Aydın bir həqiqətdir ki, uşaqların qorunma, qidalanma, geyinmə, hörmət görmə və s. kimi ehtiyacları var və bu ehtiyacların onların valideynləri tərəfindən qarşılanması vacibdir. Digər tərəfdən, valideynlər yaşları artdıqca onlara hər hansı bir məsuliyyət verdikdə uşaqlıqlarını əllərindən almamalı və onların hələ də uşaq olduqlarını unutmamalıdırlar.
Bu da bir həqiqətdir ki, uşaqlar valideynlərinin göstərmiş olduqları sözlü və ya sözsüz reaksiyaları qeyd-şərtsiz qəbul edirlər. Nəticədə, valideynlərini müşahidə edən uşaqlar gördükləri hərəkətləri təqlid etməyə başlayırlar. Onlara görə valideynlərindən gördükləri və ya ailə daxilində qarşılaşdıqları hər hərəkət məqbuldur.
Bir çox hallarda valideynlər "Özüm üçün yox, sənin üçün istəyirəm" deyərək uşaqlara bir sıra vəzifələr verir, onlar üçün müəyyən tələblər formalaşdırırlar. Bəzən isə bu tələblər o qədər yüksək olur ki, valideynlər hər hansı uğursuzluqla qarşılaşanda bundan uşaqlara qarşı istifadə edir və az qala onların dünyalarını alt-üst edirlər. İstədiyiniz nəticə alınmayanda, ümidləriniz boşa çıxanda, həyat yoldaşınızla problem yaşayanda, qayınananızla aranız dəyəndə, uşağınız kifayət qədər yüksək nəticə göstərməyəndə və başqa bu kimi hallarda bunları uşağınıza deməyin. Dilimizi bu cür ifadələrə alışdırmayın!
- "Sən mənim sirdaşımsan".
Valideynlər yaşadıqları problemləri övladları ilə bölüşərək, onları özlərinə sirdaş edə bilərlər. Bəzi hallarda valideynlər "Mən bütün dərdlərimi, problemlərimi onunla bölüşürəm" deyərək, bunu açıq ifadə edirlər. Aydın məsələdir ki, uşaqlar böyüklərin problemlərini həll edə bilməzlər. Valideynlər dərdlərini, problemlərini uşaqları ilə bölüşəndə uşaqlar onlara kömək edə bilmədikləri üçün özlərini günahkar hiss edirlər. Əgər bu proses davamlı olarsa, heç nə edə bilmədiyini görən uşaq özünü bacarıqsız hiss edə, daha çox məsuliyyət altına girə, həmçinin valideynlərinin dərlərinə çarə olmaq üçün fərqli yollar axtara bilərlər.
- "Tez ol, yoxsa mən gedirəm".
Bəzən valideynlər uşaqlarının öz sürətləri ilə hərəkət etmələrini istəyirlər. Halbuki uşaq valideyninin planlarının necə olduğunu və ya işlərini hansı vaxtlara böldüyünü bilmədiyi üçün plana uyğun davranmaya bilər. Digər tərəfdən, uşaqların zaman məfhumu böyüklərinki kimi deyil. Ona görə də, xüsusilə kiçik yaşlarda uşağınıza saatın əqrəblərini göstərə və "Böyük əqrəb 6-nın üstündə olanda çıxmalıyıq" kimi planınızı ifadə edə bilərsiniz. Ailə və valideynlər uşaqların inandıqları obyektlərdir. "Gedərəm", "Tək qalarsan", "Səni başqasına verəcəyəm", "Səni uşaq evinə göndərəcəyəm" kimi ifadələr uşaqlara tərkedilmə qorxusunu yaşada bilər.
- "Mənə heç qulaq asmırsan, öz bildiyini edirsən".
Valideyn bu cür ifadələrlə uşağa hər şeyi özünün bildiyi və uşağın heç bir şeyi düzgün etmədiyi mesajını vermiş olur. Əslində isə burada ən doğru olan "Səhər tezdən qalxmağın üçün saat 10-da yatmağını istəyirəm" kimi dəqiq ifadələrdir.
- "Qardaşın (bacın) kimi oxusan, nə olar?", "Xalanın uşağını görürsən?" (Öz qardaş-bacısı və ya başqası ilə müqayisə).
Hamımız kimi uşaqlar da özləri olduqları üçün təqdir edilmək istəyirlər. Belə ifadələr uşaqlara özünəinamsızlıq və ya qəbahətli olmaq kimi hisslər yaşada bilər. Elə isə, bəlkə, uşaqların fərqli və ya güclü tərəflərini kəşf etməyə və buna görə onları dəstəkləməyə çalışaq?
- "Atası necədir ki, balası necə olsun!", "Elə bil ki, əmisinə çəkib", "Dayısına oxşayıb daa".
Valideynlər bir-biriləri haqqında mənfi fikirlərini uşaqları üzərindən ifadə etməməyə çalışmalıdırlar. Çünki uşaqları öz valideynləri arasında seçim qarşısında qoymaq onların həyatlarını daha da çətinləşdirə bilər. Aranızda ayrılıq və ya boşanma kimi hallar olsa belə, ər-arvad rolunuzu ata-ana rolunuzla qarışdırmamaq daha doğru olar.
- "Kaş səni doğmayaydım" ("Mən bu uşağı heç istəmirdim", "Sənə görə heç nə edə bilmirəm").
Uşağa arzu olunmayan biri olduğunu hiss etdirən bu cümlələr onun özünə hörmətinin azalmasına səbəb ola bilər.
- "Pulumuz yoxdur, nə edək?", "Pul yoxdur, a bala, başa düş dəə!", "Biz heç vaxt bunu ala bilmərik".
Bu cür ifadələr əvəzinə "Bu ay planımızda yoxdur", "Gələn ay planımıza salarıq" və s. kimi ifadələrdən istifadə edə bilərsiniz. Belə olduqda uşaqlar maddi çatışmazlığı özlərinin əskikliyi kimi qəbul etməzlər. Hətta bəzən istəmədən bu cür ifadələr işlətsəniz belə, uşağınızdan üzr istəməyə, bir daha belə deməməyə çalışacağınızı ifadə etməyə və hətta, lazım gəlsə, məsələyə aydınlıq gətirməyə çalışın. Unutmayın ki, hər bir uşağın fiziki ehtiyaclarının qarşılandığı, emosional və fiziki təzyiqlərdən qorunduğu, sevgi, şəfqət, diqqət gördüyü, dəyərlərinin formalaşmasında ona kömək edən bir ailəyə ehtiyacı var.
Maarif Məmmədov
Psixoloji konsultant, psixoterapevt