Bir qapıdan içəri girməzdən əvvəl qapının zənginə basmaq, ya da qapını döymək (icazə istəmək üçün) ədəb qaydalarındandır. Qapı döyüldükdən sonra ola bilsin ki, əlverişsiz bir mənzərə ilə qarşılaşmamaq, həmçinin, həmin mənzərə qarşısında ev sahibini utandırmamaq üçün içərini görməyəcək şəkildə sağ, ya da sol tərəfdə dayanmaq lazımdır. Qapı açılmasa və "Buyurun!" deyilməsə, içəriyə girmək əxlaqa zidd əməl sayılır. Qapının birinci və ikinci dəfə döyülməsinin eşidilmədiyi anlaşılarsa, qapı üçüncü dəfə də döyülə bilər. Üçüncü dəfə döydükdən sonra içəridən heç bir səs çıxmazsa və qapı açılmazsa, içəridə heç kimin olmadığını, ya da vəziyyətin və şəraitin qapını açmağa uyğun olmadığını başa düşmək olar.
Qapını açaraq "Buyurun!" deyən şəxsə, ya da evdə olan ev əhlinə ilk növbədə salam verilməlidir. Çünki salam vermədən danışmaq İslam ədəbinə ziddir. Həzrət Peyğəmbərimiz (s.ə.s.) bir hədisdə belə demişdir: "Salam danışmaqdan əvvəldir" (Tirmizi, Ədəb, 11). Başqa bir hədisdə isə Allah Rəsulu (s.ə.s.) : "İnsanların ən paxılı mömin qardaşından salamı əsirgəyən, salam verməyəndir" (İbn Hibban, X, 349-350) buyurmuşdur.
Səhabələrdən Həzrət Cabir (r.a.) Allah Rəsulunun (s.ə.s.) qapısını döymüş, "Kimdir?" sualına da sadəcə olaraq "Mən" ("Ənə") cavabını vermişdir. Belə qapalı bir cavab qarşısında Allah Rəsulu (s.ə.s.) "Mən-mən" ("Ənə-ənə") deyərək, həmin cavabdan razı qalmadığını bildirmişdir. Buradan anlayırıq ki, başqasının evinə, ya da otağına girmək üçün icazə istəyərkən digər tamamlayıcı bir ədəb qaydası da, içəridən gələn "Kimdir?" sualına qapıdakı şəxsin açıq və aydın bir şəkildə öz kimliyini bildirməsidir. Həmçinin, bəzi istisna hallar var ki, bu zaman evlərə və evin digər otaqlarına icazə istəmədən daxil olmaq olar. Misal üçün yanğın, sel, zəlzələ kimi fəlakət anlarında, həmçinin, oğurluq anında ev sahibinin köməyinə çatmaq üçün icazəsiz mənzilə daxil olmağa icazə var.
Salamlaşmaq İslam ədəb qaydalarında mühüm yeri olan bir məsələdir. Allah Rəsulu (s.ə.s.), yaxından tanıdığın və ya tanımadığın, görüşdüyün və ya görüşmədiyin hər kəsə salam verməyin ən xeyirli əməllərdən olduğunu xəbər vermişdir (Buxari, İman 6, 20). Salam verilən şəxslər çoxluq təşkil edirsə, misal üçün böyük bir sinifə, geniş bir auditoriyaya, ya da 8-10 nəfərin işlədiyi bir ofisə salam verilmişsə, onlardan birinin salamı alması kifayətdir. Ancaq salam verilən qrupdan heç kim salama cavab verməzsə, əxlaqi cəhətdən oradakı hər kəs məsuliyyət daşıyır.
Salam müsəlmanlara verilmiş ilahi bir hədiyyə kimi qəbul edilərək alınar və ya verilərsə, salamlaşanlar arasında sevgi, məhəbbət və səmimiyyət hissləri hasil olar. Salamlaşmaq müsəlmanlar arasında sevgini gücləndirən və əmin-amanlığı artıran ən gözəl ünsiyyət vasitəsidir. Qarşıdakı şəxsin üzünə baxmadan və saymazyana əda ilə verilən salam əsl salamlaşmaq deyil. Salam verərkən həmin şəxsə təbəssümlə baxmaq insanlıq münasibəti baxımından müsbət bir davranışdır.
Gözəl bir təbəssümlə salamlaşmaq ünsiyyətin açarı hesab edilir və insanların zehinlərini bir-birinə yaxınlaşdırır. Quran ayəsində belə buyurulmuşdur: "Sizə salam verilən zaman, siz onu daha gözəl bir şəkildə alın və ya eynisi ilə cavab verin!" (Nisa, 4/86). Bu ayəyə görə salamı verən kəs: "Əssələmu aleykum!" - deyir. Ona cavab verən kəs isə ya daha gözəl bir şəkildə: "Və aleykumussələm və rahmətullahi və bərakətuh", ya da eynisi ilə "Və aleykumussələm", - deyə salamı alır.
Salamlaşmaq gözəl bir əməl olmaqla yanaşı, salamın verilmədiyi, ya da salamın alınmadığı yer və məqamlar var. Misal üçün xütbə oxunarkən məsciddə camaata salam verilməz. Həmçinin, namaz qılana, Quran oxuyana (həm də açıq səslə), əzan və ya qamət oxuyana salam verilməz. Çünki bu məqamlarda həmin şəxslər salama cavab verə bilməzlər. Həmçinin, haram əməl işləyənlərə, ayaqyolunda (və ya hamamda) olanlara ünsiyyət qurmaq üçün uyğun olmadıqlarına görə salam vermək olmaz. Salamlaşmaqda sünnətə uyğun olan kiçiyin böyüyə, gəzənin oturana, az olanın çox olana, minikli olanın piyada olana, arxadan gələnin irəlidə gedənə salam verməsidir.
Həzrət Peyğəmbərimiz (s.ə.s.) uşaqlara salam verir, bu minvalla uşaqlarla ünsiyyət qurur və onlara nəvaziş göstərirdi. Allah Rəsulu (s.ə.s.) bir gün mədinəli müsəlmanların (ənsarın) uşaqlarının oynadığı bir məhəlləyə gəlmiş, onlara salam vermiş və başlarını oxşamışdı. Uşaqlar da Allah Rəsulunu (s.ə.s.) əhatəyə almışdılar. Burada uşaqların verilən salamı geri qaytarıb-qaytarmamaları bəzi şərtlərlə bağlıdır. Belə ki, əgər uşaqlar hələ yetkinlik yaşına çatmayıblarsa, salamı qaytarmağa mükəlləf deyillər. Ancaq bir uşaq yetkin bir şəxsə salam verərsə, həmin şəxs uşağın salamını qaytarmağa mükəlləfdir.
Uşaqlar yetkinlik yaşına çatanda onlara icazəsiz və salamlaşmadan başqasının evinə girə bilməyəcəklərini öyrətmək lazımdır. Bu, İslam ədəbinin əsaslarından biridir. Cənab Allah (c.c.) bu məsələ ilə bağlı belə buyurmuşdur:"Sizin uşaqlar da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza girmək üçün) izin istədikləri kimi izin istəsinlər" (Nur, 24/59).
Eyni zamanda sosial bir bacarıq hesab olunan salamlaşmaq cəmiyyətdə insanların sosiallığını artırır, sağlam münasibətlərin qurulmasına kömək edir. Bir sözlə, insanlar arasında sağlam ünsiyyət və əlaqənin qurulması üçün salamlaşmağın danılmaz yeri var. Müxtəlif xalqların dilində yer almış salamlaşma ifadələrinə nəzər yetirdikdə Uca Yaradanla (c.c.) qurulan bağ və əlaqələrə rast gəlirik. Məsələn, fransız dilindəki "adieu" ("Allaha əmanət ol"), ispan dilindəki "adios" ("Tanrı ilə bərabət get"), ingilis dilindəki "goodbye" ("God be with you" - "Tanrı səninlə olsun") kimi dini məzmunlu salamlaşmalar bu gün də geniş istifadə edilir.
Peyğəmbərimiz (s.ə.s.) salam verməyin insana savab qazandıran (Buxari, İman, 20), cənnətə girməyə vəsilə olan (Tirmizi, Qiyamə 42) mühüm əməllərdən biri olduğunu xəbər vermişdir. Həmçinin, Allah Rəsulu (s.ə.s.) salamlaşmağın müsəlmanlar arasında qarşılıqlı sevgini artıracağını (Müslim, İman 93), xeyir və bərəkət gətirəcəyini, insanı Allaha yaxınlaşdıracağını (Əbu Davud, Ədəb, 133) bildirmişdir.
Nazim Mustafayev