. 20 Yanvar qərənfil günüdür. O hadisəyə qədər sevənlərin əlini bəzəyən qərənfil 20 Yanvardan sonra bir damla şəhid qanının rəmzi kimi qəbul edildi.
Hər bir təklifə, düşüncəyə xoş baxmaqla yanaşı, biz 20 Yanvarın hər şeydən əvvəl bir məktəb olduğu qənaətindəyik. O gecəyə iki yüz illik bir tarix sığır. 20 Yanvar keçmişə baxsaq, nəticə; gələcəyə baxsaq, səbəbdir. 20 Yanvar elə bir ibrət məktəbidir ki, unudan onu bir daha yaşayar. 20 Yanvar haqq-nahaq savaşıdır; şəhidlik məktəbidir. 20 Yanvar hər sinifin dərsliyinə yazılıb təkrar-təkrar öyrədilməli ibrət məktəbidir.
Şəhidlik məqamı
Uca kitabımız Qurani-Kərimdə buyurulur ki, Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
Uca kitabımızın onlarla ayəsində şəhidlik və axirət həyatından bəhs edilir. Axirət həyatına inanmaq insanın kimliyini müəyyən edən ən mühüm faktorlardan biridir. Təbii ki, inananla inanmayan bir olmaz. Şəhidlik axirət sevdasıdır. Haqq yolunda can əmanətini sevə-sevə təslim etməkdir. Şəhidlik məktəbinin rəhbəri İmam Hüseyn bu yolda bütün sevdiklərindən keçməyin nümunəsi kimi tarixlərə işıq tutur. İmam Hüseyn sevgisi Məhərrəm ayında baş yarmaq deyil, onun kimi ədalətli, dürüst və haqq yolda dönməz olmaqdır.
Şəhidlik - fanini verib Baqiyə qovuşmaqdır;
Şəhidlik - can əmanətini ən yüksək mükafat qarşısında Sahibə geri verməkdir;
Şəhidlik - haqqa təslim olmaq və hər şeyin Sahibini tanımaq, Onun verdiyi əmanətləri etiraf etməkdir.
Şəhidlik - məcburi deyil, könüllü seçilmiş yoldur;
Şəhidlik - ölümün o üzünü görürmüş kimi yaşamaqdır;
Şəhidlik - özünü düşmən gülləsinin qarşısına atmaq deyil, bu intihar olardı, hər cür tədbiri aldığın halda Allahın sənə bəxş etdiyi xüsusi bir lütfdür;
Şəhidlik - Rəfiqi-Alanın rəğbətini qazanmaq, Rəhməti-Rahmana qovuşmaqdır;
Şəhidlik - tövbədir, arınmaqdır, sevməkdir, sevgisi yolunda fəda olmaqdır, bir dünya ilə döyüşəcək qədər güclü, ən başlıcası isə haqlı olmaqdır.
Şəhidlik mövzusunda ən gözəl ədəbi nümunələrdən birini qələmə almış istiqlal şairi Mehmet Akif Ərsoy "Çanaqqala şəhidləri" şeirində deyir ki, şəhidlər tarix yazırlar, amma özləri yazdıqları tarixdən də böyük olduqları üçün hansısa tarixə, zaman diliminə sığmırlar, əbədiyyət aləminin sakinləri olurlar. Şeir möhtəşəm bir sonluqla tamamlanır:
"Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər".
Yəni, şəhidin dünyada heç bir şeyə ehtiyacı olmaz, onun üçün məzarının olub-olmaması da vacib deyil, çünki şəhidi Peyğəmbər (s.ə.s.) bağrına basır, yeri Allahın (c.c.) mərhəməti içərisində, Allah Rəsulunun dizinin dibindədir. Bundan böyük mükafat olarmı?!
Son söz
2020-ci il noyabrın 10-da 44 günlük müharibə sonunda əldə etdiyimiz zəfər tariximizin ən parlaq səhifəsidir. Bu gün biz azad, müstəqil bir dövlətin vətəndaşlarıyıq. Bu günümüz üçün canından keçmiş bütün şəhidlərimizə, o cümlədən 20 Yanvar şəhidlərinə borcluyuq.
Bütün şəhüdlərimizə Allahdan rəhmət diləyir, hamısını sevgi ilə, rəhmətlə anırıq.
Əli Çərkəzoğlu