Zaman tarix boyu bütün elm sahələrinin üzərində tədqiqat apardığı bir vasitə, həmçinin əksər sənətkarların və ədəbiyyatçıların müraciət etdiyi mücərrəd anlayışdır. Şübhəsiz ki, bunun səbəbi həyatımızı tənzimləyən fizika qanunlarından tutmuş ən adi arzularımızadək hər şeyin bu mücərrəd anlayışla birbaşa əlaqəsidir. Ən fantastik düşüncəyə malik elm adamları zamanda keçmişə və ya gələcəyə səyahətlə bağlı müxtəlif teoremlər səsləndirsələr də, onu durdurmaq heç kimin ağlının ucundan belə keçmir. Çünki bu, sadəcə olaraq, mümkün deyil. Həyatımızın harada və necə başlayıb bitəcəyini tənzimləyən bu əbədi çarx, şübhəsiz, insanın ən dəyərli sərvətlərindən biridir. Bəs görəsən, ona layiq olduğu dəyəri veririkmi?
Mövzu ilə bağlı peşəkar idarəçi, idmançı, yazıçı, blogger Fəxri Ağayevlə həmsöhbət olduq.
 
- Demək olar ki, oxuduğumuz kitabların bir çoxunda zamanın çox qiymətli olduğu yazılır, zamanın qiymətini həqiqətən də anlamaq üçün nə etmək lazımdır?
- Zamanın qiyməti haqda hər kəs bilir. Zamanın qiyməti ilə bağlı hər kəsin bildiyi ən az 3 sitat və ya məşhur insanların dediyi cümlələr var. Hamımız bilirik ki, XXI əsrdə zaman artıq pula bərabər deyil - zaman puldan daha qiymətlidir, çünki itirilən pulu geri qaytarmaq mümkün olduğu halda, itirilən zamanı geri qaytarmaq mümkün deyil.
 
- Zamanın düzgün qiymətləndirilməsi ehtiyacı necə yaranır?
- Zamanın düzgün qiymətləndirilməsi ehtiyacı əslində artıq yaşadığımız dövrün ən mühüm tələblərindən biridir. Konsultasiya verdiyim fərqli sahələrdən olan şirkətlərə iş üçün müraciət edən gənclərə və orta yaşlı insanlara müsahibənin sonunda yalnız bir sual verirəm - son bir ildə bu gün işləyə bilmək və peşəkar baxımdan ayaqda dura bilmək üçün nə etmisən?
Bu gün bütün sahələri sürətlə irəli gedən və olduqca dinamik bir dünyada müvəffəqiyyət qazanmaq üçün bir insanın artıq sahəvi bilikləri yetərli deyil - insan özünü təqdim etməyi, digərləri ilə ünsiyyət qurmağı, öz bilik və bacarıqlarını doğru şəkildə (və ya formada) nümayiş etdirməyi bacarmaqla bərabər o, həm də öz peşəkar biliklərini daim, durmadan və stabil intensivlikdə inkişaf etdirməyi bacarmalıdır.
 
- Zamanın düzgün qiymətləndirilməməsi necə problemlər yaradır?
- Zamanın düzgün qiymətləndirilməməsi insanın həyatının bütün sahələrində ciddi problemlərə gətirib çıxarır. Bu bütün yaş təbəqələrinə aiddir. Gənclər universitet illərini doğru qiymətləndirməsələr, iş axtarmaqda və karyera qurmaqda çətinlik çəkəcəklər. İşləyən orta idarəçilər inkişaf etməsələr - üst idarəçi və rəhbər olmaq imkanları olmayacaq.
 
- Tənbəllik zamanı düzgün qiymətləndirməməyə səbəb olur, yoxsa zamanı düzgün qiymətləndirməmək tənbəlliyə?
- Bunlar ikisi də insanın həyatında məqsədsizliyin bir-biri ilə birbaşa əlaqəli nəticələridir. Buna görə də, bütün çıxışlarımda və müsahibələrimdə daim məqsədlərin əhəmiyyəti haqda danışıram.
 
- Hər hansı bir işin doğru zamanını və ona nə qədər vaxt ayırmalı olduğumuzu necə bilə bilərik?
- İstənilən işin doğru zamanını müəyyən etmək üçün insan dünyada, ölkədə, işlədiyi sahədə (və ya sektorda) olan trendləri daim izləməlidir ki, əvvəlcədən doğru qərarlar versin. Ehtiyac və ya gec olduqda deyil, vaxtında hazır olsun.
 
- Müasir dövrdə insanlar, əsasən də gənclər, sosial şəbəkələrdə daha çox vaxt keçirirlər. Necə etmək lazımdır ki, sosial şəbəkələrə daha az vaxt ayıraq və bu bizi qane etsin?
- Sosial şəbəkələrlə bağlı düşüncəm budur ki, onların istifadə edilməsi insanın şəxsən özündən və məqsədlərindən asılıdır: faydalı da ola bilər, zərərli də. Sosial şəbəkələri insan öz xidmətlərini böyük kütləyə təqdim etmək üçün də istifadə edə bilər, uğurlu insanları izləyə və onlardan faydalana da bilər, saatlarını və ya günlərini boş yerə keçirə də bilər.
 
- Sosial şəbəkələri həm daha əyləncəli, həm də daha faydalı etmək üçün ondan necə istifadə etməliyik?
- SSRİ illərində Alla Puqaçovanın bir mahnısı var idi - "delu vremya, potexe ças". Yəni, işə bütün vaxtımızı, əyləncəyə isə bir saatımızı ayırmalıyıq. Sosial şəbəkələr zamanın səmərəsiz istifadə edilməsi baxımından ciddi bir bataqlıqdır və insan özünü şüurlu şəkildə məhdudlaşdırmasa, bir neçə saat sonra ayılacaq ki, nə qədər vaxt keçib, amma bu vaxt ərzində o, faydalı heç nə etməyib.
 
- Başqa biri xəbərdarlıq etmədən sosial şəbəkələrdən mənfi təsirləndiyimizi necə anlaya bilərik?
- İstənilən işimizdə, vərdişimizdə, həyat tərzimizdə insan özü şüurlu şəkildə yetişməsə, ətrafdakıların dedikləri və ya etdikləri xəbərdarlıqlar effektiv olmur. Buna görə də, insan özü bunu hiss etməli və başa düşməlidir ki, hər gün 3 saat tik-tok, instagram və ya facebookda keçən boş vaxt, əslində, onun özünə də, cəmiyyətə də fayda vermədiyi vaxtdır.
 
- İnsan özündəki pis vərdişləri necə müəyyən edə bilər?
- Pis vərdişlərin müəyyən edilməsi günümüzdə çox sadədir - məbuatda, sosial şəbəkələrdə bu haqda daim yazılır və danışılır. Siqaretin zərərləri haqda ən gözəl, dərin və doğru məlumatları məhz elə siqaret çəkənlər özləri bilirlər. Müəyyən etmək, bilmək vacibdir, amma yetərli deyil - insan bu vərdişləri dəyişəcək qədər güclü və cəsarətli olmalıdır.
 
- Belə vərdişlərdən xilas olmağın üsulu nədir?
- Ancaq və ancaq iradə gücü. İstənilən pis vərdiş insana qısamüddətli komfort hissi verdiyi üçün tərgitmək çətin olur. Bunun tək çıxış yolu insanın iradə gücü ilə özünü məcbur etməsidir.
 
- Özümüzdə pis vərdişlərin yaranmasının qarşısını almaq üçün nə etməliyik?
- Bütün pis və ya yaxşı vərdişlər ilk addımla başlayır. Buna görə də, ilk addım atılmamalıdır, çünki əsasən də pis vərdişlərdə, ən çətini elə birinci addımı atmaqdır. Ardı artıq özü gəlir, amma bu, psixoloji bir bataqlıqdır və insanın o vərdişdən uzaqlaşması çox çətin olur.
 
- İnsan özünü inkişaf etdirmək üçün necə vərdişlər qazanmalıdır?
- İnsanın inkişaf etməsi üçün ilk növbədə məqsədləri olmalıdır, iradə gücü və intizam da daxil olmaqla. Vərdişlər də məhz bunlarla bağlıdır - məqsədlər, iradə gücü və intizam.
 
- Maraqlı söhbətə görə çox sağ olun!


Şahmərdan Əhmədli