Yəqin ki, bir çox insanlar sahib olduqları bank kartlarının üzərindəki rəqəmlərin sayına fikir vermirlər və ya həmin rəqəmlərin hansı məna daşıdığını heç ağıllarına belə gətirmirlər. Elə isə faydalı olsun deyə, bu barədə kiçik bir araşdırma edək...
Bank kartlarının üzərindəki istənilən məlumat təsadüfi deyil və hər birinin öz mənasi, öz təyinatı var. Bu məlumatlar içərisində ən çox sual doğuran isə kartın üzərindəki 16 rəqəmin mənasıdır. Hətta, bu rəqəmlərin mənasını bankda işləyənlərin çoxu belə bilmir. Bir qayda olaraq, geniş yayılmış ödəniş sistemlərinin kartları 16 rəqəmdən ibarət olsa da, 13 (Visa üçün xarakterikdir və xeyli müddət əvvəl ayrı-ayrı regionlarda istifadə olunurdu) və 19 rəqəmli (əlavə olaraq qeyd olunmuş 3 rəqəm plastik kartın hansı kredit proqramına məxsus olduğunu əks etdirir) kartlara da rast gəlmək olar. Üstəlik, plastik kartlar üzərindəki nömrələr universal olaraq düşünülmüş mürəkkəb alqoritmə malikdir. İndi isə bunu daha sadə dildə izah etməyə çalışaq. Tutaq ki, 16 rəqəmli bank kartınızın nömrəsi 1234 5678 9012 3456-dır.

Kart nömrəsinin ilk rəqəmi:
1_234 5678 9012 3456
Yəni, 1 - kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar:
1 və 2 - hava yolları kartları üçün;
3 - səyahət və əyləncə sektoru kartları üçün;
4 və 5 - banklar və maliyyə təşkilatları üçün;
6 - ticarət kartları və banklar üçün;
7 - neft sektoru üçün;
8 - telekommunikasiya sektoru üçün;
9 - milli təyinatlar üçün...

Kart nömrəsinin ilk 6 rəqəmi:
1234 56_78 9012 3456
İlk altı rəqəm kartı verən şirkəti müəyyən edir. Məsələn:
4xxx xx: Visa kartları;
51xx xx-55xx xx: Mastercard kartları;
6011xx, 644x xx, 65xx xx: Discover kartları;
34xx xx, 37xx xx: Amerikan Express kartları.
x hərfləri ilə göstərilən nömrələr müxtəlif şirkətlərin kartlarında müxtəlif olur.

Kartın yeddincidən etibarən sonrakı doqquz rəqəmi:
1234 56_78 9012 345_6
Bu 9 rəqəm müştərini müəyyən edir və bu rəqəmlərin təqribən 1 trilyon fərqli alqoritmləri mövcuddur.

Kartın son rəqəmi:
1234 5678 9012 345_6
Son rəqəm isə düzəliş və ya nəzarət rəqəmidir. Bu rəqəm kart nömrəsinin təsdiqlənməsi üçün verilən bir rəqəmdir. Digər tərəfdən, bu rəqəm Lun Alqoritminə görə verilir. Lun Alqoritmi - ABŞ alimi Hans Piter Lun tərəfindən kartların IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılan bir alqoritmdir.
Məlumat üçün qeyd edək ki, dünyada ilk bank kartı 1951-ci ildə Nyu-Yorkda yerləşən Lonq Aylend Bankı tərəfindən buraxılmışdır. 1959-cu ildən isə kağız (və ya karton) kartlar plastik kartlarla əvəz edilmişdir. İlk plastik kart buraxan bank isə Amerikan Ekspress Bankı olmuşdur. SSRİ-də isə ilk plastik kart 1986-cı ildə "Vneştorqbank" tərəfindən buraxılmış və kartın ilk nümunəsi Mixayıl Qorbaçova təqdim edilmişdir.


Elnur Quliyev