Dost, yoldaş bir-birilərindən uzaq anlayışlardır. Biz də bu yazıda "Dost kimdir, yoldaş kimdir?", "Dostla, yoldaşla necə davranmaq lazımdır?", "Dost seçərkən nələrə diqqət etmək lazımdır?", "Dostluğa nə mane ola bilər?", "Yoldaşlığı hansı mənfi xüsusiyyətlər poza bilər?" kimi suallara cavab tapmaq üçün psixoloq Gülnarə Mamedova ilə həmsöhbət olduq.

- Dostluq nədir, yoldaşlıq nədir?

- Mən subyektiv fikrimi bildirəcəyəm. Hər ikisi də bənzər dəyərlərlə irəliləməkdir. Ortaq dəyərlərə xidmət etməkdir.

- Necə dost olmalıyıq və ya kimlərlə dost olmaq olar?
- Dəyərlərinizin üst-üstə düşdüyü, özünüzü onun yanında yaxşı hiss etdiyiniz, sizi qiymətləndirən, sizin qiymətləndirdiyiniz, sizin əmək verdiyiniz, sizə qarşı əmək verən insanlarla dost olmaq olar. Sizdən qarşılıq gözləmədən fədakarlıq edən insanlara dost demək olar.

- Dostluğa nə mane ola bilər?
- Qeyri-səmimilik, ikiüzlülük, fərqli dəyərlərin olması...

- Doğru dost seçimi etdiyimizi necə başa düşə bilərik?
- Əgər onu axtarırıqsa, hər hansı problemimizi, hər hansı sevincli xəbərimizi, hər hansı mühüm bir hadisəni bölüşmək istəyiriksə, gözümüz onu gəzirsə, onunla yol yoldaşlığımız bizə zövq verirsə, dalğalarımız bir-birini tutursa, dostumuz olduğunu başa düşə bilərik.

- Dost bizim seçdiyimiz insan olduğu üçün onunla necə davranmaq lazım olduğunu da bilirik. Bəs sinif yoldaşları?
- Bir formal birliklər var, bir də qeyri-formal birliklər. Dostluq qeyri-formal birlikdir. Sinif isə formal qrupdur. Sinif yoldaşlarımızı demək olar ki, seçə bilmirik. Çünki sinif müəyyən sistemin şagirdləri bir yerə toplaşmağa məcbur etdiyi bir mühitdir. Burada sinif yoldaşlarımızı müəyyən kriteriyalara görə seçirlər. Fərqi yoxdur harada. Məktəbdə, kursda, yoxsa hazırlıq mərkəzində. Burada sinif yoldaşlarımızın hərəsi bir şeyə görə qruplaşdırılır. Məsələn, yığdıqları ballara görə, seçdikləri qruplara görə və ya seçdikləri ixtisaslara görə. Hətta, bəzi spesifik məktəblərdə audialist, vizualist və ya kinestetik olmalarına görə qruplaşdırırlar. Burada bizim çox da müdaxilə etmək şansımız olmur. Həmin o sinif yoldaşlarının içində də istər-istəməz qeyri-formal qruplar formalaşır. Hətta, bəzən bir neçə sinifdən toplanmış qruplar olur. Dostluğun dili bədən dili də ola bilər, sevgi dili də ola bilər, ümumilikdə ehtiyacdan doğan hər hansı başqa bir ünsiyyət vasitəsi də ola bilər.

- Dostluqda yaş həddi varmı? Valideynlər və ya müəllimlərlə dostluq etmək olarmı?
- Xeyr. Dostluqda yaş həddi yoxdur. Sözü yenə də dəyər anlayışına gətirəcəyəm. Çünki bütün suallar bir-birini tamamlayır. Əgər bir oğlan uşağı atası ilə "PlayStation" oynayırsa, deməli, bu ata onun "PlayStation" dostudur. Göründüyü kimi burada yaş faktoru aradan qalxmış olur. Bunu başqa cür belə də deyə bilərik ki, onlar oyunda artıq rəqibdirlər və bir-birilərinə qalib gəlməyə çalışırlar. Artıq orada atanın yadına düşmür ki, onların yaş fərqi var və ya nəsil fərqi var? Burada dəyər nədir? Qalib olmaq. Beləliklə, onlar burada oyun dostu olmuş olurlar. Eyni şəkildə hər hansı bir idmançı ilə dostluq etmiş olsaq, oyun vaxtı yaş həddi məsələsi aradan qalxar. Yaranmış hər hansı bir vəziyyətdə məsləhətləşmək üçün dost seçmişiksə, onda dostumuzun yaşı nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki burada  ortada təcrübə məsələsi var. O ki, qaldı valideynlərlə dostluğa. Bəli, bu qeyri-formal mühitdə mümkündür. Amma biz onlarla həmyaşıdlarımız kimi davrana bilmərik. Çünki onlar valideyn kimliyində bizim yanımızdadırlar. Onlarla dostluq etmək olar, amma müəyyən mənada distansiyanı da qorumaq lazımdır.

- Dostun, yoldaşın sözünü yaymaq, fikirlərinə hörmətsizlik etmək nə ilə nəticələnə bilər?
- Ümumiyyətlə, tək dostun və ya yoldaşın yox, sənə inanan, etimad edən, fərqi yoxdur ki, siz onunla yaxınsınız, yoxsa yox, onun fikrini və ya şahidi olduğunuz hadisəni başqa birinə demək qeyri-etik davranışdır. Heç özümüzə qarşı da bu davranışı etməyə razı olmarıq. Mənim sevdiyim bir fikir var. İstər dərslərimdə, istər təlimlərimdə bunu vurğulayıram. Mənə nəyin edilməsini istəmirəmsə, bunu başqasına etmədiyim zaman problem yaranmır. Mənim rahatlığım başqasının narahatlığına səbəb olmadığı zaman (ya da əksinə) onda hər şey qaydasında gedir. Sualın "nə ilə nəticələnə bilər?" hissəsinə gəlincə, bizə qarşı etimadsızlıqla, xarakterimizin yaxşı formalaşmaması ilə, bizə inanan insanların bizə qarşı etimad hissinin itməsi ilə nəticələnə bilər. Böyüklərimizin bizə dəyər verməməsi ilə nəticələnə bilər. Ən sonda isə insanın özünə hörmət etməməsi ilə nəticələnə bilər. İradə və xarakterin zəifliyi ilə nəticələnə bilər.

- İnsana ən yaxın dost anadır deyirlər. İnsan sirlərini, həqiqətən də, anadan başqa kiminləsə bölüşməməlidirmi?
- Bunu həmişə deyə bilərikmi? Xeyr! Çünki mental dəyərlər dediyimiz məqamda ana həmişə dost ola bilmir. İnsan hansı mühitdə böyüyürsə, istər-istəməz həmin mühitin ona verdiklərini təkrarlayır. Nəyi bilirsənsə, onu da edəcəksən. Əgər bir ana övlad kimliyində olduqda valideynləri ilə arasında sərhəd olubsa, onun bu divarları aşması çox çətindir. Əgər yeni bir valideyn-övlad kimliyi ilə qarşılaşmayıbsa, ən azı başqasında görməyibsə, bunu etmək çox çətin məsələdir. Deyək ki, insanı qarşılıqsız sevən varlıqlar içərisində ana ilk yerdə gəlir. Ancaq məncə bu fikir daha doğru səslənir. İnsan üçün ən çox fədakarlıq edən varlıqlar içərisində ana ilk yerdə gəlir. Əslində, ana dost olmalıdır, amma bu artıq valideynlərdən qaynaqlanan bir problemdir. Ana kimliyi ön plana keçdiyi üçün onlar həmişə humanist davrana bilmirlər. Özlərini məcbur etsələr belə, təəssüflər olsun ki, həmişə yaxşı nəticə əldə olunmur. Bu da bizim Şərq mental dəyərləri ilə əlaqəli bir məsələdir. Əgər biz ana ilə bölünəcək sirdən danışırıqsa, onda burada biz yetkinlik və ya erkən gəncliyi məsələyə daxil etmiş oluruq. O yaşda nə yaşayırıq ki, nə də sirrimiz olsun? Həmin yaşda çox sirrimiz varsa, bu artıq ciddi bir məsələdir. Burada bəlkə də bir ananın yox, bir mütəxəssisin rəyinə baş vurmalıyıq. Əgər ana dost, yoldaş kimliyini rahat daşıyırsa, humanistdirsə, onda onunla sirrini bölüşmək çox yaxşı olar.
Son vaxtlar bullinqləri görürük, yeniyetmələrin həyatlarındakı problemləri görürük, bunun əsas səbəblərindən biri onların doğru dost, doğru sirdaş seçə bilməmələridir. Bir sirri həmyaşıdları ilə bölmək heç də doğru deyil. Həm də təcrübələr göstərir ki, bu sirr bölüşmələri çox vaxt yaxşı nəticələnmir. Niyə? Çünki onun həyata baxışı ilə həmyaşıdının həyata baxışı eynidir. O nə qədər məsləhət verə bilər ki? Burada ən yaxşı obyekt məktəb psixoloqu ola bilər. Əgər pedaqoq sözün əsl mənasında yaxşı pedaqoqdursa, pedaqoq da ola bilər. Çünki o pedaqoq həm də valideynlə işləyir və məsələni o özü uyğun şəkildə ona deyir.

- Dost həqiqətənmi acı deyir və bu acı sözdən incimək, yoxsa nəticə çıxarmaq lazımdır?
- Dost acı söyləməz, dost acını incitmədən söyləyər. Həmişə fikir versəniz, insanın su kimi, yemək kimi ehtiyaclarının içində dəyər görmək anlayışı da var. Yəni, biz dəyər görmək istəyirik. Və dəyər gördüyümüz vaxt, qiymətləndirildiyimiz vaxt xoşbəxt oluruq. Daim acı söyləyən, tənqid edən insandan istər-istəməz müəyyən vaxt sonra uzaqlaşırıq. Ümumiyyətlə, insanlar iki tip nəticə çıxara bilirlər. Bu baxımdan, insan beyni də fərqli işləyir. Bəzi insanlar neqativ üslübdan nəticə çıxarırlar, bəziləri pozitiv. Əgər həyatımızda neqativ üslubdan nəticə çıxaran insanlar varsa, həmişə olmasa da, onları silkələmək, şok effekti yaratmaq məqsədilə bu üslubdan istifadə etmək olar. Yox, əgər qarşı tərəfin üslubu təbiətən acıdırsa, onda ondan incimək lazımdır. Bildirmək lazımdır ki, mən səndən incimişəm, sən məni itirməmək üçün alçaltmamalısan, bu necə dostluqdur?

- Dost, yoldaş dediyin şəxsin hər hansı bir fiziki və ya digər qüsurlarını məsxərəyə qoymaq nə qədər doğrudur?
- Nəinki dostumuzun, hətta, bir az da irəli getsək, düşmənimizin belə, müəyyən fiziki və ya digər qüsurlarını məsxərəyə qoymaq bizim insanlığımıza yaraşmaz. Öz-özlüyünüzdə götür-qoy edin, görün insan deyilən şəxsin, mənliyi olan şəxsin fiziki qüsurları, psixoloji məhdudiyyətləri olan şəxsə lağ etməsi nə qədər doğrudur? Bu dəqiqə bizim ən çox mübarizə apardığımız şeylərdən biri də budur. Heyvanlara qarşı işgəncələr, insanların fiziki qüsurlarına rişxənd olunması.
Etik davranışlar dərsində mən şagirdlərimə də deyirəm ki, mənim eynəkdən istifadə etməyim mənim dörd göz olmağım deyil. Mənim də hər kəs kimi iki gözüm var. Sadəcə olaraq, mən normal görmədiyim üçün, amma sənin kimi görmək istədiyim üçün gözlükdən istifadə edirəm. Bu, mənim sevərək etdiyim bir şey deyil. Mən məcbur olduğum üçün bunu edirəm.
Burada empatiya qurulsun deyə, özümü misal verdim. Mənim yerimdə başqa biri də ola bilərdi. Axı mən onu istifadə etmədiyim vaxt yaxşı görə bilməyəcəyəm, istifadə edəcəyim avtobusun nömrəsini görə bilməyəcəyəm, qarşımdakı insanın üzünü görə bilməyəcəyəm, lövhədə yazılanları görə bilməyəcəyəm, üz ifadələrinizi, sevindiyinizi və ya kədərləndiyinizi görə bilməyəcəyəm. Əgər mən o eynəkdən sənin qınaqlarına görə istifadə edə bilməyəcəyəmsə, mənim eynəksiz olmağımın gətirdiyi fəsadlara görə sən vicdan əzabı çəkməyəksənmi? Cəkəcəksən. İlk növbədə onu düşünməliyik ki, bizim etdiyimizin bizə qarşı olmasını istəyərdikmi? İstəyərdikmi kimsə bizə qozbel, topal, dörd göz və s. desin? Əlbəttə ki, istəməzdik. O halda niyə biz bunu başqasına deyək? Burada qurbağa ilə əqrəbin hekayəsini xatırladım. Bir dəfə qurbağa əqrəbi suyun o tayına keçirir. O da öz xislətinə xas olaraq qurbağanı sancır. Mən o qurbağanın yerində olsaydım, yenə o əqrəbi sudan o taya keçirərdim. Çünki qarşı tərəf pisliyindən əl çəkmirsə, mən niyə yaxşılığımdan əl çəkim? Əgər kimsə məni əzirsə, mən niyə ona edim?

- Bəs, dostluq aşılayan filmlər barədə nə deyə bilərsiniz?
- Belə filmlər olduqca çoxdur. Burada birliyi, bərabərliyi əks etdirən filmlərə üstünlük vermək lazımdır. Bir də dostun hansı filmləri sevirsə, ilk növbədə, ona baxmaq lazımdır. Müharibə janrında sevirsə, "120" var, "Birləşən könüllər" var. Hansı ki, bu filmlərdə vəfa, sevgi, fədakarlıq aşılanır. "Son məktub" var. Hansı ki, xalqların dostluğundan bəhs edir. "Hıçkı" ("Hıçqırıq") deyilən hind filmi var, hansı ki, sinifdə dostluq qurulur. Həmin dostluq insanların uğur qazanmasına mane olur. Ancaq sonda əsl dostluq necə olmalıdır, dostlar bir-birini necə irəli aparmalıdır, onun şahidi oluruq. Bundan başqa, Aamir Xanın filmlərindən "Üç axmaq"ı ("3 idiots") da məsləhət görmək olar.

- Sonda yeniyetmə və gənclərə demək istədikləriniz...
- Ümumiyyətlə, pis olan nəsə bizə dost ola bilməz. Zərərli şəxs və ya vərdiş də həmçinin. Bəzi gənclər var ki, onların nəzərində ən yaxın dostları siqaretdir. Bəzən zərərli vərdişlərdən uzaq olmaq üçün təşkil olunan təlimlərə gələnlərdən soruşanda ki, yaxşı, gələcəkdə səni dərin bir quyuya atacaq insanla dost olarsanmı? Deyir ki, yox. Onda cavab verirəm ki, o halda niyə siqaret sənin ən yaxın dostun olur? Axı, sən bilirsən ki, gələcəkdə o səni həmin quyuya atacaq. Ya hər hansı ağciyər xəstəliyinin qucağına itələyəcək. Ya hər hansı bir qara ciyər xəstəliyinin ağuşuna atacaq və s. Buradakı məcazi dostluğu biz sonra həqiqi dostluğa çeviririksə, onda mənim dostum mənə zərərli vərdişlər aşılamamalıdır. Məsələn, hər hansı zərərli bir vərdiş üçün mənə, "Sən kişisən, bunu etməlisən", deyən insandan dost ola bilməz. Başqa sözlə, biz bizə normal görünən dostluqlarımıza baxmalıyıq ki, bu "normal dostluğun" bizə bir faydası varmı? Çünki faydası olmayan dostluqların bizim üçün müsbət bir dəyəri olmamalıdır.


Aygün Zayıdova