Çin tarixinin görkəmli liderlərindən sayılan Mao Tsedun ölkədə kənd təsərrüfatını, xüsusilə də, əkinçiliyi inkişaf etdirmək üçün xüsusi tədbirlər planı hazırladı və bu planın icrasına da tarlalara zərər verən quşların kütləvi məhv edilməsi ilə başladı. 1958-ci ildə başlayan bu plan üzrə qısa vaxtda ölkədə 2 milyarda yaxın sərçə məhv edildi. Ölkənin iş qabiliyyətli əhalisinin təxminən yarısı bu işə səfərbər edilmişdi. Harada quş yuvası varsa, dağıdır, yumurtaları qırırdılar. Hər tərəfdən güllə səsi, barıt qoxusu gəlirdi. Ən çox sərçə öldürənlər dövlət tərəfindən mükafatlandırılırdılar. Məktəblilər belə bu dövlət proqramında fəal iştirak edir, sapandla gördükləri sərçələri öldürür, aldıqları mükafatlarla qürur duyurdular. Nəticəsi nə oldu, bilirsinizmi? - Növbəti il bütün əkin tarlalarını böcəklər basdı və məhsul tədarükü ən aşağı səviyyəyə düşdü. O zaman anladılar ki, düşmən bilib kütləvi şəkildə məhv etdikləri sərçə, əslində, əkinçilik üçün çox faydalı imiş. Maonun növbəti sərəncamı ilə sərçə "çinlilərin düşməni" siyahısından çıxarıldı. Amma artıq gec idi. 1960-cı ildə Çində kütləvi aclıq başladı və 20 milyondan çox insan həyatını itirdi. Bu dəfə də əkinçiliyin inkişafına kömək üçün Çin yaxın qonşusu SSRİ-yə müraciət etdi və milyonlarla "sovet sərçəsi" Çinə köçürüldü.
Bu söylədiyimiz nağıl, hekayə, kiminsə təxəyyülünün məhsulu deyil, tarixi həqiqətlərdir və insanlar hər zaman bu cür ibrətli hadisələrdən dərs almalıdırlar. Yamyaşıl meşələr, başı qarlı dağlar, göy üzündə süzən quşlar, dəryadakı balıqlar, hər il çeşid-çeşid meyvə verən ağaclar, torpaq altındakı soxulcanlar, siçanlar, arılar, kəpənəklər, otlar, heyvanlar, gördüyünüz, bildiyiniz bütün bu canlılar hamısı insan üçündür, hamısı hansı keyfiyyəti iləsə insana xidmət edir, hamısı insana əmanətdir. İnsan onun istifadəsinə verilmiş təbiət kitabında amansızcasına redaktələr edir, nəyisə silir, nəyinsə yerini dəyişir, sonra da əməlinin bəlasını çəkir. Pambıq əkmək üçün dağları əridir, dərələri doldurur, çayların məcrasını dəyişir, meşələri qırırlar. Sonra da bir gün dağlara yağan leysan selə dönüb qarşısına çıxan hər şeyi yuyub aparanda deyirlər ki, təbii fəlakət baş verdi. Əslində, təbiətdə heç bir fəlakət yoxdur, fəlakət dağı əridən, dərəni dolduran, çay yatağının kənarında ev tikən insanın əməlindədir.
Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm problemlərdən biri, bəlkə də birincisi böyük dövlətlərin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Hər gün atmosferə milyonlarla ton zərərli tullantılar atılır. Nəticədə, harasa qara qar, rəngli yağış yağır. BMT 1952-ci ilə İsveçin paytaxtı Stokholmda ətraf mühitin qorunması haqqında sənəd imzalasa da, hər il iyun ayının 5-ni Ətraf Mühitin Mühafizə günü kimi qeyd etsə də, bu sənədə imza atan böyük dövlətlər insanlığın gələcəyini məhvə sürükləyirlər. Atom stansiyaları, müxtəlif terminallar, hərbi sənaye müəssisələri ətraf mühitə amansız zərbələr vurur və təbiətin insan əli ilə pozulmuş bir səhifəsi bərpa olunmamiş başqa yerdə başqa fəlakətlərin ayaq səsləri eşidilir. Dünyada su ehtiyatlarının sürətlə azalması, şımal buzlaqlarının əriməsi, qlobal istiləşmə, atmosferdə ozon təbəqəsinin deşilməsi, son dövrlərdə bir-birindən qorxunc xəstəliklərin yayılması... hamısı insan əməlinin nəticəsidir.
Bu gün Almaniya dizellə işləyən avtomobillərin böyük şəhərlərdə işləməsinə qadağa qoyur. Səbəb də odur ki, bu avtomobillərin buraxdığı zərərli qazlar insana da, ətraf mühitə də zərər vurur. Bir çox ölkələr plastik məmulatın məişətdə istifadəsinin qarşısını almaq üçün yollar axtarır. Bəlkə də, heç əhəmiyyət vermədən keçdiyimiz yolun kənarına atdığımız bir sellofan torbanın təbiətdə əriyib yox olması üçün 500 ildən artıq vaxta ehtiyac olduğunu bilirsinizmi? Yem axtaran hansısa heyvanın o torbanı çeynəyib udandan sonra sağlamlığında nə kimi dəyişikliklər olacağını ağlınıza gətirmisinizmi? Dənizlərdə hər gün neçə milyon balinanın, morjun, delfinin, tısbağanın balıqçı torlarına ilişib məhv olduğunu bilirsinizmi? Bir gündə bu yer üzündə neçə canlı növünün soyunun tükəndiyindən xəbəriniz varmı? Bəli, bunlar acı gerçəklərimiz, insan oğlunun gözü görə-görə, ağlı kəsə-kəsə öz ayağının altını qazmasıdır.
Şəhərlərdə ağaclara, quşlara, heyvanlara yer qalmayıb, hər tərəf nəhəng beton yığınlarıdır, sadəcə olaraq, müxtəlif ölçülərdə inşa edir, rəngbərəng boyayırlar ki, baxanın gözünü aldada bilsinlər. Halbuki bir ağac bir neçə insanın oksigen ehtiyacını təmin edir. Siz heç oksigen qıtlığının nə olduğunu təsəvvür edirsinizmi? Bəlkə də, sizə zarafat gələcək, amma həqiqətdir ki, dünyanın bəzi meqakəndlərində, əhali sayı 20 milyon ətrafında olan böyük sənaye şəhərlərində xüsusi balonlarda təmiz hava satılır. Heç uzaq getməyək, doğma Bakımızın əksər rayon və məhəllələrində əhalinin istirahət etməsi, oturub təmiz hava alması üçün yer qalmayıb.
Meyvə-tərəvəzin geni ilə oynayır, daha iri və ticari dəyəri yüksək olsun deyə, onların ilkin, təbii halını pozur, beləcə tərkibini dəyişir, insan orqanizmi üçün son dərəcə faydalı elementləri yoxa çıxarırlar. İndi ağlı kəsənlər bazarlarda iri, göz oxşayan almaları deyil, balaca, qurdlu almaları seçırlər ki, ən azından dərmanlı deyil və tərkibində faydalı minerallar zəngindir.
Neft məhsullarından hazırlanmış məişət əşyaları evimizin hər tərəfində, xüsusilə də, mətbəxdə hakimiyyəti ələ keçirib. Elm təsdiq edir ki, ən faydalı və ləzzətli yeməklər torpaqdan bişirilmiş saxsı qablarda hazırlanır, amma tərkibini tam bilmədiyimiz metaldan hazırlanmış qazanda bişiririk ki, yemək yansa da, dibinə yapışmasın. Ərzağı plastik qablarda, sellofan torbalarda saxlamağın zərərini bilirik, amma kağız torbadan istifadə etməyi adımıza sığışdırmırıq ki, görənlər nə deyər...
Ətraf mühitin qorunması, o təbiiliyin, təmizliyin olduğu kimi qalması, su ehtiyatlarının qənaətlə istifadəsi, bizə xidmət edən istər əhilləşmiş, istərsə də vəhşi heyvanların soyunun davam etməsi, yaşayış yerlərinin canlı təbiətə çevrilməsi bizim gələcək nəsillər qarşısında borcumuz, insanlıq vəzifəmizdir. Əgər bir insan ətrafı çirkləndirir, bir litr suya ehtiyacı olduğu halda on litr israf edirsə, elə bu əməllərinə görə onun insanlığını müəyyən edə bilərsiniz, daha onun necə danışmasına, nə deməsinə qulaq verməyə ehtiyac yoxdur.
Bu gün insan oğlu dünyanı, dünyanın içində də özünü boğmaqla məşğuldur. Zaman gələcək ki, sərçələri qıran, sonra da aclıqdan qurtarmaq üçün qonşulardan sərçə dilənən çinlilər kimi bəşəriyyət bu gün böyük uğur hesab etdiyi nailiyyətlərdən imtina edəcək, hər şeyi öz təbii halına qaytarmağa çalışacaq. Bu gün isə yuxarıda dediyimiz kimi, dünyamızı da, özümüzü də boğmaqla məşğuluq. Kosmosa raketlər qaldıraraq, böyük sənaye mərkəzlərinin zəhərli sularını dənizlərə axıdaraq, zəhərli qazları, tüstüləri havaya buraxaraq ağaçları, balıqları, heyvanları, otları, quşları, dünyamızı, nəticə etibarı ilə özümüzü zəhərləyirik, boğuruq. Və bu gedişdə hamımızın payı var. Hər kəs bu gedişə "dur" deməli, gözəl, sağlam nəsillərin sağlam böyüyəcəyi, yaşayacağı bir dünya üçün çalışmalıdır.
Əli Çərkəzoğlu