Bu yazını xüsusi təqdimata və girişə ehtiyac hiss etmədən başlayacağıq. Çünki bizim üçün müsahibə kifayət qədər maraqlı oldu, sizin üçün də elə olacağını düşünürük. Budəfəki müsahibimiz Vətən Müharibəsi qazisi Nurlan Sahir oğlu Məmmədovdur.
- Xoş gördük...
- Xoş gördük...
- Özünüzü təqdim edərdiniz...
- Adım Nurlandır, 25 yaşım var. Müharibəyə gedəndə hələ 24 yaşım tamam olmamışdı. Cəbhədə 24 yaşımı erməni artilleriyasının müşayiəti altında qeyd etmişdim. Hərbi xidmətimi 2018-2019 cu illərdə şəhid polkovnik İlqar Mirzəyevin komandir olduğu hərbi hissədə başa vurmuşam. Və 21 sentyabr ümumi ordu təlimlərinə görə yenidən hərbi xidmətə çağırılmışam. Döyüş yoluma Füzulidən başlamışam və Şuşaya qədər davam etmişəm. Əslində, hər şey 21 sentyabrda başladı. Səhər saatları idi və qapımız bərk döyüldü. Yataqdan qalxıb qapını açdım, gördüm bir polis kapitanı, bir də "Jek" işçisi gəlib ki, bəs gedək sənəd imzalamalısan. Qapını necə döymüşdülərsə, evdə artıq anam və atam da oyanmışdı. Mən də onlara dedim ki, təzə yuxudan oyanmışam, bir saat deyin gəlim, nə lazımdırsa, imzalayım. Sən demə, nömrəmi alanda səhv yazıblarmış, ona görə də, mənə telefonla zəng edə bilməyiblərmiş. Evə gəlməklərinin də səbəbi bu imiş. Adi günlərdə olduğu kimi evə çörək alıb yedim, sonra hazırlaşdım ki, gedim sənədi imzalayıb gəlim. Anam o biri otaqdan dedi ki, "Gəl qucaqlayım, görüşək, elə get". Elə bil ürəyinə dammışdı. Dedim "Niyə görüşürük? 15 dəqiqəyə qayıdıram". Kaş görüşəydim, çünki o qapıdan içəri bir də 76 gün sonra girdim. "Jek"dən məni cibimdə 1 manat pulla və əlimdə çağırış vərəqi ilə Hərbi Komissarlığa apardılar. Hələ də nə olduğunu dərk etmirdim. Hələ zarafat üçün şəkil çəkib paylaşdım ki, deyəsən, yenə forma geyəcəyəm. Elə həmin gün o zarafat öz yerini tutdu. Həmin günün gecəsi artıq mən N saylı hərbi hissədə əynimə forma geyinirdim...
- Bəs, ananızgil sizin evə qayıtmayacağınızı, təlimdə olacağınızı biləndə nə etmişdilər?
- Əslində, 21-27 sentyabr arasında evə zəng edib 28-i təlim bitir demişdim. Yəni, anam məni birinci gün evdə gözləyirmiş. Müharibəyə gedəndə xalam oğluna bir kəlmə dedim ki, gedirəm evdən muğayat ol. Artıq maşında olduğuma görə çox danışa bilməmişdim. Həm də başqaları da danışmaq istəyirdilər. Atam elə bilirdi ki, məni geri qaytaracaqlar. Çünki mən həm evin yeganə övladı idim, həm də ailəm təqaüd alan yaşlı insanlar idi. Dediklərinə görə, 28-i axşam anam yeməyi hazırlayıb və atama deyib ki, "Maraqlan gör saat neçədə gələcək, ona görə stolu bəzəyək". Atam isə artıq geri dönməyəcəyimi bildiyi üçün məcburən həqiqəti deyib. Geri qayıdanda isə nə mən bir şey deyə bildim, nə də ailəm. Görüşən kimi hamımız ağladıq.
- Uşaq vaxtı necə olmusunuz? Əksər oğlan uşaqları kimi müharibə səhnələrini canladırmısınız?
- Bilirsiniz, 90-cı illərdə doğulmuş hər Azərbaycan kişisi əslində bunlarla böyüyüb. Yeri gələndə, ailəmizi, vətənimizi, millətimizi qorumağın vacib olduğunu bizə uşaqlıqdan aşılayıblar. Açığı, yaxşı da ediblər. Adi həyatda, bəlkə də inanmazsınız, toyuq kəsməyi belə bacarmıram. Bu cəhətdən çox kövrək adamam. Amma müharibə hər şeyi dəyişdi. Mayn Rid adlı yazıçının məhşur bir əsəri var: "Başsız atlı". Bu sualı mənə ünvanlayanda o kitabdakı bir cümlə yadıma düşdü. Yadımda qaldığı qədər o cümlə təxminən belə idi: "Ən sürətli atlar yarış atları deyil, təlim görməmiş vəhşi mustanqlardır". Yəni, mən də nəslimin sonbeşiyi idim və heç kim inanmazdı ki, bu qədər əziyyətə dözə bilim. Amma gördüyünüz kimi qarşınızda ayağında qəlpə ilə 4 rayon gəzmiş və Şuşaya qalxmış bir qazi var.
- Elə isə müharibə ruhundan uzaq, sülh tərəfdarı olan Nurlan Məmmədov müharibədə necə döyüşə bilirdi? Hansı hiss idi sizi döyüşməyə ruhlandıran?
- M. K. Atatürkün bir fikri var, yəqin çox eşitmisiniz: "Vətənin təhlükədə olmadıqca müharibə bir cinayətdir". İlk hücuma keçməmişdən 30 saniyə əvvəl bizə bir cümlə dedilər və həmin cümlə bizi sona qədər apardı: "Qorxmayın! Xocalını yadınıza salaraq vuruşun!" Vicdanım çox rahat idi. Ona görə ki, mən ülvi bir məqsəd üçün vuruşurdum. Uşaqlar, qadınlar, yaşlılar, yəni, ümumiyyətlə millətimizin və 90-cı illərdə qətlə yetirilmiş insanlarımızın xatirəsinə görə. Və bu, bizi psixoloji cəhətdən çox üstün vəziyyətə gətirmişdi. Düşünün ki, başınıza yağış kimi raket yağır. Qorxu olacaqmı? Olacaq! Əgər qorxmursunuzsa, deməli sizin həqiqətən həkimə ehtiyacınız var. Mən də orada öyrəndim ki, əsl qəhrəmanlıq, kişilik və ya adına nə deyirsinizsə deyin, qorxmamaq deyil, qorxu olsa belə lazım olan yerdə hər şeyi fəda edib lazım olanı etməkdir!
- Müharibədən sonra deyildi ki, bu müharibəni "PUBG" oyununu oynayan uşaqlar uddular. Həqiqətdə də belə idi? Bəs siz necə, o oyunu oynamısınız? Real müharibə səhnəsi ilə onlayn oyunu qarşılaşdırmaq uşaqcasına bir yanaşmadır, bilirəm. Heç o oyunda oynadığınız səhnələri müharibə vaxtı həyata keçirən döyüşçü dostunuz, ya da yoldaşınız var idimi?
- Müharibənin virtual oyundan təbii ki, fərqləri var. Məsələn, elə birinci fərq odur ki, oyunda ikinci şansınız həmişə olur, burada isə güllə dəysə, şəhid olursunuz. Bir də müharibədə hisslər daha böyük əhəmiyyət daşıyır. Məsələn, biz 6 nəfərlə Füzulidə bir gecə erməni xüsusi təyinatlılarına qarşı bir təpəni müdafiə etmişik. Bəlkə də, belə deyəndə qəribə səslənir, ancaq erməni də olsalar, onlar bizdən daha hazırlıqlı idilər, çünki xüsusi bir qrup idi. Üstəlik, biz 6 nəfər həm daimi müşahidə aparmalı, həm rabitəyə baxmalı, həm də boşalan daraqları doldurmalı idik ki, daim atəş edə bilək. O qədər gözlənilməz hücum idi ki, diqqətimiz sağ tərəfdə olanda xəbər gəldi ki, sol tərəfdən sizə tərəf dəstə gəlir. Mən çox gözəl anlayırdım ki, onlar səngərlərə düşən kimi işimiz bitəcək. Buna görə də, başımı qaldırıb var gücümlə güllələri üzərlərinə yağdırırdım. Əslində, onlar bilirdilər ki, biz ölümə belə razıyıq, buna görə də, bizdən qorxurdular. Virtual oyunlarda isə qorxu yoxdur.
- Müharibədən 76 gün sonra qayıtdınız. Hansı hissləri yaşayırdınız? Qayıdandan sonra evə girəndə ananızın ilk sözü nə oldu? Dedimi ki, "Mən sənə dedim, görüşək?"
- Evə qayıdanda qəribə də olsa, boşluğa düşdüm. Sanki bir növ özümə yer tapa bilmirdim. Ailəm o qədər sevincli idi ki, o günləri yada salmırdılar. Tez-tez baş ağrılarım olurdu. Çünki bir dəfə 1 saniyə ərzində səngərin üstünə 3 mərmi düşdü. Aramızda isə 1 metr belə məsafə yox idi. Onda bütün bədənim silkələndi. Eyni zamanda qəlpələrin ağrıları da dayanmırdı. Nəhayət, 5 ay sonra öyrəndim ki, ayağımda bir qəlpə var.
- Nurlan bəy, qazilərimizdən biri ilə görüşərkən müharibə xatirələrindən danışmasını istəmişdik. O da demişdi ki, "Müharibədə 40 gün iştirak etdim. O, 40 günün hər biri bir kitabdır, nə danışım, hansını danışım?" Əminik ki, siz də eyni fikirdəsiniz. Gözəl qələminizin olduğunu da bilirik. Xatirələrinizi nə vaxt kitaba köçürməyə və gələcək nəsillərə ötürməyə hazırlaşırsınız?
- Yəqin ki, bu yaxın vaxtlarda olmayacaq, amma nə vaxtsa, belə bir kitab yaza bilərəm. Hazırda yeganə məqsədim müharibədən sonra özümə yeni bir həyat qura bilməkdir. Təbii ki, müharibənin hər günü bir kitabdır, çünki Qarabağın cəmi 44 gün ərzində geri alınması ona görə idi ki, o 44 günün hər saniyəsi döyüşlə keçdi.
- Bizim ancaq müharibə səhnələrində gördüyümüz, sizin isə real həyatda yaşadığınız döyüşlərdən ən yadda qalanları...
- O qədər hadisə baş verib ki, adam bilmir hansını danışsın. Amma mənim üçün ilk gün çox əhəmiyyətli idi. Müharibə boyu piyada qoşun növündə pulemyot manqa komandiri kimi fəaliyyət göstərmişəm və həyatım boyu özümlə qürur duyacağım bir işi görmüşəm.
İnsan həyatını xilas etmək... Necə də gözəl səslənir. Düşünəndə ki, hansısa ananın öz oğlunu evdə sevinclə qarşılamasında sənin də payın var, insan sözlə ifadə edə bilmədiyi bir hiss yaşayır. Çox təfərrüata varmadan izah edim. Füzulidə gedən şiddətli döyüşlərdə təkbaşıma döyüş yoldaşlarımı 2-2,5 metrlik səngərdən çıxarmışam. Hansı ki, atəş altında idik və 15-20 metr məsafəmizə mərmilər düşürdü. Bu an necə oldusa, qəti qərar verdim: "Əsgərləri oradan çıxaracağam!" Mənə elə gəlirdi ki, Allah məni əsgərləri oradan çıxarmaq üçün təyin etmişdi. Digər döyüş yoldaşlarımın köməyi ilə səngərin üstünə çıxdım (həmin anda öz canımı bölüyə halal etmişdim). Artıq açıq hədəf idim, amma bu məni qorxutmurdu. Əlavə yüklərimi bir kənara tulladım, sonra da əlimi döyüş yoldaşlarıma uzadaraq bir-bir səngərdən çıxardım. Əslində, hər əsgəri səngərdən çıxaranda daha da yorulmalı idim, amma mənim ürəyim rahat idi ki, elə indicə məni burada vursalar, biləcəyəm ki, vurulduğum ana qədər, məsələn 10 əsgərə kömək etmişəm. Bu qayda ilə 40-45 nəfər insana kömək etdim, sonuncuya çatanda artıq sağ qolumu hiss etmirdim, nəfəsim də demək olar ki, kəsilmişdi, amma özümlə həyatımda heç olmadığı qədər qürür duyurdum. Digər bir hadisə isə mən yaralanan gün olmuşdu. Həmin gün sayını unutduğum qədər yaralımız və 2 şəhidimiz var idi. Hücuma keçməyə hazırlaşanda düşmən artilleriyası üzərimizə qəfil mərmi yağdırmağa başladı. Ard-arda gələn mərmilərin 3-ü düz bölüyün sıx olduğu mövqeyə düşdü. Həmin andan bir fraqmenti xatırlayıram ki, mərmi kiminsə yanına düşdü və uzandığı yerdə onu havaya qaldırdı. Növbəti və 3-cü mərmi mənimlə döyüş yoldaşımın yanına düşdü. Mərmi ilə mənim aramda cəmi 2-3 metr məsafə var idi. Səsindən artıq üzərimizə gəldiyini anladım. Həmin anlar elədir ki, heç nə edə bilmirsən. Çünki cəmi bir saniyən var. Ona görə də, gözünü yumur və ancaq ölümünü gözləyirsən. Ayağımdakı ağrını hiss edəndə anladım ki, artıq qəlpə oradadır. Gözümü açdım, hər tərəf toz idi. Tozun arasından gözümə zəif gün işığı düşürdü. Əlimi günün qabağına tutmaq istəyəndə gördüm ki, barmağımdan qan axır. Sol ayağımda və qarnımda da qan var idi və bütün bunları dəhşətli qışqırıqlar müşayiət edirdi! Ümumilikdə, 5 qəlpə dəymişdi. Bunlardan 3-ü sıyırıb keçmişdi. Birini çıxardılar, biri isə hələ də ayağımdadır. Üzümü çevirəndə gördüm ki, döyüş yoldaşımın ayağından qan sel kimi axır. Həmin an artıq özümü unutdum. Əmr gəldi ki, mövqeyi dəyişək. Dedim ki, "Gəl, sənin qolundan tutub aparım, yoxsa, özün gedə bilməyəcəksən". Həmin vəziyyətin təsiri ilə mənə dedi ki, "Əgər and içməsən ki, məni yarı yolda qoymayacaqsan, gəlməyəcəyəm". Təsəvvür edin ki, mərmilər yağış kimi yağır, sağımızda bir erməni snayperi var və biz neçə gündür onu axtarırıq, üstəlik, iriçaplı silahlarla cinahlardan atəş altındayıq, mən isə and içməklə məşğulam. Şükür ki, hər şey bizim üçün yaxşı bitdi. Bu günə qədər o hadisəni xatırlayır və bir-birimizə gülürük...
- Müharibədən əvvəlki Nurlanla sonrakı Nurlanın fikirləri arasında hansı fərq var?
- Müharibədə o qədər dəhşətli şeylər görürsünüz ki, geri dönəndə artıq real həyatda dərdini çəkdiyiniz nələrinsə çox mənasız olduğunu anlayırsınız. Və hisslərin ən pik həddi orada olduğu üçün geri dönəndə təbii ki, artıq daha az şeyə pis olursunuz. Hətta mən deyərdim ki, qorxu hissi artıq sizə yad olur.
- Füzulidən Şuşaya qədər döyüşən Nurlan Məmmədov hansı medallarla təltif olunmalı idi, amma hələ də təltif olunmayıb?
- Mən, ümumiyyətlə, medalla təltif olunmamışam. Niyəsini bilmirəm, amma medal verməyiblər. Hətta, sizə deyim ki, hərbi biletimə yaralanmağımın yazılması belə çox çətinliklə oldu. Çünki mən yaralanandan 2 gün sonra səhra tipli tibb məntəqəsindən tabora qoşuldum. Yəni, hospitala getmədiyim üçün heç bir tibb müəssisəsində qeydiyyatım olmadı. Ayağımdakı qəlpəni də təsadüfən rentgen müayinəsində tapdılar. Qısası, müharibədən metal olaraq medal yox, qəlpə daşıyıram (gülümsəyir).
- Müharibədən qayıtdınız. Ondan sonra həyatınızda nə baş verdi?
- Müharibədən sonra arzuladıqlarımı həyata keçirmək qərarına gəldim. Həmişə xaricdə təhsil almaq istəmişəm, orada da ölümü gözləyərkən düşündüm ki, əgər indi ölsəm, hansı arzularım ürəyimdə qalacaq? Nəhayət, qərar verdim ki, əgər sağ qalsam, arzularımın ardınca gedəcəyəm. Bu gün artıq İstanbulda Bahçeşehir Univeristetində magistratura pilləsində təhsil alıram. Universitet məni təhsil haqqından azad edib. Qalan xərclərimi isə burada yaşayan azərbaycanlıların dəstəyi ilə qarşılayıram. Bütün müalicələr bitəndən və özümü tam düzəldəndən sonra işləyib özümə baxmağı düşünürəm. Qazi də olsam, kiməsə yük olmaq qorxusu məni narahat edir. Axı mən bu milləti qorumuşam (gülümsəyir).
- Dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar millətimizə nə arzu edərdiniz?
- Təbii ki, həmrəy olmağı bacarmağı. Və heç nəyi unutmamaq şərti ilə sülh içində daim xoşbəxt, gülərüz, azad yaşamağı arzu edirəm. Bunu da sizə sizin borcunuzu xatırlatmaq üçün deyirəm! Diqqət edin, bu sizin seçiminiz deyil, borcunuzdur! Həm də mənə yox, torpaq altında yatan qardaşlarınıza borcunuzdur! Əyilməyin! Sınmayın! Daim fəxr edin ki, siz belə bir xalqın övladısınız! Siz dünyada heç kimdən əskik deyilsiniz! Sizin başınız daim dik olmalıdır! Siz daim gülməlisiniz! Bu sizin BORCUNUZDUR!
- Müharibə vaxtı arxa cəbhədən ön cəbhəyə xeyli sayda məktublar yollanırdı. O məktublardan sizə də gəlib çatmışdımı?
- Bilirsiniz, biz həmişə elə yerlərdə olmuşuq ki, nəinki məktub, heç su gətirmək də mümkün olmurdu. Amma belə bir hadisə yadımdadır ki, hələ ön cəbhəyə getməmişdən əvvəl bizə bir qutu şirniyyat yollamışdılar. Qutunun üzərində isə cəmi bir cümlə yazılmışdı "Biz sizə güvənirik, Azərbaycan əsgəri!" Həmin an necəsə, ürəyimiz kövrəlmiş, gözümüz dolmuşdu...
- Müharibədən sonra dövlət qurumlarında hansı problemlərlə qarşılaşdınız? Bəs, sadə camaat arasında sizə münasibət necə idi?
- Dediyim kimi, yaralanmağım və medal almamağımla bağlı yəqin, bilirsiniz, hansı qurumlarla problem yaşamışam. Sadə camaata gəldikdə isə onlardan heç nə gözləmirəm. Kimsə biləndə ki, qaziyəm, bir cümlə ilə "Allah köməyin olsun!" deyirsə, o mənə bəs edir. Deməsə də, canı sağ olsun. Yenə də deyirəm, minnət qoymaq üçün vuruşmamışam! Bəziləri bu vəziyyətdən sui-istifadə edir, nəsə hörmət gözləyirlər. Mən isə sadəcə olaraq onları anlamıram. Əgər hörmət etmək istəyirsinizsə, gedin şəhid ailələrinə edin, biz pis və ya yaxşı evimizdəyik, onlarınsa övladları torpağın altında...
- Müharibəyə getdiyiniz vaxt və müharibə vaxtı insanlarımızın həmrəyliyindən danışaq bir az da...
- İnanın ki, ən çox heyifsiləndiyim hadisə Şuşanın alındığı gün Bakıda olmamağımdır. Qayıdandan sonra videolarda görəndə istəyirdim ki, o sevinc zamanı mən də orada olum. Artıq insanlarda özünəinam yaranmağa başlayıb və bu çox gözəl bir haldır. Qarabağda əldə olunan qələbə insanlarda təkcə özünə yox, xalqına da inam yaradıb. Biz artıq illərlə işğallar, qətliamlar görən xalq yox, qalib xalqıq.
- Vermədiyimiz, amma tərəfimizdən verilməsini gözlədiyiniz sual qaldımı?
- Məncə sualların hamısı yaxşı idi, nə var idisə danışdım (gülümsəyir).
- Təşəkkür edirik, var olun Nurlan bəy...