Dünya sürətlə dəyişir, yenilənir. Dünən heyrətlə qarşıladığımız yenilik bu gün adiləşir və onun daha üstün, daha güclü variantı ilə tanış oluruq. İnsan təfəkkürü elmi-texnoloji yeniliklərə yetişməkdə çətinlik çəkir. Bu yeniliklər insanın istifadəsi üçün ağlasığmaz imkanlar verir. Bir vaxtlar təkərin, barıtın, daxiliyanma mühərrikinin kəşfi bəşər tarixində yeni mərhələlər açan böyük hadisələr hesab olunurdusa, indi kompüter texnologiyasının, xüsusilə də, internetin meydana çıxması bütün dünyanın simasını, ən başlıcası isə insanın xarakterini dəyişir. Bəlkə də, insan xarakteri nöqtəsinə gələndə dediklərimizlə razılaşmayacaqsınız, amma heç 3 yaşlı uşağın əlindən telefonu alanda onun necə reaksiya verdiyini, əlindəki oyun yarımçıq qaldığı üçün necə özündən çıxdığını görmüsünüzmü? Elə bilirsiniz ki, o gərginlik, sərt reaksiya, xüsusilə də, telefona bağlılıq boşa gedir? - Əsla.
İndi internet olmayan evdə yaşamaq belə çoxlarına cansıxıcı gəlir. İnternet hər sahədə axtardığımız məlumatın əldə olunmasında, ticarətdə, istədiyimiz insanın axtarışında, onun haqqında müəyyən məlumatlar toplamaqda, tibbdə, tədrisin təşkil olunmasında, cinayətkar axtarışında, döyüş meydanında belə var. Yəni, həyatımızın elə bir sahəsi yoxdur ki, orada internetin verdiyi imkanlar işə yaramasın. İnternet həyatımızı da, davranışlarımızı da, bir çox hallarda insani münasibətlərimizi də böyük ölçüdə dəyişir. Xüsusilə də, uşaqların və gənclərin həyatında internetin rolu çox böyükdür. İndi uşaqlar, gənclər qonaq getməyi sevmirlər, çünki boş vaxtlarını evdə kompüter qarşısında keçirməyi daha çox sevirlər. Əgər sizə qonaq gəlibsə və o qonaqların arasında gənc varsa, onun ilk istəyi nə olacaq, bilirsinizmi? - Doğrü tapdınız, sizin vayfaya bağlanmaq. Bu hal o qədər adiləşib ki, bəzən heç gələn adam soruşmadan siz onun telefonunu alıb vayfaya bağlayırsınız. Azyaşlı uşaqların ən çox sevdiyi əyləncə telefonda oyun oynamaq, ya da hansısa cizgi filminə tamaşa etməkdir. Bir qədər əvvəldə internetin insan üçün açdığı böyük imkanlardan söz açmışdıq, amma deyək ki, bu imkanın həm də tam fərqli tərəfləri, yəni ziyanlı cəhətləri də az deyil.
İnternet sanki duyğularımızı korşaldır, həsrət, intizar kimi zəruri hisslərimizi əlimizdən alır. Nə vaxtsa, belə bir mənzərə ilə qarşılaşmısınızmı? Göy üzünə bulud gələndə ana nigaran-nigaran göyə baxır, dərindən köks ötürür və görəsən, uzaq ellərdəki oğlu üşüyürmü, deyə narahat olur. Biz görmüşük, amma uzun illər əvvəl. İndi bir ananın belə bir nigaranlığı varsa, yanındakı 5-6 yaşlı uşağa, "Ay bala, zəng elə, əminin səsini eşidim, görüm nəyi çatır, nəyi çatmır", deməklə övladının səsini eşidə, üzünü görə bilir. 40 il əvvəl rayondan xəbər tutmaq üçün saatlarla rabitə şöbəsinin dar dəhlizində həyəcanla gözləyənlər bu imkanın nə qədər böyük nemət olduğunu anlayırlar. Siz internetin verdiyi imkanlardan faydalanaraq evdən çıxmadan bütün kommunal problemlərinizi həll edə bilərsiniz, nə saatlarla növbəyə durmağa, nə də yorulub əldən düşməyə ehtiyac var. Əgər elmi işlərlə məşğulsunuzsa, istənilən məlumatı, məqaləni, araşdırma apardığınız sahə ilə bağlı bütün əsərləri əlinizin altında cəmləyə, istədiyiniz məlumatı oradan ala bilərsiniz. İnternet sizə xarici dil biliklərini təkmilləşdirmə imkanı da yaradır. İndi internet vasitəsi ilə insanlar kosmosa uçur, başqa planetlərdə həyat axtarır, orada insanın yaşaması üçün əlverişli imkanlar təmin etmək haqqında düşünürlər.
Kompüter texnologiyasının, xüsusilə də, internetin insanlara verdiyi imkanları saymaqla qurtara bilmərik, amma onu da vurğulayaq ki, bu qədər imkan bəzən böyük zərərlərlə başa gəlir. Belə ki, insanlar əvvəlki aktiv həyatdan hərəkətsiz, passiv həyat mərhələsinə keçirlər. Xüsusilə də, uşaqların həyatında bu hal daha çox nəzərə çarpır. İndi biz istəsək də, istəməsək də, 5-6 yaşlı uşaqlar telefon və ya planşetlərlə oynamağı həm bacarırlar, həm də bu, onlarda vazkeçilməz istəyə çevrilir. Özü də bu istək get-gedə onlarda aludəçilik yaradır. Bir sözlə, vaxtlarının böyük hissəsini kompüter və ya mobil telefon oyunları ilə keçirən uşaqlar texnologiya əsrinin əsiri olurlar. Beləliklə, zaman keçdikcə onlarda hərəkətsizlik ortopedik və ya başqa sağlamlıq problemlərinə səbəb olur. Bununla yanaşı, sosial mühitdən uzaqlaşan uşaqların yemək yemə vərdişləri də dəyişir və onlarda sürətli piylənmə, qamət pozuntusu və s. kimi sağlamlıq problemləri baş verir. Buna görə də, mütəxəssislər uşaqları mobil telefon və kompüter oyunlarından mümkün qədər uzaq tutmağa səsləyirlər. Valideynlər buna xüsusi diqqət yetirməli, uşaqların hansı yaşda kompüter və internetlə tanış olması, hansı proqram və oyunların uşaqların inkişafına müsbət təsir göstərməsi araşdırılmalıdır. İnternetdə daha çox vaxt keçirən uşaq və yeniyetmələrin get-gedə tənhalaşdığı, sosial inkişafda, həmçinin, üz-üzə ünsiyyətdə çətinlik çəkdikləri məlum olub. Vaxtının çox hissəsini mobil telefon və kompüter qarşısında keçirənlər psixoloji və fiziki sağlamlıq cəhətdən də zəif olurlar. Onlar gün ərzində bədəndə, başda və gözdə yorğunluq hiss edir, gecələr isə yuxu pozuntusu yaşayırlar. Buna görə də, istər uşaqlar, istərsə də yeniyetmələr internetdən səmərəli istifadə etməlidirlər.
Bildiyimiz kimi internetdə elə məlumatlar var ki, bəzi yaş qrupları, ələlxüsus azyaşlı uşaqlar üçün əlçatan olması çox təhlükəlidir. Belə məlumatlar onları neqativ təsir altına alır və vaxt keçdikcə onların həyat tərzi üçün güclü zərbəyə çevrilir. Valideynlər övladlarını dostları ilə görüşlərə yönəltməli və onlar üçün yeni imkanlar təmin etməlidirlər. Mobil telefonda və kompüterdə oynadıqları oyunlara nəzarət edilməli, onun zərərli tərəfləri ailə daxilində müzakirə olunmalı və izah edilməlidir. Zərərli oyunlar qadağan edilərkən sərt məhdudiyyətlər və cəzalar tətbiq etmək əvəzinə, onlarla qarşılıqlı şəkildə söhbət etməkdə fayda var. Mobil telefon və kompüterlərlə yanaşı, vayfay şəbəkəsinin də yaydığı elektromaqnit dalğalar uşaqların sağlamlığı üçün zərərlidir. Mütəxəssislər bildirirlər ki, gecə internetdən istifadə edilmədiyi vaxtlarda modem bağlı olmalıdır. Uşaq otağında və ya uşaq otağının yaxınlığında saxlanılmamalıdır.
Bəli, internet dövründə yaşayırıq. İnternetdən, kompüter texnologiyasından kənar qalmaq dünyadan təcrid olunmaq deməkdir, amma böyüyən nəsillərimizi bu sahədə nəzarətsiz buraxmaq da böyük zərərlərə səbəb ola bilər. Hələ ondan danışmırıq ki, internetlə qloballaşan dünyada xalqların mənəvi dəyərləri unudulub gedir. İnternet böyük güc, böyük imkandır, amma bu güc hər iki tərəfi kəsən qılınc kimidir, bir ağzı düşmənə tərəfdirsə, bir ağzı da bizə tərəfdir. Yəni, bizə böyük imkanlar verən bu dostla münasibətimizi düzgün qura bilməsək, onun bizə nə qədər böyük düşmənçilik etdiyinin şahidi ola bilərik...