Doğruluq niyyətdə dürüst olmaq, söz və əməllərin həqiqətə uyğun olması kimi mənalara gələn əxlaqla bağlı bir termindir. Qurtuluş və nicat, insanın vicdanən və mənən rahatlaması ancaq doğruluqla mümkündür. İnsan doğruluqla ölsə belə bir dəfə ölür, ancaq hər yalan ayrı bir ölümdür. İslam qaynaqlarında doğruluq kəlməsi "həqiqəti danışmaq", "gerçəyə uyğun bilgi vermək", "dürüst və etibarlı olmaq", "vədinə sadiq qalmaq" kimi mənalarda işlədilir. Doğruluq peyğəmbərliyin sifətlərindən biridir.
Mədinəli səhabələrdən olan və hələ hicrətdən əvvəl İslamı qəbul edən, xüsusilə də şairliyi ilə tanınan Kab ibn Malik (r.a.) həyatında başına gələn bir hadisə ilə bağlı belə demişdir: "Mən doğruluğumla qutuldum". Əslində, doğruluqdan bəhs edəndə Kab ibn Maliki (r.a.) xatırlamamaq mümkün deyil. Kab ibn Malik (r.a.) qılıncı qədər sözü, sözü qədər qılıncı kəskin olan bir insan idi. Şeirləri ilə kafirlərin mənəvi dünyasını alt-üst edirdi.
Kab ibn Malik (r.a.) mədinəli müsəlmanlarla Həzrəti Peyğəmbərimiz (s.ə.s.) arasında edilən Əqabə beyətində Allah Rəsuluna (s.ə.s.) beyət edənlərdən idi. Dolayısı ilə o, mədinəlilər arasında ilk müsəlman olanlardan idi. Ancaq çox çətin və məşəqqətli bir müharibə olan Təbuk səfərində iştirak etməmişdi. Bu müharibədə sayları bir ovuc olan müsəlmanlar Roma İmperatorluğunun orduları ilə qarşı-qarşıya gələcəkdi. Hamı səfərə çölün o qovurucu istisini göz önünə alaraq çıxırdı. Düzdür, müsəlmanlar mətanət və əzmlə səfərə çıxmış və belə bir məşəqqətli səfərin savabını almışdılar. Ancaq düşmən orduları meydana çıxmamış və müsəlmanlar siyasi bir zəfərlə geri dönmüşdülər.
"Komfort zona"nın təhlükələri
Allah Rəsulu (s.ə.s.) bütün hərbi əməliyyat və səfərlərdə gediləcək yeri gizli saxlayırdı. Ancaq Təbuk səfərində əvvəlcədən hara gediləcəyini demiş və hamını bu səfərə dəvət etmişdi. Belə bir açıq dəvət qarşısında Kab ibn Malik (r.a.) bu səfərdə iştirak etməmişdi.
Gəlin, siyər kitablarında nəql edilən həmin hadisələrə Kab ibn Malikin (r.a.) öz dilindən nəzər yetirək:
"Hamı səfərə dəvət edildi. Qızğın çöllər aşılandan sonra baş tutacaq bu döyüş çox çətin olacaqdı. Ancaq Allah (c.c.) təqdir etmədi və bu uzun və məşəqqətli səfər yalnız hərbi təlimdən ibarət olaraq qaldı. Belə olacağı bildirilmiş və ya bildirilməmişdi. Ancaq Allah Rəsulu (s.ə.s.) bu döyüşə xüsusi əhəmiyyət verirdi.
Hamı kimi mən də hazırlaşmışdım. Hətta, o günə kimi heç bir döyüşə bu qədər yaxşı hazırlaşmamışdım. Allah Rəsulu (s.ə.s.) hərəkət əmri verdi və ordu yola düşü. Mən öz-özümə: "Necə olsa, onlara çataram" deyərək, onlarla bərabər çıxmadım. Əslində, heç bir işim yox idi. Ancaq özümə olan inam və etimadım mənə mane olurdu. Bu gün, sabah, o biri gün deyə-deyə günlər keçib gedirdi. Artıq Allah Rəsuluna (s.ə.s.) çatmaq mümkün deyildi. Əldə gözləməkdən başqa çarə qalmamışdı. Bu, mənim üçün hər saatı günlər sürən bir gözləmə idi.
Ordu Mədinəyə qayıdır
Nəhayət, Allah Rəsulunun (s.ə.s.) səfərdən dönüşü hər yandan eşidilməyə başladı. Onsuz da, hər dəfə belə olurdu. Mədinə şəhəri Onun (s.ə.s.) qayıtmasına az qalmış yenidən canlanmağa başlayırdı. Allah Rəsulu (s.ə.s.) və İslam ordusu Mədinəyə döndüyünə görə hər kəsin üzündə bir sevinc var idi.
Nəhayət, gözlənən gün gəlib çatdı. Ordu Mədinəyə qayıtdı. Allah Rəsulu (s.ə.s.) həmişə olduğu kimi əvvəla məscidə gedərək iki rəkat namaz qılmış və xalqla görüşməyə başlamışdı. Hamı hissə-hissə məscidə gələrək Allah Rəsulunu (s.ə.s.) ziyarət edirdi. Bu arada səfərdə iştirak etməyənlər də üzr istədi. Mənim kimi səfərdə iştirak etməyən əksəriyyətin bəhanələrini Allah Rəsulu (s.ə.s.) qəbul elədi. Mən də bəhanə gətirə bilərdim. Çünki aralarında qane etmə gücü və söz söyləmə qabiliyyəti ən yaxşı olanlardan biri idim. Ancaq heç bir bəhanəm olmadığı halda Allah Rəsuluna (s.ə.s.) necə yalan söyləyə bilərdim? Bunu etmədim, edə bilmədim. Allah Rəsulu (s.ə.s.) qəlbimi yarıb keçən acı bir təbəssümlə məni qarşıladı və: "Harada idin?" deyə soruşdu. Vəziyyəti olduğu kimi əskiksiz bir şəkildə danışdım. Başını çevirdi və dilinin ucu ilə: "Qalx və get", - dedi.
Çölə çıxdım. Qövmüm ətrafıma toplaşdı: "Sən də bir bəhanə söylə və qurtul", - dedi. Dedikləri bir anlıq qəlbimə yatdı. Ancaq birdən özümə gələrək soruşdum: "Mənim vəziyyətimdə olan başqaları varmı?" "Var" dedilər və iki ad söylədilər. İkisi də Bədr döyüşündə iştirak edən səhabələrdən Mürarə ibn Rəbi və Hilal ibn Umeyyə idi. Onlar da heç bir bəhanə gətirmədən doğrusunu söyləmiş və mənim vəziyyətimə düşmüşdülər. Mən də onlara tabe olmağa qərar verdim və bəhanə gətirməkdən vaz keçdim.
Üçümüz haqqında bir əmr verildi. Artıq heç bir müsəlman bizimlə görüşməyəcək və danışmayacaqdı. Digər iki dostum evlərinə qapanaraq dayanmadan gecə-gündüz ağlayırdılar. Mən aralarında ən gənc və qüvvətli olanı idim. Küçəyə, bazara çıxır, namaz vaxtlarında məscidə gedirdim. Ancaq mənimlə heç kim danışmırdı. Əksər vaxtımı məsciddə keçirirdim. Allah Rəsulunun (s.ə.s.) mənə təbəssüm etməsinə nail olmaq üçün uzun müddət məsciddə gözləyirdim. Ancaq hər gün evimə hicranla qayıdırdım. Üzündən heç vaxt təbəssüm əskik olmayan O (s.ə.s.) insan, bir dəfə olsa, mənə baxaraq, təbəssüm etməmişdi. Salam verirdim, görəsən dodaqları tərpəndimi deyə gözlərimi dodaqlarına zilləyirdim. Ancaq yenə də ən xəfif bir tərpənmə olmurdu.
"Allah və Rəsulu bilir"
Namaz qılarkən göz ucu ilə Ona (s.ə.s.) baxırdım. Namaza başlayanda mənə baxırdı. Ancaq namazımı qurtaran kimi dərhal məndən gözünü qaçırırdı. Əlli gün beləcə keçdi. Bütün insanlar və olduğum yer mənə o qədər yadlaşmışdı ki, özümü kənar bir ölkədə zənn etməyə başladım. Bir gün çox sevdiyim, onun da məni canı qədər sevdiyi əmim oğlu Əbu Qatədənin (r.a.) yanına həyətinin divarından aşaraq getdim. Salam verdim, salamımı almadı. Ondan soruşdum ki: "Mənim Allah (c.c.) və Rəsulunu (s.ə.s.) sevdiyimə inanmırsanmı? O cavab vermədi. Sözümü üç dəfə təkrarladım. Üçünücüsündə də: "Allah və Rəsulu bilir", - deyərək yanımdan ayrıldı. Sanki dünya başıma yıxılmışdı. Əbu Qatədədən (r.a.) bu sözü heç gözləmirdim. Gözlərimdən yaşlar axaraq ağladım.
Qəssan əmirindən gələn təklif
Yenə bir gün Mədinə küçələrində tək başına gəzirdim. Küçədə bir şəxsin məni axtardığını gördüm. Soruşduğu şəxslər işarə ilə məni göstərmişdilər. Əlində məktub olan həmin adam yanıma gəldi. Məktub Qəssan məliki tərəfindən mənə göndərilmişdi. Məlik məni öz məmləkətinə dəvət edirdi. Məktubunda: "Eşitdim ki, sahibin səni tək buraxıb. Bizə gəl, sənin kimilərin bizim yanımzda dəyəri yüksəkdir" sözləri yazılmışdı. "Bu da bir imtahandır" dedim və məktubu cıraraq oda atdım.
"Xanımlarından uzaq dursunlar!"
Qırxıncı gün olmuşdu. Allah Rəsulu bir adam göndərmişdi. Gələn şəxs bizim xanımlarımızdan uzaq durmağımızı söyləyirdi. "Boşayım, yoxsa nə edim?" - deyə soruşdum. Gələn adam: "Yalnız uzaq dur", - dedi və getdi. Mən də xanımıma öz evlərinə getməsini söylədim. Bu arada eyni vəziyyətdəki üç nəfərdən biri olan Hilal ibn Umeyyənin xanımı Allah Rəsulunun (s.ə.s.) hüzuruna getmiş, xidmət etmək şərti ilə icazə istəmişdi. Çünki Hilal ibn Umeyyə yaşlı bir insan idi. Öz işini tək başına görə bilmirdi. Allah Rəsulu (s.ə.s.) onun xanımına icazə vermişdi. Bəziləri mənim də eyni şəkildə icazə almağımı istədilər. Ancaq qəbul etmədim. Allah Rəsulunun (s.ə.s.) belə bir təklifi necə qarşılayacağını bilmirdim.
Müjdəli xəbər...
Beləcə bir müddət də keçmiş və əlli gün olmuşdu. Artıq dözülməz hala gəlmişdim. Dünyam qaralmış və qəbir qədər daralmışdı. Həmişə etdiyim kimi evimin damında səhər namazını qılaraq oturmuşdum. Birinin yüksək səslə məni çağırdığını eşitdim. Həmin səs: "Muştuluq ey Kab!" deyirdi. Məsələni anlamışdım və tez səcdəyə qapandım. O gün səhər namazından sonra Allah Rəsulu (s.ə.s.) bizim əfv olunduğumuzu elan etmişdi. Məscidə tərəf qaçdım, hamı ayağa qalxaraq məni təbrik edirdi. Boynuma sarıldılar, üzümü, gözümü öpdülər. Sanki yenidən Əqabə beyətindəki həyəcanı yaşayırdım. Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək, əlini tutdum. O da mənim əlimi tutmuşdu. Allah Rəsulu (s.ə.s.): "Allah sizi bağışladı", - buyuraraq haqqımızda enən bu ayəni oxudu: "(Allah) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) qorunmağın yalnız Onun Özünə sığınmaqla mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (Tövbə, 9/118).
Kab ibn Malik haqqında enən bu ayəni oxuyandan sonra Allah Rəsuluna (s.ə.s.) belə deyir: "Ya Rəsulallah! Mən doğruluqla qurtuldum. Bundan sonra da ömrüm boyu doğrudan başda heç bir şey söyləməyəcəyəm".
Nazim Mustafayev