30 ildir ki, bu günü gözləyirdik. Ötən bu müddətdə bir daha əmin olduq ki, zalım güc görmədikcə haqqı yadına salmaz, yad da sənin üçün canına cəfa verməz. 25 ildir ki, həmsədr adlanan yadlar gəlirlər, yeyib-içirlər, deyib-gülürlər, sonra da "konfliktin həlli yolunda daha bir addım atdıqlarını" deyib gedirlər. Olan isə bizə oldu, minlərlə soydaşımız doğma yurd həsrətilə dünyadan köçdü, dağ kimi oğullar şam kimi əridilər, ərini itirmiş gəlinlər, yetim qalan uşaqlar yurd yerlərinə tərəf qəmli-qəmli boylanıb köks ötürdülər.
Torpaqlarımızı işğal edən, bir milyon soydaşımızı yurdundan didərgin salan erməni cəlladları isə döyüş zonasına yaxın kəndlərimizi atəşə tutur, sonra da "Azərbaycan tərəfi atəşkəsi pozur" deyə bizi günahkar çıxarmağa çalışırdılar. Doğrudur, bu vaxta qədər şanlı ordumuz bir neçə dəfə onların dərsini vermişdi, amma görünür, onlar özləri üçün lazımi nəticə çıxara bilməmişdilər. Amma bu dəfə hər şey çox fərqli oldu, özlərini dünyaya məzlum kimi göstərən tülkü xislətli ermənilər, qəzəbindən kükrəyən ordumuzun bu qədər qətiyyətli cavab verəcəyini gözləmirdilər. Biz hələ bu qədər qətiyyətli, bu qədər güclü, bu qədər əzmli görünməmişdik. Azərbaycan əsgərinin hünəri qarşısında vahiməyə düşən erməni dığaları əllərindəki silahı ataraq, döyüş meydanından qaçırlar. Biz bu günü çoxdan gözləyir, bu mənzərənin həsrətini çoxdan yaşayırdıq. Ona görə də, bir neçə kəndimizin işğaldan azad edilməsi xəbərini verən xanım diktor canlı yayında qəhərə boğuldu, göz yaşlarını tuta bilmədi.
Sentyabrın 27-də səhər saat 06.00-da ermənilər növbəti dəfə atəşkəsi pozdular və ordumuz onların dərsini vermək üçün əks-hücuma keçdi. Qısa müddət ərzində xeyli irəliləyən ordumuz bir çox kəndlərimizi azad etdi, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi. Ordumuzun qətiyyətli yürüşü qarşısında davam gətirməyən ermənilər ağır itkilər verərək, geri çəkilməyə məcbur oldular. Bu döyüşü sona qədər aparmaq, tarixi torpaqlarımıza üçrəngli bayrağımızı sancıb itirdiklərimizə sahib olmaq bizim təbii haqqımızdır. Qısa müddətdə dünya ictimaiyyətinin diqqəti Qarabağa yönəldi. Baş verənlərə şəxsi maraqları prizmasından yox, ədalətin, vicdanın gözü ilə baxan hər bir fərd, qurum, dövlət Azərbaycanın bu döyüşdə haqlı olduğunu qəbul etdi. Bu vaxta qədər BMT-nin ermənilərin Qarabağdan çıxmasını tələb edən 4 qətnaməsi var. Yəni, Azərbaycan ordusu öz torpaqlarını azad etməklə bərabər, həm də BMT-nin nüfuzunu ayaqlar altında tapdalanmaqdan qurtarır. Bunun üçün beynəlxalq ictimaiyyət Azərbaycana təşəkkür etməli, yardım göstərməlidir. Davam edən bu haqlı müharibə neçə igidimizi aramızdan apardı. Amma bir həqiqət var ki, haqlı olan tərəf döyüşdə ölsə, şəhid, qalsa, qazi olur. Şəhidlər isə heç vaxt ölmür.
Tarix boyu onun-bunun maşası olan, özünə yer edən kimi qonşusunun həyatını zəhərə döndərən və hər dəfə öz ağaları tərəfindən cəzalandırılaraq, bir müddət yoxa çıxan ermənilər iki yüz ildir ki, yeni ağalarının himayəsi ilə bizim dədə-baba torpaqlarımızda özlərinə yurd-yuva salmış, dövlət qurmuşlar. Fürsət düşdükcə də ağalarının himayəsi ilə daha çox torpaq əldə etmək istəyirlər. Təsəvvür edin ki, bu qondarma dövlətin bu gün Azrəbaycana da, Türkiyəyə də, Gürcüstana da torpaq iddiaları var. Torpaq isə qanla verilir, qanla alınır. Bir cəmiyyət, bir xalq, bir dövlət öz torpağı üçün döyüşməsə, heç kim gəlib onun torpaqlarını ona qaytarmaz.
Yəni, tarixi yurdumuz Qarabağ üçün döyüşmək bu yurdun hər bir fərdinin boynunun borcudur. Midhat Camal Kuntayın iki misrası bu mövzuda düstur kimi qəbul olunmalıdır:
"Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vatandır".
Yəni, üzərində həyata göz açdığın, boya-başa çatdığın torpaq onda vətən olur ki, sən onun uğrunda canından keçməyə hazır olursan, onu öz qanınla yoğurursan. Torpaq təkcə coğrafi anlayış deyil, sahib olduğun mənəvi dəyərlərin, əxlaqın, mədəniyyətin yaşandığı yerdir. Vətən - ata-babalarımızın üz qoyduğu torpaq, gələcək nəsillərimizin beşiyidir. Abbas Səhhət demişkən:
"Vətən - əcdadımızın mədfənidir,
Vətən - övladımızın məskənidir".
Bu gün biz bu torpağın bizim doğma vətənimiz olduğunu sübut etmək, babalarımızın məzarını, gələcək nəsillərimizin məskənini azad etmək üçün döyüşürük. Son 30 ildə şəhid olmuş Azərbaycan oğullarının, qızlarının qanını almaq üçün döyüşürük. Münaqişənin başladığı ilk günlərdə Xankəndində qətlə yetirilən iki gəncimizin, Qarakənd şəhidlərinin, 20 Yanvar şəhidlərinin, 30 ildir namərd erməni gülləsinə tuş gələn bütün şəhidlərimizin, Mübarizin, Fəridin, Poladın qanını yerdə qoymamaq üçün döyüşürük. Və bu müharibəni zəfərlə başa vurmaq bizim tarixi borcumuzdur. Bu haqq döyüşündə bizə dəstək olan qardaşımız Türkiyə Respublikasına, Pakistan İslam Respublikasına və haqlı mövqe tutan bütün ölkələrə, qurumlara, liderlərə təşəkkür edirik.
Haqlı olmaq güclü olmaqdır. Biz haqlıyıq. Bu döyüşdə həm haqlı olduğumuz üçün, həm də qətiyyət və cəsarət baxımından üstünük, güclüyük. Haqq da bizim, zəfər də bizimdir...
Əli Çərkəzoğlu