Bu gün İstanbulun bəzi səmtlərində təxminən adam boyunda daşlar var və bir çox yerli sakinlər o daşların nə olduğunu və niyə ora qoyulduğunu bilmirlər. Əslində, o daşlar böyük bir mədəniyyətin unudulmuş nişanələridir. O daşlara sədəqə daşı deyirlər və iç tərəfində oyuq var. Sədəqə vermək istəyən adam verəcəyini gətirib həmin o oyuğa qoyub gedir, ehtiyacı olanlar gəlib oradan ehtiyacı olan məbləği götürüb gedirmiş. Beləcə, sədəqə verən sədəqə alanı görməz, kimsənin kimsəyə minnəti keçməzmiş. Bu əxlaq, bu düşüncə, əslində, Qurani-Kərimin “Allaha borç verin” buyruğunun çox gözəl icrasıdır. Sədəqə verən verdiyini Allaha vermiş, alan da Allahdan almış kimi olur. Bu yerdə Sevimli Peyğəmbərimizin (s.ə.s.) “Sağ əlin verdiyini sol əl bilməsin” tövsiyəsi yada düşür. Ümumiyyətlə, bir məqamı hər zaman diqqətdə saxlamaq lazımdır ki, etdiyin yaxşılığı Allah görür, bilir və bu sənin üçün yetərlidir. Əgər sən etdiyin yaxşılığı reklam etmək, insanların rəğbətini qazanmaq üçün edirsənsə, o əməlin bərəkətini qaçırırsan. Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Quranı-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, sədəqə, borc, mömin qardaşının maddi və ya mənəvi bir problemini aradan qaldırmaq, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmək, dostlara və ya yaxınlara kömək etmək kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdlərindən birini aradan qaldırsa, Allah da onun üxrəvi dərdlərindən birini aradan qaldırar. Kim çətinə düşmüş bir adamın işini asanlaşdırsa, Allah da onun dünyada və axirətdə işini asanlaşdırar… Bəndə bəndəyə kömək etdikcə Allah da o bəndəyə kömək edər”.
Yardımlaşma hər şeydən əvvəl möminliyin əlamətidir. Çünki yardımlaşma məziyyəti onun əxlaqına və xarakterinə çevrilmişdir. O, imkan əl verdikcə insanlara əl tutmağı, kömək etməyi fəzilət bilir.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah (c.c.) bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək. Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir: “Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti  naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Mömin heç vaxt: “İmkanım yaxşı olanda verərəm”, – deyib gözləməməli, imkanı qədər verməyə adət etməlidir. Unutmayaq ki, Allah (c.c.) insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə deyil, hal-hazırda əlində olanlara görə hesaba çəkəcək.
Rəbbimiz Maidə surəsinin 2-ci ayəsində: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin”, – buyurur. Zəkat verməkdən tutmuş mömin qardaşına xoş söz deyib gülər üz göstərməyə qədər hər şeyin yaxşılıq sayıldığını düşünsək, dinimizdə yardımlaşmanın sərhədlərinin nə qədər geniş olduğunu görərik.
İnsanlar maddi imkanlarına görə bəzi mükəlləfiyyətlər daşıyırlar. Bu mükəlləfiyyətlər nə vaxtsa qazanılanlara deyil, hal-hazırda əldə olanlara aiddir. Yəni, hər kəs Cənabi-Haqqın bu gün bəxş etdiyi maddi imkanlarla ibadət etməyə – dini vəzifəsini yerinə yetirməyə borcludur. Bir manata gücü çatan bir manatla, beş min manatı olan beş min manatla Allah rizasını qazanmağa çalışmalıdır.
Ələlxüsus da, bu gün hər kəs Uca Allahın (c.c.) və Peyğəmbərimizin (s.ə.s.) adını dünyanın hər yerinə yaymaq üçün əlindən gələni əsirgəməməli, bütün imkanlarını səfərbər etməlidir. Yoxsul olanı bir qarı kimi bir kasa qatıq gətirməli, varlı olanı da Süleyman kimi sərvətini fəda etməlidir. Onsuz da, azacıq imkanını Allah yolunda əsirgəməyənlər qat-qat artıq himmət edənlər qədər savab qazanırlar.
Çünki ilahi dərgahda yardımın, köməyin, himmətin azlığı-çoxluğu deyil, hansı niyyətlə və hansı vəziyyətdə edilməsi əsasdır. Böyük bir İslam aliminin sözləri ilə desək, ixlasla işlənən kiçik bir əməl minlərlə ixlassız əməldən üstündür. Ona görə də, bəzən bir kasa qatıq Sultan Süleymanın tikdirdiyi Süleymaniyyə Məscidindən ağır gəlir. Elə isə insanlara ixlasla yardım etməliyik.
Əliaçıqlıq və comərdlik zənn edildiyi kimi, insanın malını azaltmır, əksinə mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rahatlığa səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rahatlığı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
Yardımlaşma mövzusunda bir məqamı da unutmamalıyıq ki, malın-mülkün həqiqi sahibi biz deyilik, Allahdır (c.c.). Biz əslində Allahın bizə əmanət olaraq verdiyi imkanlarla imtahan edilirik. Allah (c.c.) bizi yardımlaşmağa, ehtiyac sahibinə əl tutmağa çağırır, şeytan isə kasıb düşmək qorxusu ilə bizi bu işdən çəkindirməyə çalışır. Seçim hər kəsin özünə qalır.
Allah bizə Onun razılığını qazandıran əməllər işləməyi, əldən tutmağı və bu əməllə həm dünyada, həm də axirətdə nemətlərə qovuşmağı nəsib etsin!



Əli Çərkəzoğlu