Təhminə Çələbi: "Biz valideynlik borcumuzu üzərimizə götürməsək, bu rolu internet oynayacaq"
Son dövrlərdə bir çox valideyni narahat edən problemlərdən biri də övladlarının kompüter və ya internet oyunlarına aludəçiliyidir. "Bu hansı səbəbdən yaranır?", "Bu problemi aradan qaldırmaq üçün nələrə diqqət etmək lazımdır?" kimi valideynləri maraqlandıran bu və ya digər suallara cavab psixoloq-konsultant Təhminə Çələbidən gəldi...
- Kompüter və ya internet oyunlarının uşaqlar üzərindəki mənfi və ya müsbət təsirləri nələrdir?
- Hazırda akselerasiya, yəni sürətli inkişaf baş verdiyinə görə uşaqların cihazlardan, texnikalardan istifadə yaşı getdikcə aşağı düşür. Maraqlıdır ki, uşaqların psixoloji vəziyyəti, zəkası, psixi prosesi bunu asanlıqla idarə etməyə imkan verir. Bu səbəbdən də həmin yaş həddi azalmağa başlayır. Əvvəllər yeniyetmələr telefondan istifadə edirdisə (söhbət mobil telefondan gedir), daha sonra məktəblilər istifadə etməyə başladı. İndi isə biz çox balaca, hətta, 3 yaşlı uşağın belə telefondan çox asanlıqla öz zövqünə görə cizgi filmini seçib baxdığını görürük. Müsbət tərəfləri ondan ibarətdir ki, düzgün seçilən və zamanla ayaqlaşan oyunlarda uşaqların öyrənə biləcəyi çox şey var. Və əlbəttə ki, bu oyunlar onların yaş kateqoriyalarına uyğun olaraq seçilməlidir. Mənfi tərəfləri isə odur ki, burada vaxt sürətlə axıb gedir. Təəssüf ki, bu, valideynə sərf edir ki, uşağın əlinə telefon və ya planşet versin və ev işləri ilə məşğul olsun. Ancaq üstündən 5 saat keçir, valideyn uşağa yemək verir, ancaq uşaq nə yediyinin fərqində belə deyil. Necə deyərlər, bir növ uşaqda zombiləşmə başlayır. Bəzən bu, uşaqda psixi proseslərin inkişafına, təfəkkür, təxəyyül və ən çox da nitqinə mane olur. Çünki uşaq bəzən sevdiyi cizgi filminin qəhrəmanlarının səsini çıxarmağa başlayır. Bu da yuxarıda qeyd etdiyimiz mənfi xüsusiyyətlərdəndir.
- Uşaqlar nə üçün internet oyunlarına maraq göstərirlər?
- Oyun uşağın ilkin fəaliyyət növüdür. Buna görə də, oyuna maraq göstərmək uşağın normal, təbii ehtiyacıdır. Ümumiyyətlə, oyunlar, söhbət təkcə internet oyunlarından getmir, uşaqların təxəyyülündə böyük rol oynayır. İnternet oyunlarına gəldikdə biz görürük ki, burada maşınlar danışır, heyvanlar danışır, ağac danışır, meşə danışır. Hər şey bir-biri ilə ünsiyyətdədir, rəngarəngdir. Bu, uşağın təxəyyülünü, fantaziya dünyasını inkişaf etdirir. Bu baxımdan uşaqların o rəngarəng dünyaya maraq göstərməsi kiçik yaşlarından başlayır. Heç bir fiziki güc tələb etmədən uşaq asanlıqla internet oyunlarının qəhrəmanına çevrilir. Hər hansı bir düyməni basaraq, barmaqlarını işlədərək, sağa-sola hərəkət etdirərək internet oyunlarının qəhrəmanı, qalibi olur və həmin qəhrəmanlıq hissini özünə yaşada bilir. Bu səbəbdən də uşaq artıq hərəkətli oyunları deyil, internet oyunlarını seçir. Bu da onları daha da passivləşdirir.
- Hansı tip oyunlar uşaqların daha çox diqqətini çəkir?
- Qəhrəmanlıq tipli oyunlar daha çox oğlan uşaqlarının diqqətini çəkir. Çünki kişilər uşaqlıqdan qəhrəmanlıq arzusu ilə yaşayırlar. Birincilik əldə edilən oyunlar da oğlan uşaqlarının diqqətini çəkən oyunlardandır. O oyunlar ki, uşaq maşın sürür, maşınları ötür, axırda kubok əldə edir. Qızlarda isə şahzadə oyunları, "make up" kosmetika oyunları, seçdikləri qəhrəmanları geyindirmək və s. diqqətini çəkir. Bır sözlə, oyunlar uşaqların həm yaşına, həm də cinsinə görə fərqlənir.
- Uşaqları intihara sövq edən bir sıra oyunlar var. Bəs, uşaqları bu cür oyunlardan necə qorumaq olar?
- İlk növbədə, valideyn uşaqla onun emosiyalarını paylaşmalıdır. Əgər belə deyilsə, bu o deməkdir ki, valideyn orada nəyi isə nəzərdən qaçırır. Ümumiyyətlə, valideynlə uşaq arasında müəyyən paylaşım olsa, uşaq o təhlükəli oyunlar haqqında valideynlərinə danışacaq. Buna görə də, əgər uşaq öyrəndiyi hər yeniliyi qaçaraq valideyninə danışanda ata və ya ana ona "Hə, burada nə var ki?", "Elə buna görə sevinirdin?" kimi sözlər işlətmədən diqqətlə qulaq assa, uşaq mütləq onlarla hisslərini paylaşacaq. Çünki uşaqlar paylaşmağı çox sevirlər. Digər tərəfdən, uşaqlar onsuz da enerjilidirlər və onlar bu enerjini ya rəqslə, ya danışıqla, ya səs-küylə, ya da sakit oyunla çıxarırlar. Ona görə də, burada valideynlərin rolu böyükdür. "Uşaqları necə qorumaq olar?" sualına gəlincə, ünsiyyət quraraq, onlarla dost olaraq. Onlarla dost olduqda da avtoriteti qorumaq lazımdır. Valideyn-uşaq arasında elə valideyn-uşaq münasibətini qorumaq lazımdır ki, uşaq həm qorunduğunu hiss etsin, həm də sevildiyini. Uşaq sözdə deyil, psixoloji və şüuraltı hiss etməlidir ki, o həqiqətən qorunur. Bu, təkcə uşağın yox, insanın da əsas ehtiyaclarından biridir. Valideyn uşağa müdafiə olunduğunu göstərə bilsə, o artıq qorunduğunu hiss edəcək. Bundan başqa, uşağın oynadığı oyunlar, ünsiyyət qurduğu insanlar, məktəbdəki davranışları valideyn tərəfindən izlənməlidir. Məktəb psixoloqları da məktəblərdə müəyyən diaqnostik testləşmələr aparırlar. Uşaqlarda aqressiyayamı, yoxsa, qorxuyamı meyillilik olduğunu öyrənirlər. Amma işi şansa buraxmamaq üçün birincisi müşahidəçi olmaq, ikincisi uşaqla daim hisslərini paylaşmaq lazımdır.
- Adətən, uşaqlar onlara qadağan edilən şeylərə daha çox maraq göstərirlər. Elə isə qadağalar necə və ya hansı şəkildə qoyulmalıdır?
- Əslində, uşağa qadağa qoyulmamalıdır. Uşağın qrafik cədvəli olmalıdır. Buraya uşağın yemək, dərs oxumaq, yatmaq, əlavə hobbi saatı və ya kursu varsa, bu da daxil edilməlidir. Uşağın həyatında heç kompüter olmasın desək, yanlış olar. Yaşına görə, cinsinə görə xüsusi seçilmiş, bəzən valideynin belə iştirak edə biləcəyi oyunlar ola bilər (təbii ki, həddində). Uşaq bilməlidir ki, günün hansı saatı nə olar, nə olmaz.
- Oyuna qadağalar qoyulduqdan sonra onun yeri nə ilə doldurulmalıdır ki, uşaq sıxıldığını hiss etməsin?
- Ümumiyyətlə, tamam qadağalar olmamalıdır. Olsa belə elə olmalıdır ki, nəzərə çarpmasın. Uşaq bilməlidir ki, mən gün ərzində bu qədər oyun oynaya bilərəm. Çünki bəzən hər kəsin evdə qrup şəklində oynadığı oyunlar var. Və bütün ev bunun şahidi ola bilər və burada mənfi bir şey yoxdur. Oyun üçün qoyulmuş qadağanın yerini canlı ünsiyyət tələb edən oyunlarla, qrup terapiyalarla, lap elə ailəvi kitab oxuma saatları ilə doldurmaq olar. Valideyn bu məqamda uşağını yaxşı tanımalıdır ki, ona uyğun əvəzləyici şeyi düzgün seçə bilsin və uşaqda xoşbəxtlik hormonu ifraz olunsun.
- Kompüter oyunlarına aludə olmuş uşaqlarla necə ünsiyyət qurmaq olar?
- Aludəçi uşaqlarla eyni dalğada olmaq üçün onun aludə olduğu oyunlardan xəbərdar olmaq lazımdır. Uşaqla ünsiyyət qurduqdan sonra onu o oyundan çəkindirmək olar. Birinci onunla onun dilində danışmaq lazımdır. Amma danlamaqla ünsiyyətə başlamaq olmaz. Baxmaq lazımdır ki, bu oyun ona nə verir? Bəlkə qəhrəmanlıq hissi verir? Halbuki onda bu qəhrəmanlıq hissinə uşaq dərsindən 5 aldıqda və ya real həyatda idmandan 1-ci yerə çıxdıqda da nail olmaq olar. Bir sözlə, uşaq anlamalıdır ki, o oyundan nə istəyir? Real həyatda onu nə ilə əvəz etmək olar? Amma bu yolda uşağı tənqid, xüsusən də təhqir etmək olmaz.
- Neçə yaşdan oyunlara icazə verilə bilər?
- Hər bir yaşa uyğun inkişafetdirici oyunlar var. Oyunu və vaxtı düzgün seçmək və valideynlərin iştirakı ilə oynamaq olar. Bəzi oyunlar var ki, uşaq orada həm cizgi filminə tamaşa edir, həm rəngləri, həm sözləri, həm danışığı öyrənir, həm də özü hansısa bir düyməni basaraq cavab vermiş olur. Rəqəm seçə bilir və yaxud da, rəng seçə bilir. Belə oyunları yaşa uyğun olaraq seçmək lazımdır. Məsələn, 3 yaşında uşağa hər şey maraqlı gələ bilər. Məsələn, bu yaşda olan uşaq dünyada nə varsa, onu qruplaşdırmaq istəyir, hər şeyi öz yerinə qoymaq istəyir. Beləcə nitqi inkişaf edir, eqosu inkişaf edir, mənliyi inkişaf edir. Buna görə də, ona uyğun inkişaf etdirəcək gündə çox az miqdarda oyun oynamağa icazə verilə bilər. Əsas məsələ odur ki, orada aqressiya olmasın. Başqa sözlə, orada uşağın təkrar edəcəyi hərəkət yox, təkrar edəcəyi informasiya olsun.
- Sizcə, ailələrin uşaqlarına oyunları qadağan etməsini çıxış yolu saymaq olar?
- Ümumiyyətlə, mən həmişə bunu deyirəm. Valideynlərə də ilk tövsiyəm budur. Valideyn olmazdan əvvəl psixoloji olaraq valideyn olmağa hazır olmaq lazımdır. Nikaha daxil olan insanlar bilməlidirlər ki, əgər onlar valideyn olmaq istəyirlərsə, onların həyatı heç vaxt əvvəlki kimi olmayacaq. Əgər onlar əvvəlki kimi yaşamaq istəyəcəklərsə, bunun əziyyətini bizim övladlarımız çəkəcək. Çünki biz valideynlik rolunu öz üzərimizə götürmək istəyirik. O zaman uşaqlar kompüter, telefon və digər insanların tərbiyəsi ilə böyüməyə başlayacaqlar. Əgər biz valideynlik borcumuzu üzərimizə götürməsək, bu rolu internet oynayacaq.
Aygün Zayıdova