Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ötən əsrin 90-cı illərində bu toxunulmazlığa və bölünməzliyə xələl gətirməyə çalışan mənfur qonşularımız heyif ki, bu məqsədlərinə 30 ilə yaxın bir müddətdə nail oldular. Buna səbəb isə, şübhəsiz, o vaxtkı ağır siyasi şərait və Ermənistan hakimiyyətinin öz havadarlarına arxalanaraq yürütdüyü işğalçılıq və soyqırım siyasəti idi. Çünki tarix səhifələri bu qorxaq topluluğun günahsız insanlara - qadınlara, qocalara, uşaqlara divan tutaraq öz məqsədlərinə çatmaq arzuları ilə dolub daşır. XX əsrin ən qanlı faciələrindən hesab olunan Xocalı soyqırımı isə bu "arzular"ın ən bariz nümunəsidir. Bu ağır siyasi şəraitdən ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müstəqil bir dövlət kimi çıxan Azərbaycan, həmin andan etibarən torpaqlarının yenidən, tam şəkildə bərpası üçün siyasət və hərb meydanında əzmkar mübarizəyə başladı. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu məsələnin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışsa da, onun "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik" sözləri, məsələyə nə qədər həssas yanaşdığının əyani sübutudur. "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" deyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq. Hər nə qədər fani ömrü qələbəni görməyə kifayət etməsə də, onun yaratdığı siyasi irs, iqtisadi güc və hərbi qüdrət o şanlı günün çox da uzaqda olmadığını göstərirdi. 2003-cü ilin payızında ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, "Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq", - söyləmiş və İlham Əliyevi siyasi varisi elan etmişdi. Düz 17 il sonra isə yenə payızda Prezident İlham Əliyev işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq, torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks-hücuma keçmək əmrini verdi. Bununla da o, Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını bir daha təsdiq etdi. Əks-hücum əməliyyatlarının ilk anlarından ordumuzun qüdrəti qarşısında çaş-baş qalan düşmən rəhbərliyinin döymədiyi "qapı", yalamadığı "daban" qalmadı. Cəmi bir neçə ay əvvəl Şuşada yallı gedən Ermənistan Baş naziri artıq acı sonun gəldiyini anlayır və dünya arenasında heç bir söz sahibi olmayan ölkələrdən belə dəstək gözləyirdi. Döyüşlərin başladığı 27 sentyabr tarixində artıq bir neçə yaşayış məntəqəsini azad etmiş müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində əməliyyatların bütün torpaqlarımız azad olunana kimi davam edəcəyini bildirmişdi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" "Qarabağ Azərbaycandır!" Bu nida cümləsi Vətən Müharibəsi boyunca xalqımızın dilindən düşməyəcək, bayrağımız sancılan hər qarış torpağımızda əsgərlərimizin məğrur səsində əks-səda tapacaqdı. Ali Baş Komandan növbəti günlərdə Ermənistan rəhbərliyinə bu həqiqəti dəfələrlə xatırlatmış və yalnız bir şərtlə qan tökülməsinin qarşısını almağın mümkün olduğunu bəyan etmişdi: "Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq". Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri erməni xalqını aldadaraq "zəfərdən-zəfərə" yürüdüklərini elan etsələr də, ortaya heç bir sübut, əsas qoya bilmir, Azərbaycan Müdafiə Nazirliyinin yüksək keyfiyyətlə lentə alınmış əməliyyat kadrlarını təkzib edərək, özlərini gülünc vəziyyətə salırdılar. Döyüşlərin birinci həftəsinin sonunda Ali Baş Komandan xalqa müraciət edərək, işğalçıları iti qovan kimi qovduğumuzu bir daha dünyaya bəyan etdi: "Onları iti qovan kimi qovuruq. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir". Lobbisinin bütün gücünü bu əməliyyatları dayandırmağa səfərbər edən Ermənistan hakimiyyəti hər dəfə bu döyüşlərin hüquqa zidd olduğunu bəyan etsə də, buna məhəl qoyan heç bir dövlət yox idi. Çünki erməniləri özünə müttəfiq görən ən nüfuzlu ölkələr belə Azərbaycanın tamamilə haqlı olduğunu və döyüşlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası çərçivəsində aparıldığını dərk edirdi. Nikol Paşinyanın bu çağırışlarına isə Prezident İlham Əliyev xalqımızın dilindən düşməyən o məşhur ifadələrlə cavab vermişdi: "Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsansa, yalvar. Kimin ayağının altına yıxılırsansa, yıxıl. Kimin dabanlarını yalayırsansa, yala. Heç kim bizə təsir edə bilməz". 44 günlük müharibənin həlledici məqamlarında xalqa müraciətlə çıxış edən Ali Baş Komandanın, demək olar ki, işlətdiyi bütün ifadələr azərbaycanlıların qüruruna səbəb oldu və tarix səhifələrinə yazıldı. Noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla isə ordumuzun qələbəsi tam rəsmiləşdi və sülhə məcburetmə əməliyyatı zəfərlə nəticələndi. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində qondarma Dağlıq Qarabağ problemi öz həllini tapdı. Bəli, artıq təkcə Ermənistan hakimiyyəti deyil, bütün dünya bilir ki, Şuşa, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli bizimdir. Artıq bütün dünya bilir ki, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır və dalğalanacaq. Ən yeni tariximizin bu şanlı səhifələri gələcək nəsillərə bəxş edəcəyimiz ən dəyərli mirasdır. Ali Baş Komandanın da dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.


Şahmərdan Əhmədli