Vüsalə Kərimova: "Ola bilməz ki, insan cəmiyyətə tam yararsız olsun"
Həyatda hər kəsin taleyi eyni xətt üzrə davam etmir. Bəzən istəsək də, istəməsək də, maneələr qaçılmaz olur. O maneələr bəzən hər kəs tərəfindən görünsə də, bəzən görünmür. Görünən maneələrlə mübarizə aparmaq da hər kəsin hünəri deyil. Çünki o maneələr müqabilində həm özünlə, həm də ətrafındakılarla (xüsusilə də, onların fikirləri və ya düşüncələri ilə) mübarizə aparmalı olursan. Uzun sözün qısası, bu dəfə sizi həyatının yeniyetmə çağında bir çox maneələri inamla aşmış və özünün uğur yolunu cızmış bir xanımla tanış edəcəyik. O xanım bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş Vüsalə Kərimovadır. Bəlkə də, əksəriyyətimiz onu yaxşı tanıyırıq. Adını "Google"da axtarışa verən kimi o, ya "ASAN"çı, ya paralimpiyaçı, ya da Vətən Müharibəsi qazisi ilə ailə həyatı qurmuş xanım kimi qarşımıza çıxır. Vüsalə Kərimova eyni zamanda Paralimpiya Komitəsinin idmançısı və komitənin İcraiyyə Komitəsinin üzvüdür.
- Xoş gəlmisiniz...
- Xoş gördük...
- Vüsalə Kərimovanı tanıyaq...
- Mən Vüsalə Kərimova, indi Babazadə, Bakı şəhərində anadan olmuşam. 30 yaşım var. Bakıda da orta təhsil alımşam. Eyni zamanda musiqi məktəbinin fortepiano ixtisası üzrə təhsil almışam. Məktəbin sonuncu sinfində oxuyarkən ali məktəbə hazırlaşırdım. Bu zaman bədbəxt hadisə baş verdi və mən yıxıldım. Aldığım zədələr nəticəsində yerimə qabiliyyətimi itirdim. Yarım qalmış arzularımı sonra bir-bir reallaşdırmağa başladım. Bunun üçün bir müddət universitetləri araşdırdım. Çünki əlil arabası istifadəçisi üçün uyğun bir universitet tapmağa çalışırdım. Hansı ki, heç bir kənar şəxsin köməyindən istifadə etmədən təhsil ala bilim. Çox təəssüf ki, o dövrdə mən Azərbaycanda belə bir universitet tapa bilmədim. Bəlkə də, indi müəyyən şərait yaradılıb. Uzunmüddətli araşdırmadan sonra mən Moskvada təhsil almağa qərar verdim. Müraciət etdim, müsbət rəy aldım, imtahandan keçdim. 2013-cü ildə Moskva Dövlət Humanitar-İqtisad Universitetində hüquq ixtisası üzrə bakalavr təhsilinə başladım, universiteti başa vurdum. Hazırda da təhsilimi elə həmin universitetin magistratura pilləsi üzrə 1-ci kursunda davam etdirirəm. Paralimpiyaçı, "Asan"çıyam.
- 15 yaşına qədərki Vüsalə xanımla 15 yaşından sonrakı Vüsalə xanımı müqayisə edərdiniz? Onların xəyallarında, düşüncələrində nə kimi fərq var?
- Əslində, biz zədə almış insanlar onu ikinci həyat adlandırırıq. Həqiqətən də, həyat 180 dərəcə dəyişir. İstər ətrafındakı insanlar olsun, istər həyata baxışın olsun, istər həyat şəraitin olsun, hamısı dəyişir. Təbii ki, fərq çox böyükdür. Düşünün ki, sağlam bir insan birdən-birə əlil arabası istifadəçisinə çevrilir. Sağlam olanda etdiyi hərəkətləri artıq çox çətinliklə həyata keçirir. Bəzilərini isə, ümumiyyətlə, edə bilmir. Bəli, ona görə də, dəyişiklik çox böyük oldu. Xəyallarıma, düşüncələrimə gələndə isə, dediyim kimi, ali məktəbə hazırlaşırdım. Əvvəllər də qeyd etdiyim kimi, bir az da mərd insan idim. Ancaq indiki vəziyyətimlə 15 yaşımdakı vəziyyətimə baxsam, indi daha özünəinamlıyam. Özümü sanki nəyinsə öhdəsindən gəlmiş kimi hiss edirəm. Onda təbii ki, uşaqlığın da öz dediyi məqamlar var idi. Əslində, o vaxtkı düşüncələrimi indi həyata keçirməyə çalışıram. Hətta, bəlkə də, ondan artığını həyata keçirməyə çalışıram desəm, yəqin ki, səhv etmərəm...
- Vüsalə xanımın uğur hekayəsi nədir?
- Mənə elə gəlir ki, uğur hekayəsi hər bir insanın həyatında eynidir. Belə ki, insan özünü tanıyandan qarşısına məqsədlər qoyur və bu məqsədlərinə çatmağa çalışır. O məqsədlərinə çatdıqca, məncə insanın uğur hekayəsi də formalaşmağa başlayır. Həmçinin, məndə də eləcə... Dediyim kimi, bir müddət oldu ki, mənim üçün çox çətin oldu, amma öz aləmimdə onun da öhdəsindən gəlməyə çalışdım. Bilmirəm, nə dərəcədə, ancaq düşünürəm ki, qismən də olsa, alındı. Bundan əlavə, hansı ki, o arzuların ardınca getmək istəyirdim, o arzuları həyata keçirdim. Bəzilərini də həyata keçirməyə çox az qalmışam.
- Sizin uğur hekayəniz nə vaxtdan başladı?
- Mənim uğur hekayəm, deyərdim ki, durğunluq dövrünü çıxmaq şərtilə, 2010-cu ildən sonra başladı. Başqa sözlə desəm, qarşıma qoyduğum məqsədləri həyata keçirməyə başladığım dövrdən sonra başladı.
- Uğur hekayənizin formalaşdığı dövrdə həyatınızda yaşıl işıq yandıran insan kim oldu?
- Məqsədlərimə çatmaq üçün özümün çox həvəsim var idi. Ancaq həvəsim olsa da, yollarını bilmirdim. Elə özü də əlil arabası istifadəçisi olan Kamal Məmmədovun adını burada qeyd etmək istərdim. Çünki bir növ o məni özünə qapanmaqdan qurtardı. O, bir növ məni cəmiyyətə qaytardı. Rəqsə də, qılıncoynatmaya da, onunla birgə başladıq. Hətta paraşütlə də ilk dəfə onunla birgə tullandıq. O, Azərbaycanda kişilər arasında ilk paraşütlə tullanan paralimpiyaçı idi. Hazırda, Kamal müəllim Paralimpiya Komitəsinin baş katibidir. Komitənin bütün tədbirlərində mən də iştirak edirəm. Eləcə də, Paralimpiya İcraiyyə Komitəsinin üzvüyəm.
- Özünüzü idmanın müxtəlif sahələrində sınamısınız. İdmanın hansı növü sizin maraq dairənizi əhatə edir?
- Həqiqətən də, idmanın müxtəlif sahələrində özümü sınadım. Bu, 2011-ci ilə təsadüf edir. Özümü ilk dəfə idmanın qılıncoynatma növü üzrə sınadım. Azərbaycanda bu idman növü yox idi. Xanımlar arasında bu idmanla məşğul olan ilk mən oldum.
- Paraşütlə tullanmada da ilk siz olmusunuz...
- Bəli, onda da ilk mən idim. Haradasa, il yarım məşğul oldum. Naxçıvanda keçirilən yarışda Azərbaycan 2-si oldum. Sonra beynəlxalq yarışlarda iştirak etdik. Bu idmanı çox sevsəm də, sonradan özümü başqa idman növündə sınamaq qərarına gəldim. Bundan sonra mən əlil arabasında rəqs idman növü ilə məşğul olmağa başladım. Bu növlə də Azərbaycanda ilk dəfə mən məşğul oldum. Bu vaxta kimi professional rəqs edən yox idi. O da 2012-ci ilə təsadüf etdi. Ölkə xaricində - Belarusda təlim-məşq toplanışlarımız oldu. Sonra rəqslərə başladıq. Əvvəlcə iki əlil arabasında olan insanlar rəqs etdilər, daha sonra isə tərəf müqabili ilə bərabər... Biz bunu kombi növü adlandırırıq. Beləliklə, bu növdə məşq etməyə başladıq. Müəyyən nəticələrə, uğurlara imza atdıq. Hətta Qitələr Kubokunu Azərbaycana gətirməyə nail olduq.
- Siz rəqslərinizi Latın Amerikası musiqiləri üzərində qurursunuz. Nə vaxtsa, bu idman növünü milli rəqslərə yönəltmək fikriniz varmı? Azərbaycanı milli rəqslə təmsil etmək istərdinizmi?
- Əslində, istəmişdim, nəsə qismət olmadı. Müəyyən problemlər çıxdı, sonra pandemiya başladı və o fikrimizi reallaşdıra bilmədik.
- Paraşütlə tullanmada da ilk azərbaycanlı xanım olduğunuzu qeyd etdik. Necə oldu ki, bu sahəyə də baş vurdunuz?
- Bu idman növü ilə tanışlığım çox qəribə oldu. Rəqslə bağlı Belarusda təlim-məşq toplanışında idim. Mən orada eşitdim ki, belaruslu bir paralimpiyaçı paraşütlə tullanır. Əslində, bu arzu mənim ürəyimdə çoxdan var idi, amma düşünürdüm ki, yəqin, reallaşdırmaq mümkün olmaz. Çünki mən artıq əlil arabasında idim. Həmin gün bu istəyimin reallaşa biləcəyini öyrəndim və bunu reallaşdırdım. Sonra bir layihə çərçivəsində ilk dəfə 2013-cü ildə Moskva səmasında 1 kilometr hündürlükdən tullandım, tandemlə, yəni instruktorla. Beləcə, bu arzum da reallaşmış oldu. Bundan sonra paraşütlə tullanmalar mütəmadi hal aldı. Artıq beynəlxalq yarış kimi keçirilirdi və biz də bir komanda kimi gücümüzü sınayırdıq.
- İdmandakı nailiyyətlərinizdən danışaq...
- Dediyim kimi, qılıncoynatma idman növü üzrə Azərbaycan 2-si oldum, sonra bu idman növünü dayandırdım. Sonra rəqslə məşğul olmağa başladım. Qitələr Kubokunu Azərbaycana gətirməyə müyəssər olduq. Müxtəlif beynəlxalq yarışların həm finalçısı, həm iştirakçısı olmuşam. Tayvanda keçirilən beynəlxalq turnirin 3-sü olmuşam. Bürünc mükafatla Azərbaycana qayıtmışıq. Bundan əlavə, yəni rəqsdən əlavə, biz mütəmadi olaraq yarışlarda iştirak etmiş, finalçı olmuş, vətənə medallar gətirmişik. Təbii ki, hamısını saysaq, çox olar. Qılıncoynatma idman növündən sonrakı dövrdə gücümü güllə atıcılığı idman növü üzrə sınamağa qərar verdim. Çünki bu sahə məni çox cəlb edirdi. Və mən 2015-ci ildə bu idman növü ilə məşğul olmağa başladım. O sahədə Azərbaycan 3-sü olmağa müyəssər oldum. Bu idman növünə qarşı hələ də sevgim qalıb. Çox sevirdim, ancaq işlərin və layihələrin çoxluğundan çatdıra bilmirdim. Mən eyni zamanda rəqslə də məşğul idim, bu səbəbdən məcburən dayandırmalı oldum. Bilirsiniz ki, mən eyni zamanda "ASAN" Xidmət Mərkəzində hüquqşünas kimi də işləyirəm. Vətəndaşların hüquqlarının təminatı sektorunun baş məsləhətçisiyəm. Bildiyiniz kimi, professional idmançı idmanla yatıb, idmanla durmalıdır. Rəqslə olan fəaliyyətimi də müvəqqəti olaraq dayandırmışam, amma onu davam etdirəcəyəm. Ancaq paralimpiya idman növləri ilə məşğul olmaq, beynəlxalq yarışlara hazırlaşmaq elədir ki, gərək orada əlavə işə maraq göstərməyəsən. Orada çox vaxt itirmək olmaz. Yalnız idmanı və yarışı düşünməlisən.
- Bir az da "ASAN" Xidmət Mərkəzindəki fəaliyyətinizdən danışaq. Necə oldu ki, orada işləməyə başladınız?
- 2013-cü ildə sosial şəbəkələrdə belə bir xidmətin fəaliyyətə başladğını gördüm. Azərbaycanda ilk könüllü hərəkatının başlandığı dövr idi. Və mən də könüllülər hərəkatına qoşulmaq qərarına gəldim, müraciət etdim. Mənim müraciətimə müsbət baxıldı. Mən orada ilk əlil arabasında fəaliyyət göstərən könüllülərdən biri idim. Orada gündə yüzlərlə, minlərlə vətəndaşın müraciətinə kömək etməyə çalışırdıq. Bundan sonra özümü cəmiyyətə yararlı hiss etməyə başladım. Elə oldu ki, könüllü kimi özümü doğrultduğum üçün rəhbərlik tərəfindən etimad göstərildi və mən məlumat köşkü əməkdaşı kimi işə alındım. Burada işləyə-işləyə həm də təhsil almağa başladım. İşimi itirməmək üçün əyani təhsilimi ikinci kursdan qiyabi təhsilə çevirmişdim. İldə iki-üç dəfə Moskvaya gedirdim, imtahanlarımı verirdim, həm də distant təhsil alırdım. 5 il sonra təhsilimi bitirib müəyyən imtahanlardan keçdikdən sonra "ASAN"da artıq hüquqşünas kimi fəaliyyətə başladım.
- Siz müsahibələrinizdən birində deyirsiniz ki, zədə aldıqdan sonra artıq özümü cəmiyyətə yararsız kimi hiss edirdim. Bəs heç bir maneəsi olmayan insanın cəmiyyətə yararsız olduğunu görəndə ona nə demək istəyirsiniz? Yəqin ki, ətrafınızda belə insanlar yox deyil...
- Durğunluq adlandırdığım dövrdə mən də eyni hissləri yaşayırdım. Yaşadığım neqativ anlar var idi ki, artıq əlil arabası istifadəçisinə çevrildiyimi və bundan sonra heç bir işə yaramayacağımı düşünürdüm. Lakin elə bir dövr gəldi ki, arzularımı, hədəflərimi müəyyən etməyə və onların ardınca getməyə başladım. Düşünürəm ki, hər bir insan istedadlı doğulur. Hər bir insan nəyisə bacarır. Ola bilməz ki, insan cəmiyyətə tam yararsız olsun. Sadəcə olaraq, bunu dərk etmək və müəyyən addımlar atmaq lazımdır. Heç kim oturduğu yerdə uğur qazanmır. Uğura doğru addımlamaq lazımdır.
- Bir az da ailə həyatınıza toxunaq. Həyat yoldaşınız 44 günlük müharibənin iştirakçılarından, həmçinin, qəhrəmanlıqlarına görə, medalçılarındandır. Həyat yoldaşınızı da uğur hekayənizin bir parçası sayırsınızmı?
- Bəli, mən həyat yoldaşımı həyatımın uğurunun bir parçası sayırıam. Belə deyək də, mən artıq əlimi üzmüşdüm və düşünürdüm ki, qarşıma istədiyim insan çıxmayacaq. Hətta həmişə həyat yoldaşıma deyirəm ki, mən ABŞ-da bir proqramda iştirak etmişdim və orada "host" ailəm var idi. Artıq onlara bildirəcəkdim ki, mənə viza göndərsinlər, gedib orada təhsil alıb yaşayıb işləyim. Həyat yoldaşım qarşıma çıxandan sonra mənim fikirlərimi alt-üst etdi. Çünki mən nə qədər gözəl bir insanın həyatıma daxil olduğunun fərqinə vardım. Və beləcə həyat yollarımızı birləşdirdik.
- Təşəkkür edirik, gəldiyiniz üçün...
- Mən sizə təşəkkür edirəm...
Aygün Zayıdova