Ölkəmizdə növbəti 2019-2020-ci tədris ili də arxada qaldı. Hər il olduğu kimi bu il də ali təhsil müəssisələrindən məzun olan minlərlə gənc, artıq iş axtarışlarına başladı. Lakin əksər hallarda iş tapmaq bir çox gəncə nəsib olmur. Bəzi gənclər isə iş üçün hara və necə müraciət edəcəklərini belə bilmirlər. Belə zamanlarda gənclərin köməyə, məsləhətə daha çox ehtiyacı olur. Bəs, əmək bazarına yenicə qədəm qoyan bu gənclərə kim kömək etməlidir? Ümumiyyətlə, gənclər iş axtarışlarına nə zaman başlamalıdırlar, onlar iş tapa bilmək üçün nələrə diqqət etməlidirlər?
1. İxtisas seçimi Müasir dövrdə işsizlik probleminin əsas səbəblərindən biri odur ki, gənclər özlərinə düzgün ixtisas seçmirlər. Orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd univerisitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər. Halbuki, əsas məqsəd düzgün ixtisas seçimi olmalıdır. Gənclər elə ixtisas seçməlidirlər ki, gələcəkdə həmin sahədə özlərinə münasib iş tapa bilsinlər.
2. Ali məktəb seçimi İxtisas seçimindən sonra ikinci vacib məsələ isə odur ki, şagird hansı ali məktəbə qəbul olacağını düzgün müəyyən etməlidir. Bu məsələ də ixtisas seçimi qədər əhəmiyyətlidir. Bildiyimiz kimi, hər müəssisənin bir məhsulu olur. Həmin məhsulların keyfiyyəti isə ona olan tələblə ölçülür. Ali məktəblər də bir müəssisədir. Onların məhsulları isə məzunlarıdır. Müəssisə və şirkətlər işçi seçərkən daha yaxşı təhsil verən, tələbələrinə seçdikləri ixtisası daha yaxşı öyrədən universitetlərə üstünlük verirlər.
3. Sahibkarlar işə götürmək istədikləri mütəxəssislərdən nələri tələb edirlər? Sahibkarların əsas tələbi odur ki, işə götürəcəkləri insanlar etibarlı və dürüst olsunlar. Sahibkarların ikinci tələbi isə işə götürəcəkləri kadrların öz ixtisaslarını yaxşı bilmələridir. Buna görə də, tələbələr universitetlərdə oxuduqları zaman öz ixtisaslarını dərindən öyrənməli, müasir dərsliklərdən, yeni ədəbiyyatlardan istifadə etməlidirlər. Başqa bir mühüm məsələ isə kompüter texnologiyaları ilə bağlıdır. Bildiyimiz kimi, bu gün əksər müəssisə və şirkətlərdə kompüter texnologiyalarından istifadə olunur. Ona görə də, kompüter proqramlarını və internetdən istifadəni ən aşağı səviyyədə olsa belə, bilmək lazımdır. Çünki kompüterdən istifadəni bilmədən iş tapmaq çox çətindir. Bundan əlavə, xarici dil bilmək hər bir məzun üçün əlavə üstünlük hesab olunur.
4. İş tapmaq üçün ilk növbədə nədən başlamaq lazımdır? Hər şeydən əvvəl məzunlar və ya iş axtaranlar özləri haqqında mükəmməl CV (tərcümeyi-hal) hazırlamalıdırlar. Onların iş həyatına başlaması məhz bu CV-lərin necə hazırlanmasından çox asılıdır. CV-lər elə hazırlanmalıdır ki, onu oxuyan şəxsdə əlavə sual yaranmasın. Diqqət etmək lazımdır ki, CV-də yalan və şişirdilmiş məlumatlar yer almasın. Çünki CV-də təqdim olunan məlumatların yalan olduğu ortaya çıxsa, bu iş axtaran üçün heç də yaxşı olmaz. Hətta, həmin şəxs iş üçün bir daha o şirkətə müracət edə bilməz. Üz-üzə görüşlər zamanı da son dərəcə diqqətli olmaq, ən kiçik detallara belə fikir vermək lazımdır. Məsələn, içəri girərkən otağın qapısını döymək bəlkə də işlə bağlı əhəmiyyətsiz bir məsələdir, amma bu hərəkətiniz işəgötürəndə sizin haqqınızda müsbət fikir formalaşdıra bilər.
Allahverdi Cəfərov