Hər şeyin başlandığı və zəfərə doğru addımladığımız tarix - 27 sentyabr… Bu tarix Azərbaycan xalqının yaddaşına həm qürur, həm də kədər hissi ilə yazılan tarixdir. Qürur ona görədir ki, 28 ildən sonra doğma torpaqlarımız düşmən tapdağından xilas edildi. Kədərin səbəbi isə odur ki, bizi qürurlandıran şəxslər - düşmənlə üz-üzə, qorxmadan döyüşən vətən oğullarımız şəhid oldular. 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə ərzində Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu məqamda Məmməd Arazın sözləri yada düşür: "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı"... Ötən ilin bu günləri yüzlərlə insan özünü vətən daşı bilib könüllü olaraq cəbhəyə yollandı. Bizim üçün canından keçərək, qələbə sevinci yaşamağımıza səbəb olan qəhrəmanlarımızı xalqımız heç vaxt unutmayacaq.

Öz dinc həyatını geridə qoyub cəbhəyə üz tutanlardan biri də tarix müəllimi Famil Əhmədzadədir. Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhərinin Xətai rayonunda dünyaya gəlib. İbtidai təhsilə 1982-ci ildə hazırda Milli Qəhrəman Eldar Məmmədovun adını daşıyan İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə başlayıb. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olub. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirib.

Famil orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak edib. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisası üzrə təhsilini davam etdirib. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək, hərbi kafedradan leytenant rütbəsi ilə məzun olub.

Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlayıb. Xidmətdə fərqləndiyinə görə, baş leytenant rütbəsinə yüksəlib. Elə həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra oxuduğu məktəbdə yenidən müəllimlik fəaliyyətinə başlayıb. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olub. Şəhidimiz tarix müəllimi olsa da, onun ədəbiyyata, qiraətə böyük marağı olub. Bir çox tədbirlərdə böyük həvəslə aparıcı kimi iştirak edib. Bundan əlavə, Famil müəllim Azərbaycanın qədim tarixinə xüsusi maraq göstərib. Buna görə də, işlədiyi məktəbin nəzdində tarix muzeyi yaratmağı qərara alıb. Sözügedən muzeydə eramızdan əvvəl III-II minilliyə aid dulusçuluq, XVII-XIX əsrlərə aid maddi-mədəniyyət, misgərlik nümunələri yer alır.

Famil müəllım 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyib. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb.

Şəhidin qardaşı İlqar Əhmədzadə "Fraza" jurnalına verdiyi müsahibədə müəllim barədə qürurla danışdı:

"Famil Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə həmişə ilk sırada olub, əsgərlərinə isə, "Siz cavansınız qabağa getməyin", deyib. Şəhid olmamışdan bir gün əvvəl, yəni oktyabrın 13-ü Famil mənə zəng etdi. Adətən, mən ona zəng edirdim. Famil mənə dedi ki, ağır döyüşlər gedir. Mən ondan hansı istiqamətdə döyüşdüyünü soruşdum. Hərbi sirr olduğuna görə demədi. Mən ona deyirdim ki, sənin şagirdlərin, ailən, oğlun var. Ehtiyatlı ol. O isə cavabında deyirdi ki, "Mən burada necə ehtiyatlı olum?! Tələbələrimi önə verim, özüm isə arxada gizlənim?!" Famil öz fədakarlığı, vətən sevgisi və qanı ilə Qarabağ toprağında tarix yazdı".

F. Əhmədzadənin şagirdi Rasim Sarıyev də onunla bağlı fikirlərini "Fraza" jurnalı ilə bölüşdü: "Mən onu 11-ci sinifin ortalarında universitetə hazırlaşarkən tanımışam. Yəni, həmin dövrlər onun tarix hazırlığına getməyə başlamışam. Famil müəllim çox intizamlı, səliqəli və sakit insan idi. Onun əsəbi halını çox nadir hallarda görə bilərdik. O, çox vaxt öz sakitliyini qorumağı bacarırdı. Famil müəllim həm özünəməxsus dərs metodu, həm də şəxsi keyfiyyətləri ilə həmişə biz şagirdlərinin yaddaşında qalacaq".

Famil Əhmədzadə oktyabrın 13-dən 14-nə keçən gecə Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Şəhid Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edildi. Bu dəfə o, tarix fənni ilə deyil, şəhadəti ilə hər kəsə dərs keçdi və bununla da göstərdi ki, şəhidlik ən uca zirvədir.

Şəhadətindən sonra Famil Əhmədzadə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi. Yaratdığı tarix muzeyinə isə məktəbin pedaqoji kollektivi tərəfindən şəhidin adı verildi və burada onun haqqında xüsusi guşə yaradıldı.


Nəzmiyyə Sadıqova