Bu dəfə psixologiya bölməmizdə bir çoxumuzun başının bəlasına çevrilmiş motivasiya əksikliyi, neqativ düşüncə, özünəinamsızlıq və tez həvəsdəndən düşməkdən danışcağıq. Həmsöhbətimiz isə psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti Lamiyə olacaq.

-Kompleks, özünəinamsızlıq, tez həvəsdən düşmək, neqativ düşünmək, motivasiyadan düşmək nədir? Psixoloji narahatlıq hesab olunan komplekslə necə mübarizə aparmaq olar?
-İnsanın savadının və dünyagörüşünün onun sağlamlığını təmin edən yaşam tərzinə təsiri çox böyükdür: gündəlik yaşam tərzinin normal gedişatını qoruya biləcək məlumatlar haqqında bilgilər yoxdursa, gec-tez istər sosial-iqtisadi durum, istərsə də psixoloji-fizioloji durum acınacaqlı vəziyyətə düşəcək. Hazırda insanın sağlamlığına təsir edən neqativ faktorlar o qədər çoxalıb və çoxalmağa davam edir ki, bunlardan qorunmaq yolları insandan özünü maarifləndirmə prosesinin sürətini artırmağı tələb edir. Təəssüf edirəm ki, mənə ünvanladığınız sualları vaxtilə mütəxəssislər və bu mütəxəssislərə müraciət edən pasientlər müzakirə edirdilərsə, hazırda psixoloji problemlərin artma sürəti artıq psixoprofilaktik yönümdə də bu suallara verilən cavablardan hrə kəsin xəbərdar olması zərurətini yaradıb. İlk olaraq kompleks (natamamlıq kompeksinin qısaldılmış deyilişidir) haqqında məlumat vermək istəyirəm: natamamlıq kompleksi - başqalarından əskik olma ilə bağlı fikirlərin formalaşmasına səbəb olan psixoloji və emosional hisslər toplusudur. Natamamlıq komplekslərindən əziyyət çəkənlər özlərini cəmiyyətə yararsız hesab edirlər, nəticədə depressiyalar, psixoloji narahatlıqlar və digər psixoloji gərginliklər yaşanır, ağırlaşmalar isə suisid hallarına səbəb olur. Natamamlıq kompleksləri zaman-zaman insanı izləyir və həyati uğurların əldə edilməsində böyük maneəyə çevrilir, şəxsi keyfiyyətlərin cəmiyyətin tələbatlarına cavab verməməsi cəmiyyətə adaptasiyanı çətinləşdirir. Natamamlıq komplekslərinin daşıyıcılarında asosial davranış halları müşahidə olunur. Məsələn, kimisi ifrat utancaqlıqdan əziyyət çəkir, kimisi isə iftar üsyankarlıq nümayiş etdirir və s. Komplekslərin əmələ gəlməsi adətən həyati uğursuzluqlar, desosiallaşma və insan üçün psixoloji travmalara səbəb olan hadisələrlə əlaqələndirilir. Şəxsiyyəti lazımi şəkildə formalaşmamış hər bir insanda natamamlıq kompleksləri potensial olaraq mövcuddur, onların üzə çıxmasına lazımi şəraitin olması yetərlidir. Deməli, natamamlıq komplekslərinin təməli şəxsiyyətin formalaşdırılmasındakı səhvlərdən qaynaqlanır: şəxsiyyət keyfiyyətləri cəmiyyətin tələbatına cavab verəcək şəkildə formalaşdırılsa (bu prosesdə insanın ekstremal hallara qarşı psixoloji hazırlıq məsələlərinin də nəzərə alınması məqsədəuyğundur), natamamlıq komplekslərindən və bu kompekslərin yaratdığı digər psixoloji gərginliklərdən yan keçmək olar. 

-Z.Freydin fikrincə komplekslərin yaranmasında əsas səbəb uşaqlıqda yaşanmış psixi travmalardır. Həqiqətən də belədirmi? Bu tip mənfi xüsusiyyətləri olan insanların mənfi düşüncələrə yönəlmələrinin səbəbi nədir?
-Freydin fikirlərini bir neçə cümlə ilə izah etmək çətindir: ali məktəblərdə Freydin fikirlərini şərh etmək üçün psixoloq tələbələrə psixoanaliz tədris edirik. Mən də bu fənni tədris edən müəllimlərdən biriyəm və onu da deyim ki, psixologiya elmini Freydə qədər və Freyddən sonrakı mərhələyə bölürlərsə, görün nə qədər bu fikirlər əhəmiyyətlidir...! Bəli, insanın həyatı boyu aldığı məlumatlar, yaşadığı hadisələr onun psixi proses, halət və xassələrinin formalaşmasında mühüm rola malikdir. Freydə görə psixika isə üç təbəqəyə ayrılır.  I – qeyri-şüuri (şüuraltı)təbəqə; II – yarımşüur (senzura); III – şüuri ( və ya üst şüur da deyilir). Şüuraltı təbəqənin zaman-zaman yüngülləşməsi qanunauyğun hesab edilir, əks təqdirdə psixoloji yüklənmə baş verir və psixoloji neytrallıq pozulur. Şüuraltı təbəqədə elə məlumatlar  da ola bilər ki, onların reallaşması və silinməsi mümkün olmasın. Əksər hallarda belə məlumatlar uşaqlıq dövrlərində yaşanmış neqativ xatirələrlə bağlı olur. Yaş artdıqca insanın həyati təcrübəsi də artır və psixoloji müdafiə qabiliyyəti güclənir, lakin uşaqlıqda bu müdafiə qabiliyyəti olduqca zəif olduğundan valideynlər bu prosesi nəzarətdə saxlamalı, xatirələrdə neqativ iz buraxa biləcək istənilən hallardan uşaqlarını qorumalıdır. Bunun üçün valideynlər ilk növbədə ailə mühitinin lazımi şəkildə təşkil olunması ilə bağlı əllərindən gələni etməlidir. Nəzərə alsaq ki, cəmiyyət ayrı-ayrı ailələrin yetirmələri olan insanlardan təşkil olunub və destruktiv konfliktlərin yaranmasının əsas səbəbkarları natamamlıq komplekslərinin daşıyıcılarıdır, deməli uşaqların komplekslərdən uzaq, sağlam böyüməsini təmin etmək valideynlərin cəmiyyət qarşısında olan birbaşa borcudur. Övladını sevməyən valideyn tapmaq çətindir, valideyn sevgisini isə bütövlüklə övlad yalnız sağlam ailə mühitində duya bilər. Lazımi ailə mühitində böyüməyən uşaqlar sonradan özlərini bədbəxt hiss edir, sanki onların nəyi isə çatmır (çatışmayan isə uşaqlıqda yaşanan boşluqlardır, böyüdükdə isə həmin boşluqların doldurulması mümkün olmur).

İnsan gördüyü hər hansı bir işdə tez həvəsdən düşürsə, yorulursa, işi yarımçıq qoyursa, psixoloqlar çıxış yolunu nədə görürlər?
Səbəblər müxtəlif ola bilər, məsələn, insan yanma sindromu yaşaya bilər, iradəsi zəif ola bilərvə s., elə buna görə də psixoloqlar hər kəsə fərdi yanaşır, çünki eyni problemdən əziyyət çəkən insanlar müxtəlif şəxsi keyfiyyətlərə, psixoloji resurslara, ailə şəraitinə, yaşam tərzinə və s. malik olduğundan təbii ki, oxşar problemi yaşayan kəslərə eyni məsləhəti vermək omur: gərək aidiyyati üzrə olan metodlardan istifadə edərək dəqiq psixodiaqnostika həyata keçirilsin, səbəb bilinsin, daha sonra psixoloji xidmət istiqaməti müəyyən edilərək problemin aradan qaldırılmasına çalışılsın.

Bir çox insanın əldə etmək istədiyi, amma əldə edə bilmədiyi çox şeyə nail olan insanlar var. Hansı ki, onlarda daxilən bir məmnuniyyətsizlik var. Onların bu problemləri nədən qaynaqlanır və bu kimi problemlərin həll yolu nədir?
Pis davranışlı, xasiyyətli insanlar tez-tez konflikt yaşayır, onlar sevilmir, ünsiyyət çətinliklərindən şikayət edirlər, tez-tez psixoloji və psixosomatik problemlərlə üzləşirlər və s. Amma əxlaqi keyfiyyətli, nümunəvi davranışlı insanlar daim ətrafı tərəfindən sevilir, belələrinə xüsusi hörmət göstərilir. Deməli, insana lazım olan sosial status və nüfuzu gözəl davranış, əxlaqi keyfiyyətlər sayəsində qazanmaq mümkündür. Bunun üçün də insan sosial mənini lazımi şəkildə təqdim etməyi bacarmalıdır, ətrafdakılardan gözəl münasibət qazanmaq üçün özünü onlara yaxşı təqdim edə bilməlidir.

Motivasiyamızı formalaşdırmağa başladığımız vaxtlarda özümüzün-özümüzə yaratdığımız maneələr olur. Məsələn, özümüzü başqası ilə müqayisə etmək kimi və ya nəticələrə neqativ yanaşmaq kimi...
Hər şeyin kökü özünüdərkdən başlayır. Özünü düzgün dərk edə bilən insan ətrafı da düzgün dərk edə biləcəkdir. Bu proses isə lazımi dünyagörüşü, təhsil və tərbiyə tələb edir. İnkişaf etmiş düşüncə tərzinə malik insan daim özünü yetişdirməklə, özünü tərbiyə, özünü təkmilləşdirməklə məşğuldur ki, cəmiyyətin inkişaf tələbatından geri qalmasın. Bu tələbatla özünə yanaşan insanlar həyatın mənasını, bu həyatda öz yerini, üzərinə düşən vəzifələri yaxşı təyin edə bilirlər və cəmiyyətə çox asanlıqla adaptasiya olunurlar.

Ümumiyyətlə, ruh düşkünlüyü yaşayan insanları ilk baxışdan, həmsöhbət olmadan tanımaq olurmu?
Ruh düşkünlüyü yaşayan insanın üz ifadəsi, geyimi, səliqə-səhmanı, yerişi və s. neqativə doğru dəyişir və təbii ki, insani münasibətlərə qarşı diqqətcil olanlar ünsiyyətdə olduqları insanlar arasında kimin ruh düşkünlüyünə qapandığını hiss edəcəkdir.

Yuxarıda sadaladığımız mənfi xüsusiyyətlər zamanla öz-özülüyündən keçir, yoxsa artmaqda davam edir? İnsanda yaranan mənfi düşüncələrin səbəbi nədədir?
Suallarınız çox maraqlıdır. Heç bir problem öz-özlüyündən həll olmur. Ancaq bu o demək deyil ki, hökmən kimdənsə yardım almalısan: insanın ən böyük yardım alacağı kəs elə özüdür! Bu gün asan qazanc yoluna çıxanlar, bir-birini bu yolda aldadanlar o qədər çoxalıb ki, insanların vaxtilə gözü yumulu etibar etdikləri sənət sahələrində fəaliyyət göstərən insanların əksəriyyətinə də inam itib. İnsanın bu gün üç mühüm sahədən: tibb, hüquq, psixologiyadan ən elementar bilgilərlə bağlı maariflənmə səviyyəsinin olması çox zəruridir. Lakin nəzərə alınsa ki, insanı idarə edən onun psixi enerjisidir və bu enerjini artırmağın, qorumağın yollarını öyrənən psixologiya elmidir, deməli psixoloji maarifləndirməyə olan tələbat daha öndədir və sağlamlığını qorumaq istəyən insan ilk olaraq bunu həyata keçirməyin psixoloji üsullarını öyrənməlidir.Sağlamlıq dedikdə, əksəriyyət fiziki sağlamlığı göz önündə canlandırır. Bəs nə üçün fiziki baxımdan tam sağlam olan insanlar bəzən hər hansı ruh düşkünlüyü səbəbindən heç bir iş görmək istəmirlər, saatlarla yataqdan durmaq istəmirlər, ünsiyyətdən qaçırlar və s.? Əksini də söyləmək olar: əgər insanda sağlam ruh, həyat eşqi varsa, müşahidə edirik ki, fiziki problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlir. Deməli, insana həyati aktivliyi bəxş edən bir qüvvə mövcuddur. Bu, psixi enerjini artıran, təmin edən psixi sağlamlıqdır. Psixi sağlamlıq probleminin getdikcə daha da aktuallaşacağını nəzərə alıb mən “Psixi sağlamlıq” adlı kitab da nəşr etdirmişəm ki, bir alim olaraq cəmiyyətə faydam olsun. Kitabda psixi sağlamlığın mahiyyətinə, qorunma yollarına aid bir sıra aktual məsələlərin təhlili öz əksini tapmşdır. Sizin mənə ünvanladığınız suallara cavabımda da mən bu kitabda təqdim etdiyim fikirlərə təkrar olaraq müraciət etmişəm. Kitabı oxumaqla düşünürəm ki, bir çox insan psixi sağlamlıqlarında qarşılaşdıqları suallara cavab tapa biləcəklər. Kitabı əldə etmək istəyənlər isə sizin redaksiya vasitəsilə mənimlə əlaqə saxlaya bilərlər.


Aygün Zayıdova