Bu yazıda “Mexanika elminin nəzəri və praktiki əsasları” başlıqlı mühəndisliklə bağlı bir kitabdan və onun müəllifindən bəhs etməyə çalışacağam. Kitabın adını oxuyanda ağıla gələ bilər ki, söhbət günümüzdəki bir universitet müəlliminin hansısa yeni işıq üzü görmüş kitabından gedir. Xeyr bu belə deyil. Söhbət 850 il əvvəl yazılmış, günümüzdəki bir çox qurğu, alət və avadanlıqların nüvəsini, əsasını orada gördüyümüz bir əsərdən gedir.
Qərbin çox sonralar “İslam aləminin Leonardo da Vinçisi” adlandıracağı əl-Cəzəri dahi mexanik, ixtiraçı, riyaziyyatçı və astronomdur. O, 1206-cı ildə yazdığı “Əl-cəmi beynəl-ilmi vəl-aməl ən-nafi fi sanət” (Mexanika elminin nəzəri və praktiki əsasları) kitabında ən incə detalına qədər 50 fərqli qurğu və avtomatı, o cümlədən saat, tüfəng, top, su nasosu, kodlu qıfıl, kompas, kompüter, videokamera və sairənin iş prinsiplərindən bəhs etmiş, onların layihələndirilməsini, hazırlanmasını və yığılmasını 6 fəsildə təsvir edilmişdir. Kitabda izah şəkilləri elə aydındır ki, günümüzdən 850 il əvvəl yazılsa da, ciddi bir çətinliklə qarşılaşmadan hər hansı bir mühəndis bu qurğu və avtomatları yenidən emal edə bilər. Ancaq unutmayaq ki, bir şeyi ilk dəfə ərsəyə gətirmək, ilk dəfə nəyisə ortaya qoymaq onu günümüzdə yenidən düzəltməkdən daha çətin idi. Həmçinin Cəzərinin bu qurğuları mexanika elminin inkişafına öncülük etdiyini unutmamalıyıq.
Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edildiyini görürük.
Əl-Cəzərinin kəşfləri arasında çarxqolu və sürgüqolu, klapanlı su nasosları, suyu qaldırıcı kranlar, su saatları, fəvvarələr də var. O, dörd robot hazırlayaraq onları qayığa oturtmuş, təbil və tütək çalmağa "vadar" etmişdi.
Elm və texnologiya tarixi sahəsində çalışmalar edən tarixçi alim Fuad Sezgin Cəzərini və çalışmalarını təhlil edərkən belə deyirdi: “Cəzərinin Anadolunun şərqində Artuqluların sarayında yazdığı bu əsər ehtimal ki, ümumislam mədəniyyətinin o zamanlar üçün çatdığı elmi səviyyəsinin son həddini göstərmirdi. Cəzərinin bu kitabı məharətli bir mühəndisin qabiliyyət və bacarığı ölçüsündə, sahib olduğu bilgi qaynaqlarına əsaslanaraq həyatın günlük ehtiyaclarını əsas alınaraq düzəltdiyi qurğu və alətlərdən ibarət idi. Bununla yanaşı əsər şübhəsiz ki, həm mədəniyyət, həm də elm baxımından Artuqluların timsalında dövrün İslam çoğrafiyasının çatdığı inkişaf səviyyəsini göstərən tarixi bir vəsiqədir”.
İstanbulda açılan “Cəzəri muzeyi”ndə sərgilənən bu tabloda gənc ixtiraçı alimin sarayın baş mühəndisi olaraq düzəltdiyi məşhur “filli saatı” Artuqlu hökmdarına təqdim etdiyi, işləmənə mexanizmini göstərdiyi təsvir olunub:
Cəzəri Artuqlu xanədanının sarayında 25 il baş mühəndis vəzifəsində işləmiş fizikaçı, astronom, nəqqaş, heykəltəraş və ixtiraçı alimdir. O 1181-1206-cı illərdə Artuqlular xanədanının sarayında qalmış, məşhur əsərini də Əmir Nəsiruddin Mahmudun istəyi üzərinə qələmə almışdır.
Orta əsrlərdə İslam dünyası texnologiya, məntiq, fəlsəfə, dəqiq elmlər və s. sahələrdə ən parlaq dövrünü yaşayırdı. Eyni bu dövrlər Avropa üçün isə "qaranlıq çağ" hesab edilir. Avropa şəhərlərində hamam, kanalizasiya, balacalar üçün məktəblər, böyüklər üçün həkimxanalar və xəstəxanaların nə olduğu bilinmirdi. Halbuki bu sadalananlar eyni dövrdə İslam dünyasında çoxdan idi ki, həyatın bir parçası halına gəlmişdi. Orta əsrlərdə İslam dünyası İspaniyanın cənubundakı şəhərlərdən tutmuş, Çin sərhədlərindəki kəndlərə qədər uzanır və bu coğrafiyada elmin sübhü yaşanırdı. Daha doğrusu, müsəlmanlar ogünkü dünya ilə müqayisədə "qızıl dövr"lərini yaşayırdılar. İndisə Qərb bir yana - bizlər belə müsəlman alimlərindən, İslam aləmindəki dühaların dünya elminin inkişafına verdikləri təkanlardan, onların kəşf, ixtira və icadlarının tam əksəriyyətindən xəbərsizik.
Cəzərinin əsərində çəkdiyi miniatür rəsmlərlə yazılı izahları birləşdirəndə nə düzəltdiyini anlamaq olur. Cəzəri əsərində belə deyir: “Çox sayda qurğu və avtomat düzəltdim. Bunların daha asan başa düşülən və daha asan ərsəyə gələnlərini bu kitapda bir araya topladım”. Buradan başa düşmək olar ki, kitabda təsvirini vermədiyi, tanıtmadığı başqa vasitələr, başqa qurğular da var.
Aşağıdakı şəkildə Cəzərinin düzəltdiyi “dəstəmaz alma robotu” verilmişdir. Bu robot günümüzdə mühəndislər tərəfindən kitabında verilən ölçülərə sadiq qalaraq yenidən düzəldilmiş və işləmişdir... Hal hazırda bu robot İstanbulda “Cəzəri muzeyi”ndə sərgilənir.
Cəzəriyə “Əbul izz” (İzzətin atası), “mühəndislərin piri”, “zamanın qeyri adi adamı” kimi ləqəblər verilmişdir. Onun həyatı və əsərləri oxunanda dövrün şərtlərinə görə çox yeni və müasir texnika və irfanı görmək olar. Cəzəri bu avtomat və qurğuları sadəcə nəzəri bilgilər olaraq verməmiş, hər birini şəxsən düzəltmiş və bu bilgiləri tətbiq etmişdir. Əks halda illər sonra bu ölçü və bilgilərin işığında yenidən onları işlək hala gətirmək mümkün olmazdı.
Cəzəri həmçinin hər bir şeyi həyatda tətbiq edərək öyrənməyə üstünlük verən bir alimdir. O belə deyirdi: “Məndən çox əvvəl gələn alimlərin kitablarını, onları təqib edənlərin çalışmalarını gözdən keçirdim. Nəhayət bu nəqllərdən xilas oldum, başqalarının etdiklərindən sıyrıldım və problemlərə öz gözümlə baxa bildim. Tətbiq edilməyən hər bir texniki elmin doğru və yanlış arasında qaldığını gördüm”.
Kitabının başlığındakı “ən-nafi” sözündən anlayırıq ki, o faydalı, insanların istifadəsi üçün yararı toxunan, həyatı asanlaşdırıcı qurğu və alətlər ixtira etmişdir... Bu kəşf və ixtiraları da sənətlə birləşdirmişdir... Aşağıdakı şəkildə Cəzərinin ixtiralarının bəziləri verilmişdir.
Müqayisə üçün deyək ki, Leonardo Da Vinçinin Cəzəridən 300 il sonra çəkdiyi qurğu və avtomat rəsmlərinin əksəriyyəti tətbiq edilməmişdir. İlk dəfə Da Vinçinin rəsmlərini çəkdiyi söylənən qurğular var ki, bunların işlək formasını Cəzərinin kitabında görürük. Buna misal kimi dirsəkli valı göstərmək olar. Dirsəkli valdan ilk dəfə Da Vinçi istifadə edildiyi deyilsə də bunun tətbiq edilmiş halına Cəzəridə rast gəlirik. Britannika Ensiklopediyasına görə Leonardo da Vinçi çalışmalarında Cəzəridən təsirlənmişdir.
Burada bir məsələni qeyd etmək lazımdır ki, Leonardo Da Vinçi daxil olmaqla avropalı elm adamları istifadə etdiyi qaynaqlardan, elmi ədəbiyyatdan bəhs etməyiblər. Ancaq müsəlman elm adamları Hind, Qədim Yunan kimi mənbə və qaynaqlarını çəkinmədən qeyd edirdilər. Belə bir istinad göstərmə ənənəsi və elm əxlaqının o dövrdə avropalı elm adamlarında ümumiyyətlə olmadığını görürük.
Cəzəri Hellenistik dövrdən yaşadığı XIII əsrədə qədər uzanan mühəndislik ənənəsinin İslam dünyasındakı bir davamçısı olduğunun fərqində idi. Cəzəri əsasən bir ixtiraçı deyil, mühəndisdir və onun vəzifəsi özündən əvvəlkilərin ərsəyə gətirdiyi alət və qurğuları öyrənmək və onları daha da təkmilləşdirmək idi.
Cəzəri Qədim Yunandan öz dövrünə qədər mühəndisliklə bağlı inkişaf edib gələn bilgi və təcrübələri öyrənmiş və onları inkişaf etdirərək daha da üst səviyyəyə gətirmişdir. Bu minvalla Cəzəri bir sıra alət və qurğunu izah edərkən onun ilk qaynağını da qeyd edir. Bu da onun miras aldığı elm xəzinəsinə böyük hörmətlə yanaşdığını göstərir. Cəzərinin ərəb, türk, kürd ya da fars mənşəli olduğu deyə bilmərik. Bu haqda əldə dəqiq məlumat yoxdur. Sadəcə bəllidir ki, o İslam dünyasının yetirməsidir. Kitablarını da dövrün əsas elmi dili olan ərəb dilində yazmışdır.
Elm tarixçisi Mark E. Rosheim Cəzərinin çalışmaları haqqında belə deyir: “Yunanlıların etdiklərinin əksinə bu çalışmalar sadəcə şəkil olaraq qalmamışdır. Bu çalışmalar tətbiq edilmiş insanların faydası və konfortu üçün istifadə edilmişdir”.
Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Cəzəri su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu “Mexanika elminin nəzəri və praktiki əsasları” kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur.
Qeyd edək ki, Cəzərinin Artuqlu sultanı Nəsiruddin Mahmud üçün hazırladığı rəngli kitabı son illərdə Türkiyədə “Cezerinin Olağanüstü Makineleri” adıyla ərəb dilindən tərcümə edilərək nəşr edilmişdir.
Əl-Cəzərinin düzəltdiyi konstruksiyalardan biri də "Filli saat”ı adlanan saat konstruksiyasıdır. “Fili saat”ı müsəlman texniki elminin gözəl nümunələrindən biridir. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər bir saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzəri quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir. Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır.
Cəzərinin bu “Filli saat”ı Hindistan, Yunan, Ərəb, Misir və Çin mədəniyyətini təmsil edən fiqurlardan meydana gəlirdi. Bu qurğunu “Birləşmiş Millətlər Saatı” da adlandırmaq olar. Bu “Filli saat”ın, mədəniyyət və elmin beynəlmiləlliyini ifadə etməsi baxımından mühüm yeri var. Saatın əsas xüsusiyyəti isə texniki baxımdan çox sayda mexanizmi çox kiçik bir məkana sığdıra bilməsidir. Bir də söhbətin günümüzdən hələ 850 il əvvəl cərəyan etdiyini düşünsək işin dəyəri bir daha dərindən anlaşılar.
Cəzərinin düzəltdiyi qurğu və robotların əksəriyyəti su ilə işləyir. Bu mexanizmlərin su ilə işləməsinin sadə bir səbəbi var idi. Hələ elektrik kəşf edilməmişdi. Hər bir mexanizm işləyə bilmək üçün kəsintisiz bir güc mənbəyinə ehtiyacı var. Cəzəri axtardığı bu kəsintisiz güc mənbəyini su ilə meydana gətirmişdi. Su onun qurğularında sadəcə enerji mənbəyi və yalnız enerji qaynağı deyildi. Su onun qurğularında həm də vaxt ölçmə vahidi, axış sürəti ilə melodiya ötürücü, hətta dəstəmaz alma robotunda olduğu kimi şəxsi bir robotun əsas çalışma səbəbidir. Cəzəri həmçinin dünya elm tarixində bugünkü kibernetika və robot elmində çalışmalar etmiş ilk elm adamı hesab edilir.
“Cezerinin Olağanüstü Makineleri” kitabında şəkilləri və ölçüləri verilən qurğu və alətlərin işləyib-işləmədiyini yoxlamaq üçün mexanika mühəndisi bir qrup insan qurduqları atelyedə kitaba sadiq qalaraq yenidən düzəltmiş və hər birinin qüsursuz işlədiyini müşahidə etmişlər. Qeyd edək ki, hal-hazırda İstanbulda “Cezeri Müzesi” fəaliyyət göstərir və burada onun ölçülərini verib tanıtdığı avtomat və robotlar əslinə sadiq qalınaraq düzəldilərək sərgilənməkdədir.
Aşağıdakı linklər vasitəsilə adı keçən Cəzəri muzeyində onun qurğu və alətlərinin işlək hallarına və funksiyalarına baxmaq olar...