Bir dəfə səhabələrdən Əbu Hüreyrənin (r.a.) Həzrət Peyğəmbərimizdən (s.ə.s.) bizə nəql etdiyi hədis sayının deyiliş formasını eşidəndə mənim üçün məsələyə çox fərqli bir baxış olmuşdu. O günə qədər Əbu Hüreyrənin (r.a.) 4000-dən çox hədis rəvayət etdiyini bilirdim. Ancaq konfransdakı məruzəçi müəllim, “Əbu Hüreyrədən (r.a.) 4000-dən çox hədis almışıq”, deyirdi. “Rəvayət etmək”lə “almaq” arasında çox fərq olduğunu sanki o gün anlamışdım.
Əbu Hüreyrə (r.a.) ya da digər səhabələr Hz. Peyğəmbərimizdən (s.ə.s.) müxtəlif sayda hədis nəql etmişlər. Bəs, biz o hədisləri almışıqmı? Nəql olunan hədislər hədis kitablarında var, bəs bizim həyatımızda o hədislərdən nə qədəri var?
Kompüter, planşet və ya telefonlarımıza müxtəlif oyun proqramları, həyatımızı asanlaşdıran bu və ya digər tətbiqlər yükləyirik. Bəs görəsən, daxil olduğumuz onlayn mağazalardan həm özümüz, həm də övladlarımız üçün Qurani-Kərim proqramı da yükləyirikmi? Ya da internetdən yüklədiyimiz Qurani-Kərimi həyatımıza nə qədər “yükləmişik”? Evimizdə divarda asılı olan, ya da evin ən yüksək guşəsində duran Qurani-Kərim masamızın üzərinə neçə dəfə “yüklənib”?
Uşaq və gənclərdə ilahi kəlamı öyrənməyə bir istək və həvəs formalaşdırmaq, dini şüur qazandırmaq üçün Qurani-Kərimin öyrədilməsi olduqca mühüm məsələdir. Sadəcə olaraq, “Qurani-Kərim müqəddəs bir kitabdır”, demək həm Quran, həm də uşaqlar baxımından yetərli bir izah və şərh sayıla bilməz.
Milli-mənəvi dəyərlərə əvvəla özümüz sahib olmadan uşaqlardan, övladlarımızdan bu dəyərlərə sahib olmalarını gözləmək, belə bir istəkdə olmaq məsələyə bir az sadəlöhv yanaşmaq olar. Bu mənada uşaqların milli-mənəvi dəyərlərə sahib olmalarını istəyiriksə, əvvəla özümüz ailədə və fərdi həyatımızda ona sahib olmalı və yaşamalıyıq. Düzdür, onsuz da hər dərsi, hər fənni valideynlər uşaqlarına keçmir. Bunun üçün məktəblər, universitetlər, bu və ya digər kurslar, təlim mərkəzləri var. Ancaq milli-mənəvi dəyərlərin öyrənilməsi və yaşanması məhz ailədən başlamalı, ilk təməlləri ailədə atılmalıdır.
Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, Seyid Yəhya Bakuvinin, lap yeri gələndə Nəsiminin əsərlərindən, fikirlərindən, dünyagörüşündən mənəvi dəyərləri çıxarıb bir kənara qoysaq, bu dahi şəxsiyyətlərdən, şair və yazıçılardan geriyə çox az şey qalar. Bu baxımdan, bizi biz edən mənəvi dəyərlərimizi, ilahi kəlam olan Quran ayələrini, Həzrət Peyğəmbərin (s.ə.s.) kəlamlarını uşaqların yaş qruplarına uyğun olaraq aşılamalı və xəbərdar etməliyik.
Qurani-Kərimin bir çox ayəsində kainatdan bəhs edilir. Bunun səbəbi bu kainat kitabındakı hər bir varlığın və hər bir hadisənin mənalarını izah edərək, Uca Yaradıcını (c.c.) insanlara tanıtmaqdır. Qurani-Kərim şüur sahibi insanları varlığa təkcə maddi meyarlarla deyil, o varlığı xəlq edən Yaradıcını tanımaq məqsədilə baxmağa dəvət edir.
Qurani-Kərimdən sonra bizə Rəbbimizi tərif edərək tanıdan ikinci əsas Hz. Peyğəmbərimizdir (s.ə.s.). Hər şeydən əvvəl imanda bir yol göstərici olan Hz. Peyğəmbərimizin (s.ə.s.) sözlərinə kainatın müəmmasını çözən və Rəbbimizi bizə tanıdan əsaslardan biri olaraq qulaq asmalıyıq.
Bir-birindən gözəl, növbənöv varlıqlarla bəzənmiş kainat Həzrət Peyğəmbərimizin (s.ə.s.) gətirdiyi izahlarla məna qazanmışdır. Onun (s.ə.s.) aləmdə etdiyi inqilabla hər şey dəyişmiş, insanlar heçliyə atılan biçarə və zavallılar deyil, əbədi həyat yolundakı yolçular halına gəlmişlər. Necə ki, onun nuru ilə baxmayanlar kainatı kimsəsiz, lüzumsuz, yox olmaya məhkum biçarə və zavallılar hökmündə görürlər.
Məcusilər həm elmi-texniki sahədə, həm də dini elmlər sahəsində o dövrə görə xeyli inkişaf yolu keçmiş Kufə şəhərində İslam alimlərindən olan Əbu Hənifənin yanına gələrək: “Biz Allaha inanmırıq”, demiş, bu haqda qaneedici izah və şərhlər istəmişdilər... Əbu Hənifə də Allahın (c.c.) varlığını və birliyini onların başa düşəcəyi şəkildə belə izah etmişdir: “Dənizdə bir qayığın yüzlərlə dalğa arasından keçərək sahilə doğru hərəkət etdiyini görsəniz, bu qayığı dalğalı və küləkli dənizdə məharətlə idarə edən bir qayıqçının olduğuna inanarsınızmı? ” Onlar: “Əlbəttə inanarıq, başqa cür qayığın batmadan hərəkət etməsi mümkün olmaz”, cavabını verirlər. Əbu Hənifə də: “Elə isə, bilin ki, bizə məlum olan və olmayan bu böyük kainat, yaşadığımız bu yer kürəsi sanki bir dənizin içində, həm də heç bir ahəngi pozulmadan üzür, hərəkət edir. Bütün bunların bir idarəçi olmadan, sahibsiz bir şəkildə baş verməsi mümkün olarmı?” Məcusilər bu sual qarşısında haqsız bir mövqedə durduqlarını anlayaraq Allahın (c.c.) varlığı və birliyinə iman etmiş, Əbu Hənifənin hüzurunda “Lə iləhə illəllah, Muhamməd Rəsulullah”, deyərək müsəlman olmuşdular.
Uşaqlarımızın maddi və mənəvi baxımdan sağlam yetişmələri üçün atacağımız addımlardan biri də şübhəsiz ki, onların sağlam bir əqidəyə sahib olmalarıdır. Üstəlik, Cənab Allahın (c.c.) varlığına və birliyinə dair bu və ya digər dəlillər onların yaş və əqli səviyyələri nəzərə alınaraq verilməli olan bilgilərdir.
Nazim Mustafayev