Test üsulu dünyada ilk dəfə 1969-cu ildə ABŞ-da orta məktəb məzunlarının bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-ın bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib. Bəs, Azərbaycanda bu üsul nə vaxtdan tətbiq olunub? 1991-ci ildə Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra, növbəti il ilk işi təhsil sistemindəki boşluğu aradan qaldırmaq oldu və beləcə, Türkiyənin köməyi ilə test üsulu ölkəmizdə də tətbiq olunmağa başladı. Hazırda bu üsulla bağlı ölkəmizdə müxtəlif mövqelər nəzərə çarpsa da, mütəxəssislər bunun tələbə adını qazanmaq üçün ən əlverişli üsul olduğunu qeyd edirlər. Məsələ ilə bağlı Təhsilin İdarə Olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovla həmsöhbət olduq...

- Azərbaycanda test üsulu ilk dəfə nə vaxtdan tətbiq olunmağa başladı?
- Test üsulu ilk dəfə Azərbaycana 1992-ci ildə gətirildi. Mayın 28-də bu məsələ həmin dövrdə iqtidarda olan partiya rəsmiləri tərəfindən müzakirə olundu. Və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) o dövrdəki rəhbəri Vurğun Əyyubun da səyi ilə Azərbaycanda ilk dəfə test üsulu tətbiq edildi. Əslində, o dövrdə test üsulunun tətbiqi həm də bir zərurətdən meydana gəlirdi.

- Necə oldu ki, test üsulu Azərbaycana gəldi?
- Bundan əvvəl Azərbaycanda tələbə qəbulu ənənəvi qaydada keçirilirdi. O vaxtlar məzunlar tərəfindən birbaşa müraciətlər olunurdu. Müəllimlər də əlbəttə burada subyektiv olur, bəzi tələbələri kəsir, bəzilərini də keçirirdilər. Rüşvət halları da daxil olmaqla bir çox arzuolunmaz hallar yaşanırdı. Bir çox abituriyentlər həqiqətən də zəkalı, savadlı olduqları halda kənarda qalırdılar. Bir çox tələbə adı qazanmağa səriştəsi yetməyən abituriyentlər isə müxtəlif yollarla tələbə adını qazanmış olurdular. Ona görə də, subyektivlikdən, korrupsiyadan qurtulmaq üçün daha obyektiv bir modelə müraciət olundu. Bu da test üsulu idi. Bununla da, Azərbaycan təhsil sistemində 1992-ci ildən bu günə kimi əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), hazırda isə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu tətbiq olunmağa başladı. Bu gün də minlərlə tələbə həmin üsuldan yararlanaraq tələbə adını qazanır. Əslində, o dövr üçün belə bir replika var idi. "Bundan sonra kasıbların da uşaqları universitetə gedə biləcək". Həqiqtən də, belə oldu. Bu gün Vurğun Əyyub xoş xatirələrlə yad olunur. Niyə? Çünki bir çox vətəndaş o vaxt biliyinin gücünə, birbaşa, heç kimi görmədən, heç kimə ağız açmadan universitetə daxil ola bildi. Bu, həmin dövr üçün çox qabaqcıl bir addım idi. Çox rahatlıqla deyə bilərik ki, test üsulu Azərbaycanda inqilabi dəyişiklik idi.

- İlk illər test üsulu ilə imtahan verən abituriyentlərin nəticələri necə yoxlanılırdı?
- İlk illərdə test üsulunun nəticələri əl ilə yoxlanılırdı və cavab açarları olurdu. Abituriyentlər imtahan vərəqində kodlaşdırılırdı. Mütəxəssislər bilmirdilər ki, kimin vərəqini yoxlayırlar. Sonra isə optik kağızlar çıxdı, cavab açarları optik kağızlarda işarələndi. 2000-ci ilərin əvvəllərində Azərbaycana o kağızları yoxlayan aparatlar gəldi. Artıq imtahan nəticələri bu üsulla yoxlanmağa başladı.

- Test üsulu Azərbaycanda qəbul sisteminə hansı yenilikləri gətirdi?
- Mütləq mənada deyə bilərik ki, həmin dövrdə rüşvəti sıfıra endirdi. Daha doğrusu, minimuma endirdi desək, daha doğru səslənər. Daha çox şəffaflığı artırdı. Hesabatlığı artırdı. Bərabər imkanları, fürsət bərabərliyini artırdı. Ədaləti bərpa etdi. Bunlar hamısı o dövr üçün çox böyük bir ehtiyac idi. Və Azərbaycan gənclərinin arasında çox qabiliyyətli gənclər kəşf olundu. Yuxarı bal yığmış tələbələr prezident təqaüdü ilə təmin olundular. Prezident onlarla görüşdü və beləcə, onların gələcək həyatlarında yaxşı mövqe tutmalarına şərait yaradıldı. Azərbaycana yeni sistemin gəlişi insanlarda təhsilə olan inamı artırdı. Belə ki, daha əvvəl hamıya məlum idi ki, ağız açacağın tanışın yoxdursa, verə biləcəyin rüşvətin yoxdursa, universitetə girmək çətin olacaq. Çox nadir hallarda qeyri-adi zəkaya sahib olan abituriyentlərin, yəni münsiflər heyətini, qəbul komissiyasını heyrətə gətirəcək istedada malik olan abituriyentlərin, əgər həqiqətən də komissiyada vicdanlı insana rast gəlmək mümkün idisə, universitetə qəbul olmaq şansı var idi. Amma yeni sistemə keçildikdən sonra bir çox abituriyent artıq öz gücünə, öz biliyinə tələbə adını qazandı. Ancaq bu özü ilə repetitorluğu da gətirdi və bu ayrı bir müzakirənin mövzusudur.

- SSRİ dövründə tətbiq edilən imtahan sistemi ilə müqayisədə bu imtahan sisteminin üstünlükləri nədə idi?
- SSRİ dövründə tətbiq olunan sistemlə müqayisədə yeni sistem daha obyektiv oldu. Sovet dövründə subyektivlik hakim idi və komissiyanın qərarına qalırdı. Komissiya qərar verirdi ki, bu şəxs universitetə getsin, ya getməsin. Daha az qəbul kontingenti var idi, daha az yerlər ayrılırdı. Bununla da təhsil, xüsusilə də, ali təhsil hamıya əlçatan deyildi. O dövr üçün ali təhsil elit təbəqəyə əlyetən idi.

- Qısa şəkildə desək, test üsulunun əsas mahiyyəti nədən ibarətdir?
- Test üsulunun əsas mahiyyəti ondan ibarətdir ki, 4 və ya 5 cavabdan biri seçilir. Açıq sual tipi yoxdur. Daha əvvəl, Sovet dövründə açıq suallar var idi və açıq suallara verilən cavab şifahi və ya yazılı olduqda, bu birbaşa komissiyanın subyektiv qiymətləndirməsinə qalırdı. Və qarşı tərəf buna etirazını bildirə bilmirdi. Yəni, universitet üçün müraciət edən şəxs haqqını tələb edə bilmirdi. Amma burada 4 və ya 5 cavabdan 1-i düzdür və cavab açarı da məlumdur. İnsanlar apellyasiyaya verə bilirdilər, öz haqqlarını tələb edə bilirdilər. Hətta öz-özlərinin imtahan nəticələrini yoxlaya bilirdilər. Beləcə, bu daha şəffaf və aşkar sistem idi. Ona görə də, mahiyyət etibarı ilə Azərbaycana 1990-cı illərin əvvəllərində gəlmiş olsa da, dünyada uzun dövr idi ki, test sistemi hakim idi. İndi də daha sadə və daha şəffaf üsullar arasında test üsulu ən qabaqcıl yeri tutur.

- Sizcə, hazırda bu sahədə yeniliklər etmək lazımdırmı?
- Bu sahədə, deyərdim ki, testologiya elminin Azərbaycanda inkişaf etdirilməsinə ehtiyac var. Testologiya nədir? Bizim testlərimiz daha çox biliyi ölçür. Yəni, testlərin formaları, verilmə şəkli, biliyin hansı səviyyəsini ölçmək mütəxəssis bacarığı tələb edir. DİM-in mütəxəssisləri var ki, onların illərdir təcrübələri var. Amma yenə də bu, bir tələbin nəticəsidir. Yəni, ictimai tələb o istiqamətdə olduğundan DİM-in sualları daha çox bilik səviyyəli testlərdir. Amma dünyada elə testlər var ki, onlar təkcə biliyi yox, bacarığı, anlamağı, analizi, sintezi və s. də ölçür. Bu, öyrənmənin daha yuxarı səviyyələri sayılır. Ona görə də, yaxşı olar ki, testlər təkmilləşsin. Testlərin qoyulma şəkli təkmilləşsin. Misal üçün tarix fənnində təkcə il, tarix, xronologiya soruşulmasın. Ya da biologiya fənnində təkcə əzəbərə söykənən suallar qoyulmasın. Suallarda təhlilə də yer ayırılsın.

- Tövsiyələriniz...
- Tövsiyələrimiz bundan ibarətdir ki, bizim ictimai sifariş DİM-dən nə qədər əzbərçiliyi tələb etsə də, həmin qurum Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində sualların formalarını dəyişdirməlidir. Təkmilləşmə getməlidir. Açıq sualların sayı artmalıdır. Biz ancaq bu yolla təhsilin daha dərin öyrənmə əldə etməsini təmin edə bilərik. Əks halda, biz ancaq tez əzbərləyə və tez həll edə bilən kadrlar yetişdirəcəyik ki, əmək bazarının da tələbi bu deyil. Mən düşünürəm ki, 5 ilin materialı DİM-in test tapşırıqlarına düşməməlidir. 9-cu sinifdə əgər biz uşaqların 9-a qədərki biliklərini soruşuruqsa, 11-ci sinifin axırında təkcə 10-cu və 11-ci sinifin materialını soruşsaq, kifayətdir. Beləcə, repetitora da az tələb olar. Abituriyentlər özləri məktəbdə hazırlaşa bilərlər. Əgər məktəbdə təmayüllər də uyğun təyin olunsa və ya uyğin təşkil olunsa, o zaman abituriyentlər universitetlərə daha rahat şəkildə qəbul ola bilərlər...


Aygün Zayıdova