İkinci Qarabağ müharibəsi sentyabr ayının 27-si ermənilərin cəbhədə törətdiyi təxribatlardan sonra başladı. Döyüşlərin başladığı ilk gündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Bu hadisədən sonra ölkədə demək olar ki, artıq hər kəs döyüşlərin davam etməsi və torpaqların düşməndən tam azad olması hissi ilə yaşamağa başladı. Hamı cəbhədən xəbərlər gözləyirdi. Döyüş bölgələrinə yaxın yerlərdə yaşayan sakinlər daha təhlükəsiz yerlərə göndərilir, düşmən təxribatları ilə bağlı xəbərdarlıqlar edilirdi. Növbəti şad xəbər oktyabr ayının 3-də gəldi. Tərtər rayonunun Suqovuşan və Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, həmçinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi azad edildi.

 

4 oktyabr

Saat 09:00 radələrində Ermənistan ordusu Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirir. Saat 10:50 radələrində isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini atəşə tutduğunu açıqladı. Saat 11:40 radələrində şəhərə daha dörd raket atıldı. Nəticədə, 1 mülki şəxs həlak oldu, 32 nəfər isə yaralandı. Yaralanan mülki şəxslərdən birinin 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryan olduğu bildirildi. Bir neçə saat sonra, 15:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələrinin məhv edildiyini özündə nümayiş etdirən videogörüntü yayımladı. Saat 18:00 radələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək çox sayda düşmən qüvvəsini məhv etdiyi postda Azərbaycan bayrağının ucaldıldığı xəbəri ictimaiyyətə bildirildi. Daha sonra Prezident İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Gecə saat 22:00 radələrində Ermənistan Silahlı Qüvvələri raketlə Mingəçevir şəhərinə hücum etdi. Atılan 3 raketdən 2-sinin partladığı bildirildi. Ancaq bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin, həm də xalqın əzmini sarıstmadı. Döyüşlər davam etdi.

 

9 oktyabr

Müdafiə Nazirliyi gecə ərzində gərgin döyüşlərin ordumuzun üstünlüyü ilə davam etdiyini açıqladı. Əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası məhv edilir. Binada olan ermənilərin 10-cu dağatıcı diviziyasının qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanır, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbçiləri isə məhv edilir. Çox sayda düşmənin silah-sursatı ələ keçirilir və ya PUA-lar vasitəsilə darmadağın edilir. Prezident İlham Əliyev xalqa müraciət edərək Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri, Tərtər rayonunun Çaylı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.

Artıq hər kəs gün ərzində Prezidentin çıxış edəcəyini və ya tvitter vasitəsilə şad xəbər verəcəyini gözləyirdi. Elə tvitlərdən biri də 14 oktyabrda gəldi. Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri azad olundu. Sevindirən xəbərlər həmin günlər ard-arda gəlirdi. 15 oktyabrda Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzuli rayonunun Arış kəndi, Cəbrayıl rayonunun Doşulu kəndi, 16 oktyabrda Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri, 17 oktyabrda Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri azad edildi. 18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. 19 oktyabrda Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı, 20 oktyabrda Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı (Vəng) kəndləri ermənilərdən tam təmizləndi. 21 oktyabrda Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, 22 oktyabrda Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri azad olundu.

23 oktyabrda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüşlərin müxtəlif intensivliklə davam etdiyini bildirdi. Prezident İlham Əliyev həmin gün tvitterdə Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Artıq 25 oktyabr tarixində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndlərinin, həmçinin Qubadlı şəhərinin işğaldan tam azad edildiyi ictimaiyyətə bildirilir.

26 oktyabrda ABŞ Dövlət Departamenti məlumat yayır və Qarabağda humanitar atəşkəs elan olunduğunu bəyan edir. Humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-da başlayır. Ancaq Ermənistan Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejimini kobudcasına pozur və Laçın rayonunun Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutur. Üstəlik, Tərtər şəhəri və onun kəndləri artilleriya hücumuna məruz qalır. Döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlarla Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini azad edir.

 

27 oktyabr

Günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulur. Erməni Silahlı Qüvvələri tərəfindən saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olur. 14 nəfər isə xəsarət alır.

28 oktyabrda saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən "Smerç" raketlərindən istifadə edilərək zərbələr endirir. Hadisə nəticəsində 21 nəfər şəhid olur, 70-dən artıq şəxs isə yaralanır, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəyir. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində şəhid olur, bir əməkdaşı isə ağır yaralanır. Həmin gün Azərbaycan ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac və Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərini işğaldan tam azad etdiyini açıqlayır.

 

30 oktyabr

Bütün gecə döyüş əməliyyatları cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 ədəd PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyeriyən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilir. Saat 07:35-dən başlayaraq Ermənistan Silahlı Qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur. Səhər saatlarında Göygöl rayonunun ərazisi Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya qurğularından atəşə məruz qalır. Ancaq davam edən uğurlu döyüşlərlə bütün bunların qisası düşməndən alınır. Prezident İlham Əliyev tvitterdən Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini xalqa çatdırır. 2 noyabrda isə Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan tam azad edildiyini bildirir.

3 noyabr tarixində Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Xankəndi yaxınlığında düşmənin iki sursat anbarı, Zəngilan istiqamətində isə kəşfiyyat-diversiya qrupu məhv edilir. Digər məlumatda Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini və ətraf kəndlərini "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutduğu deyilir.

 

4 noyabr

Prezident İlham Əliyev tvitter hesabında Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Cəbrayıl rayonunun Mirək, Kavdar, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini bəyan edir. 7 noyabrda düşmənə qarşı davam edən döyüşlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qacar, Divanlılar, Qorqan, Üçüncü Mahmudlu, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Xocavənd rayonunun Ataqut, Tsakuri, Xocalı rayonunun Moşxmaat, Qarabulaq, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilan rayonunun Beşdəli kəndi işğaldan azad edilir.

8 noyabrda isə artıq erməniləri tamamilə məhv edən həmin xəbər yayılır: Şuşa düşməndən azad edilir. Bu xəbəri bütün Azərbaycan xalqı böyük sevinclə qeyd edir.

9 noyabrda isə Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilan rayonunun Keçikli, Ördəkli kəndləri işğaldan tam azad edilir. Həmçinin, Xocavənd rayonunun Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Böyük Tağaverd, Zərdanaşen, Şexer, Xocalı rayonunun Şuşakənd, Muxtar, Daşaltı, Füzuli rayonunun Aşağı Güzdək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilan rayonunun Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərinin, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyinin, Sığırt yüksəkliyinin, Şükürataz yüksəkliyinin və əlavə 5 adsız strateji yüksəkliyin, Cəbrayıl rayonunun Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndlərinin işğaldan tam azad edildiyi Azərbaycan xalqına çatdırılır.

 

10 noyabr bəyannaməsi

10 noyabr 2020-ci il tarixdə Ermənistan artıq müharibənin dayandırılacağı, qalan rayonların, Kəlbəcər Laçın və Ağdamın döyüşsüz təhvil veriləcəyi (digər bir neçə mühüm bənd də daxil olmaqla) bəyannaməni imzalamağa məcbur olur. Üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyanatda 10 noyabr 2020-ci il tarixdə Moskva vaxtı ilə 00:00-dan etibarən tam atəşkəs və Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Bölgəyə Rusiya sülhməramlıları yerləşdirilir. Bu bəyanatın müddəalarına əsasən Azərbaycan Ordusu bölgədə tam qalib elan edilir...


Rəvan Məmmədov