"İmtahanda uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Bunu hər kəs deyir. Amma imtahanda uğur qazanmağın bir yolu da həyəcanın minimum səviyyədə olmasıdır..."
Bu dəyərli fikirlər cəmi 16 yaşı olan və gəncliyin astanasına hələ yenicə qədəm qoyan bir tələbəyə məxsusdur. Hüseyn Abdullayev - növbəti dəfə ali məktəblərə qəbul üçün keçirilən imtahanlarında 700 bal toplayan tələbə.
Hüseyn Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlayıb. Üçüncü sinifdən o, Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilini davam etdirib. Elə həmin məktəbdən də məzun olub.
H. Abdullayev imtahanın birinci mərhələsindən 300, ikinci mərhələsindən isə 400 bal toplayaraq, yekunda maksimal 700 balı toplayıb.
H. Abdullayev "Əlaçı" televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, "Xəmsə" verilişinin isə iştirakçısı olub. Bundan başqa, o, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.
- Bu uğuru əldə edəcəyinizə inanırdınızmı?
- Universitetə hazırlaşmağa başlayanda hədəfim həmişə 700 bal idi. Əlbəttə ki, imtahana da buna inanaraq getdim. Və nəticədə öz hədəfimə çatdım.
- 700 bal topladığınızı görəndə bu sevincinizi ilk kiminlə bölüşmək istədiniz?
- Bu xəbəri eşidəndə mən ailəmlə bir yerdə idim. Kənardan da ilk sinif rəhbərim zəng vurub təbrik etdi.
- Bu uğurunuzda kimlərin əməyi olub?
- Əlbəttə ki, burada valideynlərimin dəstəyini xüsusilə vurğulamalıyam. Eyni zamanda tədris aldığım Xırdalan "Ulduz" kurslarında da peşəkar müəllim kollektivi və onların göstərdikləri psixoloji dəstək uğurumda müstəsna rol oynadı.
- Bəs, ixtisas seçiminiz hansı istiqamətdə oldu?
- Bakı Ali Neft Məktəbinin İnformatika Təhlükəsizliyi ixtisasını seçdim.
- Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istərdinizmi?
- Xaricdə təhsillə bağlı planlarım olsa da, hazırda təhsilimi bakalavr kimi Azərbaycanda davam etdirmək istəyirəm. Amma magistr təhsili üçün xaricdə təhsil almağı düşünürəm. Bakalavr səviyyəsi üçün xaricdə təhsilimi davam etdirib-etdirməmək barədə hələ nə isə dəqiqləşdirilmiş deyil.
- Hazırlaşdığınız müddətdə dərslərə nə qədər vaxt ayırırdınız, əyləncəyə vaxtınız qalırdımı?
- Təbii ki, hər bir abituriyent dərs müddətində dərsə daha çox vaxt ayırmalıdır. Amma bununla yanaşı ətraf mühitdən də tamamilə təcrid olmaq olmaz. Dünyada baş verənlərdən də xəbərdar olmaq lazımdır. Ona görə də, mən dərs müddətində televizora da baxırdım, sosial şəbəkələri də izləyirdim. Bunlar normal şeylərdir. Bunlardan tamamilə təcrid olmaq doğru deyil. Gündəlik rejimim isə kursda tədris aldığım üçün tək günlər kursla birlikdə evdə də əlavə 1-2 saat dərslə məşğul olurdum. Cüt günlər isə günümü daha səmərəli keçirir və 6-7 saat dərs oxuyurdum.
- Sizin kimi yüksək nəticə əldə etmək istəyən abituriyentlərə məsləhətiniz...
- İmtahanda uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Bunu hər kəs deyir. Amma imtahanda uğur qazanmağın bir yolu da həyəcanın minimum səviyyədə olmasıdır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, həyəcan həqiqətən də imtahanda yüksək nəticə əldə etməyə mane olur. Bunun qarşısını almaq üçün mən tövsiyə edərdim ki, çox sınaq imtahanlarında iştirak etsinlər. Bu, həm zəif nöqtələrini onlara açıq şəkildə göstərir, həm də həyəcanlarını minimum səviyyəyə endirir.
- Bir az da gələcək planlarınız barədə.
- Seçdiyim İnformasiya Texnologiyaları ixtisası üzrə ixtisaslaşmaq, peşəkar kadr kimi yetişmək və ölkəmə layiqincə xeyir vermək...
Aygün Zayıdova