Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstanın Marneuli rayonunun Lejbəddin kəndində dünyaya gəlib. Daha sonra C. Səfərov ailəsi ilə birgə Sumqayıta köçür. 1969-1977-ci illərdə orta məktəbi Sumqayıtda oxuyur. 1977-ci ildə Cəmşid Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində bitirir. O, bir müddət Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir. 8 il sonra isə Azərbaycana qayıdır və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilir. Həmin illərdə artıq Birinci Qarabağ müharibəsi başlamışdı. Cəlil Səfərov da Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunur.
Xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət etməyə başlayır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edir. C. Səfərov dəstəsi ilə birgə bu şəkildə bir neçə yaşayış məntəqəsini azad edir və dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsini təmin edir. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər verirlər. Bu şəkildə onlar uzun müddət şəhəri müdafiə edir və erməniləri Şuşaya buraxmırlar.
15 may 1992-ci il... Bu tarixdə erməni hərbi birləşmələri Şuşanın Turşsu və Zarıslı kəndi istiqamətində hücuma keçirlər. Ermənilər kəndə bir neçə dəfə hücum etsələr də, kəndi almaq mümkün olmur. 1992-ci il mayın 15-də Azərbaycan ordusunun bölmələrinə qəsəbəni tərk etmək əmri verilir. Ancaq bir çox azərbaycanlı hərbçi oranı tərk etmir, düşmənə qarşı mübarizə aparmağa başlayırlar. Həmin döyüşdə bir çox düşmən məhv edən cəsur hərbçilər şəhid olurlar. Onlardan biri də Cəlil Səfərov idi.
Ailəli idi, iki övladı yadigar qaldı.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. Sumqayıt şəhərindəki 10 saylı məktəb Cəlilin adını daşıyır.
Qeyd edək ki, ermənilərin 1992-ci ildə işğal etdiyi Şuşa 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində azad edilir. Belə ki, 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridilir. Bəzi məlumatlara görə, XTQ-nin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyir və ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alır. Azərbaycan qüvvələri 7 noyabrda qayalıqları aşaraq, əlbəyaxa döyüşlərlə Şuşaya daxil olurlar. Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr tarixində, günortadan sonra Azərbaycan qüvvələrinin şəhəri işğaldan azad etdiyini elan edir.
Məlumat üçün deyək ki, haqqında danışdığımız Milli Qəhrəmanın şəhid olduğu Turşsu və Zarıslı kəndləri Şuşanın kəndlərindən və Azərbaycanın tarixi torpaqlarındandır. Turşsu kəndi ərazisində çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndləri salınıb. Məlumata görə, həmin ərazi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olub. Yaşayış məntəqəsinə ad isə burada mövcud olan mineral su bulaqlarına görə verilib.
Zarıslı kəndi isə Qarqar çayının qolu olan Zarıslı çayının sahilində, Sarıbaba dağının ətəyindədir. Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana məxsus kəndlərdən olub. Bu gün də kənd yaxınlığında Zarıs qalasının qalıqları qalmaqdadır. Kənd isə öz adını eyniadlı çaydan götürüb...
Ruslan Yusibov