Vətən uğrunda xüsusi şücaət göstərən, Qarabağda döyüşlərdə iştirak edən və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Birinci Qarabağ müharibəsi döyüşçülərindən biri də Yusif Əliyevdir. Onun haqqında yazılan məqalələrdə və döyüş yoldaşlarının xatirələrində Birinci Qarabağ müharibəsində ermənilərə qarşı cəsarətlə vuruşan, çox çətin şəraitlərdə belə onlara  qarşı hücumdan çəkinməyən biri kimi tanınır. Bir çox hallarda erməni dəstələri o və döyüş yoldaşlarından ibarət kiçik dəstənin cəsarətli hücumu ilə darmadağın edilib. Qarşı tərəflə müqayisədə olduqca az silah-sursatla, həmçinin, olduqca az canlı qüvvə ilə müharibənin ən qaynar yerlərinə atılan polis dəstəsinin üzvlərindən biri olan Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub. O, Qobustandakı 223 saylı orta məktəbi bitirib. Daha sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində işə başlayıb.
1988-ci ildə orduya çağırılır. Hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşunlarında çəkir. 2 il orada hərbi xidmət çəkir və 1990-cı ildə tərxis olunaraq Bakıya yola düşür. Bir müddət Bakıda yaşadıqdan sonra işlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edir.
Həmin illərdə Azərbaycan polisləri Qarabağda döyüşlərdə iştirak edirdilər. Yusif Əliyevin DİN-ə müraciəti qəbul edilir. O, polis nəfəri kimi işə götürülür və post-patrul xidməti alayının 3-cü rotasına göndərilir.
Yusif Əliyev ilk döyüşünə 1991-ci ilin fevralında girir. Sonra isə o, Qarabağda müxtəlif bölgələrdə düşmənə qarşı vuruşur.
Həmin vaxtlarda erməni silahlı dəstələri Buzluq, Mənəşid və Erkəc kəndləri istiqamətində pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər.
Fevralın 24-də səhər tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma başlayır. Azərbaycan tərəfdən olan döyüşçülər düşmənlə müqayisədə az idilər. Azərbaycan polislərindən ibarət dəstə əlverişli mövqeni qoruyub saxlamağa çalışırdılar. Digər tərəfdən, düşmən hədəfə alınaraq zərərsizləşdirilirdi. Erməni hərbçilər həmin döyüşdə çox sayda itki versələr də, geri çəkilmirdilər. Buna səbəb onlar tərəfdən döyüşçülərin çox olması idi. Yusifgilin isə silah-sursatları bitmək üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət bir qrup toplayır və ermənilərin üzərinə gedir. Qısa silahlı döyüşdən sonra sursat tamamilə bitir. Ancaq Yusifgil geri çəkilmək barədə fikirləşmirlər. Ermənilərlə əlbəyaxa döyüşə girirlər. Gözlənilməz hücumdan qorxan erməni dəstələri dağılır.
Yusif Əliyevin şəhid olduğu döyüş isə sentyabrın 14-də baş verir. Buzluq kəndi istiqamətində erməni təxribatçıları hücuma keçirlər. Düşmənlə döyüşə girən Azərbaycan hərbçilərinin silah-sursatı bitir. Bu barədə digər döyüşçülərə xəbər göndərilir. Həmin vəzifəni Yusif öz üzərinə götürür. O, erməni hücumuna və aramsız atılan güllələrə baxmayaraq Buzluğa girir, hərbçilərə sursatı çatdırır. Ancaq həmin vaxt o, ağır yaralanaraq şəhid olur.
Ailəli idi. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilir. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb qəhrəmanın adını daşıyır.


Ruslan Yusibov