Hər zaman dediyimiz kimi sağlamlıq hər şeydən əvvəl gəlir. Sağlamlığımıza zərər verən faktorlardan biri də əsəb, stress və gərginlikdir. Lakin biz belə hadisələrə çox vaxt ötəri yanaşırıq və fərqində olmadan sağlamlığmıza zərər veririk. Bu dəfə sizlərə, bəlkə də, çoxlarının eşitmədiyi maraqlı, o qədər də həyati təhlükəsi olmayan və stresin səbəb olduğu bir xəstəlik haqqında məlumat vermək istəyirik. Söhbət "Sınıq ürək sindromu"ndan gedir. Bəxtiyar Vahabzadənin belə bir deyimi var: "Ürəyin sınması qabırğanın sınması kimidir. Kənardan baxanda heç nə bilinmir, amma hər nəfəsdə ağrı verir". "Ürəyin sınması" ifadəsini isə həmişə məcazi mənada işlətsək də, həqiqətən belə bir xəstəliyin olması 90-cı illərdə sübuta yetirildi. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliyə qadınlarda daha çox rast gəlinir. Çünki, onlar kişilərə nisbətən daha həssas olurlar. Bəs xəstəliyin ilkin əlamətləri hansılardır? Və ya xəstəliyin müalicəsi varmı? "Sınıq ürək sindromu" haqqında ətraflı məlumat almaq üçün həkim kardioloq İlahə Ağayeva ilə həmsöhbət olduq.
- "Sınıq ürək sindromu" nədir və ilk dəfə necə ortaya çıxdı?
- "Sınıq ürək sindromu" elmi ədəbiyyatlarda adı "Broken Heart Syndrome", "Takotsubo" kardiomiopatiyası, stress kardiomiopatiyası və s. kimi keçən kardioloji bir xəstəlikdir. "Sınıq ürək sindromu" - akut kardiak sindrom (kəskin ürək sindromu) kimi təzahür edən ürəyin ən çox zirvə nahiyəsinin şarabənzər genişlənməsi ilə müşayiət olunan, lakin səbəbində koronar damar darlığı qeyd edilməyən bir kardiak patologiyadır. Yəni, bu xəstəlik zamanı koronar arter stenozu olmadan müvəqqəti sol mədəcik disfunksiyası, apikal nahiyənin şarabənzər genişlənməsi müşahidə edilir. Bu sindrom ilk dəfə 1990-cı ildə Yaponiyada Xikaru Sato adlı alim tərəfindən təsvir edildi və "Takotsubo" kardiomiopatiyası kimi adlandırıldı. Yapon dilində "Takotsubo" - səkkizayaqlı osminoqun tutulması üçün nəzərdə tutulmuş keramik qab anlamına gəlir. Çünki bu vaxt ürəyin ventrikuloqram şəkli exoskopik olaraq geniş əsaslı dar boğazlı keramik bir qaba bənzəyir. Yapon balıqçıları bu qablardan səkkizayaqlı osminoqları tutmaqda istifadə edirlər. Xəstəliyin adı da məhz buradan gəlir. "Takotsubo" kardiomiopatiyası sol mədəciyin geri dönən dəyişiklikləri ilə xarakterizə olunan qeyri-işemik xəstəliklər qrupuna aiddir.
- Xəstəliyin yaranma səbəbləri və ilkin əlamətləri hansılardır?
- Xəstəlik ən çox psixo-emosional stress zamanı hər hansı ekstremal bir hadisə ilə üzləşmiş, daha çox sevgilisindən ayrılmış, yaxın bir adamını itirmiş, gözlənilmədən maddi problemlə qarşılaşmış, var-dövləti əlindən çıxmış, publik çıxış və ya ictimai qınaq nəticəsində gərginliyə məruz qalmış insanlarda rast gəlinir. Bu zaman stress hormonlarının təsiri nəticəsində katexolominlərin sintezinin artması, simpatik sinir sisteminin aktivliyinin yüksəlməsi, həddindən artıq kardiak adrenoreseptorların stimulyasiyası, estrogen disbalansı və s. nəticəsində ürək əzələsində yaranmış mikrovaskulyar disfunksiya, miokardın geri dönən reperfuzion dəyişiklikləri, maddələr mübadiləsi pozğunluqları səbəb kimi göstərilir. Sindromun ilkin əlamətləri daha çox ürək nahiyəsində yaranmış kəskin ağrı, sıxılma, təzyiq, təngnəfəslik, boğulma, hava çatışmazlığı və s. kimi hisslərin yaranmasıdır. Xəstə elə bilir ki, o infarkt və ya ürək tutması keçirir. Bu zaman həkimlə konsultasiya çox vacibdir. Maraqlısı odur ki, istər EKQ-də, istər ExoKQ-də müvafiq işemik dəyişikliklərə bənzər dəyişikliklər (ST seqmentinin elevasiyası, sol mədəciyin apikal, mid seqmentlərinin hipokinez, diskinez, akineziyası və s.) müşahidə oluna bilir. Hətta, bir sıra kardiomarker göstəricilərində də nisbi və ya orta yüksəliş qeyd oluna bilər. Bu kimi dəyişikliklər kəskin koronar sindrom, infarkt və ya digər işemik xəstəliyə şübhə yaradır və xəstə angioqrafiya olunur. Nəticədə isə koronar damarlar açıq və təmiz çıxır, tromboz və ya hər hansı bir stenoz təsdiqlənmir.
- Bu xəstəliyə daha çox kimlərdə və hansı yaşlarda rast gəlinir? Qadınlarda və ya kişilərdə rast gəlmə səbəbləri hansılardır?
- "Sınıq ürək sindromu" adından da göründüyü kimi həssas insanlarda, xüsusilə də, qadınlarda və 50 yaşdan yuxarı kişilərdə daha çox rast gəlinir. Odur ki, qadınların, ümumiyyətlə, həssas insanların xətrinə dəymək olmaz. Lakin statistikaya baxdıqda postmenopauza dövründə olan qadınların, asiyalıların, ağ dərili insanların daha çox risk qrupu altında olduğunu görə bilərik. Xəstəliyin postmenopauza dövründə olan qadınlarda daha çox rast gəlinməsinin səbəbi, həmin dövrdə qadınlarda hormonal disbalansın olması, estrogen hormonlarındakı dəyişikliklərin vazoreaktivliyə təsiri və koronar mikrospazm riskinin artması ilə izah olunur.
- Bu xəstəliyə tutulan şəxsin ölüm riski neçə faizdir və ya tam sağalma olurmu, ya da buna nə qədər vaxt tələb olunur?
- Xəstəlik klinik kəskin və ağır simptomlarla təzahür etsə də, xoş gedişlidir. Yəni, bu xəstəlik nəticəsində ürək əzələsində - miokardda baş verən dəyişikliklər geri dönən proseslərdir. Müvafiq simptomatik müalicələrlə bir neçə gün və ya həftə ərzində tam sağalma müşahidə oluna bilər. Xəstəliyin ölüm riski çox aşağı, demək olar ki, 1-2 %-dir. Lakin xəstəliyin təkrar yaranma halları 10 % təşkil edir. Ağırlaşma və ölüm halları daha əvvəldən bilinən ciddi ürək xəstəliyi və ya əlavə, ya da yanaşı xəstəlikləri olan pasiyentlərdə daha çox müşahidə olunur.
- Bəs xəstəliyin müalicəsi və profilaktikası barədə nə deyə bilərsiniz? Bu xəstəlikdən qorunma yolları varmı?
- Əvvəl də qeyd etdiyim kimi klinik gedişatdan və orqanizmdən asılı olaraq xəstəliyin müalicəsinə bir neçə gün və ya həftə tələb oluna bilər. Müalicə daha çox simptomatik əlamətlərə və yaranmış ağırlaşmalara qarşı yönəlmiş olur. Bu zaman müxtəlif kardio preparatlardan (antiaritmik, antihipertenziv, beta-adrenoblokator, vazodilatator, antidepressant və s.) istifadə oluna bilər. Xəstəliyin profilaktikası isə stress hallarının qarşısının alınması, depressiya və psixo-emosional gərginlikdən uzaq olmaq, gündəlik həyatımızda daha çox müsbət və pozitiv hisslərə köklənmək sayılır. Çalışın, daha çox sizi sevənlərin və doğmalarınızın əhatəsində olasınız. Çünki, onlar tərəfindən qayğı və diqqətlə əhatələnmək, həmçinin, çətin günlərdə dəstəyin olması və ya xoş emosiyaların yaşanması ən gözəl profilaktikadır. Ürəyiniz heç vaxt sınmasın! Xəstəlik ən çox psixo-emosional stress zamanı hər hansı ekstremal bir hadisə ilə üzləşmiş, daha çox sevgilisindən ayrılmış, yaxın bir adamını itirmiş, gözlənilmədən maddi problemlə qarşılaşmış, var-dövləti əlindən çıxmış, publik çıxış və ya ictimai qınaq nəticəsində gərginliyə məruz qalmış insanlarda rast gəlinir.
İlahə Hüseynova