Uzman Dr. İkram Rüstəmov 1981-ci ildə Laçın rayonunda anadan olub. İlk və orta təhsilini əvvəlcə Laçında, sonra isə Bakı şəhərində alıb. 1997-ci ildə Türkiyə Respublikasının İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinə daxil olub. 2003-cü ildə eyni universiteti bitirərək, Tibbdə İxtisas İmtahanını (TUS) müvəffəqiyyətlə verərək, eyni fakültənin Uşaq Psixiatriyası kafedrasında elmi-praktiki fəaliyyətə başlayıb. Orada işlədiyi müddət ərzində Psixiatriya və Uşaq Nevrologiyası kafedralarında da 5 il müddətində fəaliyyət göstərib. 2009-cu ildə "Uşaqlıq Depressiyasında Vizual Diqqət Pozulmaları" mövzusunda dissertasiya müdafiə edərək, uzmanlıq alıb. 2010-cu ildə Azərbaycana qayıdaraq, Mərkəzi Klinik Xəstəxanada həkim-psixiatr kimi fəaliyyət göstərib. 2011-2013-cü illər arasında 1 saylı Respublika Psixiatriya Xəstəxanasında işləyib. 2014-cü ildə ABŞ Harvard Universiteti Boston Uşaq Xəstəxanasında 6 ay tədqiqatçı əməkdaş kimi fəaliyyət göstərib. 2012-ci ildən indiyə qədər Azərbaycan Tibb Universiteti Psixiatriya Kafedrasının müəllimidir. Eyni zamanda 2018-ci ildən etibarən fəaliyyət göstərən "Nefes" Psixonevroloji Sağlamlıq Akademiyasının təsisçisidir. Evlidir, 3 övladı var.
- Psixoloq, psixoterapevt və psixiatr nədir? Nə üçün biz hələ də bu sahələri bir-birindən fərqləndirməkdə çətinlik çəkirik?
- Psixoloq, psixoterapevt və psixiatr, bunlar əslində başqa-başqa sahələrdir. Amma bir-biri ilə təbii ki, əlaqəlidir. Psixiatr həkimdir. Tibb Universitetini bitirir. Sonra psixiatriya üzrə klinik ixtisas keçərək, həkim-psixiatr adını alır. Daha çox psixi pozuntular, xəstəliklər, onların müalicəsi, tibbi-psixoloji müdaxilələrlə məşğul olan bir mütəxəssisdir. Psixologiya isə humanitar sahədir. Tibblə əlaqəsi yoxdur. Psixoloqun tibblə əlaqəsi və xəstələrlə ünsiyyətdə olması üçün o, klinik psixologiya sahəsində magistr proqramını bitirməlidir. Hazırda Azərbaycanda da psixologiya haqqında qanun təsdiqləndi. Həmin qanun da bu dediyim maddələri əsaslandırır. Psixoloqun klinik psixologiya sahəsində ən azı 2 il təhsili olmalıdır. Bundan əlavə, o, ən azı 1 il kliniki internatura, yəni təcrübə keçməlidir. Bu, hər hansı bir klinikada və ya tibbi-psixiatrik mərkəzdə ola bilər. Mütləq şəkildə kliniki təcrübəyə sahib olmalıdır ki, xəstələrlə ünsiyyətdə ola bilsin və onlara kömək edə bilsin. Klinik psixoloqlar əsasən klinik sahələrdə bəzi testlər edə, əgər psixoterapiyadan məlumatlıdırlarsa, müəyyən psixoterapiyalar apara bilərlər. Ya da psixiatrik yanaşmalara dəstək olaraq, müəyyən psixoloji təlim və dəstək məşğələləri keçə bilərlər. Psixoterapevt isə psixoterapiya ilə məşğul olan insandır. Psixoterapevt hər hansı bir bakalavr diplomu olan, eyni vaxtda psixoterapiya sahəsində yetişən, diplom və ya sertifikat almış mütəxəssisə verilən addır. Təbii ki, əksər vaxtlarda psixoterpevtlər adətən, ya psixoloq olurlar, ya da psixiatr olurlar. Amma digər peşə sahibləri də, məsələn, hər hansı bir müəllim və ya hər hansı bir mühəndis də dünyada təsdiq olunmuş proqramlardan və kurslardan keçərək, psixoterapevt adını ala bilər.
- İnsan hansı halda psixoloqa, hansı halda psixiatra müraciət etməlidir?
- Əgər insan özündə hər hansı psixi əlamətlər hiss edərsə və ya hər hansı funksionallığında, ya da həyat keyfiyyətində pozulma olarsa, ilk növbədə, psxiatra müraciət etməlidir. Psixiatr ümumi vəziyyəti dəyərləndirdikdən, müalicə və müdaxilə planlarını şəkilləndirdikdən sonra ehtiyac olarsa, uyğun bir psixoloqa müraciət edə bilər. Amma hər hansı tibbi bir hal yoxdursa, insanın şəxsi həyatındakı və ya daxili dünyasındakı müəyyən çətinliklərlə əlaqədar problemləri varsa, bəzən bu problemləri psixiatrsız da psixoloji dəstək almaqla aradan qaldırmaq olar.
- Psixiatrik xəstəliklər nədir və necə təyin olunur?
- Ümumiyyətlə, hər birimizdə müxtəlif psixi pozuntular var. Duyğu, düşüncə və davranış sahibi olduğumuz üçün və nəhayət, insan olduğumuz üçün müəyyən psixi problemlərimiz mövcuddur. Əslində, psixi problemlərimiz olmasa, insan olmaqdan çıxarıq. Çünki psixi pozuntu o deməkdir ki, bayaq qeyd etdiyimiz psixi problem artıq həddini aşır. Bizim standart, requlyar həyatımızı keçir və bizə ciddi maneə törədir. Məsələn, bir nümunə verək və deyək ki, yüksək mərtəbədə yaşayan yaşlı bir xanımın dizində duzlaşma var və o, mərtəbələri çıxmaqda əziyyət çəkir. Ancaq buna baxmayaraq o, liftə minməkdən qorxur. Elə isə bu artıq ciddi pozuntudur və bunu müalicə etmək lazımdır. Hələ, mən bunun ən sadə variantını deyirəm. Daha mürəkkəb variantda əgər insanın davranışı pozulubsa, insan ciddi şəkildə cəmiyyətə adaptasiya olmaqda problem yaşayırsa, bu problem daha ciddi psixoloji problemlərlə qarşımıza gələ bilər. Məsələn, şizofreniya dediyimiz ən ağır xəstəlikdə təfəkkür pozulur, qavrama sferası pozulur, davranış pozulur. Və ya bipolyar dediyimiz xəstəliklə çox ciddi emosional düşkünlük və oyanıqlıq baş verir. Yəni, belə hallarda müxtəlif xəstəliklər və problemlərlə qarşılaşmaq mümkündür. Xəstəlik və ya pozuntu dedikdə biz daha çox insanın həyat keyfiyyətini pozan, onun normal yaşamasına mane olan problemləri nəzərdə tuturuq.
- Psixiatr xəstəliyin xəstəliyin diaqnostikasını necə aparır?
- Bunun üçün, ilk növbədə, psixiatrik müayinə və müsahibə aparılır. Müayinə əlamətlərinə görə insanın nitqi, təfəkkürü, emosiyası dəyərləndirilir. Təbii ki, əgər ehtiyac varsa, burada müxtəlif köməkçi vasitələrdən, məsələn, Maqnit Rezonans Tomoqrafiyadan (MRT), Kompüter Tomoqrafiyasından (KT), elektro-ensefaloqramdan və ya müəyyən qan analizlərindən də istifadə edilə bilər.
- Psixiatrik müalicələr zamanı təyin olunan dərmanlar əsasən insanları yatmağa vadar edir. Dünyada dərman müalicəsini əvəzləyəcək başqa müalicə sistemi varmı?
- Bu sualla əslində Azərbaycanda çoxlarını maraqlandıran və ya düşündürən bir şeyi soruşmuş olursunuz. Halbuki, psixiatrik müalicələr zamanı təyin olunan dərmanların hamısı yuxu vermir. Təbii ki, yuxu verən dərmanlarımız da var, amma bunları ümumiləşdirmək olmaz. Məsələn, depressiyada olan xəstəni yatırmağın heç bir mənası yoxdur. Tam əksinə onu canlandırmaq lazımıdır. Təəssüf ki, ölkəmizdə, məsələn, antidepressant deyəndə yuxu dərmanları nəzərdə tutulur. Yaxud da bu dərmanların asılılıq verdiyi düşünülür. Bunların hamısı yanlışdır. Əslində, antidepressant dərmanların əksəriyyəti yuxu vermir. Demək olar ki, heç birində asılılıq riski yoxdur. "Psixiatriyada dərmanlara alternativ müalicə üsulları varmı?" sualına gəlincə, deyə bilərik ki, var. Bəzən dərman müalicələrinin yerinə psixoterapiyalar və psixoterapevtik üsullar təyin edirik. Və ya elektrokonfizik (müəyyən elektrik dalğaları ötürməklə edilən müalicə) üsullarımız var. Transkranial Maqnetik Stimulyasiya (Transcranial magnetic stimulation - TMS) aparatından istifadə etdiyimiz müalicə üsulları var və s. Ən çox istifadə etdiyimiz üsul isə təbii ki, dərmanlardır.
- İnsanların psixiatrlardan çəkinmə səbəbi nədir?
- Bu, əslində köhnə dövrlərdən gələn bir şeydir. Hətta, deyərdim ki, bu məsələ orta əsrlərin Avropasından gəlir. O dövrlərdə psixi xəstəlikləri insanın içinə cin girməsi kimi qələmə verirdilər. Avropada bu insanları kilsənin əmri ilə yandırırdılar. O dövrdə, xüsusilə qərb dünyasında psixi problemlərə və bu işlə məşğul olan həkimlərə çox ciddi şəkildə antipatiya var idi. Psixiatrlar, ümumiyyətlə, sovet dövründə də (xüsusilə, ideologiyanın təsiri ilə) birmənalı şəkildə qəbul olunmurdular. Bu haqda müxtəlif fikirlər var idi. Ancaq müasir dövrdə psixiatrların da kardiolqlar kimi, pediatrlar kimi, terapevtlər kimi insanlara şəfa vermək istəyən bir həkim qrupu olması yavaş-yavaş insanların şüurunda formalaşmağa başlayır. Nəticədə, psixiatr da digər həkimlər kimi təhsil almış, yüksək biliyə və intellektə malik bir həkim qrupudur. Hətta, mən deyərdim ki, psixiatrların əksəriyyəti həqiqətən çox geniş dünyagörüşünə malik olurlar. Çünki psixiatriya bir az da psixi-sosial tərəfləri olduğu üçün insandan ciddi dünyagörüşü tələb edir.
- Nə üçün Azərbaycanda psixoloji problemləri olan uşaqların sayı getdikcə artır?
- Bunun konkret səbəbini deyə bilmərəm, amma subyektiv fikrimi deyim. Birincisi, ailə problemlərimiz getdikcə artır. Bu problemlər uşaqlara mənfi təsir göstərir. Ailələr getdikcə yalnızlaşır, geniş ailələr yerini daha dar, daha kiçik ailələrə verir. İnsanlar arasında ünsiyyət problemləri dərinləşir. Qonşuluq ünsiyyətləri demək olar ki, yox səviyyəsindədir. Texnologiyadan asılılıq artır (TV, kompüter, planşet, telefon və s.). İnsanların sosial qayğıları artır. Maliyyə problemləri olduğu üçün ailələr əksər hallarda bu problemlərin həllinə yönəlir və uşaqlara kifayət qədər vaxt ayıra bilmirlər. Nəticədə, uşaqlar üçün kifayət qədər əlverişli sosial mühit yaradılmır. Təbii ki, günümüzdə bir az da radiasiyanın artmasından, ozon təbəqəsinin deşilməsindən tutmuş başqa genetik faktorlara, qohum evliliklərinə və s. qədər hər şey uşaqlarda psixi problemlərin yaranmasına səbəb olur.
- Uşaq psixiatriyası sahəsində ən çox qarşılaşdığınız problemlər hansılardır?
- Son dövrlərdə təbii ki, autizm və autizmə bənzər xəstəliklər, inkişaf pozuntuları həddən artıq çox qarşımıza gəlir. Ancaq bununla yanaşı həyəcan pozuntuları, qorxular, depressiyalar, tik pozuntuları, diqqət əksikliyi, hiperaktivlik, öyrənmə pozuntuları, davranış pozuntuları, patoloji ərköyünlük (əsasən də, məktəbəqədər uşaqlarda) və s. kimi hallarla çox rastlaşırıq. Təbii ki, imtahanla əlaqədar həyəcan pozuntuları, karyera ilə əlaqədar təşviş halları və yeniyetmələrdə intihar halları da çox qarşımıza çıxır.
- Pandemiya vaxtı insanların psixi sağlamlığının pozulması fikri ilə razılaşırsınızmı?
- Bəli, razılaşıram. Pandemiya və virus qaldı bir kənarda, psixi pandemiya şəklini aldı. Hətta, demək olar ki, koronafobiya deyə bir diaqnoz da yarandı. Çox ciddi bir şəkildə korona ilə əlaqəli qorxu, panika və həyəcan yaşayan insanlar artdı. Bununla əlaqəli insanların psixi sağlamlığı ciddi şəkildə zərər gördü.
- Məcburiyyətdən olsa da, dərslərin onlayn sisteminə keçməsi nə kimi problemlər yaradır? Bu barədə həm də Tibb Universitetinin müəllimi kimi münasibət bildirərdiniz.
- Nə kimi problemlər yaradır? Birincisi, dərsə adaptasiya kimi problem yaradır. İkincisi, tələbə-müəllim ciddiyəti, ünsiyyətdəki problem pozulur, çünki tələbə, şagird onlayn olduğu vaxt arxa fonda müxtəlif diqqət yayındıran işlərlə məşğul olur. Dərsə tam fikrini verə bilmir. Buna görə də, onlayn sistem virusdan qorunmaqla və ümumiyyətlə, karantin rejimi ilə əlaqədar nə qədər vacib görünsə də, dərsə adaptasiyanı və uşaqların məktəb ciddiyyətini ciddi şəkildə pozur. Diqqət pozuntusu olan uşaqlarda isə bu daha çox özünü biruzə verir.
- İkram bəy, internetin insanların psixi sağlamlığına mənfi və ya müsbət tərəfləri hansılardır?
- Bizim dinimizdə də var. Hər şeyin artığı və azı zərərdir. Hər şeyin ortası gözəldir. Burada klassik bir nümunə ilə də olsa, od misalını verək. Yəqin, siz də eşitmisiniz. Od faydalıdır, yoxsa zərərli? Odla yemək bişiririk, odla isinirik və s. Ancaq əlimizi oda tutsaq, evimizə od vursaq, təbii ki, yandırarıq. İnternetə də eyni şəkildə baxmaq lazımdır. Düzgün istifadə faydalıdır və psixi sağlamlığa hər hansı mənfi təsiri yoxdur. Yersiz və davamlı istifadənin birmənalı şəkildə mənfi təsirləri var. İnsanın asosiallığından tutun, təfəkkür, nitq və düşüncə proseslərinin pozulmasına kimi müxtəlif mənfi təsirlər göstərir.
- Yuxarı sinif şagirdlərinin nələri bilməsi vacibdir?
- Yuxarı sinif şagirdləri sevgini, etimadı, dostluğu, vəfanı bilməlidirlər. Bizim dədə-babadan qalma, qəlibləşmiş, amma həqiqətən əhəmiyyətli bəzi dəyərlərimiz var. Bunları yuxarı sinif şagirdlərinin bilməsi vacibdir. Bilmək lazımdır ki, biz hansı cəmiyyətin, hansı kökün, hansı nəslin nümayəndəsiyik. Yəni, milli-mənəvi dəyərlərimizi birmənalı şəkildə bilməlidirlər. Çünki 700 balla universitetə daxil olan bir tələbənin bəzən görürsən ki, sadə bir şairdən, yazıçıdan və ya hər hansı bir tarixi hadisədən, məqamdan xəbəri yoxdur. Biz bir mənada artıq monoton bir gənclik yetişdiririk. Bu, ciddi təhlükədir. İnsan nə qədər milli-mənəvi dəyərlərindən uzaq qalsa, o qədər yalnızlaşır. Əgər məsələyə bir psixiatr gözü ilə baxsaq, təbii ki, möhkəm iradəli olmaq, yəni, uşaqları doğru yetişdirmək lazımdır ki, onlar "Mən dərs oxuyum adam olum" yox, "Mən xoşbəxt olum adam olum" məntiqi ilə böyüsünlər. Burada əslində, söz valideynlərədir. Yəni, valideynlər övladlarını yarışa salmasınlar. "Sən girməlisən", "Sən bacarmalısan" məntiqindən uzaq olmaq lazımdır. Uşağı daha çox dəstəkləmək, daha çox sevgi ilə böyütmək lazımdır. Ümumi mənada mən dərslə, tədrislə əlaqəli ciddi məsləhətlər verilməsi tərəfdarı deyiləm. Bəlkə də, dediklərim sizə fərqli yanşama kimi gələ bilər, amma yuxarı sinif şagirdlərinin bilməli olduqlarrı ən vacib şey düzgün və gözəl insan olmaqdır.
Aygün Zayıdova