Tarixin gedişatına müəyyən mənada bütün təbəqədən insanlar öz töhfələrini verirlər. Lakin təkcə elm adamları onun istiqamətini dəyişə və yeni eraların başlamasına nail ola bilirlər. Bu, çaxmaq daşlarından istifadə edərək ilk əkinçilik alətlərini yonanda da, yüksək oktanlı yanacağı kəşf edib tarixin ən böyük müharibəsinin taleyini dəyişəndə də belə idi. Hər ikisində də ixtiraçı bütün qayəsini ətrafındakı insanların və ümumilikdə insanlığın rifahına, inkişafına həsr edib. Əkinçilik alətlərini ilk dəfə kimin yonub düzəltdiyi bəlli olmasa da, yüksək oktanlı yanacağın kəşfi həmvətənimizə qismət olub. Bəli, söhbət akademik Yusif Məmmədəliyevdən gedir.
Akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulub. Alimin uşaqlıq illəri də burada keçib və o, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Y. Məmmədəliyev bu ali təhsil ocağında həmçinin, Azərbaycanın görkəmli kimyaçı professorları Sadıq Hüseynov və Mövsüm bəy Xanlarovdan dərs alıb. Y. Məmmədəliyev kimya biliklərini daha da dərinləşdirmək məqsədilə 1929-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə müraciət edib və qəbul olunub. O, burada dünya kimya elminin görkəmli alimlərindən olan akademik Nikolay Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N. Zelinskinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə başa çatdırıb.
1932-ci ildə vətənə qayıdan alim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V. Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və Y. Məmmədəliyev burada gənc tədqiqatçıdan akademikliyədək yüksəlib. Y. Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb. Müasir dövrümüzdə tədqiqatlarına başlanan bir çox məsələlər haqqında hələ o dövrdə alim əvvəlcədən elmi mülahizələr və hipotezlər verib və bu istiqamətlərin gələcək inkişaf perspektivlərini öz dövründə müəyyənləşdirə bilib. Dahi azərbaycanlı alim təkcə araşdırmaq və yazmaqla qalmayıb, həmçinin bir sıra dünya əhəmiyyətli kəşflər edib.
Akademik Y. Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək, bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və s. yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metodla Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanıb.
Y. Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbdə istifadə olunmasına dair uğurlu tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y. Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsulla sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib.
Y. Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə göstərdiyi xidmətlər isə həlledici əhəmiyyətə malik olub. O, bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə, onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y. Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət Mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Akademik Y .Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu da fəth etməyə imkan verib. Bu metodla alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Buna görə də, dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub.
Y. Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib. O, Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Alim həmçinin Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb. Bu məktəbin nümayəndələri elmin yüksək zirvəsinə qalxaraq professor, elmlər doktoru, akademik kimi şərəfli adlara və elmi dərəcələrə layiq görülüblər. Y. Məmmədəliyevin elmin inkişafı naminə gördüyü işlər bütün insanlığa xidmət edib. O, 1952-ci ildən respublika Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin üzvü idi və o, sülhün carçısı kimi, atom və nüvə silahlarının təhlükəsini əvvəlcədən görərək, nüvə enerjisinin ancaq sülh məqsədləri üçün, bəşəriyyətin xeyrinə istifadə olunmasını tələb etmişdi.
Şahmərdan Əhmədli