Diabet bir çox ölümcül xəstəliyin meydana gəlməsində əsas rol oynayan və bütün dünyada geniş yayılan xəstəlik növlərindən biridir. Hər il minlərlə insan diabet xəstəliyi ilə mübarizə aparır. Xəstəliyin qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə 1991-ci ildən etibarən hər il 14 noyabr tarixi Ümumdünya Diabet Günü kimi qeyd edilir. Xəstəliyin ciddiyyətini nəzərə alaraq Türkiyə və Avropa Endokrinoloqlar Cəmiyyətinin və işçi qruplarının həqiqi üzvü, həkim-endokrinoloq Dr. Hidayət Məmmədzadə ilə həmsöhbət olduq.
- Şəkərli diabet nədir və niyə yaranır?
- Şəkərli diabet dünyada ən çox yayılmış tibbi-sosial əhəmiyyətli və həyat boyu davam edən qeyri-infeksion xəstəlikdir. Tibbi açıqlamasını versək, deyə bilərik ki, şəkərli diabet qan şəkərinin yüksəlməsi ilə gedən və orqanizmdə bütün mübadilə proseslərinin pozulmasına səbəb olan xroniki xəstəlikdir. Bu sağlamlıq problemi daha çox həyat tərzimizin nəticəsidir. Yəni, hazırda qloballaşan dünyamızda piylənmənin artması nəticəsində karbohidrat və qlükoza mübadiləsi tamamilə pozulur və qan şəkəri yüksəlir. Yüksəlmiş şəkər normanı keçdikdə artıq orqanizmdə olan bütün toxuma və hüceyrələr zədələnir. Şəkərli diabet bütün dünyada hazırda aktual problemdir və bütün təbabətin mərkəzi mövzularından biridir. Bu xəstəlik erkən ölüm və əlilliyə səbəb olur. Şəkərli diabet həmçinin çoxsəbəbli xəstəlikdir.Yaranma səbəblərinə ilk olaraq irsi faktorları aid edə bilərik. Məsələn, elə ailə var ki, dörd bacının hamısı şəkərli diabetdir.
Yaşlanma da diabetin yaranma səbəblərindən biridir. Yuxarı yaşlara doğru bizim mədəaltı vəzimizdə insulin hormon ehtiyatı və ya təsiri azalır. Digər səbəblərə isə stress, müəyyən infeksion xəstəliklər, mədəaltı vəzə aid keçirilmiş cərrahi əməliyyatlar, onkoloji xəstəliklər və s. aiddir. Amma təcrübəmə əsasən deyə bilərəm ki, diabet daha çox piylənmə nəticəsində yaranır. Yəni, oturaq həyat tərzi, azhərəkətlilik, bəsit karbohidratlardan çox istifadə, stress faktoru, artıq çəki şəkərli diabet olmaq riskini daha da artırır.
- Şəkərli diabetin növləri hansılardır?
- Şəkərli diabet, əslində, xəstəliklər qrupudur. Ən çox yayılmış növü Tip 2 diabetdir. Tip 2 diabet şəkər xəstələrinin 90 faizini əhatə edir. Daha çox 30 yaşlardan sonra, artıq çəki ilə bağlı olaraq insulin hormonunun təsirinin azalması nəticəsində yaranır. Bizim bütün toxuma və hüceyrələrimizin enerjiyə ehtiyacı var. Həmin enerji daşıyıcısı qlükozadır. Qlükozanın hüceyrələrə keçməsi üçün insulin hormonuna ehtiyac var. Davamlı qidalanma vərdişləri ilə əlaqədar hər zaman yüksək səviyyədə qalan insulin hormonuna hüceyrələrin həssaslığı və cavabı zəifləyir. İllər ərzində yaranan insulin müqaviməti dediyimiz bu hal Tip 2 diabet xəstəliyini meydana gətirir.
Tip 1 diabet isə daha çox uşaqlarda rast gəlinən diabet növüdür. Həmin xəstələrdə, ümumiyyətlə insulin hormonu olmur. Onlar ömür boyu insulindən istifadə etməyə məcburdurlar.
Bundan başqa, hamiləlik dövründə meydana çıxan hestasional diabet, genetik xəstəliklərin və ya sindromların içərisində olan diabet növləri, müəyyən dərmanların qəbulu və ya keçirilən mədəaltı vəzi əməliyyatları ilə bağlı, yaxud “Mody” və “Lada” kimi alt qrup diabet növləri də var.
- Hamiləlikdə diabet nədir? Və qarşısını necə almaq olar?
- Hamiləlikdə diabetin 2 növü var: Hamiləlikdən əvvəl yaranan diabet (prehestasional tip) və hamiləlik zamanı meydana çıxan diabet (hestasional tip). Hamiləlikdən əvvəl şəkərli diabeti olan qadınlar hamiləlik dövründə daha diqqətli olmalıdırlar. Belə ki, hamiləlik əvvəlcədən planlanmalı və müəyyən analizlərdən sonra düşünülməlidir. Şəkərli diabet hamilə qalmaq və normal doğuş üçün əks göstəriş deyil. Belə bir yanlış düşüncə var ki, anada olan şəkərli diabet xəstəliyi uşağa da keçə bilər. Sözügedən xəstəlik yoluxucu deyil və bu fikir əsassızdır. Plansız və nəzarətsiz diabeti olan hamiləlikdə müəyyən anomaliyalar, inkişaf qüsurları, erkən doğuş, özbaşına düşüklər və s. kimi risklər də çoxdur. Hestasional diabeti vaxtında aşkar etmək üçün biz bütün hamilə qadınlara hamiləliyin 24-cü həftəsində şəkər yükləmə testi etməyi tövsiyə edirik. Əgər hamilə qadında diabet varsa, həmin problemi uyğun protokollar əsasında müalicə edirik və bu zaman heç bir fəsadlar da olmur. Xəstəliyin qarşısını almaq üçün sağlam həyat tərzi və normal çəkiyə sahib olmaq başlıca tövsiyəmizdir.
- Şəkərli diabetlə şəkərsiz diabet arasındakı fərqlər nələrdir?
- Şəkərli diabetlə şəkərsiz diabetin ancaq adları bir-birinə bənzəyir. Lakin onlar tamamilə fərqli xəstəliklərdir. Şəkərli diabet mədəaltı vəzidə insulin hormonunun çatışmazlığı və ya təsirinin az olması ilə xarakterizə olunan bir xəstəlikdir. Şəkərsiz diabet isə hipofiz vəzi ilə əlaqədardır. Çünki bizim beynimizin mərkəzi endokrin orqanı olan hipofiz vəzi xüsusi bir hormon-antidiuretik hormon ifraz edir. Bu hormonun çatışmazlığı nəticəsində şəkərsiz diabet xəstəliyi yaranır. Sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərdə suya tələbat çox olur.Yəni, bəzən gün ərzində 20 litrə qədər su içən xəstələrə rast gəlirik. Bu da həmin xəstənin çox sidiyə çıxmasına gətirib çıxarır. Nəticədə, onun həyat keyfiyyəti ciddi şəkildə pozulur. Son olaraq onu deyə bilərəm ki, hər iki xəstəliyin müalicəsi mümkündür. Bu xəstəliklər həmişə məhz həkim-endokrinoloqlar tərəfindən nəzarətdə saxlanılmalıdır.
- Şəkərli diabeti olan xəstələr daha çox nələrə diqqət etməlidirlər?
- Şəkərli diabeti olan xəstələr onlara uyğun təyin edilən müalicə üsullarına ciddi şəkildə riayət etməlidirlər. Sözügedən xəstəliyin 4 əsas müalicə növü var. Bunlardan ilki və əsası diabet təlimi adlanır.Yəni, şəkərli diabet diaqnozu qoyulmuş şəxs vaxtında müayinələrə gəlməli, şəkərini ölçməli, qeydlərini aparmalı, idmanına və pəhrizinə diqqət göstərməlidir. Bundan əlavə, zərərli vərdişlərdən uzaq olmalı, yuxu, əmək, qida, istirahət rejiminə diqqət etməlidir. İkinci əsas üsul pəhriz müalicəsidir. Bu mərhələ şəkərli diabetin müalicəsində təməl daşıdır. Pəhrizinə əməl etməyən şəxslərə digər müalicə üsulları faydalı olmur. Pəhriz dedikdə isə xəstəni ac saxlamaq nəzərdə tutulmur. Həmin şəxsin qidalanma rejimindən rafinə olunmuş, konservləşdirilmiş, trans yağların çoxluq təşkil etdiyi zərərli qidalar, bəsit şəkər, un məmulatları çıxarılmalıdır. Bu, əslində, hər kəsin əməl etməli olduğu bir qidalanma rejimidir. Üçüncü müalicə növü idmandır. Fiziki fəallıq çox vacibdir və şəkərli diabetin müalicəsində mühüm yer tutur. Dördüncü növ isə dərman və insulin müalicəsidir. Bu müalicə həkim göstərişi ilə təyin edilməlidir. Xəstələr hər hansı bir şəxsin məsləhəti ilə və ya internetdən əldə etdiyi reseptlərlə özünü müalicə etməyə çalışmamalıdırlar. Bunlardan başqa, çox az hallarda ciddi həkim konsiliumları ilə nadir hallarda 2-ci tip şəkərli diabet xəstələri üçün cərrahi müalicə üsulları da var. Amma bu üsul hər diabet xəstəsinə, yaxud hər Tip 2 diabet xəstəsinə tətbiq edilə bilməz. Qeyd etdiklərimdən əlavə fundamental elmdə şəkərli diabetin başqa (iynəbatırma, sistemlərlə kurs müalicələr, fitoterapiya, apiterapiya, hipnoz, plazmafarez və s. kimi) müalicə üsulları mövcud deyil.
- "Gizli şəkər" (Prediabet) nədir? Simptomları hansılardır?
- Şəkərsiz diabetin ən böyük əlamətlərindən biri xəstəliyin əlamətsiz müşahidə olunmasıdır. Ola bilər ki, xəstə 10 il şəkərli diabet olsun, amma bunu hiss etməsin. Məsələn, uşaqlarda həddindən artıq sidiyə çıxma və çox su içmə, kəskin arıqlama müşahidə edildikdə, valideyn şübhələnərək müayinəyə gətirir və məlum olur ki, uşaqda şəkərli diabet var. Böyüklərdə isə bu proses tamamilə gizli getdiyi üçün xəstənin diabet olduğundan xəbəri olmur. Yəni, şəkərli diabet üzə çıxana qədər bəlli bir yol qət edir.Təsadüfi hallarda, yəni, hansısa müayinələrdə, məsələn, gözdə problem olduqda və ya xəstənin infarkt keçirməsi zamanı diabet olduğu aşkarlanır. Buna görə də, azı ildə 1 dəfə 30 yaşdan yuxarı insanlara qan şəkərini yoxlatmaq məsləhət görülür.
- Hansı hallarda insulin istifadəsinə ehtiyac yaranır?
- İnsulin şəkərli diabetin müalicəsində istifadə edilən əsas müalicə üsullarından biridir. Həkim göstərişi ilə tətbiq olunmalıdır. Tip 1 diabet xəstələri daimi olaraq insulindən istifadə etməlidirlər. Tip 2 diabet xəstələri isə əvvəl dərmanlarla müalicə edilirlər. Xəstəliyin ağırlaşması halında və ya pasient ağır əməliyyat keçirəcəksə, insulin istifadə edilə bilər. Ümumiyyətlə, insulin asılılıq yaratmayan hormondur. Bəzən insanlar insulindən istifadə etdiklərini gizlədirlər.Yəni, çalışırlar ki, diabet olduqlarını digər insanlar bilməsinlər. Lakin, bu doğru düşüncə deyil. Dünya protokollarına görə, diabeti olan şəxsin həmin xəstəliyə sahib olduğunu təsdiqləyən xüsusi kartı olmalıdır. Çünki xəstənin qan şəkəri düşə və qəflətən yıxıla bilər. Bu zaman yardım üçün yaxınlaşan şəxslər onun şəkərli diabet xəstəsi olduğunu bilməlidirlər.
- Şəkərli diabet hansı fəsadlara səbəb ola bilər?
- Şəkərli diabetin fəsadları 2 cürdür: Kəskin və xroniki fəsadlar. Kəskin fəsadlara qan şəkəri yüksələn xəstənin hiperqlikemik komaya düşməsi aiddir. Bundan əlavə, qan şəkərinin düşməsi nəticəsində yaranan hipoqlikemik koma da diabetin qorxulu fəsadıdır.
Xroniki fəsadlar daha əhəmiyyətlidir. Çünki xəstə həmin fəsadların bir müddət fərqində olmur. Təsəvvür edin ki, dializə gedən xəstələrin 5-də 4-ü, infarkt keçirənlərin isə 5-də 3-ü diabetdir. Dünyada korluğun ən başlıca səbəbi şəkərli diabetdir. Qeyri-travmatik amputasiyaların 50 faizindən çoxu şəkərli diabetin payına düşür. Yəni, hər bir hüceyrəmiz şəkərli diabetin fəsadlarından mənfi mənada nəsibini alır.
- Bəzi mütəxəssislər deyirlər ki, şəkərli diabet xəstələri üçün COVID-19-a yoluxmaq daha təhlükəlidir. Həmin xəstələr niyə COVID-19-un risk qrupundadırlar?
- Ümumiyyətlə, orqanizmdə şəkər xəstəliyinin olması insan üçün riskdir. COVID-19-a yoluxduqda isə həmin xəstələr üçün əlavə risklər yaranır. Biz xəstəni bəzən sağaltmaq üçün məcburi olaraq steroid dərmanlardan istifadə edirik. Bu qrup dərmanlar da xəstənin qan şəkərini ciddi şəkildə yüksəldir. Diabetlilər əsasən yaşlı insanlar olduqlarından həmin şəxslərdə əlavə xəstəliklər də mövcud olur. Bu baxımdan COVID-19 infeksiyasının onların həyatı üçün təhlükəli olması qaçılmazdır. Buna görə də, COVID-19-a yoluxan şəxslərdə diabet varsa, daha diqqətli olmaq lazımdır. Daim onlar həkim nəzarətində olmalı və ilk növbədə peyvənd vurdurmalıdırlar. Vaksinasiya şəkərli diabetdə əks göstəriş deyil.
- Bildiyimiz kimi, 14 noyabr Ümumdünya Diabet Günüdür. Bu günün əhəmiyyəti nədir?
- 14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə hər il beynəlxalq ictimaiyyətin diqqəti şəkərli diabeti olan xəstələrə yönəlir. Nə üçün 14 noyabr? Çünki 100 il əvvəl, yəni 1921-ci ildə insulin hormonu kəşf edildi və insanların istifadəsinə verildi. Onun kəşfi bu xəstələrin həyatını xilas edərək elmin inkişafına təkan verdi. Sözügedən hormon kəşf edilməmişdən əvvəl diabet minlərlə insanın ölümünə səbəb olurdu. Bu il bütün beynəlxalq tibb ictimaiyyəti insulin hormonunun 100 yaşını qeyd edir. Bəşər tarixində insulin qədər araşdırılan, öyrənilən, yazılan, insanlara faydalı olan və 3 dəfə Nobel mükafatı alan ikinci bir dərman və hormonumuz da yoxdur. Bu kəşfi ilə bütün bəşəriyyətin vəfa borcunu qazanan kanadalı fizioloq alim Frederik Bantinqin doğum günü şərəfinə Ümumdünya Səhiyyə Təşkilatı hər il 14 noyabr tarixini Dünya Diabet Günü kimi qeyd edir.
- Müsahibə üçün təşəkkür edirik.
- Çox sağ olun, minnətdaram. Mən də öz növbəmdə sizə və xalqımıza sağlamlıq, gözəl günlər, xoş əhvali-ruhiyyə arzulayıram.
Nəzmiyyə Sadıqova